ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS:«BAYATA» «BOYAD» DEMƏDİM, MƏN DƏDƏ QORQUD

19512    |   2017-09-07 13:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Nədənsə kəndimizə çox gec gəlirik ey!)

Boyad! Məmləkətimizdə bu adda beş kənd var: Ucarda, Şamaxıda, Neftçalada, Qubada və bizim Ağcabədidə, mənim doğulduğum kənd.

Boyad! Bu sözün mənası «köhnə» anlamında işlədilir. Əslində isə tam mənada «köhnə»ni ifadə etmir, «təzə olmayan», «dünəndən və ya srağagündən qalma» anlamını verir. Əşyalara «boyad» deyilmir: boyad maşın, boyad paltar, boyad mebel və s. eşitməzsiniz, əsasən ərzaqla bağlı işlədilir: boyad çörək, boyad piti, boyad plov və sair.

Kəndlərimizin adındakı «Boyad»ın dilimizdə işlənən və yuxarıda qeyd etdiyim mənaları daşıyan «boyad» kəlməsi ilə heç bir əlaqəsi yoxdur.

Bəs, niyə onda bu kəndlər Boyad adlanır?!

Əslində bu kəndlərin adı Bayatdı. Bayat türklərin ən qədim və ən böyük qollarından biridir ki, bu qoldan da bir neçə qollar ayrılıb.

Azərbaycanda bu kəndlərin içində ən qədim tarixə malik olanı və ən böyüyü Ağcabədidəki Boyaddır və özündə beş para kəndi birləşdirir: Qaraxanlı, Hacılar (Eyvazlı və Kolanı), Aşıqvəlilər ( Aşıq Vəli Füzulinin babasıdı), Biləğan- köhnə deyimlə desək, Boyad sovetliyi.

Bu kəndin tarixi İslamdan çox-çox əvvəllərə gedib çıxır. Bunu bu kəndin tarixini öz atalarımızın, babalarımızın əlləri məhv edib, Pənah xanın tikdirdiyi və heç bir düşmənə can verməyən Bayat qalasını tarixdən silib yerində pambıq əkəndə üzə çıxan küp qəbirlər və o qəbirlərdən çıxan əşyalar da sübut edir. Bu barədə «Batmanqılınc» romanımın əvvəlində ayrıca yazmışam.

Bu kənd Dədə Qorqudun, Aşıq Vəlinin, Füzulinin, Bayat Abbasın, Pənah xanın babası İbrahim Xəlil Ağanın (Şah İsmayıl dönəmində Qarabağ bəylərbəyi), Pənah xanın, bütün Cavanşir nəslinin, Rəşid Behbudovun, Kərim bəy Cavanşirin (və sair və ilaxır) kəndidi. Bu barədə çox məqalələr yazmışam. Körkəmli tədqiqatçı alim Şamil Cəmşidov, Əjdər Fərzəli də bunu elmi əsaslarla sübut ediblər.

Məqsədim doğulduğum kəndi göylərə qaldırmaq deyil, başqadı. Yəni «Boyad» və «Bayat» sözləri ilə bağlıdı.

Tarixi mənbələrin heç birində «Boyad» adı keçmir.

«Məhəmməd peyğəmbər əleyhüssəlam zamanında Bayat elindən Dədə Qorqud derlər bir ər qopdu…», «Füzuli Bayat elindəndi», Bayat Abbas, Bayat qalası, Bayat elləri…

Himalaydan Anadoluya, Bağdada qədər uzanan türklərin yaşadığı bütün torpaqlarda Bayat adlı kəndlər var. «Boyad» yox ha, «Bayat».

Çox qəribədir ki, yalnız Şimali Azərbaycandakı «Bayat» kəndləri Boyad adlanır. Dəqiq bilmirəm niyə. Bəlkə ruslar Azərbaycanın şimalını işğal etdikdən sonra «Bayat» dillərinə yaxşı yatmayıb ona görə sənədlərdə, xəritələşmədə «Boyad» yazıblar?! Bunu tədqiqatçılar hər halda məndən yaxşı bilərlər, buyursunlar.

Çox qəribədir ki, mənim yaş kağızımda və 1970-ci ildə aldığım ilk pasportumda da doğulduğum yer «Ağdam rayonunun Boyad kəndi» kimi qeyd edilmişdi. Halbuki Boyad Ağcabədinin kəndidir. Sonra pasport dəyişilən vaxt bu səhvi düzəltdirdim, amma «Bayat» yazdıra bilmədim. Dedilər Azərbaycanda bu adda kənd yoxdu, göstərdiyim tarixi mənbəni atdılar bir kənara və yazıldı: Ağcabədi rayonu, Boyad sovetliyi, Hacılar kəndi.

Müstəqillik illərində dilimizə yamaq, xalqımıza yad, tariximizə zərbə vuran yer adları, şəhər adları dəyişdirildi: Jdanov, Puşkin, Əli Bayramlı, Mirbəşir, Xanlar, Qutqaşen, Vartaşen, Stepanakert, Martuni, Mardakert, Şaumyankənd, İliç, Prişib, Qasım İsmayılov, Dəvəçi, Nasosnu, Kirovabad, Primorsk, Mərgüşavan və sair və ilaxır.

Amma nədənsə «Boyad» unuduldu.

Onu da vurğulayım ki, Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə bu məsələyə xüsusi diqqət göstərib və dilimizə, xalqımıza yabançı olan yer adlarının tarixi adlarının bərpa olunması ilə bağlı öz tövsiyyələrini verib.

Möhtərəm Prezidentimizin tövsiyyələrindən yararlanaraq Ağcabədi rayonunun İcra Hakimiyyəti bu günlərdə çox vacib addımlar atıb. Alimlərlə, tədqiqatçılarla görüşülüb, məsləhət alınıb və bir neçə kəndin əvvəlki adlarının bərpası ilə bağlı işləmələrə başlanılıb.

Və təbii ki, bu kəndlərin içində ən vacib olanı Dədə Qorqudun və Füzulinin yurdu olan Bayat kəndinin adının bərpasıdır. Artıq bu məsələ həllinin tapmaqdadır.

Yeri gəlmişkən, mən lap gənclik illərindən həm bədii əsərlərimdə, həm də publisist yazılarımda və məqalələrimdə həmişə bu kəndin adını «Bayat» yazmışam. Bizim bir çox ziyalılarımız da «Boyad» kəlməsini işlətməyib.

Yəqin ki, Ağcabədi rayonunun Boyad kəndinin Bayatla əvəzlənməsi məsələsinə Parlamentin payız sessiyasında baxılacaq. Artıq rayon icra hakimiyyəti sənədləri Milli Məclisə təqdim etmək üçün hazırlayıb.

Yaxşı olar ki, əvvəldə adlarını çəkdiyim – Ucar, Şamaxı, Neftçala, Quba rayonlarının icra hakimiyyətləri də belə bir addımı atsınlar. Və «köhnə» sözünü kəndlərimizin üzərindən götürüb çox qədim tarixə malik ulu «Bayat» kəlməsi ilə kəndlərimizin tarixiliyini bərpa etsinlər.

Sonda. Füzulinin əslinin Ağcabədi rayonunun Bayat kəndindən olması gün işığı kimi aydındır və mübahisə etməyə də hazıram. Bir vaxtlar bu barədə rəhmətlik professor Əliyar Səfərli ilə də mətbuatda uzun müddət mübahisəmiz olub və axırda professor mənimlə razılaşıb.

Görkəmli tarixçi-yazıçımız Əzizə Cəfərzadə (qəbri nurla dolsun) Füzulinin kökünü Şamaxının Bayat kəndi ilə bağlamağa çalışdı, amma alınmadı. Böyük bir qeyrətlə də öz hesabına həmin kənddə Füzuliyə büst də qoydurdu. Lap olsun şamaxılı, nə fərq edər. Füzuli bizimdi, bütün Türk dünyasınındı və Ağcabədinin Bayat elindən qopan bir Günəşdi.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK