YALTAQ

FAİQ QİSMƏTOĞLU
40674 | 2013-03-02 10:30
...Təzə rəis Əli Əliyev vəzifəyə təyin olunandan bir gün sonra idarədə iclas keçirməyi planlaşdırdı. Fikirləşdi ki, ilk iclasdan sonra kollektivdə vəziyyətin necə olduğuna yaxşı bələd olacaq. Əli Əliyev heç də elə-belə adam deyildi. Çünki çox vəzifələrdə işləmiş və çox üzlər görmüşdü. Hansı vəzifədə işləyirdi ilk növbədə orda özünə yaxşı bir "xəbərçi" tapmalıydı.  Bu "xəbərçi" kollektivdə nə baş verirdisə, hamısını ona vaxtında çatdırırdı. Hətta işə gəlməyəndə və ezamiyyətə, məzuniyyətə gedəndə belə ürəyi buz kimi arxayın idi ki, nə baş versə, hamısına bir-bir  o "xəbərçi" onun ovcuna qoyacaq...
İdarədə çoxları sarısını udmuşdu. Qorxurdular ki, təzə rəis vəzifəyə gələn kimi çoxunun yerini dəyişəcək və bəzilərini tutuduğu vəzifədən uzaqlaşdıracaq. Ən çox da qorxu keçirən idarənin baş mühasibi Nazim Əhmədov idi. Nazim Əhmədov o qədər əlləm-qəlləm və saxta işlərlə məşğul idi ki, bundan ancaq bir-iki nəfər xəbər tuturdu. Rəis iclası həftənin birinci gününə təyin eləmişdi. Həftənin birinci günü səhər saatlarında başlayan iclas günortaya qədər davam elədi.
İlk iclasdan rəis Əli Əliyev öz zəhmini və üzünü göstərməyə başladı. Bir neçə nəfəri möhkəm danladı. Dedi ki, sizə bir ay vaxt verirəm: ya işinizdə dönüş yaradın, ya da ərizə yazın işdən çıxın! Çünki burda kim nə istəyir əvvəlki rəisin vaxtında yüz oyundan çıxıb. Mən də bunlara dözən deyiləm. Elə bilirsiniz, xəbərim yoxdu?! Baş mühasib nə qədər saxta sənədlər tərtib edib və dövlətin pulunun dalına keçib. Baş mühasib adını eşidəndə onu əsməcə tutdu. Əsməcə tutdu ki, təzə rəis onunla yola getməyəcək və işdən qovacaq.
İclas  başa çatandan sonra işçilər ayağa qalxıb otaqlarına getdilər. Bir nəfər də ayağa qalxıb getmək istəyəndə rəis Əli Əliyev ona işarə edərək gözləməsini bildirdi. Hamı getdi, otaqda bir Əli Əliyev qaldı, bir də buranın "xəbərçi"si Şəkər Şəkəroviç. Rəis təbəssümlə ona dedi:
- Şəkər Şəkəroviç, sənin adın kimi özün də şirin adamsan. Mənə deyiblər ki, burda nə baş verir, onun hamısını sən bir-bir bilirsən. Yaxşı eləyirsən! Sən də bilməyəndə, kim biləcək. Sən  mənə belə kömək eləyərsən, mən də səni qiymətləndirib irəli çəkərəm... Üstəlik də yaxşı dolanışığın üçün heç bir çətinliyin olmaz və sənə hər cür şərait yaradacağam.
Şəkər Şəkəroviç quşu gözündən vuran adamıydı. O dəqiqə başa düşdü ki, rəis nə demək istəyir. Rəisin qabağında ikiqat əyildi və sonra da dilləndi:
- Rəis, sənin başına dönüm, bu işçilər ki, var ha, başlı-başına buraxsan sənin torbanı o dəqiqə tikəcəklər. Hərəsinin ağzından bir avaz gəlir. Gördün, baş mühasib Nazim Əhmədova təpinən kimi sarısın uddu və qorxusundan rəngi ağappaq oldu. Elə bilirsən, nahaqdan qorxur?! Çünki o qədər zibil işi var ki?! Bu yaxınlarda oğluna 150 minlik maşın alıb. Bakıda üçmərtəbəli imarət tikdirib. Babalı deyənlərin boynuna, bildirirlər ki, hətta onun Türkiyədə də evi var...
Şəkər Şəkəroviç danışdıqca rəis Əli Əliyev kresloya yayxanır və özünü daha sakit hiss edirdi. Düşünürdü ki, gülləni onluğa vurub. Bundan yaxşı "xəbərçi" ola bilməz! Şəkər Şəkəroviçə rəis bir sual da verdi: Müavin necə adamdır? Çünki müavindən gözüm su içmir...
Şəkər Şəkəroviç:
- Əli müəllim, bilirsən, o müavin Cəfər Səmədov necə təhlükəli adamdır. Əvvəllər çox əlləşdi ki, rəisin yerinə keçsin, orda-burda danışırdı ki, bu gün, sabah özüm rəis olacam, onda da görün başınıza nə oyun açacağam?! O da az aşın duzu deyil. Yaxşısı budur, onu başınızdan uzaqlaşdırasınız. Yoxsa başınız çox ağrıya bilər.
Əli Əliyev:
- Bunlar lap yaxşı! Onda de görüm, baş mühəndis Cəmşid Məmmədov hansı yuvanın quşudur?
Şəkər Şəkəroviç:
-    Onu əfi ilan vursun. Elə bu kollektivi bir-birinə qarşı qoyan həmin Cəmşid müəllimdir. Zalım oğlunun gözü var-dövlətdən doymur. Hələ bir dəfə keçmiş rəis ona təpinmişdi ki, bu qədər pulu hardan tapıb böyük bir ferma almısan. O fermada da min baş iribuynuzlu heyvan saxlayırsan. Elə bilirsiniz Cəmşid Məmmədova bu var-dövlət dədəsindən qalıb?! Əlbəttə, yox!  Hər şeyi bax, bu idarədə əldə edib.
Rəis Şəkər Şəkəroviçə bir-iki sual da verdi, amma o sualların cavabı o qədər də çətin deyildi. Çünki həmin suallara bir neçə dəqiqənin içində Şəkər Şəkəroviç necə ətraflı cavab verdisə, hər şey Əli Əliyevin ürəyinə yağ kimi yayıldı. Və artıq Əli Əliyev  bu idarənin cikini də bilirdi, bikini də. Ən azından ona görə ki, Şəkər Şəkəroviç 30 il bu kollektivdə işlədiyinə görə, kimin nə elədiyini beş barmağı kimi bilirdi.
Amma məsələnin o tərəfi də vardı ki, bu 30 ildə Şəkər Şəkəroviçə qarşı hamıda bir nifrət hissi oyanmışdı. Belə baxanda Şəkər Şəkəroviç pis adama oxşamırdı. Üzdə hamıyla çox mehriban, şirindil və səmimi idi. Amma arxada olanda imkan düşsəydi, ən yaxın adamının başını pambıqla kəsərdi. Elə ona görə də çoxları bilirdi ki, Şəkər Şəkəroviç bu kollektivdə müxtəlif dövrlərdə işləmiş rəislərə "danos" ötürür və istədiyi adamın başını pambıqla kəsir. Çoxları Şəkər Şəkəroviçi yaxşı tanıdığına görə onun yanında bir şey danışmaz və dillərini boğazına qoyardı. Şəkər Şəkəroviç də bunu hiss eləyər, otaqlara girməz, qapının ağzında durub kimin nə danışdığına qulaq asardı. Əgər  bir kimsə rəisin əleyhinə bir söz deyərdisə, yaxud qiybət eləyərdisə, heç 5 dəqiqə keçməmiş Şəkər Şəkəroviç həmin söz-söhbətin üstünə 10-15-ni də əlavə edib rəisə çatdırardı. Rəis də tənbəllik eləməyib həmin adamları kabinetə çağırtdırar və dişinin dibindən çıxanı deyərdi...
Haqqında söz-söhbət gəzən adamlar nə qədər and-aman eləsə də rəis buna inanmaz və onları kabinetdən qovardı. Sonra da deyərdi ki, siz bilirsiniz, nə zəhərli ilanlarsınız?! Hamınızın axırına bir-bir çıxacam və iti qovan kimi işdən uzaqlaşdıracam.
Rəisin kabinetindən Şəkər Şəkəroviç ürəyi atlana-atlana çıxdı. Elə bil ki, padşahın yanından çıxırdı. O, rəisin yanından çıxanda baş mühəndis də, baş mühasib də və rəis müavini də bərk qorxuya düşdülər. Əllərinin  içi kimi bilirdilər ki, Şəkər Şəkəroviç onların hər üçünü keçi qiymətinə təzə rəisə satıb. Bir arada istədilər ki, Şəkər Şəkəroviçi hər üçü ayağının altına salıb əzişdirsin, amma buna risq eləmədilər. Ona görə risq eləmədilər ki, təzə rəisin xasiyyətini bilmirdilər. Fikirləşirdilər ki, bəlkə də təzə rəislə yola gedə bildilər və vəzifələrində qaldılar.
Təzə rəis Əli Əliyevsə ona ötürülən "danos"lar əsasında gündə bir işçi qovurdu. Qovduğu işçinin də boynuna minnət yükləyib deyirdi ki, mən səni prokurorluğa verib, saxta işlərinə görə tutdura bilərəm, amma vicdanım buna yol vermir. Çünki hamınızın balası var. Mən də kiminsə balasına pislik eləmək istəmirəm. Elə yaxşısı budur, ərizənizi yazın, öz xoşunuzla işdən gedin! Onlar ərizələrini yazırdı və işdən çıxırdılar.
Baş mühasibi isə yerindən tərpətmək heç cürə mümkün deyildi. Çünki  baş mühasibin yuxarıda çox güclü adamı vardı. O adam da tez-tez rəisə zəng edib mühasibi tapşırır və Əli Əliyevin zəhləsini tökürdü.
Günlərin birində baş mühasib Nazim Əhmədov rəisin qəbuluna girdi və yazıq görkəm alıb dedi:
- Əli müəllim, sənə pul lazımdı, pul verim! Nə lazımsa, edim, amma məni bu işdən çıxarma. Bilirəm ki, məni sənə Şəkər Şəkəroviç satıb!
Əli müəllim:
- Sən nə danışırsan, nə axmaq-axmaq söhbət eləyirsən! Şəkər Şəkəroviçi bu məsələlərə qatma. İşləyə bilmirsən və saxta əməliyyatlar eləmisən. Sənədlərə də baxıb görürəm ki, o işlərin heç biri bizim idarədə görülməyib. Saxta sənəd tərtib etməklə 150 min manat pul götürmüsən. De görüm, ondan bir qəpik mənə vermisən?!
Baş mühasib:
- Əli müəllim, köhnə rəis deyib, mən də eləmişəm! Ordan mənə qəpik-quruş qalıb. İstəyirsən onu da gətirib verim sənə!..
Rəis əsəbindən qıpqırmızı qızardı:
- Ə, nə axmaq-axmaq danışırsan. Mən uşaq-zadam başımı qəpik-quruşla aldatmaq istəyirsən?!. Ya 150 min manatı bu axşam mənə  çatdırısan, ya da səni verəcəm prokurorluğa. Qoy dərini soyub içinə saman təpsinlər və sənin başına oyun açsınlar.
Prokuror adı eşidəndə Nazim Əhmədovu titrətmə tutdu. Əvvəl əlləri əsdi, sonra  ayaqları. Gördü ki, ürəyi möhkəm döyünür, cibindəki dərmanı çıxarıb dalbadal ikisini atdı. Rəngi sapsarı olmuşdu. Onun rənginin sapsarı olması rəis Əli Əliyevi də qorxuzdu. Fikirləşdi ki, baş mühasibin onun otağında ürəyi dayanar, sonra da zibilə düşər.
Əli Əliyev üzünü baş mühasibə tutaraq dedi:
- Get, yaxşı-yaxşı fikirləş! Gör hansı addımları atmalısan, onu da eləyərsən. Hələlik səni prokurorluğa verməyəcəyəm və sənə bir həftə möhlət verirəm!
Rəisin kabinetindən çıxan Nazim Əhmədov birbaşa öz otağına keçdi və ordakı lazımi sənədləri götürüb bayıra çıxdı. Bayırdasa onu sürücüsü gözləyirdi. Gəlib maşının arxasında əyləşdi və  birbaşa sürücüyə bildirdi:
- Bizə sür!..
Şəkər Şəkəroviç əməlli-başlı idarənin altını-üstünə çevirmişdi. Hətta heç bir əlləm-qəlləm işlə məşğul olmayan adamların da kürkünə birə düşmüşdü. Fikirləşirdilər ki, bu Şəkər Şəkəroviçin nə Allahı var, nə Tanrısı. Ağzına gələni gedib rəisə deyir, rəis də ona inanıb işçilərin başına oyun açır. Təzə rəisin işə başlamasından bir ay sonra artıq neçə-neçə işçi öz ərizəsini yazaraq işdən çıxmışdı. Özü də həmin adamlar elə-belə əməkdaşlar deyildi. Ən azı onların 30 il iş stajı vardı. Mütəxəssis kimi də çox şeydən başları çıxırdı. Ancaq neyləmək olardı ki, artıq idarədə elə bir pis atmosfer yaranmışdı ki, orda hər adam baş çıxara bilmirdi.
Rəis Əli Əliyevsə işdən çıxardıqları adamların yerinə özünün tanıdığı və münasibəti olan insanları təyin eləyirdi. Özü də onların qara gözünə, qara qaşına aşiq olmamışdı. Kimi vəzifəyə təyin eləyirdisə, ondan bir ətək pul alırdı. Bir ətək pul verməyən adam heç vaxt bu idarədə vəzifə tuta bilməzdi.
Günlərin bir günü  rəis məzuniyyətə çıxmalı oldu. Məzuniyyətə çıxmamışdan bir gün əvvəl yenidən iclas keçirdi. İşçilərin hamısı həmin iclasda iştirak edirdi. Rəis dedi ki, bir ildə burda işləyirəm hələ də sizin zir-zibillərinizi təmizləyə bilmirəm! O qədər cinayət eləyib dövlətin pulunu yeyiblər ki, altından heç cürə çıxmaq olmur. Mən ilk gündən gələndən dedim ki, heç kimə pislik eləmək istəmirəm. Qabaqlar necə işləmisiniz bilmirəm, amma indi mənim dediyim kimi çalışmalısınız. Baş mühasib mənim üstümə xahiş üçün nə qədər adam göndərib. Bir həftədir yoxa çıxıb, guya xəstələnib. Hansı ki, dövlətin 150 min manat pulunu yeyib. Gözləyirəm gəlsin, gəlib çıxmaq bilmir. Mənim də səbrimin həddi var. Verəcəm prakraturaya qoy canı çıxsın, elədiyi əməllərə görə cavab versin. Amma indi sizə sözüm var: mən məzuniyyətə gedirəm, yerimə də müavini yox, Şəkər Şəkəroviçi qoyuram.
Heç kim bir söz demədi. Heç kim demədi ki, ay rəis, bu Şəkər Şəkəroviç adi bir işçidir. Müavinlər dura-dura, şöbə müdirləri işləyə-işləyə onları yerinizə qoymursunuz, işləri Şəkər Şəkəroviçə həvalə eləyirsiniz. Çünki bir söz deyərdilər qanları gedərdi. Rəis hamıdan çox Şəkər Şəkəroviçə inanırdı.
Bir aydan sonra rəis məzuniyyətdən qayıtdı. Şəkər Şəkəroviç onun kabinetinə girərək bu bir ayda nə olmuşdu, hamısını bir-bir ona danışdı. Danışdı ki, sən burda olmayanda baş mühasib idarəyə gəlib ağzını Allah yoluna qoyub nə gəldi danışırdı. Müavin deyirdi ki, rəis bir də geri dönməyəcək. Hələ başqa işçilər mənə hədə-qorxu gəlirdilər ki, gör, sənin başına nə oyun açacağıq?!
Rəis diqqətlə Şəkər Şəkəroviçə qulaq asırdı. Və bir-bir onun dediklərini qarşısındakı bloknota qeyd eləyirdi. Kimlər nə qədər pul qazanıb, kimlər işə gəlməyib və kimlər rəisin dalınca nə danışıb...
Rəisə qəfil bir zəng gəldi. Həmin zəng nazirliyin məsul vəzifəli şəxsi tərəfindən vurulmuşdu. Dəstəyi qaldıran Əli Əliyev telefonda eşitdiyi zəhimli səsdən az qaldı ürəyi partlasın. Həmin zəhimli adamın səsini telefonda Şəkər Şəkəroviç də eşitdi:
- Sən oranı bazara döndərmisən! Adam bilib səni vəzifəyə təyin elədik, nə tez qudurdun! İdarənin altın-üstünə çevirmisən. Bu saatdan vəzifədən azad olunursan. Rədd ol, get, xarabana!..
...Rəisin beli büküldü və ayağı sözünə baxmadı. Arxası üstə yaxınlıqdakı divana yıxıldı. Heç Şəkər Şəkəroviçin dünya vecinə də deyildi. Fikirləşdi ki, bu rəis olmasın, təzə rəis olsun. Onun da qılığına girib, ürəyin ələ alacam. O, heç nə olmayıbmış kimi rəisi ağır vəziyyətdə kabinetdə qoyub çölə çıxdı...
FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV