ANA SƏHİFƏ / RUBRİKA

Şabranın ən ağır seyidi haqqında bilinməyənlər (II HİSSƏ)

86734    |   2017-04-26 13:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şabran səfərimizi Bakıda yekunlaşdırırıq. Ağ seyidin oğlu Mir Qafarla görüşümüz bizi gözləyir. Birinci yazıda onun haqqında kiçik bir qeyd aparmışdım. Zabit olub, Sovet dönəmində Monqolustanda xidmət edib. 1973-cü ildə Ağanın ölüm xəbərini eşidəndə qardaşı Mir Sahib də onunla Monqolustanda idi. O vaxt uzaq məsafələrə uçuş bir qədər gecikirdi. Mir Qafar atasının 7-nə gəlib yetişə bildi. Evin böyük övladı olduğu üçün atası ilə canlı xatirələri daha çox idi. Qafar müəllimlə birbaşa iş yerində görüşdük.

Ağ seyidin alovu söndürməsi

Mir Qafar müəllim Ağ seyidin qəbir məzarını bərpa etdirən Norveçdə yaşayan Mir Şahinin atasıdır. İllərdir hüquqşünaslıqla məşğuldur. Ömrünü Ağır Cinayətlər Məhkəməsində çalışmağa həsr edib. Söhbətə başlayar-başlamaz elə ilk sualımız Ağ seyidlə bağlı xatirələri oldu. Mir Qafar müəllim danışmağa həvəsli idi, hətta iş yoldaşları da başına toplaşmışdı ki, onun söhbətlərinə qulaq assınlar. Mənə elə gəlir ki, Mir Qafar müəllimin maraqlı söhbətlərinə qulaq şahidi olan hər bir kəs onu həvəslə dinləyərdi. Çünki hadisələri süjetli şəkildə dolğun danışır. Ağ seyidlə bağlı tarlanın yanması hadisəsindən başladı:

"Bizim kənddə böyük bir zəmi vardı, bir dəfə orada yanğın oldu. Kənd camaatı əlində su qabları ilə tarlaya qaçırdılar. Yağın o qədər güclü idi ki, insan əli ilə onu söndürmək mümkünsüz idi. Mən onda uşaq idim. İnsanlar alovu söndürə bilməyəcəklərini görüb atam Ağ seyidi çağırdılar. Artıq tək ümid ona qalmışdı. İnsanların da seyidə dərin inamı vardı. Biz də hardasa əmin idik ki, Ağanın gəlişi bizi bu fəlakətdən qurtaracaq. Atam əraziyə gələr-gəlməz birbaşa alovun tüğyan elədiyi hissəyə getdi. Bircə onu gördüm ki, əlini yuxarı açıb uca səslə nə isə dedi. Təbii ki, onun nə dediyini heç kim başa düşmürdü. Çox başınızı ağrıtmayım. Bircə onun şahidi olduq ki, Ağanın o hərəkətindən sonra alov yavaş-yavaş sönməyə başladı. O möcüzə hələ gözümün önündən getmir”.

Ağanın bu qeyri-adi gücü yenə kənd əhalisini təəccüb təlatümünə boğmuşdu. Ağaya olan dərin inam daha da artmışdı.

Şəfalı əllər

Ağ seyidin hələ danışılası çox möcüzləri olduğunu deyən oğlu Mir Qafar atasının şəfalı əllərindən də söhbət açmaya bilməzdi.

Bilirsiniz ki, bizim vaxtımızda tibbi imkanlar da elə çox inkişaf etməmişdi. Hələ kənd yerində kiminsə qızdırması olsa, yaxud dili tutulsa, atamın cəddinə pənah salardı. O isə qızdırması olan uşağın qollarına kəndir bağlayardı, sonra əlini başına çəkərdi. Onunla da uşağın qızdırması keçib gedirdi.

Ağ seyidin Bakıda yaşayan digər oğlu Mir Saleh bəy isə bizi evində qarşıladı. Atası ilə bağlı bir qədər duyğusal xatirələri vardı. Hətta söhbətimiz zamanı danışdığı möcüzlərdən biri onu kövrəltdi:

"Çox yaxşı yadımdadır, atamın yanına kəndimizə bir lal qız gətirmişdilər. Ailəsi Ağaya o qədər inanırdılar ki, ona çoxlu ənam bilə söz vermişdilər ki, qızın dilini açsın. Ağa əliylə işarə elədi ki, lazım deyil, ancaq qızın gətirsinlər. Həmin vaxt 12 yaşım vardı, Ağanın yanında əyləşmişdim. Atam əvvəlcə bir qab su istədi, sonra həmin qabın içinə möhür tozu səpdi. Ardınca ovcuna bir az götürüb lal qızın başına sürtdü. Biz sakit dayanıb nə olacağını gözləyirdik. Ağa ayağa durub qıza yaxınlaşdı və onun kürəyini ehmalca ovxalamağa başladı. Hiss edirdik ki, qız bundan narahat olmağa başlayır. Hətta oturduğu yerdən qalxmaq istədi. Ağa işarə etdi ki, səbirli olsunlar. Yanımızda qızın anası da vardı, ona göz qaş elədi ki, sakit dayansın. Daha sonra Ağ seyid qızın qarşısında əyləşib sol əlində saxladığı həmin su ilə dolu qaba tüpürüb qıza uzadanda həmin lal qız əli ilə qabı itələdi, elə bu anda Ağa gözlənilmədən sağ əli ilə qıza şillə vurdu. Sizi inandırım ki, qız diksinib ayağa durmağı ilə dili açıldı. Ağaya dedi ki, məni niyə vurursunuz? Hər kəs təəccüb içində idi. İndi onun lallığından əsər-əlamət qalmamışdı”.

Mir Saleh bəy bu hadisəni danışdıqca tüklərim biz-biz olurdu. Müsahibimin də gözlərinin dolduğunun şahidi oldum. Atasının möcüzəsindən gözləri dolan övlad on illər keçməsinə baxmayaraq üzərində eyni həyəcan və emosiyaları daşıyırdı.

Xeyirxah Ağ seyid

Ağ seyid Ağa xeyirxah biri kimi də tanınırdı. Oğlu Mir Qafar bəy deyir ki, atamın maddi imkan çox yaxşı olub: Onun ikimərtəbəli evini kənd camaatının tikdiyi haqqında danışılsa da, belə deyil. Atam təsərrüfatla məşğul idi, saysız mal-qarası vardı. Yaxşı da dolanırdı, ailəsinə də çox yaxşı baxırdı. Hətta imkansızlara da kömək əlini uzadan olub. Bizim Həsən adlı dayımızı Ağa saxlayıb. İndi onun 83 yaşı var. Kəndimizdə Stansiya Məhəmməd adlı biri var, deyirdi ki, müharibə vaxtı məni ağam dolandırıb. Atamın doğulduğu Xaçmaz rayonunun tanınmış aşığı vardı. Adı aşıq Qurban. Atam uşaq vaxtı ona baxıb. Hətta kəndimizdə iki yetim uşağı da saxlayırdı. Belə çox xeyirxah əməlləri olub.

Ağ seyidin hələ çox əhvalatları var. Övladlarının onun haqqında danışdığı möcüzələri bitmir. Ağ seyid Mir Ələkbər ağanın atası Mir İsmayıl ağa ilə bağlı da yaddaqalan azdan-çoxdan xatirələr var. Onlardan birini nəvəsi Mir Qafar bəydən dinlədik:

Babamın vaxtında ermənilər kəndimizə hücum etmişdilər. Biz onda uşaq idik, kənd camaatını qabaqcadan dəniz qırağı əraziyə köçürmüşdülər. İnsanlara bu barədə heç nə demirdilər. Amma sonradan mən özüm öyrəndim ki, ermənilər Quba quberniyasına tərəf hücum edərkən Quşçu və Qarağaclı kəndlərini od vurub yandırıblar. Onda babam Mir İsmayıl Ağa da ailəsi ilə birlikdə kəndi tərk etmişdi. O dövrdə kənd camaatı buğdanı torbalara yığıb həyətyanı sahələrdə quyulara basdırırdılar. Bizim də həyətimizdə bir-iki yerdə buğda quyusu vardı. Bu vaxt kəndimizdə iki nəfər oğru babamın evində heç kimin olmadığını fürsət bilib oğurluğa gəldilər. Onlar quyuya yaxınlaşanda gördülər ki, babam Mir İsmayıl ağa bunları izləyir. Həmin oğrular təlaşa düşüb qaçdılar. Bir qədər uzaqlaşandan sonra dayandılar. Axı babagil kənddən çıxıblar. Nə başınızı ağrıdım, həmin oğrular bunu halünasiya bilib geri qayıtmağa qərar verdilər ki, oğurluqlarını həyata keçirsinlər. Qayıdanda həyətdə yenə babamı gördülər. Hətta babam onları acılayıb qovdu. Halbuki, Mir İsmayıl ağa ailəsi ilə birlikdə kəndi tərk etmişdi”.

Belə bir məqamda möcüzələrdən danışarkən, ötən yazımızda da qeyd etdiyimiz kimi, Mir Ələkbər ağanın şən və zarafatcıl bir insan olduğunu da xatırlatmaq lazımdır. Oğlu Mir Qafarın dilindən:

"Bir dəfə qapımızı bir adam döydü. Seyid olduğunu iddia edirdi və nəzir istəyirdi. Həmin vaxt atam Ağ seyid də evdəydi. Xəbər tutanda dedi ki, o şəxsi əliboş qaytarmasınlar, ancaq böyük qardaşım Mir İsmayıla tapşırdı ki, həmin adamı yola salsın və izləsin görsün necə bir adamdır. Rəhmətlik qardaşım Mir İsmayıl evə qayıdanda ağa onda həmin adamı soraqladı. Mir İsmayıl da dedi ki, vallah qapıdan çıxanda həyətimizdəki camışa baxıb "heyvan səsi” çıxarırdı. Bunu eşidəndə atam güldü və "dedi” ki, o həqiqətən seyiddi. Çünki o cür qeyri-adi hərəkətləri ancaq seyidlər edər” (gülür).

Sərhəddi aşan məktub

Mir Qafar bəy uşaq ikən məktəb əlaçısı olub. Oxumağa dərin marağı varmış. Xəstəxana xatirələrindən danışır: "Uşaq olanda xəstələnmişdim, məni xəstəxanaya apardılar. Bir müddət orada qaldım. Xəstəxanada olarkən latınca artıq oxumağı, yazmağı öyrənmişdim. Tale elə gətirdi ki, mənim bu bacarığım doğmalarım üçün kömək oldu. Yəqin atamın İran əhvalatından xəbəriniz var. Bizim əslində kökümüz iranlıdır. Babam Mir İsmayıl ağanın nəsli Tehrandan gəlmədir. Bizə həmşəri deyirdilər. Mir İsmayıl ağa axund olub. Din təhsili görmüş adam idi. Nənəmgil İrana qayıdandan sonra onlarla məktublaşırdıq. 37-ci ilə kimi köhnə ərəb və fars dillərində yazırdılar. İran məsələsindən sonra kiril əlifbasına keçdilər. Cənubdakılar isə kirilcə oxuya bilmirdilər. Biz orta məktəbdə alman dili keçdiyimiz üçün məktubu latın dilində yazırdım və göndərirdik. Orada latınca oxuya bilən bir adama oxudurdular. Beləcə 73-cü il - anam rəhmətə gedənə kimi məktublaşdıq. Sonra 10 ilə yaxın əlaqəmiz kəsildi. 83-cü ildə İranla rabitə əlaqəsi qura bildik. Əsgər əmimgillə danışırdım. Daha sonra sərhədlər açılanda qardaşım Mir Sahiblə böyük bacımı Fatiməni göndərdik ora”.

Ağanın yeganə arzusu o idi ki, oğlanlarını hərbiçi və qızlarını ağ xalatda görsün. Oğlanlarından üçü Mir Qafar, Mir Saleh və Mir Sahib hərbiçi olublar. Qızı Həbibə xanım isə tibb sahəsinə yiyələnə bilib. Xatırlatma vermək istəyirik ki, Fatimə xanımın qızı Yaqut, həmçinin Yaqut xanımın qızı Gülnur, Həbibə xanımın balaca oğlu Bəhruz İsmayılzadə və Mir Salehin qızı Gülarə tibb sahəsindədirlər, Həbibə xanımın digər iki oğlu Siyruz və Feyruz hazırda hərbiçidirlər .

Beləliklə Ağ seyid haqqında hekayəmizin sonuna gəldik. Bakıda və Şabrandan olan görüşlərimiz Azərbaycanın gizlində qalan daha bir seyidini üzə çıxarmağımıza vəsilə oldu. Ağa möcüzəsi, seyid üstünlüyü və xeyirxahlıq simvolu insani dəyərləri üzə çıxardı. Ağ seyd Mir Ələkbər Ağa barəsində az məlumatı olanlar da ümid edirik ki, bundan sonra daha ətraflı biliyə malik olacaqlar. Peyğəmbər nəslindən olmaq hər bəndəyə nəsib olmur. Əsas odur ki, əməllərimizlə, inamımızla və insanlığımızla tarix yazaq. Ağ seyid Mir Ələkbər Ağa kimi...

Məhz belə bir insanı tarixin dərinliklərindən üzə çıxarmaqda bizə yardımçı olduğuna görə nəvəsi, hazırda tibb sektorunda fəaliyyət göstərən Bəhruz İsmayılzadəyə dərin təşəkkürümü bildirirəm.

Rüfət Soltan



İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK