ANA SƏHİFƏ / YAZARLAR

“Kiminsə dərdi bəzən bizə gülməli gəlir...”

Gənc yazıçı və kinorejissor Səidə Haqverdiyeva: “Mən üçüncünü - film çəkmək variantını seçdim”

32770    |   2017-03-03 18:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən əsrin 90-cı illəri, Azərbaycan kəndlərindən biri. 6 qız uşağının böyüdüyü ailədə evin böyük övladı ­­­­­­­­­­Gülşahın ən böyük arzusu tezliklə özünə ömür-gün yoldaşı tapıb ərə getməkdir. Bəs bu istəyini necə həyata keçirsin?

Bu yaxınlarda ekranlara çıxan "Ər quyusu” filmini izləyənlər hadisələrin necə bitəcəyini artıq yaxşı bilirlər. Biz isə həm bu ekran işinə baxanları, həm də hələlik baxa bilməyənləri Səidə Haqverdiyeva ilə tanış etmək istəyirik. "Ər quyusu” gənc yazıçı Səidə Haqverdiyevanın "Qara qızın qara bəxti” hekayəsi əsasında çəkilib. Maraqlıdır ki, filmin quruluşçu rejissoru da elə Səidə xanım özüdü. Bu, gələcəkdə kinorejissor kimi tanınmaq istəyən istedadlı xanımın kinoda ilk işidir.

8 Mart - Beynəlxalq Qadınlar günü ərəfəsində Səidə Haqverdiyevanı müsahib seçməyimiz təsadüf sayılmamalıdır. Axı o, debüt filmində və bundan sonra çəkəcəyi ekran əsərlərində qadın mövzusuna toxunmaq istəyir...


- Səidə xanım, sizinlə əvvəlcə filmin ssenari müəllifi kimi danışaq. "Ər quyusu” filmi "Qara qızın qara bəxti” hekayəniz əsasında ərsəyə gəlib. Filmin qala-gecəsindəki çıxışlardan belə anlaşıldı ki, ssenariyə mərhum ananızın xatirələrini də əlavə etmisiniz...

- Tanıyanlar bilir, anam çox maraqlı həmsöhbət idi. Şahidi olduğu və ya eşitdiyi hadisələri elə şirin nəql edirdi ki... Danışdığı hər bir əhvalata uyğun bir atalar sözü, zərbi-məsəl deməyi də var idi. Yəqin ki, böyüdüyü ailədəki mühit də bu məsələyə təsir göstərmişdi. Anamın atası Naxçıvandan, anası isə Ağcabədidəndir. Ssenari üzərində çalışanda anamın danışdığı əhvalatlardan bəzi epizodları da əlavə etdim. Film hazır olanda anama göstərdim və çox bəyəndi. Düzdü, etiraz etdiyi məqamlar da oldu.

- Məsələn...

- Bəzi obrazlar anamın yaxınlarının, tanıdığı insanların prototipləri idi, bu məsələni dərhal tuta bilmişdi. Təəssüf ki, filmin viziona çıxmasını görmək, qala-gecəsində iştirak etmək anama nəsib olmadı...

- Bəs niyə məhz "Ər quyusu”?

- Əvvəlcə filmin adını "Toyunuz mübarək!” kimi düşünmüşdük. Amma sonra fikirləşdik ki, ərə gedən, ailə quran hər insan xoşbəxt olmur. Ssenarinin sonunda yeni ayaqyolu üçün qazılan quyunun ər quyusuna çevrildiyini nəzərə alıb filmin adını "Ər quyusu” qoyduq.

- Tanınmış satirik şair və dramaturq Rüfət Əhmədzadənin gəlininin komik situasiyalarla dolu ssenari yazması çoxları üçün yəqin ki, təəccüblü olmamalıdı...

- Janr etibarı ilə bizim film tragikomediya kimi nəzərdə tutulub. Həyat elədir ki, insanların dərdləri, ağrıları bəzən digərlərinə gülməli gəlir. Konkret filmdən danışsaq, Gülşahın ali təhsil almaq, uğurlu karyera qurmaq kimi bir niyyəti yoxdur. Onun bir dərdi-səri var-ərə getmək. Gülşah hətta kəndin ən bivec oğlanına da arvad olmağa razıdı... Belə hallara bu gün də rast gəlirik. 90-cı illərdə isə problem daha qabarıq hiss olunurdu, çünki gənclərimiz yaxşı dolanışıq qurmaq ümidi ilə kütləvi şəkildə Rusiyaya gedirdi. Həmin cavanların əksəriyyəti də iş yeri tapdığı şəhərdə həm də başqa millətin nümayəndələri ilə ailə qururdu. Azərbaycan kəndlərində onların yolunu gözləyən qızlar isə arzularını reallaşdıra bilmədiklərinə görə vaxtından əvvəl qocalırdılar.

Sualınızın Rüfət Əhmədzadə ilə bağlı hissəsinə gəlincə isə onu deyim ki, təkcə həyat yoldaşımın atası kimi yox, həm də ən çox oxuduğum müəlliflərdən biri kimi ondan bəhrələnməyə çalışmışam.


- Günlərin bir gününü "Ssenarimi məhz özüm çəkəcəyəm” - deyib qərar verdiniz...

- Əslində, bu, bir günün qərarı deyildi. Uşaq yaşlarımda ən böyük arzum aktrisa olmaq idi, təəssüf ki, valideynlərimin qadağası üzündən bu istəyimi həyata keçirə bilmədim. Böyüdükcə duyurdum ki, bu, keçici bir hiss deyil, ona görə də istedadımı başqa yaradıcılıq sahələrində realizə etməyə başladım. Qəzetlərdə, telekanallarda çalışdım, bədii əsərlərimdən ibarət "Gözüm qaldı gözündə”, "İsanın yatağındakı ilahə” kitablarım işıq üzü gördü. Uşaqlar üçün yazdığım "Toplan” pyesim Təbrizdə səhnəyə qoyuldu. Bu gün də Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq” teatr-studiyasına rəhbərlik edirəm. Amma bilirəm ki, əldə etdiyim uğurlar tam mənim istədiyim deyil.

Bayaq dediyim kimi, özümü kinorejissor kimi sınamaqla bağlı qərar qəfildən verilmədi. Mən həmişə izlədiyim istənilən filmi əvvəldən sonuna kimi beynimdə başqa cür qururam. Hekayələrimi oxuyan mütəxəssislər, dünyagörüşlərinə, zövqlərinə inandığım insanlar mənə deyirdilər ki, əsərlərin kino elementləri ilə zəngindir. Sankt-Peterburq İncəsənət Universitetində mənə təhsil verən müəllimlərim də bu bacarığımı xüsusi qeyd edirlər. Tanınmış jurnalist, yaxın rəfiqəm Sevda Sultanova ilə söhbətlərimdə o məni özümü kinorejissor kimi sınamağıma inandırdı, dəyərli məsləhətlərini əsirgəmədi.

Kinorejissor kimi debütə başlayan ərəfədə ən böyük maddi və mənəvi dəstəyi həyat yoldaşımdan aldım. Rəşad bəy mənə üç variant təklif etdi - ya çoxdankı arzum olan Avropaya səyahətə getmək, ya avtomobil almaq, ya da film çəkmək. Mən üçüncünü - film çəkməyi seçdim. "Ər quyusu” çox kiçik bir büdcə ilə ərsəyə gəldi, çünki əvvəlcə qısametrajlı film kimi nəzərdə tutmuşduq. İşin gedişində planlarımız dəyişdi və tammetrajlı film alındı. Mənimlə birgə çalışan komanda qısa bir zaman çərçivəsində və dediyim kimi, az maliyyə xərcləməklə bunu bacardı. Çəkilişləri Bakıda, Şamaxıda, Cəlilabadda və Tərtərdə apardıq. Ssenari müəllifi və quruluşçu rejissor kimi əməyi keçən hər kəsə bir daha təşəkkürlərimi yetirmək istəyirəm.

- Baş rola Dövlət Musiqili Teatrının istedadlı aktrisası Ülviyə Əliyevanı çəkəcəyiniz də yəqin elə gündən aldığınız qərarlardan biri idi...

- Şübhəsiz. Film barədə düşünəndən Ülviyə xanımı Gülşah rolunda görürdüm, çünki onun istedadına, aktrisa kimi imkanlarına bələd idim. Məsələnin digər bir tərəfi də var, Ülviyə həm də sadiq dost, olduqca səmimi insandı. O, bu film üçün çox fədakarlıqlar etdi, hətta qonorarsız çəkilməyə belə razı oldu.

- Dövlət Kukla Teatrının gənc aktyoru Cavid Telman "Ər quyusu”ndakı rolu ilə kinoda debüt etdi. Qala-gecəsindəki reaksiyalardan belə başa düşdüm ki, tamaşaçılar Cavidin ilk işini bəyəndilər...

- Cavid Telman çox qısa bir zamanda Kukla Teatrında istedadını realizə edə bildi. Caviddə bir xasiyyət var, bütün günü teatrın dəhlizində qızlara durmadan şeir deyir. Filmin çəkilişlərindən əvvəlki ilk məşqlərimizdə gördüm ki, Cavid obrazı tamam fərqli oynamaq istəyir, kimisə yamsılayır. Mən ona dedim, Cavid, sən elə özünü oynasan çox maraqlı alınacaq. Quruluşçu rejissor kimi Cavid Telmandan istədiyimi ala bildim və onun kinodakı ilk uğuruna görə sevinirəm. Düşünürəm ki, o, bundan sonra digər kinorejissorların da diqqətini çəkəcək.

- Son vaxtlar bizdə daxili bazara hesablanan, kommersiya xarakterli çoxlu filmlər istehsal olunur. Belə bir ortamda "Ər quyusu” özünü necə hiss edəcək?

- Bu işə başlayanda filmi festivallar üçün nəzərdə tutmuşdum, lakin sonradan iddiamdan bir qədər geri çəkildim. Bunun da öz səbəbləri var. Dediyiniz kimi, bu gün Azərbaycanda ciddi büdcəli, reklamı yüksək səviyyədə qurulan filmlər viziona çıxır. Onlarla rəqabət aparmaq heç də asan deyil. "Ər quyusu” isə birbaşa mənim tanıtımıma xidmət edən filmdir. Tam səmimi deyim ki, "Ər quyusu”ndan maddi qazanc güdmürəm. Müşahidələrimə və aldığım informasiyalara görə, "Nizami” Kino Mərkəzində nümayiş etdirilən bizim filmə tamaşaçı marağı heç də pis deyil.

- Kinorejissor kimi debütü uğurlu alınan Səidə xanım indi hansı planlar cızır?

- "Conson” adlı hekayəm əsasında qısametrajlı film çəkməyi düşünürəm. Ətrafdakı insanlardan küsən, qaynar şəhər həyatından bezərək bağ evinə sığınan və həyətdəki itlə dostluq edən bir köhnə bakılının dramından bəhs edən film olacaq. Sırf festivallar üçün nəzərdə tutulacaq. Yaxın zamanlar üçün komediya janrında film çəkmək kimi bir planım yoxdur, nə vaxtsa belə bir ehtiyac hiss etsəm, Rüfət Əhmədzadənin çox sevdiyim "Bildirçinin bəyliyi” pyesi əsasında film çəkəcəm.

Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK