ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR - XVII (SON)

Detektiv roman

38252    |   2017-02-24 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qalxdılar. Həyətin aşağısında kərpicdən bir daxma vardı, qapısından da qara bir qıfıl asılmışdı. Akademikin Atası cibindən bir topa açar çıxartdı, əlində fırlayıb lazım olan açarı tapdı və qıfılı açdı, keçdilər içəri.

Bura əməlli-başlı bir emalatxana idi. Kriminalistin təəccüblə baxdığını görən Akademikin Atası:

- Mən həm də ustayam, oğul. Bu rayonda kimin tüfəngi xarab olsa, qundağı qırılsa, kimə tüfənglə bağlı bir şey lazım olsa mənim yanıma gəlir. Patron qəhətə çəkiləndə patron-zad da düzəldib satardım. İndi Allaha şükür, hər küçədə bir ovçu mağazası var. Bəzən polislərin də mənə işi düşür. - Sonra əlini atıb divardan asılmış bir tüfəng götürdü, bir az o tərəfinə, bir az bu tərəfinə baxdı, sığalladı; - Bu tüfəngi özüm düzəltmişəm. Qorbaçov tüfəngləri yığanda camaat düşmənin qabağında əliyalın qalmışdı. Onda bu emalatxanada iyirmi-iyirmi beş belə dayandoldurum düzəldib paylamışdım camaatakı düşmən qabağında aciz qalmasınlar. Ermənilərin avtomatının qabağında bu sapandıydı, amma səs-küy salırdı, az-çox işə yarıyırdı. Bunlarla qorumuşuq bu kəndi.

Kriminalist:

- Bu tüfənglərdən kənddə qalıb?

- Yox əşi, hardan?! Bunlar tez xarab olur. O vaxtlar gətirirdilər, düzəldirdim. Sonra day heç kimə lazım olmadı. İndi maşallah, mağazalarda avtomat da satırlar, kimin nəyinə lazımdı bu dayandoldurum. Bircə mən saxlamışam, o günlərin yadigarıdı. Dedim axı, silahı gərək küsdürməyəsən.

Kriminalist tüfəngi alıb baxdı, bir qədər kobud görünsə də əməlli-başlı silah idi.

- Bu tüfəngi mənə satarsız?

- Ovçu tüfəngin satmaz. Dedim axı o günlərin yadigarıdı. Əvvəllər ova gedəndə hərdən özümlə götürərdim ki, könlünü xoş eləyim.

Kriminalist çox ehtiyatla soruşdu:

- Mən bunu bir neçə günlüyə götürə bilərəm?

Akademikin Atası kinayə ilə:

- Deyirsən yəni Polkovniki bununla atıblar? Əgər şübhələnirsinizsə, buyurun, götürün. Bəlkə yolda qabağınıza qurd-quş çıxdı, alın dörd-beş patron da verim, özüm hazırladığımdan. - dedi və əlini atıb bir neçə patron götürdü və Kriminalistə uzatdı: - Alın.

Və patronları elə ürəklə uzatdı ki, Kriminalist duruxdu:

- Yox, lazım deyil, - sonra soruşdu: - Doğrudan bu atır? Mənim üçün çox maraqlıdı.

Akademikin Atası tüfəngi götürüb çıxdı bayıra, doldurdu və verdi Kriminalistə, tutun gövdəsini göstərib dedi:

- Çaxmağı çəkin.

- Yox, yox, özünüz atın. Sadəcə bilmək istəyirəm görüm, doğrudanmı bununla kəndi qoruya bilmisiz.

Akademikin Atası tutun gövdəsini nişan alıb tətiyi çəkdi, elə bil beşaçılandan atdılar, güllə gövdəyə sancıldı, ağacın qabıqları parçalanıb töküldü:

- Hərdən ağacı qorxutmalısankı yaxşı bar gətirsin! - sonra tüfəngi Kriminalistə uzatdı: - Buyurun aparın, şübhədən sizin də canınız qurtarsın, bizim də.

Güllə səsinə Ana evdən çıxdı və Kriminalisti görən kimi də dilxor oldu, amma biruzə vermədi:

- Ay kişi, nə olub?

- Heç, həyətə tülkü girmək istəyirdi.

Ana düşdü həyətə, qonağa:

- Xoş gəlmisiz,- dedi və cavab gözləmədən getdi darvazaya tərəf: - Mən gedirəm uşağa dəyim, sən gələcəksən?

- Get, gələrəm. Bütün günü uşağın yanındadı.

Kriminalist söhbətin hansı uşaqdan getdiyini bildiyindən soruşdu:

- Necədi?

- Sağalır, - dedi Akademikin Atası, tüfəngi stola söykədi: - Siz oturun, mən də çayı bir təzələyim- dedi və çaydanı götürüb qalxdı evə.

Fürsətdən istifadə edən Kriminalist cib bıçağını açıb tutun gövdəsindəki gülləni səliqə ilə çıxarıb qoydu cibinə.

Ayrılanda Akademikin Atası dedi:

- Bilirsiz oğul, müstəntiq kimi yox, qonaq kimi nə vaxt gəlsəniz bu qapı sizin üzünüzə açıqdır. Üz-gözünüzdən də görünür ki, yaxşı insansınız, müstəntiqdən çox müəllimə oxşayırsız.

- Müstəntiq necə olur ki?

- Vallah, nə bilim, işim düşməyib. Amma deyirlər, çığırırlar, bağırırlar, hətta söyürlər, nə bilim, döyürlər.



***

Kriminalist kabinetə daxil olan kimi eksperti yanına çağırdı, dəsmalı cibindən çıxardıb ona uzatdı:

- Bunu götür, təcili ekspertizadan keçirt və gətir mənə. İçində güllə var.

Otaqda var-gəl edir və Tanrıya yalvarırdı ki, şübhəsi doğru çıxmasın, ailənin ikinci bir faciəni yaşamasını heç istəmirdi. Bu cinayətin açılması rütbə demək idi, mükafat, vəzifə demək idi. Amma bu dəqiqə onu nə rütbə, nə mükafat, nə də vəzifə maraqlandırırdı. İndi otaqda var-gəl edə-edə Tanrıya yalvarırdı ki, bu cinayəti kim edir-etsin, Akademikin ailəsindən başqa.

Ekspertin cavabı gecikmədi və Tanrı Kriminalisti eşitmədi - güllələr eyni silahdan atılmışdı.



***

Akademikin Atası darvazanı açıb qarşısında yenə Kriminalisti görəndə əsəbini saxlaya bilmədi:

- Oğul, ya bizim hamımızı qandallayıb aparın, ya da qoyun sürünək. İnciməyin, demişəm, yenə deyirəm, qonaq kimi gəlmisinizsə buyurun içəri. Yox, müstəntiq kimi gəlmisinizsə, qayıdın geri. Rəsmi çağırın, ya da polis göndərin.

Kriminalist başını bulayıb girdi həyətə:

- Ağsaqqal, mən indiyədək həmişə sizə və ailənizə hörmətlə yanaşmışam. Heç vaxt ifadənizi almaq üçün prokurorluğa çağırmamışam, özüm gəlmişəm. Dərdinizə şərik olmuşam. İndi də xahiş edirəm hövsələnizi basın. Mən bu həyətə sonuncu dəfə gəlirəm. Gəl əyləşək, bir məsələyə aydınlıq gətirək. - dedi və həmişəki kimi keçib oturdu tutun altındakı stulda.

Akademikin Atası:

- Oğul, əsəbləşməyin, vallah, day yorulmuşam. Kənd yeridi, hər ağızdan bir avaz çıxır.

Kriminalist hövsələsizlik etmədi:

- Xahiş edirəm, oturasız. Mənim ikicə sualıma cavab verin, vəssalam, mən də çıxım gedim.

Bu vaxt Ana da eyvana çıxdı:

- Ay kişi, kimdi gələn?

- Heç, rəis qonaq gəlib, sən bir çay qoy.

Ana hirsli-hirsli Kriminalistə baxdı, amma bir söz demədi və keçdi evə.

Kriminalist əlindəki çantadan bir sənəd çıxarıb qoydu stolun üstə:

- Buyurun, bununla tanış olun.

Akademikin Atası sənədlə tanış olanda rəngi ağappaq ağardı, heç sonadək oxumadı, qoydu stolun üstə, həyatında ilk dəfə əlləri əsdi, bir xeyli dili söz tutmadı. Nəhayət, özünü ələ aldı:

-And olsun Allaha, bu olan şey deyil. Burda nə isə bir yanlışlıq var.

- Siz savadlı adamsız, sənəd əlinizin altındadı. Bu ekspertizanın rəyidi və heç bir yanlışlıq ola bilməz. Hər üç güllə eyni bir silahdan atılıb. O silah da bu dəqiqə sizin emalatxananızdadı.

Akademikin Atası başını əllərinin arasına aldı:

- Axı, bu mümkün deyil. O tüfəngi bizdən başqa kimsə götürə bilməz. Kimin nəyinə lazımdı gəlib burdan tüfəngi oğurlasın, gedib Polkovniki atsın, sonra yenə gətirib yerinə qoysun, tüfəng tapılmır? Elə bir düşmənimiz də yoxdur bizi şərə salmaq istəsin. Özünüz dəqiqləşdirmisiz, həmin gün mən kənddən çıxmamışam, oğlum da bütün günü işdə olub, neçə xəstəni əməliyyat edib. Xanımım da kəndin arvadları ilə qonşu kənddə yasda olub. Özünüz hamısın araşdırmısız. Bu mümkün olan iş deyil. Ya ekspertizanın rəyi səhvdi, ya da bu bir şeytan əməlidi!

Kriminalist sənədi götürüb qoydu çantaya:

- Ağsaqqal, faktı özünüz gördüz. Yəqin ki, Polkovniki kimin öldürdüyünü də özünüz aydınlaşdıra bilərsiz.

Akademikin Atası:

- Dayanın, icazə verin bir siqaret yandırım. - dedi və bir siqaret çıxardıb yandırdı və tüstünü acgözlüklə ciyərlərinə çəkdi, xeyli fikrə getdi, durub həyətdə var-gəl eləməyə başladı.

Ana çay gətirdi, ərini dalğın görüb soruşdu:

- Ay kişi, nə olub?

Akademikin Atası sanki diksindi, bir xanımına baxdı, bir Kriminalistə baxdı, bir stolun üstəki sənədə baxdı.

- Ay kişi, sənlə deyiləm? Deyirəm nə olub?

Siqareti yerə atıb tapdadı və dedi:

- Heç, sən qalx evə, bizim bir az söhbətimiz var.

Ana qayıtdı evə.

Akademikin Atası yenidən əyləşdi:

- Oğul, mənə hər şey aydındı. Gəl bir kişilik elə, - daha "siz" deyə yox, sən deyə müraciət etdi: - bütün nəslim ömrü boyu sənə borclu olar. Allah da səndən razı qalar. Gəl sən razı olma ki, o boyda oğul dərdi çəkən bir ana bu yaşında həbsxanaya düşsün, həbsxanada ölsün. Sənin üçün nə fərqi, əsas odur ki, qatili tapmısan! Mən etiraf edirəm. Polkovniki mən vurmuşam. İkimiz də müsəlmanıq. Bunun bircə yolu var, ya məni həbs edirsən, ya da bu namus məsələsidi, xanımımı atacam, amma həbsxanaya düşməyə qoymayacam. Söz sənindir. Sənin də anan var, bacın var. Nə fərqi, mən öldürmüşəm, yoxsa xanımım. Əslində bunu mən etməliydim, kişiliyim çatmayıb. O məndən kişi çıxıb. Əsas odur ki, cinayəti açmısan. Rütbəni alacaqsan, bəlkə prokuror da qoyacaqlar. Amma heç vaxt vicdan əzabı çəkməyəcəksən. Özün deyirdin ki, soğan satarsan, vicdanını satmazsan. İndi nə soğan sat, nə də vicdanını, sadəcə olaraq bir kişilik elə.

Kriminalist qalmışdı odla-suyun arasında: qarşısında iki yol vardı, biri vəzifə borcu, biri də insanlıq borcu. Yaşı altmışı keçmiş dərdli bir qadını həbs eləmək ona çox ağırıydı. Gözünün önünə öz anası gəldi: polislər qollarına qandal vurub aparırlar, tükü ürpəndi. Cinayəti açmağına açmışdı, indi nə fərqi vardı, ananı yox, atanı həbsə alsın, dünya dağılmayacaqdıkı. Dünyada hər gün milyonlarla haqsızlıq olur, dağılmır ki, birini də o eləsə nə olacaq. Hələ yuxarılara məruzə eləməmişdi, həqiqəti yalnız və yalnız özü bilirdi.

Bir siqaret yandırdı və siqaret çəkib qurtaranadək danışmadı, sonra çaydan bir qurtum içdi, sənədi qaytarıb qoydu qovluğa və qalxdı ayağa:

- Yaxşı, ağsaqqal, siz deyən olsun. Xahiş edirəm, silahı da gətirib verəsiniz, biz gedək.

Akademikin Atası sakitcə qalxıb getdi həyətin aşağısındakı daxmaya, qıfılı açıb keçdi içəri, tüfəngi götürüb gətirdi və qoydu stolun üstə:

- Buyurun.

Kriminalist tüfəngi götürdü:

- Gedək?

- Gedək.

- Evdəkilərlə görüşmürsüz?

- Lazım deyil. İstəyirsən xanım bir dəqiqədə bütün kəndi bura yığsın? Sakitcə getsək yaxşıdı.

Həyətdən çıxıb oturdular Kriminalistin maşınına, körpünün üstə Akademikin Atası çox acizanə dedi:

- Oğul, səndən son bir xahiş də edə bilərəm?

- Eşidirəm.

- Mümkünsə icazə ver sonuncu dəfə oğlumla vidalaşım, bəlkə bir də qismət olmadı.

Kriminalist maşını saxladı:

- Vidalaşın.

Akademikin Atası maşından düşdü, çayın kənarındakı qəbiristanlığa girdi və getdi oğlunun məzarının üstə.

Kriminalist də maşından düşüb körpünün məhəccərinə söykənib bir siqaret yandırdı.

Durmuşdu oğlunun qəbri üstə, əllərini göyə açıb dua oxuyurdu.

Kriminalistsə məhəccərə söykənib siqaret çəkə-çəkə bu mənzərəni müşahidə edirdi.

Axırıncı dəfə diz çöküb qəbrin torpağını sığalladı, oğlunu qucaqlayırmış kimi məzarı qucaqladı və hıçqırdı...

Kriminalist siqareti atdı, maşının qapısını açıb silahı götürdü, bir silaha baxdı, bir oğlunun qəbrini sonuncu dəfə qucaqlayan ataya baxdı... baxdı...

... Və silahı tulladı çaya, keçib oturdu sükanın arxasında və maşını sürüb getdi.

Bu vaxt Akademikin Atası qalxmışdı, maşına tərəf gəlirdi. Kriminalistin tüfəngi çaya tulladığını və bir söz demədən maşını sürüb getdiyini görəndə donub qaldı. Xeyli beləcə dayanıb təəccüblə gedən maşının ardınca baxdı.

Darvazadan içəri girəndə xanımı həyətdə gözləyirdi:

- Hara getmişdin?

- Qonağı yola salırdım.

- Yenə nəyə gəlmişdi?

- Polkovniki öldürəni tapıb.

Ana əlini atdı üzünə, oturdu stula, təngənəfəs oldu və təəccüblə:

- Tapıb?

- Hə, tapıb!

- Kim öldürüb?

Xanımının başını sıxdı sinəsinə və dedi:

- Allah!


SON

10 yanvar 2010 - 8 mart 2011Ağcabədi-Bakı

Detekiv romanın əvvəlini BURADAN oxuya bilərsiniz


İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK