ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: ŞOK! ŞOK! ŞOK! AXIRDA DA HÜLÜ ŞƏFTƏLİ

39277    |   2017-01-26 14:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türk televiziyalarından və mətbuatından düşük bir şey öyrənmişik: «Şok! Şok! Bir azdan!», «Şok, Şok! Sabahkı sayımızda!», «Şok! Şok! Şok! Yumurtanın içindən iki sarı çıxdı». «Şok! Şok! Şok! Axırda da …»

Yanvarın 24-də çox hörmət elədiyim, ölkədəki az-çox ciddi saytlardan biri saydığım «Moderator.az»da belə bir «Şok! Şok!»la rastlaşdım. Heç demə, Fransada Babək haqqında yeni bir sənəd tapıblar. Sənəd də nə sənəd? Bilmirəm, hansısa bir tarixçi və yaxud Qulu Xəlilovun sözü olmasın, tarixə kərkinənlərdən biri Babək haqqında ağlına gələnləri yazıb və bizim hörmətli tədqiqatçılarımızdan biri də o sənədi bəh-bəhlə çap edib.

Elə xırda bir detalı qeyd edim. Həmin o tarixə kərkinən (adı var ey, yadımda saxlamadım, çünki mənasız ad olduğundan) qeyd edir ki, Babəkə Azərbaycan və Ermənistan kəndliləri kömək edirdi. Ay bu «şok»u üzə çıxarıb bizə təqdim eləyən tədqiqatçı dostum, heç olmasa bu məsələyə bir münasibətini bildir də. IX əsrdə Ermənistan vardı? Ermənistan tasrağagün olub ey. Bunu qoyduq bir kənara.

Heç demə Babəki şeytan yoldan çıxarıb, şeytanlarla oturub-durubmuş. Nə bilim şeytan cənab Cəbrayılın sifətində gəlib Babəkin yanına ki, Allah sənə peyğəmbərlik verib. Cənab Cəbrayıl ölmüşdü ki, şeytan onun işinə qarışaydı? Şeytanın çəkib ciyərini çıxarardı. Bir yerdə Afşin az qalıbmış Babəki tuta bir qoca peyda olur, Afşinə deyir: «Bu adama rəhm eləmə, o da Həsənlə Hüseyni öldürənlərdəndir». Afşin də Həsənlə Hüseynin adını eşidən kimi başlayır hönkür-hönkür ağlamağa, özünə gələndə görür ki, Babək qaçıb, heç demə onu da şeytan aldadıb.

Mən dini məsələlərə qarışmaq istəmirəm, çünki mütəxəssis deyiləm. Amma az-çox mən də «Tarixi-Nadir»i oxumuşam, hələ üstəlik Yunus Oğuzun «Nadir şah»ını da.

Əvvəla, Həsən və Hüseyni öldürənlərin nəsli idi xəlifə Məmun da, Mötəsim də. Afşin də onlara qulluq edirdi. Əgər Afşin qurban olduqlarım Həsən və Hüseyni belə çox sevirdisə istefa ərizəsini yazıb çıxıb gedərdi də, niyə Həsən və Hüseyni sevənləri qılıncdan keçirirdi? Söhbət Babəkin hansı məzhəbə qulluq etməyindən getmir, amma Babəkin qərargahı onda da, indi də şiyələrin yaşadığı ərazidi. Nə isə.

Elə öz içimizdə Babəki qılıncdan keçirənlər, Babəki nüfuzdan salmaq istəyənlər nə qədər desəz var. Hər gün də mətbuatda belə yazılara rast gəlirik. Özü də bu yazını yazanlar sıradan insanlar deyil. Heç demə, biri də Fransada peyda olubmuş və indi məlum olur ki, Babək hətta şeytanlarla oturub-durubmuş. Yəni, qısası, şeytan oğlu şeytanmış. Və biz də bu şeytan oğlu şeytanı sevirmişik.

Dərdə bax, millətə bax, zillətə bax, dirilərdən ölülər feyz alacaq. Az qala XXI əsri yarılamışıq, sabah yox, o birisi gün XXII əsrdi, camaat Marsda futbol oynayır, Günəşə kəllə atır, təzə planet kəşf edir, biz də cindən-şəyatindən danışırıq. Cinin şəklini çəkib paylaşırıq, cinlər haqqında məqalələr yazırıq, məzhəb davası aparırıq, hansısa müğənninin geyimini müzakirə edirik, divara düyü dırmaşdırırıq, yumurtanın üstündə bərk-bərk araşdırma aparırıq görək üstündə «Allah» sözü yazılıb, yoxsa yox.

Və sonda. Babəkin İslam dininə qarşı vuruşduğunu ön plana çəkən üzdəniraq tarixçilərimizə onu da xatırladaq ki, əvvəla, Babəki kiçiltməyin, nə din? Babəkin hərəkatı bir Azadlıq hərəkatıdı, işğala qarşı savaşdı. Cəfər Cabbarlı «Od gəlini»ndə Elxanın diliylə deyir ey, hər gələn deyir azadlıq gətirmişəm, istəmirəm sənin gətirdiyin azadlığı.

Babək öz azadlığını istəyirdi, indi Suriyaya, İraqa, Liviyaya, Yəmənə, Fələstinə gətirilən azadlığı istəmirdi.

Şok! Şok! Şok! Yox bir, hülü şəftəli!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO