ANA SƏHİFƏ / RUBRİKA

"Müharibənin ağrılarını yuxuda yaşadım" - YUXU QAPISI

87485    |   2017-01-06 11:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı" rubrikasının bu dəfəki qonağı yazıçı Mirmehdi Ağaoğludur. Adalet.az müsahibəni təqdim edir:


Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

Yuxu haqqında elmi bilgim budur: insan yatdığı zaman bəzi beyin hüceyrələri aktiv şəkildə fəaliyyət göstərməyə davam edir, gün ərzində əldə etdiyi məlumatları, beynimizin bir yerində ilişib qalan şeyləri analiz etməyə başlayır. Və bu hüceyrə fəaliyyətini biz "yuxu” kimi görürük.

Yuxunun həyatımızdakı yeri adama görə dəyişsə də incəsənət, mədəniyyət və ədəbiyyatdakı yeri böyükdür. Yusif peyğəmbərin yuxuyozma qabiliyyətinin olmasını, nağıl və dastanlarımızda qəhrəmanlara yuxuda busə verilməsini xatırlamaq kifayət edər. Ayrıca təsviri incəsənətdə də yuxu önəmli yer tutur. Sürrealizm bildiyimiz kimi yuxu və reallığın qarışığından ibarətdir. XX əsrin əvvəllərində yaranan sürrealizm təkcə təsviri sənətdə deyil, ədəbiyyatda, kinematoqrafiyada geniş yayıldı. Buna ən geniş nümunə kimi Salvador Dalinin əsərlərini göstərmək olar. Dali yuxularınızı tablolara tökür, onu canlandırırdı.

Ədəbi əsərlərdə də yuxu elementinə geniş yer verilir. Qonçarovun qəhrəmanı Oblomovun yuxusu dünya ədəbiyyatının məşhur yuxularındandır. Əkrəm Əylislinin qəhrəmanları da həmişə yuxu görürlər.

Özüm də bəzi əsərlərimdə yuxu elementindən istifadə etmişəm. "Küləyi dişləyən”də Asifin gördüyü yuxu özümün də xoşuma gəlmişdi. İndi yazdığım bir əsərdə də qəhrəman absurd yuxu görür.


Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

Həyatımda bir neçə vacib yuxu olub. Uşaq vaxtı gördüyüm iki yuxu indiyə kimi yadımdan çıxmır, hətta sevdiyin əsərə təkrar qayıdıb oxumaq kimi mən o yuxulara təzədən qayıdıb görürəm. Biri qorxulu, o biri isə çox xoşbəxt bir yuxudu. Birinci yuxu belədir: "Qaçış meydançası kimi yerdir. Mən qabaqda qaçıram, bir sürü öküz də arxamca gəlir. Canımı qorxu götürüb ki, indi gəlib məni tapdayacaqlar. Finiş xəttinin lenti isə nazik aşıq sapındandır. Və mənə elə gəlir bu bir sürü heyvanın qabağını yalnız o aşıq sapı alacaq. Bu yuxunu ta uşaq vaxtından dörd-beş yaşımdan dəfələrlə görmüşəm." İkinci yuxuda Alabaş avtobusu ilə hər tərəf yaşıllıq içində olan bir yerə gəlirəm. Mən avtobusun pəncərəsindən baxıram. Yaşıllıqda insanlar dincəlirlər. Bundan sonrası yadımda deyil. Və mən o yuxunun bu hissəsini görəndə elə bilirəm cənnətdəyəm. Maraqlıdır ki, hər iki yuxuda uşağam. Ümumən gördüyüm yuxuları ayılandan bir neçə saat sonra unuduram. Təbii ki, unutduğuma görə onlar əsasında plan da qurmuram. Bəzən səhər duranda bir müddət gördüyüm yuxunun təsirindən çıxa bilmirəm, hərdən müxtəlif hissələri yadıma düşür, sonra isə şüşənin qırovu isti dəydikcə əriyib yox olan kimi günboyu yuxu hafizəmdən tamamən silinib gedir.


Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

Demək olar ki, yox. Bayaq dediyim kimi, mənim üçün vacib olan bir–iki yuxu var. Onlardan başqası haqqında düşünmürəm. Bəlkə də uşaq vaxtı gördüyüm o iki yuxu nə vaxtsa həyatımda özünü göstərəcək. Nə bilmək olar?


Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

Şəxsi təcrübəmdə yuxu ilə bağlı mistik hadisə yaşamamışam. Mənim anam yuxulara çox inanır. Onu yuxu görməsi qeybdən səs eşitmək kimidir. Dəfələrlə yuxusunu yozub və onun yozduğu məsələ düz çıxıb. Məsələn, anam dayısını – dindar, nurani adam olub – yuxuda görəndə inanır ki, həmən gün işləri düz gətirəcək.


Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Yoxlamamışam. Həyatı həmişə rasional şəkildə anlamağa çalışmışam deyə gördüyüm yuxular üstündə baş sındırmağa meylim olmayıb.


Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Bayaq sizə həyatımdakı ən təsirli yuxular barədə danışdım. Bəs eləmədisə gəlin birini də deyim. Özü də qlobal yuxu (gülür). Deməli 2002-ci il idi. Amerika İraqa hücum eləmişdi. Bir gecə yuxuda gördüm ki, kəndimizdəyəm, babamgildə. Təndirin başında dayanmışam. Göydə qırıcı təyyralər uçur, kəndi bombalayırlar, Kürün qırağı ilə bizim küçəyə tanklar gəlir. Təkcə təyyarələrin, tankların gurultusundan az qalır kənd dağılsın. Və birdən yaxınlıqda bomba düşür. Bombanın təsiri gedəndən sonra görürəm ki, yeddi yaşlı bacım qan içindədir. Mən eynən "Uzaq sahillərdə” filminin sonunda Visilinin atası Mehdini qucağına alan kimi bacımın cansız bədənini qucağıma alıb hönkür-hönkür ağlayıram... Bir də ayıldım ki, yatağımda oturmuşam və gözlərimdən yaş sel kimi axır, hıçqırıq məni haldan salıb. Bir müddət həqiqətən elə bildim ki, müharibənin tən ortasındayam, Pamuk demiş yuxu ilə gerçəkliyin ortasında qalmışdım, bilmirdim gördüklərim yuxudur, yoxsa reallıq. Həmin gün özümə gələ bilmədim. Bütün günü müharibəni lənətlədim. Müharibənin nə qədər dəhşətli bir şey olduğunu o gün yuxuda başa düşdüm. Mən müharibənin ağrılarını, acısını hələ yuxuda yaşayıb bu qədər təsirlənmişdim, gör indi Qarabağda, Əfqanıstanda, Suriyada və dünyanın başqa qaynar ocaqlarında müharibə dəhşətlərini yaşayan insanlar nə hisslər keçirir, nə faciələr yaşayır, nə travmaları olur. O gündən sonra müharibələri və onları törədənləri əlimdən gəldiyi qədər lənətləyirəm.


Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

Alimlərin bilmədiyi şeyi mən hardan bilim? (gülür) Deyəsən bir-iki dəfə mən də rəngli yuxu görmüşəm, dəqiq yadımda deyil.


Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

Həyatda bir də heç vaxt görməyəcəyim insanları heç olmasa yuxuda görmək istərdim: Babamı, əmimi...


Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

Yuxu bizə alternativ reallıq, alternativ dünya bəxş edir. Yuxunun sərhədləri hüdudsuzdur, bilmirəm hansı hansından qaynaqlanır, amma məncə insanın təxəyyülü nə qədər genişdirsə yuxusu da bir o qədər sərhədsizdir, rəngarəndir. Yuxu bizim təsəlli yerimizdir, yuxu bu dünyadan qopub xoşbəxt anlar yaşaya biləcəyimiz yeganə alternativ "məkan”dır. Yuxularımızın üzünü köçürüb film eləmək olsaydı biz bir-birindən maraqlı fantastik və fantazi janrında filmlərə baxmış olardıq. Yuxu elə bu gözlənilməzliyinə görə nə qədər insana ilham qaynağı olub.


Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

Yəqin ki. Ətrafımızda o qədər adam var ki, yuxulara çox ciddi inanırlar və gördükləri yuxu əsasında hərəkət edirlər. Təəssüf ki, yuxuları tez unuduram, yoxsa onları yadda saxlayıb yozmağa çalışardım. Bir də axı ədəbiyyat hardasa yuxu sayılmırmı? Borxes də deyir ki, ədəbiyyat idarə olunan yuxudur. Fikirlərimizi, xəyalımızdan keçənləri yazmağa çalışmaq elə yuxularımızı yozmaq demək deyilmi? Yuxuda məni cəlb edən ondakı süjetlərdir, həyatda heç zaman belə keçidlər olmur. Yuxuda isə hər zaman mümkündür, özü də elə təbii, elə gözəl alınır ki, heyran olmaya bilmirsən. Arada istəyirəm, gördüyüm yuxunu dərhal yazım, yaddan çıxmasın. Sonra fikir verirəm ki, yuxuda olan həmin o keçidləri yazıda vermək çətindi. Buna görə də bu fikirdən vaz keçirəm.




İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK