ANA SƏHİFƏ / YAZARLAR

DƏRVİŞ TALELİ ŞAİR

13504    |   2017-01-01 18:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç dərvişlərə kənardan baxıb, hərəkətlərini seyr etmisiniz? Onlar harda olurlarsa, olsunlar, əllərindəki əsalarına, çiyinlərindəki xurcunlarına söykənirlər sanki.

O da dərviş kimidi. Çiynində daşıdığı yüklər tökülməsin deyə asta-asta, səbirlə, dözümlə yaşayır.

Son vaxtlar mən yaman yorğun düşürəm,

Elə bil, çiynimdə daş daşıyıram.

Sərib qurutduğum dərdi-qəmi də -

Yağışa düşmüş tək yaş daşıyıram.

Atdığım addımlar uğursuz olur,

Dərdiyim çiçəklər əlimdə solur.

Külək də, fələk də saçımı yolur,

Mən elə beləcə baş daşıyıram.

Əbülfət, deyəsən bəxtin yatıbdı,

Qatarın mənzlə gəlib çatıbdı...

Bəlli arzuların səni "satıbdı” –

Gözü vurub töküb qaş daşıyıra.

Daşıdığı yükün adı - Vətən sevgisi, Qarabağ dərdi, yurdsuzluq ağrısı, doğulduğu ocaqdan didərgin düşərək çadırlarda, uşaq bağçasında, vaqonda, gecəqonduda yaşamaq məcburiyyətindən "bir yerə kül tökə bilməmək” utancı, haqlıykən haqsız duruma düşmək əlacsızlığı və sair ... göyün yeddinci qatına ucalan yük. Üstəgəl qohum-əqrəbanın, tanış-bilişin, qonum-qonşunun, tələbə yoldaşlarının, iş yoldaşlarının, bircə dəfə salam verdiyinə peşman olduğu adamların da ağrısı, yükü, problemlərinin çözülməsindəki çabası...

Dərvişin yükü nədir ki?! Onu hamı bilir və hamının bildiyi də içində təmənnasız daşıdığı sevgi və kədərdir. Həm də heç nə ummadan.

O da təmənnasızdır və onun da haqqı "sağ ol”, yaxud "dost deyilsən, qohum deyilsən..., borcundur!” olur. Əlbəttə, dostlar onun ən ülvi dəyərləri, xəzinəsidir. O, dostlarının əhatəsində özünü daha önəmli hiss edir. Ən çox umduğu isə mənəvi dəyər, diqqət, həssas münasibətdir. Maddiyyat hamı kimi onun da ehtiyacı olsa da, o, həmişə maddiyatı ikinci plana keçirir.

...Mənim istədiyim, mənim umduğum

Bir damla diqqətdir, onu kəm etmə!

- deyir, şair. Və onu da ayaqda tutan yalnız dost insanların, diqqətli oxucuların ilgisidir. Ona yazılarına görə kifayət qədər zənglər olur, münasibət bildirilir, təşəkkürlər edilir. O zəng edən insanlar yazıdan aldıqları zövqə, öz içlərində yaşadıqları, ancaq ifadə edə bilmədikləri duyğularını şairin yazısında gördüklərinə görə təşəkkür edirlər, amma bilmirlər ki, eyni zamanda bu zənglərlə şairin ömrünü uzadırlar. Çünki, yaradıcı insanın ən böyük qazancı, mükafatı oxucu, tamaşaçı, seyrçi məhəbbəti, diqqətidir.

İllər öncə böyük şair Bəxtiyar Vahabzadənin "Dərd şairi” adlandırdığı Əbülfət Mədətoğlunun yaradıcılığına dərindən bələd olanlar bilir ki, o, həm də sevgi şairidir. Onsuz da dərdlə sevgi paralel yaşanan hisslərdir. Bir-birlərindən ayrı yaşaya bilmirlər. Dərd, çox sevdiyin birinin – istər bu, Vətən olsun, istər el-oban, istər sevdiyin insan – onun faciələrindən, problemlərindən... çəkiləndir. Sevgi də bunları dərdiylə də, sevinciylə də çox sevdiyindəndir. Yəni, ikisi bir-birindən ayrılmayan, həyat boyu qoşa addımlayan yaşamıdır onun sevgisiylə dərdi. Ona görə də şairin bütün dərd tökülən yazıları mütləq sevgi şeirləri ilə müşayiət olunur.

Şairin mənə danışdığı olmuş bir hekayə ürəyimi yandırıb, cızdağını çıxardı. Bu hekayəni yaşayan şairin nə çəkdiyini onu oxuyarkən siz də düşünün.

Az-çox məlumatı olanlar bilir ki, şairin 1992-ci il 31 oktyabrda evi erməni vəhşiləri tərəfindən yandırıldı. O vaxta qədər şair el-obadan ar edərək evindən heç bir şey çıxarmamışdı. Və şairin gözü qarşısında yanıb külə döndü bu ev.

Yandı evim-eşiyim,

Yandı divarım, daşım.

İsit, qoyma üşüyüm,

İsit məni, göz yaşım.

- deməkdən başqa çarəsi qalmadı şairin. Amma hekayə bu deyildi. Qeyri-bərabər döyüşdə yurd-yuvasını tərk etmək məcburiyyətində qalan şair hərbi müxbir kimi kənddən xeyli aralıda fəaliyyətdə ikən başına gələn o hadisəni danışmaq məcburiyyətində qalanda göz yaşlarını saxlaya bilmir:

Kənd od-alova bürünəndə ailə-uşağı çıxarmağa başı qarışan şair həyətdə bağlanmış itin ipini açmağı unudur. Kəndi düşmən zəbt edir. Bir neçə vaxt sonra hərbçilərlə yol kənarında oturub nahar etdikləri vaxt boynunda dartınmaqdan boğazını kəsmiş iplə, itin ona tərəf qaçdığını görür. İt ona çatar-çatmaz qəribə bir səs çıxararaq üzünü şairin ayaqlarına əllərinə sürtməyə başlayır. İt bu zingiltini, qovuşmanın sevincini elə həsrətlə edir ki, ətrafdakıları göz yaşına boğur. Şair itin başını sığallayaraq yediklərindən onun qarşısına qoyur. İt yeməyə və şairin gözlərinə sanki məzəmmətlə baxıb, qəflətən özünü yoldan keçən maşının altına atır... Atla itin sədaqəti haqda çox yazılıb, deyilib. Bu, instinktlə bağlıdı, yoxsa insanların belə, sahib ola bilmədikləri vəfadırmı, bilmirəm, amma bunlardan əlavə şair itin gözlərindən bir təəssüf oxumuşdu və illər keçməsinə baxmayaraq o gözlərdən xəcalət çəkir...

Çadır "şəhəri”ndə yazdığı:

...Təkcə evim yoxdu, balalarımı

Toplayıb başıma nağıl danışım.

- arzusu, ailəsini gecəqonduya yığdığı vaxt çin ola bilərdi, amma onda da uşaqlar böyümüş, nağıla inanan yaşları keçmişdi. Amma o gecəqondu da əsl nağıla dönmə ərəfəsindədir. Şairin evinin sökülməsi xəbəri onu elə də sarsıtmadı. İtirə-itirə gələn adamlar alışır buna itkilərə, maddiyata önəm vermirlər. Əsas etibar, güvən, insanlıq, onur, namus, heysiyyat itməsin, deyirlər. Amma ata kimi bir borcu var onun. O borcu yerinə yetirmək, erməni bəlası üzündən tərk etməyə məcbur olduğu evindən sağ-salamat qurtardığına şükür etdiyi balalarını evlə təmin etmək zorundadı. Və nə yazıq ki, erməni olmayanlarla da anlaşa bilmir... sökülür şairin evi. Beyin bu qədər problemlərlə zəbt olunduğunda şeirə yer qalmadığı halda o, yenə yazır, yaradır.

Hər yeni ilin astanasında olanda insan gələcək ildən xoş müjdələr gözləyir. Düzdü, bununla çox vaxt insan özü özünü aldatmış olsa da, ümid də gözəl şeydir. Şairin Yeni il astanasında, həm də ad günü ərəfəsində ümidinin üzülməsi, belə haqsızlıqla qarşılaşması qəbul edilən deyil, məncə. Bu, daha artıqlarına haqqı olan insanın haqqının tapdanmasıdır. Yüzlərlə oxucularının narahatlığıdır. Doğum günün mübarək, dözümlü insan, qayğıkeş qohum, etibarlı sirdaş, güvənilir dost, Əbülfət Mədətoğlu! Səbrin olsun, hər kəsdən ucada haqqımızı ədalətlə verəcək olan Allahımız dayanır.


Fəridə RƏHİMLİ



İmza:

YAZARIN ARXİVİ

2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2017-10-19
2017-10-18


VİDEO