Poeziya, Salam

ETİBAR CƏBRAYILOĞLU
69475 | 2016-08-13 08:17
Saatda yaxşı vaxt getdiyindən oturub saata baxan şairin 50 yaşı tamam oldu

Yaşlı ədəbiyyat adamları onun adını israrla gənc şairlərin sırasında çəkirdilər. Cavanlar da onu öz sıralarında saxlayıb "qarşı səngərə" göndərmək fikrində deyildilər. Amma indi hər iki tərəf çətin durumdadı, çünki ortada 50 rəqəmi var. Bu rəqəmin özü bir çox məsələlərə aydınlıq gətirəcək.
50 yaşını bir neçə gün öncə qeyd edən Salam Sarvanın rəsmi tərcümeyi-halını uzun-uzadı yazmağa ehtiyac görmürəm. Bütün məsələlərə orijinal yanaşması olan şair bir, iki sözlə vəziyyəti qısa anladıb:
Ad günü...
Şir bürcü, At ili, İt günü...

Həmişə özünü bir azca təzə, bir azca qədim sayan Salam 31 yaşı olanda keçirdiyi hissləri belə ifadə eləmişdi:

Ad günüm... Bir il də ötdü, nə olsun?!
Bir azca təzəyəm, bir azca qədim.
Ax, yığdım telefon nömrəsi kimi
31 yaşı da "ora" düşmədim.

Tikanlarla dolu dünyada şeir yazmağı gül bitirmək kimi bir iş hesab edən istedadlı şair Salam Sarvan poeziya ilə məşğul olduğuna görə "yuxarılardan" üzr də istəyib:

Sonuncu tikəmi böldüm səniynən,
sonuncu tikə tək özümü kəsdim.
Bağışla, başladım şeir yazmağa,
bağışla, İlahi, sözünü kəsdim.
Salam Sarvanın başqa "günahları" da var. Yubiley günlərində bu məsələni çox açıb-ağartmasaq yaxşıdı. Onsuz da şair özü söhbətin nədən getdiyini yaxşı bilir. Hətta müsahibələrinin birində deyib ki, həyatda səhvlərim çox olub: "Bunlar həyatın gətirdiyi səhvlərdir. Ancaq məncə? böyük səhvlər eləməmişəm".

Nə böyük iş olub axı,
axı suçum nədi mənim?!
İlahi, keç günahımdan,
günahım körpüdü mənim.

Şair ömrü yaşamaq yəqin ki, həmişə çətin olub. Ətrafımızda baş verənləri fonunda indi necə asan olsun ki? Salam Sarvan söz, fikir adamlarının yaşantılarını təkcə şeirə köçürməyib, rəssam dəqiqliyi ilə tablosunu yaradıb məncə:

Yox e, mən sürdüyüm ömür, gün deyil,
baxma ki, bir azca uzun çəkdi bu.
Bir qoca, kor baxtın əlindən tutub,
yolun o üzünə keçirməkdi bu.

Elə ilk şeirlərindən Salamın ədəbiyyat üçün, poeziya üçün doğulduğu sübut olundu. Onun şeirləri haqqında ziddiyyətli fikirlər, yanaşmalar olsa da, Salam Sarvanın ədəbiyyatımızdakı yerini heç kim inkar edə bilmir.

Ürəyim qurumuş çay kimi dincdi...
Yerin ortası da təklərə küncdü.
Sən qız xeylağısan, adın Sevincdi,
sən kişi deyilsən, adın Dərd deyil.

O, ədəbiyyatla bağlı müzakirələrdə görünməsə də, rəsmi tədbirlərin yuxarı başında oturmasa da həmişə diqqət mərkəzindədi.

Dayan, bir dəqiqə, bir "yox" de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan ötüb keçərlər,
ay məni qarşıdan gəlib ötən qız.

50 yaşa qapı açan Salam Sarvan tamam fərqli ovqatda, başqa havadadı. Özünün dediyinə görə, daha əvvəlki hiss və duyğularla yaza bilmir: "O intonasiya, o duyum, o əhval-ruhiyyə artıq yoxdu. O kitab bağlanıb. Həm də nə qədər boynumdan atmağa çalışsam da, o şeirlərimdə ədəbiyyat iddiası iştirak edirdi. Ancaq son şeirlərimdə ədəbiyyat iddiası yoxdu. Bu şeirlər ədəbiyyat deyil. Taledi, insandı..."

Gecə ki, yuxuda axşam görürsən,
səhər gündüz olur-yuxun çin çıxır.
Yatırsan ayılıb xoş gün görəsən,
ayılıb görürsən yenə gün çıxıb.

Şair neçə ildir ki, bir istəyini reallaşdıra bilmir. Salam Sarvan poeziyasına yaxından bələd olanlara tanış hisslərdi:

Boğulmaq da olmur, dayazdı dünya...
Bu ömrün dibi var, dənizi yoxdu.
Durub tullanasan bir çəpər üstdən,
düşəndə görəsən - Yer üzü yoxdu.

Salam Sarvan çoxdandır bir suala cavab axtarır. Bəlkə də tapıb, sadəcə, bizə demək istəmir:

Gözləyən çaydı, dəryadı,
bir damcı sudu gəlməyən.
Min ildi qapım döyülür,
aç, gör kimdi bu GƏLMƏYƏN?

Bu sualın cavabını heç kimə, hətta ən sadiq oxucularına da demək istəmirsə deməsin. Şairi buna məcbur etməyin heç yeri yoxdu. 50 illik yubileyi qeyd olunduğu günlərdə şairin xətrinə dəymək olmaz. Əvəzində Salam Sarvana təklifim var:

Söndür ekranları, ta bundan belə,
nə filmə, nə də ki, həyata baxaq.
Deyirsən saatda yaxşı vaxt gedir,
gəl gedək, oturub saata baxaq.

Şair, necə təklifdi?

TƏQVİM / ARXİV