HAVA

ƏBÜLFƏT MƏDƏTOĞLU
38250 | 2016-08-12 09:17
(Mənim üçün son dərəcə əziz olan Sənubər balama və digər doğma insanlara "Sən mənim havamsan..." dediyimə görə indi utanıram)

Dünyada hər kəsin öz yeri olduğu kimi öz havası da var. Və dünyada hər kəs də daha çox öz sümüyünə düşən havaya oynayır.
Təbii ki, söhbət normal insandan, öz yerini, öz dəyərini bilən insandan gedir. Daha bir əlində aftafa, bir əlində dəsmal tutanlardan yox. Çünki bu qəbildən olanlar üçün hava fərqi yoxdur, nə olsa oynayacaqlar. Təki üzlərinin tüpürcəyi ciblərinin pulu kimi olmasın. Doğrudur, onlar tüpürcəyi yaz şehi, ya da qəfil yağış sayırlar. Olsun, özləri bilərlər. Söhbət onlardan getmir... Azərbaycan adlanan bu məmləkətdə hər şey yerli-yerindədi, özü də bu təbiət qanunlarıyla düzülməyib. Əlahəzrət səlahiyyət sahibləri öz daxili qanunlarına uyğun olaraq hər şeyi elə sapa düzüblər ki, üstündən bahar mehi əssə dərhal hiss olunar.
Ona görə də bu məmləkətdə səhərin açılmasından günün batmasına qədər, eləcə də günün batmasından səhərin açılmasına qədər olan məsafədə baş verənlərin hamısı məhz həmin o daxili qanunlarla nizamlanır. Ona görə də ayağını ayağının üstünə aşıranda və yaxud marşrutda kiminsə ayağını tapdalayanda səndən asılı olmayaraq içində bir tel qırılır. Bilirsiniz niyə, çünki həmin vaxt siz təkcə özünüzün deyil, həm də başqasının əhvalını pozub kobud ifadə etsəm, havasını korlamısınız.
Ən azı ona görə ki, həmin an, bax həmin o müddətdə ayağı tapdalanan və tapdalayan öz havası üstə köklənmişdi. Sim qırıldı, hava qarışdı bir-birinə. Biz də ki, yumşaq desəm, "qazdan ayıq millətik", o dəqiqə şəbədə şəbədə dalınca: filankəsin ayağı niyə tapdalandı, onun ayağının orda nə işi vardı, filankəs o marşruta niyə minmişdi və s. Necə deyərlər, at getdi, örkən apardı... Son günlər yayın o cırhacırında olduğu kimi ürəyimdə bir sıxıntı var. Elə bil ki, havam çatmır. Səhərlər marşruta minmək üçün çıxıram yol kənarına, şəhərə üz tutan avtomobillər qarışqa yerişiylə iməkləyir "Şamaxinka" deyilən istiqamətə. İstənilən maşına yüyürüb çatmaq mümkündü, bu öz yerində. Amma həmin maşınlardan ətrafa yayılan tüstü-duman adamın gözlərini acılaşdırır, sinəsini göynədir. Bax, belə bir məqamda öz-özünə fikirləşirsən ki, necə edim ki, hava udmayım.
Bu da mümkün deyil və Bakının havasını udursan - gözəl, ətirli, təravətli, tərkibində Aİ-72-dən tutmuş Aİ-95-ə qədər. Benzoldan tutmuş kimyaçılarımızın istehsal etdiyi müxtəlif qazlara qədər - hər şey var bu havada. Elə bilirsən ki, əyləşmisən uca dağların, lap tutaq ki, Ərgünəşin zirvəsində, ordan baxırsan Tuğ kəndinə, Başbulağın da suyu şırhaşır axır yanından, qorxursan barmağını sallamağa, dona bilər axı... Xəyal olsa da şirindi, elə deyilmi? Səhərləri xəyal qarışıq birtəhər yola verirəm. Verməyib neyləyəcəm ki, işə getmək lazımdı, uşaq evdə gözləyir. Di gəl, şəhərin ən uca sayılan ərazisində yerləşən "Azərbaycan" nəşriyyatının havasına... Bu havanın bir özgə ləzzəti var. Gözəllərindən tutmuş göyçəklərinə qədər.
Hələ mən əl-üz yuyulan yerlərini demirəm. Düzdür, aradabir oradan xlor iyi də gəlir. Elə ki nəşriyyatın qarşısında tıxac yaranır, havalar qarışır bir-birinə. Kim hansından istəyir seçib çəksin ciyərlərinə, bu gün bizdə havaya görə vergi ödənilmir. Min şükür... Bakı məmləkətin baş kəndidi. Havası gözəl, suyu mikroblardan təmizlənmiş, küçələri enli, səkiləri maşınlarla zəbt olunmuş və nəhayət, afişaları hər cür dillərlə bəzənib.
Özünü heç də qərib saymırsan, çünki aradabir gözünə Azərbaycan dilində də yazılar dəyir, ürəyin səksənir, doğma əlifba havanla üst-üstə düşür. Hətta sümüyün də sevinir. Bir xəlvət yer tapıb "Heyvagülü" oynamaq istəyirsən, təbii ki, hərənin öz havası var, amma mənimki bu gün Bakı havasıdı. Bilmirəm sizin də sümüyünüzə düşdü, yoxsa yox?! Zarafat eləmirəm, oynamalı havadı...
 

TƏQVİM / ARXİV