ANA SƏHİFƏ / YAZARLAR

BİZDƏN BAŞQA HAMI TANRIDAN ÜZ DÖNDƏRİB

(TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU YOXDU)

33376    |   2016-07-08 10:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ və Avropanın kabadayı dövlətləri Türkiyə ilə Rusiyanın arasını vurmaq üçün bütün güclərini ortaya qoydular. Və ən nəhayət, istəklərinə nail oldular. Və Türkiyəni Rusiyaya düşmən edəndən sonra Türkiyənin arxasından namərdcəsinə qaçdılar, qardaşlarımızı bataqlığa daşıdılar və tək qoydular. Təkcə II Dünya Müharibəsində 60 milyona yaxın insanın ölümünə bais olmuş, 6 milyondan artıq yəhudini yalnız və yalnız yəhudi olduqları üçün qətlə yetirərək dəhşətli bir soyqırım törətmiş Almaniya girdirmə «erməni soyqırımını» tanıdı, ən yaxın dostu hesab edilən Türkiyənin kürəyinə xəncər sapladı. Və almanlar çox gözəl bilirlər ki, 1915-ci ildə heç bir «soyqırım» olmayıb. Öz arxivlərində həmin dövrlə bağlı bir arxivlik sənəd var. Həmin vaxt köçürülmə olub. Bu köçürülməyə də I Dünya Müharibəsində Türkiyə ilə (Osmanlı ilə) müttəfiq olan Almaniyanın üst-üzey zabitləri rəhbərlik edib. Və bu köçürülmə də əslində Almaniyanın təkidi ilə olub. Həm Almaniya, həm də Avropa İttifaqı qaçqınlarla bağlı məsələdə və bir də viza məsələsində sözünü tutmadı. Türkiyəyə nəinki vəd etdikləri 3 milyard avronu, heç Allahın bir şirniquşun da göndərmədilər. Türkiyənin ən yaxın müttəfiqləri, sözdə müttəfiqləri PKK-nın Suriya uzantısını həm silahlandırdı, həm emisarlarını göndərdi, indi onlar hətta həmin uzantının hərbi formasında döyüşürlər. Bir tərəfdən də PKK-nı həm maddi, həm də mənəvi cəhətdən təmin edərək Türkiyədə terrora daha böyük rəvac verdilər.

Amma Vaqif Bayatlı Odərin sözləri ilə desək,

TÜRK

MİN İLLƏRİN GÜN İŞIĞIDI,

NƏ QƏDƏR BASDIRSAN

YENƏ TORPAĞIN ÜSTÜNDƏ QALAR.


Gərək ki Mehmet Akif Ərsoyun şeiridi.

BİR KİMSƏYƏ ƏYİLMƏZ TURANLILARIZ,

CANIMIZLA, KANIMIZLA DÜŞMƏNİ YIKARIZ.

MƏRKƏZİ-XAKƏ ATSALAR DA BİZİ,

KÜRREYİ-ƏRZİ PARTLADAR, ÇIKARIZ.


Yəni bizi basdırmaq olmaz. Yerin təkinə atsanız da bu dünyanı partladar, yenə çıkarız.

Bəli, kabadayı ölkələr birləşib Türkiyəni odun-alovun içinə atıb təklədilər. Bu yaxınlarda bu məsələ ilə bağlı bir köşə də yazmışdım: «Körpülənin, ay türklər, Türkiyəni qoymayın təklənə!» Bu Məmməd Arazın məşhur bir şeirindən bir balaca çırpışdırmadı:


KÖRPÜLƏNİN, AY ARAZLAR,

MƏNİ QOYMAYIN TƏKLƏNƏM!


Dəfələrlə yazmışam, yenə də fikrimin üstündə qalıram. Bu dünya dövlətlərinin iki düşməni var - Türkiyə və Rusiya. Heç uzağa getməyək, Allahın Avropa Futbol çempionatında da bunu gördük. Və həmişə də qeyd eləmişəm ki, Rusiya Türkiyəsiz və Türkiyə Rusiyasız yaşaya bilməz. Rusiyada 30 milyona yaxın türk yaşayır. Bu, Rusiya əhalisinin təxminən 20 faizi deməkdir. Türkiyədə ağıllı başlar bir-birilərini təhqiredici söyüşlərlə söyüb-söyüb yorulduqdan sonra oturub bir az dərin fikirləşsələr bu 30 milyon türk kəndinə gəlib ayağa qalxar və Rusiya qırx arşın quyunun dibinə düşər. Bunu Rusiyanın başbilənləri də çox gözəl anlayırlar. Və bir də unutmayaq ki, Putin Merkellə görüşəndə belə bir fikir söyləmişdi: «Gəlin tarixə qayıtmayaq. Tarixə qayıtsaq, əgər rusu qaşısan altından tatar çıxar». Tatar deyəndə, yəni türk. Ona görə də Rusiya Türkiyə ilə münasibətləri həmişə normal saxlamalıdır, eləcə də digər türk dövlətləri ilə. Türkiyə də Rusiyada yaşayan 30 milyon türkün xətrinə bu ölkə ilə dostluq və qonşuluq şəraitində yaşamalıdır, ayrı çıxış yolu yoxdur.

Məni qınayan ağzıgöyçək vətənşüvənlər başqa bir yol bilirlərsə, buyurub göstərsinlər.

Türkiyə ABŞ-ın və Avropanın qurduğu tələyə düşərək Rusiyanın hərbi təyyarəsini vuranda (day o təyyarəni vurmağa elə bir ehtiyac yox idi, cəmi yeddicə saniyə hava sərhədini pozmuşdu, türk şahinləri onu endirə də bilərdilər) mən bunun səhv olduğunu dedim və bunun nə ilə nəticələnəcəyini bilmək üçün alim də olmaq lazım deyildi. Və mən deyəndə ki, Türkiyə üzr istəsin vətənşüvənlər, özləri Rusiyanın agenti olanlar, Rusiyadan orden və medal alanlar, rus dilinin azərbaycan ləhcəsində çətinliklə danışanlar, Rusiyanın Komsomol mükafatı laureatının döş nişanını fəxrlə sinələrində gəzdirənlər, ömürlərinin yarısından çoxunu Rusiyada keçirənlər, dünənədək Fətullah Gülənçi olanlar məni daş-qalaq elədilər, eləcə də Rəşad Məcidi. Qarabağın yolunu tanımayanlar, Qarabağda savaş zamanı Moskvada yalmananlar, Bakıda kefindən qalmayanlar, Türkiyə ilə Rusiya arasında müharibə çıxarsa gedib Türkiyə tərəfindən vuruşacağıq deyən boşboğazlar bizi Vətən xaini adlandırdılar, Rusiya agenti çıxartdılar. Halbuki 63 illik həyatımda üç dəfə Moskvanı görmüşəm, o da üst-üstə edib 10, ya 12 gün. Yox, yalan danışdım, 2-3 dəfə də Yesintukiyə getmişəm. Dostoyevskidən, Tolstoydan, Bulqakovdan, Lermantovdan başqa bir urus dostum da yoxdu.

Mən o fikri bildirəndə nə Türkiyənin qüruruna toxunmaq istəmişdim, nə də Türkiyəni aşağılamaq istəmişdim. Mən Türkiyənin qürurunu Azərbaycanın qüruru, Türkiyənin aşağılanmasını Azərbaycanın aşağılanması kimi qəbul edirəm. Və ya əksinə. Türkiyəni sevdiyimdən və Türkiyənin başına gələ biləcək bəlaları gördüyümdən demişdim. Amma indi baxıram o vaxt məni, Rəşad Məcidi söyənlər indi Rusiya ilə münasibətləri normallaşdırmaq üçün barışıq addımları atan sayın Ərdoğan haqqında elə aşağılayıcı, təhqiredici şeylər yazırlar ki, bir cümləsini bir batman balla yemək olmaz. Bəs harda qaldı sizin Türkiyəyə sevginiz, sayın Ərdoğana sevginiz?!

Rus təyyarəsinin vurulmasına bir ermənilər sevinirdilər, bir Türkiyənin düşmənləri, bir də bizim vətənşüvənlər. İndi Türkiyə ilə Rusiyanın barışmasına bir ermənilər dilxor olub, bir Türkiyənin düşmənləri, bir də bizim vətənşüvənlər, millətin və millətçiliyin nə olduğunu bilməyən yalançı millətçilər.

Bəli, qarğa-quzğun kimi tökülüb Türkiyəni təkləmək istədilər, amma bacarmadılar. Türkiyənin ən ağır günlərində möhtərəm prezidentimiz İlham Əliyev Türkiyənin yanında oldu, sayın Ərdoğanın yanında oldu, bütün türk düşmənlərinə meydan oxudu! Heç nədən çəkinmədi və Türkiyəni tək qoymadı. Və təkcə Türkiyənin yanında olmadı, həm də Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün əlindən gələni əsirgəmədi, öz ağsaqqallığını elədi, ağsaqqallıq yaşa baxmır. Və təbii ki, biz Qazaxıstanın möhtərəm prezidenti Nursultan Nazarbayevin də bu münasibətlərin normallaşmasında çabalarını və ağsaqqallığını xüsusilə qeyd etməliyik.

Və hər iki müdrik prezidentin apardığı məqsədyönlü siyasətləri və səyləri nəhayət, öz bəhrəsini verdi. Və bir daha görürük ki, türklər körpülənəndə böyük olurlar, özü də çox böyük olurlar. Və hətta həmişə Türkiyənin əleyhinə danışan Jirinovski də dedi ki, Türkiyə bizə Ermənistandan daha yaxındı və daha vacibdi.

Deyəcəksiniz, türkün türkdən başqa dostu yoxdur, söyləyirsizsə bəs onda Rusiya? Əvvəla, mən istərdim ki, türkün türkdən başqa dostu olsun, millətlər hürr içində yaşasın. Nazim Hikmət demiş, yaşamaq nə gözəl şey, bir orman kimi, kardeşcəsinə. İkincisi, bir az əvvəl Putinin fikrini yazdım axı. Rusun dərisini qaşısan, altından türk çıxacaq. Budur dünyanı narahat edən.


Son zamanlar yazmıram Tanrı Türkü qorusun, çünki daha Tanrı Türkü qorumur.

İndi son zamanlar belə yazıram: «Türk türkü qorusun! Və Türk Tanrını qorusun!» Çünki artıq görürük ki, bizdən başqa hamı Tanrıdan üz döndərib.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-05-25


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
İslam oyunlarına gedirsinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Teymur dostu Seymura sataşıb onun stuluna rəng tökür. Seymur sinifə girən kimi soruşur:
- Bax gör, bu şalvar mənə yaraşır?
- Hələ bir otur, sonra sual ver! Seymur oturur. Oturan kimi stula yapışır, stulun rəngli olduğunu görüb tez qalxır. Teymur o qədər gülür ki... Seymurun pərt olduğunu görüb gülməyini dayandırıb soruşur:
- Bayaq nə demək istəyirdin?
- Demək istəyirdim ki, dünən idman dərsindən sonra sənin cins şalvarın zalda qalmışdı. Bu gün onu geyinmişəm!




digər lətifələr
ARXİV
FACEBOOK