ANA SƏHİFƏ / YAZARLAR

KİM YATMIŞ, KİM OYAQ?..

33035    |   2016-07-02 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Kim yatmış, kim oyaq?" ifadəsi biz yaşda olan hər kəsə istər-istəməz uşaqlıq illərini xatırladır. Və bir də o, uşaqlığın ən məşhur nağılı olan "Cirtdan" nağılını...
İndi isə bu ifadə, çoxbilmiş Cırtdanın yuxusuna belə, girməyəcək dərəcədə sürətlə inkişaf edən kompüter əsrində başqa məcraya yönəlib. Gecənin yarısı bir düymə ilə bütün dünyadan soruşmaq olur: Kim yatmış, kim oyaq? Və anında da dünyanın hər ucundan xəbər gəlir ki, hamı oyaqdı, Cırtdan yatıb. İndi nağıllar da daha "Cırtdan" qədər bəsit deyil. YouTube-da hansı ölkənin nağılını istəsən bir neçə saniyəyə qarşında olacaq. Və nədənsə indi körpələrimiz də nə "Laylay, beşiyim, laylay"ı, nə də "Cirtdan"ı istəmirlər. Hələ danışmayan, "Ana" kəlməsiylə dil açmalı olan nəvəmin planşeti göstərərək "ba-ba" deməsinə təəccüb edəndə, anası dedi ki, o dediyi sən bildiyin babadan deyil, "Bla-bla black sheep" uşaq musiqisini istəyir dedi... Yəni, bu da sosial şəbəkələrin mərifətidir, daha pisdimi, yaxşıdımı, onu deyə bilməyəcəm. Ali əleyhisəlam demişdi: Övlad valideynindən çox zəmanəsinə bənzəyir.
Ramazanla əlaqədar sabaha qədər oyaq qaldığım zamanlarda ölkəmizdə "yatmayanlar"ın sayının günü-gündən artdığının şahidi oldum. Bu, təbii ki, o, oyaq qalanların hamısının dualar, zikrlər etmələri, namaz qılmaları səbəbindən deyildi. Yuxusuna "haram qatıb" facebook-da tər tökən bu adamların hamısı işsizdimi, ya hamısı vəzifədədi - nə vaxt istəsələr oyanıb işə gedə bilirlər, yoxsa gündüzlər işdəmi yatırlar, - düşünüb səhifəmə baxdım. Yox, nə işsiz deyildilər, nə də hamısı rəhbər işçi deyil, qalır üçüncü variant - gündüzlər işlərini yuxulaya-yuxulaya həll edirlər (bunu Ramazan ərəfəsində özüm də təcrübə etmişəm - F.R).
Sosial şəbəkələr günümüzün ayrılmaz bir hissəsinə çevrildiyini heç kim inkar edə bilməz. Səndən kilometrlərlə uzaq məsafədə olan bir dostunla məsləhətləşmək üçün üz-üzə oturub danışa bilirsən. İstədiyin bir məlumat üçün saatlarca düşünüb, zaman itirmirsən. Hər şey bir barmağının altındadır. Amma həmişəmi lazımlı şeylərə sərf olunur bu şəbəkələr?
Adından da göründüyü kimi, bu əsl şəbəkədir - insanları anlamadığı halda tora salan, istədiyi səmtə yönəldən, qaçılmaz asılılıq yaradan şəbəkə. Bu, artıq siqaretdən, narkotikdən də betər zərərvericidir çoxları üçün. Həm sağlamlığımızı alır, ətalət, hərəkətsizlik aşılayır, dünyada baş verən hadisələrin içindən çıxmaq fürsəti vermir. Bu yüklənən beyinlə nə qohum-əqrəba, nə dost-tanış axtarmaq, yoluxmaq həvəsin olmur, nə də düşdüyün o gözəgörünməz şəbəkədən çıxmaq.
Virtual aləmdə düşüncələri yaxın olan insanların mənən, ruhən bir araya toplanaraq hər hansı bir dəyərli fikri, elmi, ədəbi əsəri müzakirə etməsi, yaxud bir ictimai düşüncəni paylaşması, yaxud bir müşkülünə fərqli cavablar alaraq onları ümumiləşdirib istədiyi nəticəni alması, ehtiyacı olan adamı, məsələn, yaxşı həkim, dayə, kitab... araması və anında da tapması təbii ki, çox gözəl fürsətdi. Yaxşı tərəflərinin çox olduğunu inkar etmək mümkün olmasa da, ziyanlı tərəflərini də "görmək" lazımdı. Bu şəbəkəyə düşmüş yüzlərcə insan həyatına məhvedici təsir buraxan və məni son zamanlar çox narahat edən tanışlıqlar haqda fikirlərimi bölüşmək istəyirəm.
Bu yaxınlarda rayonlarımızdan birində həyat yoldaşı və iki uşağı olan qadının ərini qoyub, facebook-da tanış olduğu biriylə, rayonlu iki qızın Bakıda yaşayan oğlanlarla sözləşib evdən qaçmaları və bu qaçışın yaxşı olmayan sonluqla bitməsi, adət-ənənələri tapdalamalar, ictimai qınağı heçə sayanlar, ata-ananın üzünə ağ olanlar, din pərdəsi altında terrorçu, cinayətkar qrupların şəbəkə vasitəsiylə təbliğat aparmaları, azyaşlıları narkotiklərə cəlb etmələr, cinsi həvəsə, istismara və nəticədə çox vaxt intihara təhriklər və daha nələr, nələr də bu sosial şəbəkələrin fəsadlarıdır. Hansı valideyn əminliklə mənim uşağım ikicə saat internetlə məşğul olur, icazə vermirəm deyirsə, çox yanılır. Artıq bunun qarşısını almaq mümkün deyil. Mütləq bir yol tapırlar. Və nəticədə uşaqlar vaxtından tez "böyüyürlər".
Böyüklər isə, başqa adlarla profil yaradaraq kimsənin onları tanımayacağına əmin olub, istədiklərini, daha doğrusu içlərində olub, kimsəyə aça bilmədiklərini burda sərbəst şəkildə, utanmadan, çəkinmədən, bəzən abırsızcasına, həyasızcasına ifadə edə bilirlər. Belələri manyak xarakterləri ilə çoxlarını öz çirkablarına sürükləməyi də bacarırlar. Xüsusən də əks cinsə içlərindəki ən iyrənc istəklərini təklif edir və çox vaxt da qarşılıq alırlar. Yəni, burda hər kəs öz "tayını tapa bilir". Yerlər səhv düşəndə isə, Mark Zükenberq sağ olsun, əlacını düşünüb - blok var.
Qadınlarımız isə... bu mövzu bizdə əsrlərdir eləcə qalır. Həmişə kişilərimiz öz qadınlarımızı bəyənməyib, başqa ölkələrinkilərə göz dikiblər. O qadınların aşırı "nəvazişləri"nə aludə olan güclü cins nümayəndələri öz qadınlarını burda uşaqlarıyla və min bir əziyyətlə buraxıb onların havasına uçublar. Nədənsə, öz xanımlarını da maarifləndirmək, elmi, mədəni, ictimai tərəfdən inkişaf etdirmək, nazını çəkmək, nəvaziş göstərmək, xoş sözlər demək (və qarşılığını da görmək!), özünü qadın kimi hiss etməsi üçün imkan yaratmaq barədə heç düşünməyiblər. Qadının onun yeməyini hazırlamaq, iylənmiş corablarını yumaq, uşaq dünyaya gətirməkdən başqa bir işə yaramadığını beyinlərinə birdəfəlik həkk ediblər, fikir, xəyalları isə sarışınlarda olub. Öz təmiz, namuslu qadınının əlinə su tökməyə yaramayan, başqalarına xəyanət edərək indi də onu tora salan elələri üçün xanımına əl qaldıran, ondan boşanan nə çox misal var təəssüf ki... və kənardan çox kiçik görünən bu məsələ bir millətin geninin dəyişməsinə gətirib çıxaran vacib bir məsələdir. Bəlkə də dünyanın bu qloballaşan zamanında millilik təəssübkeşliyi çoxlarına mənasız görünə bilər. Amma südü ermənidən, rusdan əmənin qanı da tam təmiz ola bilmir və bu günümüzdə - torpaqlarımızın yadellilərin işğalında olduğu bir zamanda südü, qanı pozuq olmayanlara ehtiyacımız çoxdur. Həsən bəy Zərdabinin ilk sevdiyi qız başqa millətdən olduğu üçün onunla evlənməmişdi. Çünki, millətinin yolunda canını fəda etmiş, bu qədər əziyyətlər çəkmiş o insan düşünürdü ki, millətin inkişafı üçün ananın rolu böyükdür və o ananın öz millətindən olması lazımdı ki, övladında da o milliliyi formalaşdlıra bilsin.
Mövzudan çox uzaqlaşdım. Bizim "bəy"lər nədənsə xanımlarına xoş söz deməyi özlərinə sığışdırmırlar, amma rus qızlarına sözlərin qol-qıçını qıra-qıra şeir deməyə cəhd edirlər, gül-çiçəklər, ətirlər hədiyyə edirlər.O xoş kəlməyə mənəvi ehtiyac duyan xanımlarımız isə sosial şəbəkədə tanış olduğu ilk seksual manyakın şirin sözlərinə uyub həyatlarını puç edirlər. Bu təkcə xanımlarımıza aid deyil, qızlarımız da incə sözlərin acıdırlar. Evdə ata, qardaş həmişə qızları məngənədə saxlamağa cəhd edirlər. Amma unudurlar ki, qadının yapısında nəvazişə, xoş kəlməyə, incə davranışa həmişə ehtiyac var və bunu hədə-qorxu ilə nəinki onun qəlbindən çıxara bilərsiniz, əksinə daha da alovlandırarsınız. Sevdiklərinizə sevginizi etiraf edin! Bu gün qənaət etdiyiniz sözü sabah deməyə artık gecikə bilərsiniz. Umduqları gözəl insani davranışları siz təmin edin ki, onu başqalarında axtarmasınlar. Qadınınızdan sehirli söz olan "sevirəm" kəlməsini əsirgəməyin. Yuxusu qaçanlar, problemlilər, maraqsız həyatına sosial şəbəkələrin maraq qatdığı yalqız insanlar çoxdur, amma "Uzun gecələr"in facebook yazışmalarının əsas səbəblərindən biri söylədiyim o mənəvi ehtiyacdır. Evindəki, həyatındakı, yanındakı onu anlayırsa, duyursa, maddi-mənəvi cəhətdən təmin edirsə qadını sabaha qədər facebook yazışmalarında görməzsən. Bu, kişilər üçün də keçərlidir. Bunları düşünməsəniz, uşağınızı, sizi ataraq evdən qaçanlar çox olacaq. Sonradan peşman olmaları isə bir başqa faciənin başlanğıcıdır. Mentalitetimizin solaxay tərəflərindən olan - uşağı qaynata yanında qucağa götürmək olmaz, xanımının adını atanın yanında çəkmək olmaz, ata-ananın yanında həyat yoldaşına xoş söz dedinsə "arvadağız" damğası vurulma qorxusu və sair kimi cəfəngiyyatlar da bu problemlərin bir hissəsidir.
Kimlərsə uşaqlıqdan bizə, hərəkətlərimizə sərhədlər qoyur və ömrümüz boyu bu sərhəddin niyə qoyulduğunu soruşmadan yaşayırıq. Qorxuruqmu, yoxsa o sərhəddi keçmək ağlımıza gəlmir (70/80 sm ölçüdə tor setkada bir ay saxladığım toyuqların səhər qapısını açıq qoyub, günortaya qədər ordan çıxmadıqlarını xatırladım -F.R).
Düşün ki, sən azad yaradıldın, başqasının toruna, şəbəkəsinə düşmə, köləsi olma, içindəki azad insanı dinlə, yolun doğrudursa, əminliklə irəlilə!


YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK