SON DƏQİQƏ:

SADƏ, SƏMİMİ VƏ BÜTÖV

  54706   |  
Şriftin ölçüsü  

O, ürəyimdə bu titulların sahibidi

Neçə gündü ki, öz içimdə götür-qoy edirəm. İtirdiyini axtaran adam kimi gözüm uzaqlarda, fikrim, xəyalım nə vaxtsa qayıdacağıma ümidli olduğum yerlərdə… Elə bil ki, özümü tapmaq istəyirəm… elə bil ki, özümü axtarıram… elə bil ki, içində olduğum bu anların qapısını açmaq, kitab kimi vərəqləmək üçün hardan, nədən başlamağın sorağındayam, axtarışındayam. Və bütün bunlar da mənə dinclik vermir. Öz-özümə düşünürəm ki, demək mənim yolum da, yerim də bura qədər imiş. Gəlib çatdım, bitdim, tükəndim. Amma görürəm yox, içimdə hələ nə isə qalıb, ürəyimdə hələ nə isə közərir, dilimin ucunda nə isə göyərir.

Bax, bu nəsələrin içərisində girinc qalmaq, axtarışda olmaq bilirsiniz nə deməkdi? Yəqin bilirsiniz. Ona görə də dərinə baş vurmuram, o sualın cavabını təkrar etmirəm. Sadəcə, bir məqamı diqqətə çatdırıram. O da insanın nəyi axtardığını bildiyi halda axtarmağı və tapa biləcəyinə inandığı halda tapması bütövlükdə isə bunların cəminin sevincini yaşaya bilməməsidi. Deyəsən bir az qəliz oldu. Amma həqiqətən də axtardığını tapacağına inandığın halda tapıb sevinməmək məncə nə qədər adi hal olsa da, onun canında bir çatışmamazlıq var, bir qüsur var. Elə mən də bugünkü halımda həmin o çatışmazlığın, o qüsurun göynərtisinə dözməyə məcburam…

Bəli, yol kənarında dayanıb əlini gözlərinə günlük edən bir Allah bəndəsini canlandırın gözlərinizin qarşısında. Bir anlıq düşünün ki, həmin o Allah bəndəsi əlini gözünə günlük edib elə sizi görmək, sizi axtarmaq, sizi tapmaq niyyətindədi. Siz də istəyib istəməməyinizdən asılı olmayaraq ya bir addım irəli gedin, ya da görünə biləcəyiniz bir nöqtə seçin – qənşərə çıxın. Qoy o Allah bəndəsi sizi görsün. Axı hələ bilmirsiniz o sizi niyə axtarır. Amma mən bilirəm!...

Bilirəm sizi niyə axtarıram. Axı sizə ürək borcum var, onu qaytarmalıyam. Çox da ki, siz istəmirsiniz, büruzə vermirsiniz, xatırlatmırsınız. Mən ki, bunun nə demək olduğunu zaman-zaman içimdə çox vərəqləmişəm, çox ələyib ələkdən keçirmişəm. Və görmüşəm ki, bu borc mütləq qaytarılmalıdı…

Hə, ömür yolunun kənarında dayanmışam. Uzaq, çox uzaq bir tarixə boylanıram. Əslində o tarix barmaq sayı ilə hesablasaq o qədər də çox uzaqlıqda deyil. Təsəvvür edin ki, mən onunla tanış olanda o, yenicə sayılan, seçilən səlahiyyətli bir vəzifənin sahibi təyin olunmuşdu. Amma buna qədər mən onun universitet dönəmindən xəbərdar idim. Çünki məndən bir neçə kurs öndə oxuyurdu. Və bilirdim ki, onun təhsili də, dünya görüşü də, ən vacibi isə ətrafındakılarla təması o qədər yerli-yerində idi ki, sanki bütün bunları bir zərgər dəqiqliyi ilə hesablayıb. İnanın ki, tam səmimiyyətimlə deyirəm, onun verdiyi salamdakı səmimiyyət o qədər təbii, o qədər saf, o qədər içdən gələndi ki, ona dərhal münasibət bildirməmək, onun əlini bütün içinlə sıxmamaq mümkün deyil. Təbiət etibarı ilə ən sadəlöhv adamlar kimi görünən və elə belə də olan Telman müəllim hadisələrə münasibətdə, ədəbi mühitə yanaşmada, xüsusilə mətbuata verdiyi önəmdə çoxlarımızı xeyli ötüb keçibdi. Və hər görüşümüzdə də mən bu insanın heç dəyişmədiyini, yəni münasibətini olduğu kimi qoruyub saxladığını, özünü olduğu kimi ifadə etdiyini görüb daxilən heyrətlənmişəm. Axı indi çoxlarımız zamanın, hadisələrin, səlahiyyətlərin diqtəsilə ya dəyişirik. Ya erroziyaya uğrayırıq, ya da ümumiyyətlə ilkinliyimizdən, lap çılpaq desəm, adamlığımızdan çıxıb gedirik…

Onunla Beyləqanda yaxından tanış oldum. Hadisələrin hələ «daş dövrü» idi. Kəndlərimiz, rayon mərkəzlərimiz o «daş müharibəsinin» fəsadlarını yaşayırdı. Mən də bölgə müxbiri kimi Beyləqana gedib çıxmışdım. İndiki kimi yadımdadı. Xankəndindən Beyləqana gəlmişdim. Burda mənə son dərəcə əziz olan və hər gün də ruhuna dualar oxuyub, hər dəqiqə xatırladığım, baməzə söhbətlərini dost-tanışa çatdırdığım Elman Ağayevlə görüşdüm. İş otağına çay gətirtdi. Çay içdik. Qarabağdan, hadisələrdən, övladlardan danışdıq. Sonra Telman müəllimlə görüşmək istədiyimi bildirdim. Dərhal Elman Ağayev özünəməxsus bir ciddiyyətlə:

- Kişi kimi oğuldu! Onunla görüşməyə dəyər. Görüş, amma çörəyi bir yerdə yeyəcəyik, aradan çıxma – dedi.

Mən onun iş otağından çıxanda əlini telefona uzatdığını hiss etdim. Kabinetinin qapısı həmişə açıq olan Elman Ağayev Telman müəllimlə danışırdım. Ona məni təqdim edirdi… Bəli, o vaxtkı Xalq Məhkəməsinə, yəni Telman müəllimin çalışdığı idarəyə gəldim. Qapını döyüb özümü təqdim etdim. Oturduğu kürsüdən qalxıb mənə doğru gəldi. Üzündəki təbəssümdən hiss etdim ki, gəlişimdən narazı deyil. Əlimi möhkəm sıxdı. Elə mən də… Əyləşməyə dəvət etdi. Üzbəüz oturduq. Təbii ki, öncə o günlərin problemindən, yəni Qarabağdan danışdıq. Mənim Xankəndindən gəldiyimi bildiyi üçün oradakı durumla maraqlandı. Ümumiyyətlə, bu işlərin nədən, niyə qaynaqlandığını, prosesin hansı istiqamətə doğru hərəkət etdiyini birlikdə çözməyə çalışdıq. Sözarası xatırlatdım ki, o, məndən bir neçə il öncə qurtarıb universiteti. Ortaq dostlarımız, tanıdığımız tələbə yoldaşlarımız var. Bax, söhbət dostlara gəlib çatanda:

- Elman Ağayev yaxşı ağsaqqaldı, yaxşı da hüquqşünasdı, yaxşı da kişidi! Onunla işləmək çox rahatdı – dedi Telman müəllim. Ardınca əlavə etdi ki, sizi də çox istəyir. Hətta telefonda işarə vurdu ki, gələn mənim qardaşımdı və mənim də qonağımdı...

Telman müəllimin sözləri məndə daha xoş bir ovqat yaratdı və ürəyimdə ağsaqqal qardaşıma qarşı minnətdarlıq hissi bir az da artdı. Elə həmin o duyğuyla da Telman müəllimn sözünə qarşılıq olaraq:

- Elman müəllimlə dostluğumuzun kökü çox qədimdi. Onunla oturub-durmaq, onunla həmsöhbət olmaq neçə-neçə kitab oxumağa bərabərdi - həm həyat təcrübəsi böyükdü, həm də ədəbiyyata sevgisi. Elə sihin barənizdə də mənə ən yaxşı təqdimatı o etdi – dedim.

İndi həmin o ilk tanışlığı yaddaşımda bir xatirə kimi təzələyəndə özümdən asılı olmadan içimdən bir sızıltı keçdi, ürəyim göynədi. Bu da ağsaqqal dostumun oğul dərdi və bir də özünün o dərdə dözməyib dünyamızı erkən tərk etməsi idi. Ruhları şad olsun! Sadəcə, mən indi daha çox anlayıram ki, ürəyimdə gəzdirdiklərim ürəyim döyündüyü ana qədər yaşayır. Ondan sonra başqa bir ürəkdə yeri varsa, orda həyatını davam etdirir. Məhz bu mənada həyat da, ömür də əbədi olur. O kəslərə ki, onlar böyük hərflərlə yazılan İNSANdır, ADAMdır, KİŞİdir!!!

Həmin o ilk tanışlıqdan sonra Telman müəllimlə bizim münasibətlərimiz getdikcə yaxınlaşmağa, doğmalaşmağa başladı. Mən öncə elə bildim ki, burda təkcə ağsaqqal dostumun təqdimatı və özünün iştirakı əsas yer tutur. Amma zaman-zaman bu münasibətlərin davamında aydınlaşdı ki, o təqdimat yaxşı bir şərt imiş, bir körpü imiş və biz bir-birimizə qarşı o şərtlə, o körpüylə keçib gəlmişik. Və bu gün də həmin o davamlı olan münasibət mənim iç dünyamın bir hissəsinə hakim kəsilib. Burada vurğulayım ki, mən iç dünyama həsr etdiyim içimdəki adamlar sırasında sadəliyin və səmimiyyətin ən yaxşı təmsilçisi məhz Telman müəllimdi. Necə deyərlər, o uşaqla uşaq, böyüklə böyükdü. Üstəlik, o həm də öyrənib və öyrətməyi də bacarır. Bunu mən elə-belə demirəm. Bu fikrimin də bir dayanaq yeri var…

Sovet jurnalistikasında məhkəmə oçerkləri o qədər də geniş yer almamışdı. Daha çox bədii əsərlərdə, məhkəmələrdən, məhkəmə istintaqlarından, məhkəmələrin gedişindən, hakimlərdən yazılar yazılırdı. Amma o dövrün sayca az olan mətbuatı müəyyən əlamətdar günlərdə hakimlər barəsində ya müsahibə, ya onların hansısa bir təşkil olunmuş yazısını çap edirdi. Ancaq 80-ci illərin sonlarından başlayaraq bu sahədə müəyyən imkanlar ortaya çıxdı. Artıq hakimlər özləri də mətbuata müraciət edir, onların apardıqları məhkəmə istintaqları barəsində oçerklər, publisist yazılar işıq üzü görürdü. Bax, bu mənada mənim məhkəmələrlə bağlı yazdığım yazıların hazırlanmasında, onların şah damarında Telman müəllimin məsləhətləri dayanırdı. O mənim yazmaq qabiliyyətimə özünün hüquqşünas yanaşmasıyla, lap çılpaq desəm, bir hakim kimi verdiyi məsləhətlərlə sanki bütövlük gətirirdi, yazını tamamlayırdı. Bax, bu da bizim həm əməkdaşlığımızı yaxınlaşdırır, davamlı edir, həm də bizi bir ziyalı kimi, dost kimi bir-birimizə bağlayırdı. Hər görüşümüzdə mütləq yeni mövzular ortaya çıxırdı. Baxıb görürdüm ki, mətbuatla bağlı olan Telman müəllim təkcə ölkədə yox, həm də dünyada baş verən hadisələrə qarşı çox həssasdı. Kiçik bir jurnalist, mətbuat xətasını belə onun gözündən yayındırmaq mümkün deyil. Bu da təbii ki, bir yazı adamı ki, mənim də məsuliyyətimi artırırdı. Üstəlik, bizim qaynayıb-qarışan doğmalığımız istənilən mövzunu çılpaqlığı ilə müzakirə etməyə, münasibət bildirməyə imkan verirdi.

Onda gördüyüm bu istiqanlılıq məni onun yanında rahat olmağa, fikirlərimi ifadə etməyə, hətta problemlərimi bölüşməyə ürəkləndirirdi. Yaşamımı, ailə qayğılarımı, qaçqınçılığın gətirdiyi yükü, evsizliyin faciəsini onunla bölüşəndə onun necə haldan-hala düşdüyünü indinin özündə də unutmuram. Üstəlik, bu insanın mənə özünün düşüncəsinə, dünyasına uyğun olan digər qələm adamlarına olan qayğısı, yanaşması o qədər içdən gəlirdi, o qədər təbii olurdu ki, bunu bəzən sezmək, görmək mümkün olmurdu. Amma sonra həmin o qayğının səni əhatə etməsi Telman müəllimin nə boyda bir ürək sahibi olduğunu özü göstərirdi…

İllər bir-birini əvəz etdikcə təbii ki, bu doğmalıq, bu ünsiyyət də bizim xeyir-şər məclislərimizdə, bizim ağrılı-acılı günlərimizdə cilalanır və mənim üçün bir ürək dostunun simvoluna- obrazına çevrilirdi. Özü də elə bir obraza ki, öncə vurğuladığım kimi onun bütün mahityyəti sadəlik və səmimiyyət idi. Bax elə bugünün özündə də Telman Quliyev mənim üçün həmin o simvoldu, həmin o obrazdı. Mən onun həmkarlarına, iş yoldaşlarına, qohumlarına, ətrafında olan adamlara olan bütün münasibətlərini ağlımın süzgəcindən keçirib gəldiyim nəticə odur ki, bu dünyada, yəni var olduğun həyatda sadə, səmimi, dürüst, mehriban qayğıkeş və ən vacibi isə bütöv olmaq hər insanın bacardığı iş deyil. Amma Telman müəllim bunu bacarıb, özü də mükəmməl şəkildə. Ona görə də ürəyimdə yeri olan bu dostumun insanlıq çalarlarını həm yaddaşımda, həm gözümün önündə vərəqlədikcə daxilən bir rahatlıq duyuram. Elə bil ki, o rahatlıq məni sözün həqiqi mənasında bir dost dünyasına götürüb aparır. Elə dünyaya ki, orda ancaq təkrar-təkrar vurğuladığım səmimiyyət, sadəlik və bütövlük hakimdi.

Bəli, insanların taleyi haqqında hökm verən hakimin özü də dost ürəyində hakim olursa, deməli, bu elə dostun da hakimliyi və bütövlüyüdü. Məncə bu fikrimlə Telman müəllim də razılaşar.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK