adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 11:51
82
MƏDƏNİYYƏT
A- A+

"Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm" - Eldar Mansurov

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə mart ayından etibarən aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı həyata keçirilir. "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri - mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədi daşıyan qastrol proqramı tanınmış incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilir.

Adalet.az xəbər verir ki, layihənin əhəmiyyəti barədə danışan görkəmli bəstəkar, Xalq artisti Eldar Mansurov bildirib ki, ötən əsrin 60-70-ci illərində həm bədii kollektivlərin, həm də ayrı-ayrı sənətkarların bölgələrdə konsertləri təşkil edilir, tamaşalar nümayiş olunurdu:

"Mən də uşaq vaxtı atamla bir sıra bölgələrdə tamaşaları, konsertləri izləmişəm. Opera və Balet Teatrımızın Gəncə və Naxçıvanda tamaşalarına baxmışam. Kənd və qəsəbələrdə klubların səhnəsi kiçik olduğundan operalardan fraqmentlər oynanılırdı. Tamaşaçılar bu mədəni proqramları böyük maraqla qarşılayırdı. Hazırda Mədəniyyət Nazirliyinin bu ənənəni bərpa etməsi təqdirəlayiqdir. İncəsənət kollektivlərimiz, sənətçilərimiz xarici ölkələrdə qastrollarda olur, mədəniyyətimizi təbliğ edirlər. Bu, çox yaxşıdır. Düşünürəm ki, ölkəmizin bölgələrinə də bu cür səfərlərin təşkili vacibdir. Çünki peşəkar kollektivlərin və incəsənət xadimlərinin çıxışları tamaşaçı və dinləyicilərin estetik zövqünü formalaşdırır, klassika onları bayağı musiqilərdən uzaqlaşdırır. Klassika anlayışı həm də çox zaman uğurlu başlanğıclar deməkdir".

"Nə yaxşı, Mədəniyyət Nazirliyi bu prosesi həyata keçirir. Əminəm ki, bölgələrdə tamaşaçılara olan bu hörmət və diqqət təqdirəlayiqdir. Layihə insanların peşəkar sənətə marağının artması ilə nəticələnəcək. İstəyim odur ki, bu aksiya ənənə halını alsın, hər il davam etsin", - deyə Xalq artisti əlavə edib.