ATMOSFERƏ NORMADAN ARTIQ QAZ ATILIR
Bu gün təbiəti, ekologiyanı, havamızı, suyumuzu qorumaq təkcə aidiyyatı qurumların vəzifə borcu deyil. Bu, birmənalı olaraq cəmiyyətin, hər bir vətəndaşın əsas vəzifəsidir. Təəssüf ki, biz çox vaxt bunları unuduruq, təbiəti qorumaq əvəzinə, ekologiyamızı mühafizə etmək əvəzinə onu daha da yaman günə qoyuruq. Amma düşünmürük ki, yaman günə qoyduğumuz təbiət günlərin bir günündə bizdən qisas alacaq. Udduğumuz hava, içdiyimiz su, yediyimiz qida zəhərə dönüb canımızı alacaq.
Dənizə çirkab sular axıdan kimdir? Təbii ki, biz insanlar! Bəs, onda atmosferi zəhərləyən, içməli su hövzələrini pis günə qoyan və eyni zamanda hara gəldi əlindəki məişət tullantılarını atan yenə biz insanlarıq! Və biz insanlar Allahın Yer üzünə bəxş etdiyi bu sərvətləri, bu gözəllikləri bu zəriflikləri təəssüf ki, qoruya bilmirik. Və bu da bumeranq kimi nə vaxtsa gəlib özümüzə dəyir. Ancaq dəyməyə də bilər.
Bu yazımızda biz ölkəmizdə və ilk növbədə Bakıda atmosferi çirkləndirən səbəblərdən, amillərdən söhbət açmaq istəyirik. Ən azından ona görə ki, bu gün Bakıda milyonlarla insan yaşayır və atmosferə atılmış zərərli qazları udmağa məcburdur. Mütəxəssislər hesablayıb ki, hər il Bakıda atmosferə min tonlarla zərərli qazlar atılır. Bunun nə demək olduğunu bəlkə də çoxlarımız bilmir. Bu həm də o deməkdir ki, paytaxtın havası belə sürətlə zəhərlənirsə elə bu sürətlə də ağ ciyər xəstəlikləri artır. Yəni ağ ciyərdə xərçəng xəstəliyinin törəməsinin əsas səbəblərindən biri mütəxəssislərin dediyinə görə, Bakıda atmosferə normadan artıq atılan zərərli qazlardır.
Təbii ki, ekologiyamızı, eləcə də təmiz havamızı, suyumuzu qorumaq üçün Dövlət Proqramı mövcuddur. Və bu Dövlət Proqramına uyğun da aidiyyatı qurumlar böyük layihələr həyata keçirirlər. Həmin layihələrdən biri də ildə iki dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin birgə keçirdiyi «Təmiz hava» aylığıdır. Təbii ki, bu «Təmiz hava» aylığının keçirilməsi atmosferin çirkləndirilməsinin qarşısının alınmasında önəmli rol oynayır. Və biz də «Ədalət» qəzeti olaraq hər iki qurumun keçirdiyi reyd və yoxlamalarda yaxından iştirak edirik. Bir qayda olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımlarında, eləcə də respublika ərazisində xidmət göstərən rayon dövlət yol polisi şöbələrində bu tədbirlər davamlı olaraq həyata keçirilir.
Heç şübhəsiz ki, bu cür tədbirlərin gerçəkləşdirilməsi atmosferə normadan artıq zərərli qazların atılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Heç də təsadüfi deyil ki, «Avro-5» və «Avro-6» standartlarına uyğun olaraq ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı son vaxtlar daha da artıb. Bu isə o deməkdir ki, müasir texnologiya əsasında hazırlanmış bu avtomobillərdən atmosferə zərərli qazlar normaya uyğun xaric olunur. Və yaxın gələcəkdə isə elektriklə işləyən avtomobillərə dünyanın hər yerində olduğu kimi ölkəmizdə də böyük önəm veriləcək. Amma gəlin onunla razılaşaq ki, bu gün ölkəmizdə atmosferə normadan artıq zərərli qazlar atan minlərlə nəqliyyat vasitəsi var. Həmin nəqliyyat vasitələrinin əksəriyyəti 70-80-ci illərdə SSRİ və Rusiya istehsalı olan «VAZ» markalı avtomobillərdir.
Yol Patrul Xidməti Alayının Ekoloji Nəzarət bölüyündə keçirilən reydlər zamanı bu cür avtomobillərdən atmosferə normadan dəfələrlə artıq zərərli qazların atılması faktları aşkar edilib. Təkcə «Təmiz hava» aylığında ekoloji postda yüzlərlə belə Sovet və Rusiya istehsalı olan avtomobillər saxlanılıb və müayinədən keçirilib. Əlbəttə, bu nəqliyyat vasitələrinin köhnə olması, istismar müddətinin başa çatması mövcud problemlərin yaranmasının əsas səbəbidir. Düzdür, həmin nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 manat miqdarında cərimə olunur. Elə hər il reydlər zamanı ən çox cərimə olunan nəqliyyat vasitələrinin sürücüləri də məhz həmin avtomobillərin sahibidir.
Baş Dövlət Yol Polisi İdarəsinin avtotexnikimüfəttişlik şöbəsinin rəisi, polis polkovniki Xalid Əzimov bizimlə söhbətində dedi ki, biz davamlı olaraq ildə iki dəfə «Təmiz hava» aylığının keçirilməsində yaxından iştirak edirik. Öncə ona çalışırıq ki, ayrı-ayrı təşkilatlar, qarajlar və idarələrdə insanlar arasında maarifləndirmə işləri aparaq. Yəni bu maarifləndirmə işləri onunla bağlı olur ki, hər bir fiziki, hüquqi və vəzifəli şəxsin diqqətinə çatdırılır ki, ekologiyanı qorumaq, təmiz havamızı, atmosferimizi mühafizə etmək hamının borcudur. Aydındır ki, bu təbliğat işləri öz müsbət nəticəsini də verir. Yəni müəssisələrdə aparılan yoxlamalar nəticəsində aydınlaşır ki, bir çox təşkilat və qurumlar bizim tövsiyyələrimizə əməl edib atmosferə normadan artıq zərərli qazların atılmaması üçün ciddi işlər görüblər.
Onu da qeyd edim ki, atmosferə ən çox zərərli qazların atılması faktları Sovet və Rusiya istehsalı olan nəqliyyat vasitələrində mövcuddur. Bununla yanaşı, «KAMAZ», «KRAZ», «Şadman» markalı yük maşınlarında da reydlər zamanı bu cür faktlara rast gəlinib. Hələ bu da hamısı deyil. Reydlər zamanı o da aşkarlanıb ki, bir çox mikroavtobus və avtobuslarda texniki nasazlıq üzündən atmosferə normadan artıq zərərli qazlar atılır. Bu isə birmənalı olaraq qanuna ziddir və həmin sürücülər inzibati məsuliyyət daşıyırlar. Elə sürücülər var ki, reydlər zamanı texniki qüsurları cərimə olunduqlarına baxmayaraq aradan qaldırmayıb və nəticədə ikinci dəfə onlar inzibati məsuliyyətə cəlb olunublar.
Göründüyü kimi, ölkəmizdə və eləcə də Bakı şəhərində atmosferə normadan artıq zərərli qazların atılması bu gün də mövcuddur. Sevindirici haldır ki, aidiyyatı qurumlar bu problemin həll olunması üçün davamlı olaraq böyük layihələr və tədbirlər həyata keçirir. Amma bununla yanaşı təmiz havamızın və atmosferimizin qorunması üçün bütün cəmiyyət, insanlar və o cümlədən hər bir vətəndaş öz töhfəsini verməlidir. Yəni bu işdə hər şeyi aidiyyatı qurumların üstünə atmaq böyük məsuliyyətsizlik olar.
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər
03 Aprel 2026 09:00
KƏLBƏCƏRƏ QAYITDIQ, CƏNNƏTİ GÖRDÜK
20 Mart 2026 09:00
SABİRABADI GÖZƏL GÖRDÜM, SEVİNDİM…
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17


Bakı -°C

