SON DƏQİQƏ:

ADAM OL...

  20099   |  
Şriftin ölçüsü  

   
   Adam var ki, metro və avtobusa minəndə lap boğaza yığılır. Boğaza yığılmaq da elə-belə deyil. Çünki basabas yaranır və bu basabasda avtobusu minən sərnişinlər ayaq qoymağa yer tapmırlar. Bir ayağı üstə isə "Memar Əcəmi" stansiyasının yaxınlığından Xırdalana qədər getmək hər adamın işi deyil. Ya fiziki cəhətdən möhkəm olub bu gərginliyə dözməlisən, ya da bir idmançı kimi mənzil başına çatana qədər tez-tez ayaqlarını dəyişib yerə qoymaqla bu əzab-əziyyətdən canını qurtarmalısan. Həmin çətinlikləri axşam saatlarında "Memar Əcəmi" stansiyasının yaxınlığından Xırdalan şəhərinə gedən 119 saylı marşrutda hərəkət edən sərnişinlər hər gün yaşamağa məcbur olurlar. Çox maraqlıdır ki, səhər və günorota saatlarında bu marşrutla hərəkət edən avtobuslarda axşam vaxtında olan basabaslar yaranmır. Amma axşam saatlarında başqa bir hoqqa da üzə çıxır. Sürücülər axşam saat 11-dən sonra mənzil başına gedən sərnişinlərdən əlavə 20 qəpik əvəzinə, 40 qəpik pul tələb edirlər. Əksər sərnişinlər 20 qəpiyə razı olsa da, bir çoxları narazılıq eləyirlər. Narazılıq eləyən sərnişinlərə isə sürücülər qaş-qabaq tökərək bildirirlər ki, onda 40 qəpik vermirsənsə, avtobusa minmə. Görün, indi 119 saylı marşrutda sürücülərin özbaşınalığı hansı həddə çatıb ki, onlar sərnişinlərdən əlavə 20 qəpik pul tələb eləyirlər. Bəlkə də onların bu hərəkətindən nə Nəqliyyat Nazirliyinin, nə də marşrut sahiblərinin xəbərləri yoxdur. Xəbərləri bir daha həmin marşarutda hərəkət edən sərnişinlərin şikayətini onların nəzərinə çatdırırıq və bildiririk ki, 119 saylı marşurtla hərəkət edən avtobus sürücüləri sərnişinlərdən əlavə 20 qəpik pul alır. Bəlkə Nəqliyyat Nazirliyinin və marşrut sahibinin sürücülərin işinə müdaxiləsindən sonra bu özbaşınalığa son qoyula və sərnişinlərdən artıq pul alınmaya. Basabaslar zamanı ikinci bir çətinlik ondan ibarətdir ki, ayrı-ayrı cibgirlər ayaq üstə gedən sərnişinlərin cibinə və çantasına girir, onların qiymətli əşyalarını, pullarını və mobil telefonlarını oğurlayırlar. Elə sərnişinlər də çox vaxt deyir ki, avtobusun sürücüləri cibgirlərlə əlbirdi. Amma biz buna bir o qədər də inanmırıq. İnandığımız odur ki, tezliklə 119 saylı marşrutda işləyən avtobuslardakı özbaşınalığa son qoyulacaq.
   
   
   
   ***
   
   Noyabrın 6-da səhər saat 10:00-da metronun "Gənclik" stansiyasının ətrafında qeyri-adi bir hadisənin şahidi oldum. 10-15 gün qabaq biz qəzetimizdə həmin stansiyanın ətrafında qanunsuz küçə ticarətinin tüğyan eləməsi ilə bağlı yazı yazmışdıq. Sən demə, həmin yazını oxuyan əlaqədar təşkilatlar metronun ətrafındakı küçə ticarətinin yığışdırılması ilə bağlı göstəriş veribmiş. Metronun ətrafında müxtəlif kənd təsərrüfatı, sənaye malları və kitab-dəftər satan satıcılar çox dilxor idilər. Hətta satıcının biri deyirdi ki, mən bu yer üçün 100 manat pul verirdim. İndi gəlib deyirlər ki, yığışdırın. Yəqin bunu haqqı qaldırmaq üçün eləyirlər. Digər bir satıcı isə dedi ki, qardaş, elə deyil, qəzetdə yazıblar, onlar da qorxularından gəlib yığışdırırlar. Onsuz da bunlar hamısı boş şeydir. Beş-on gün keçəcək yenə gəlib lövbərimizi salacağıq. Amma görürsən indi hamının malı yığışdırılır.
   
   Doğrudan da metronun ətrafına iri bir yük maşını gətirmişdilər. Alver edən adamların piştaxtaları və digər ləvazimatları əllərindən alınıb yük maşınına atılırdı. Bir başqa satıcı isə köks ötürüb deyirdi ki, əşi, vallah, bunları başa düşmək olmur. Biri deyir alver elə, biri deyir eləmə. İndi qalmışıq biz odla-su arasında. Bilmirik balamıza çörək pulunu hardan qazanaq. Bir balaca işıqucu gələn kimi kimsə ona barmaq tıxayır. Başqa bir satıcı isə dedi ki, metronun ətrafında ona görə təmizlik yaradırlar ki, Bakıda "donuz qripi" tapılıb. "Donuz qripi" tapılıbsa, deməli hər tərəfdə səliqə-sahman yaradılmalıdır və natəmizlik aradan qaldırılmalıdır.
   
   Bir sözlə, həmin gün həm metronun ətrafında alver edənlərin, həm də orda qayda-qanun yaratmaq istəyənlərin hamısının qanı qara idi. Alver edənləri başa düşürdük. Çünki onların çörəyi kəsilmişdi. Bəs məmurların qanı niyə qara idi, bax, onu bilmirdik?!
   
   
   
   ***
   
   Ötən həftə kəndimizə yasa getmişdim. Hər dəfə də gedib gələndən sonra adət-ənənəmizlə bağlı tənqidi yazılar qələmə alıram. Daha doğrusu, bizə yabançı olan axmaq adətlərdən və ənənələrdən canımızı qurtarmaq haqqında öz fikirlərimi yazıram. Elə qohum-əqrəba var ki, buna görə məni qınayır, eləsi də var ki, deyir düz eləyib yazırsan. Sən yazmasan bəs kim yazacaq? Elə rəhmətlik Mirzə Cəlil də həmişə yaşadığı kəndinin, elinin-obasının nöqsanlarını qələmə alırdı. Yazıq nə qədər yazırdı, yenə çox şey düzəlmirdi ki, düzəlmirdi.
   
   Amma bu dəfə mən getdim gördüm ki, yazdığım bəzi məsələlər düzəlib. Məsələn, yazırdım ki, bizim məclislərin yas mərasimində üç-dörd cür yemək verilir. Ancaq bu dəfə rəhmətə gedən qohumumuzun yasında və eləcə də əvvəlki yas məclislərində bir cür yemək verilirdi. O da plov idi. Hər yerdə olduğu kimi bizim kənddə də "ehsanşikləri" var. Yəni həmin adamlar yasa getməkdən çox qarınlarını doydurmaq haqqında fikirləşirlər. Fikirləşirlər ki, filankəs rəhmətə gedib, deməli, onun yas məclisində yaxşı yeyib-içmək olacaq. Elə adamlar var ki, qarınları doysa da gözləri doymur. Stolun üstündə nə var hamısını basıb yeyir. Sanki aclıqdan çıxıb, neçə gündür yemək yeməyib. Budəfəki yas məclisində bir cür yemək veriləndə həmin "ehsanşiklərin" bir neçəsinin qanının qaraldığını və keyfinə soğan doğrandığını hiss elədim. Elə ki, stolun üstünə plovdan savayı bir şey gəlmədi, onlarn bəziləri yeməyə əl uzatmadılar. Bir çoxları isə yağlı plovdan bir-iki qaşıq yeyib kənara çəkildi. Çünki onlar öyrəşiblər ki, mal ətinin soyutmasını və qızartmasını yesinlər. Bu dəfə həmin yeməkləri görməyəndə çox pərişan oldular. Bu cür düşünənlər o qədər də çox deyil. Əksər adamlarsa deyirlər ki, elə ehsan belə olmalıdır. Əslinə qalanda ehsan bir stəkan çaydan, xurmadan və halvadan ibarətdir. Amma bizim millət nədənsə elə yasda da yeyib-içmək haqqında fikirləşir. Rəhmətə gedənin dərdini çəkmək, onun qohum-əqrəbasının qəminə şərik olmaq əvəzinə, stolun üstündə "filan şey də olsaydı lap yaxşı olardı" deyirlər. Beləsi haqqında nə deyəsən?
   
   
   
   ***
   
   Bir kişinin əfəl oğlu varmış. Kişi də həmişə oğluna deyirmiş ki, səndən nə çıxsa da heç vaxt adam olmayacaq. Günlərin birində şahlıq quşu gəlib qonur onun çiyninə və həmin adamı aparıb məmləkətin taxt-tacında əyləşdirirlər. Həmin adam da taxt-tacda əyləşib kef-damaqla məşğul olur. Kef-damaqdan ayılandan sonra günlərin birində atası yadına düşür. Vəzir-vəkilinə tapşırır ki, filan əyalətdə mənim atam olmalıdır. Adam göndərin sağdırsa, onu tapıb sürüyə-sürüyə və döyə-döyə mənim hüzuruma gətirsinlər. Şahın da adamları əyalətləri bir-bir gəzir və axırda şahın atasını tapırlar. Ancaq yenə şahın adamlarından biri onu sürüməkdən qorxur və deyir ki, şah qəzəblənib bizi edam eləyə bilər. Axı pis-yaxşı bu onun atasıdı. Vəzirsə deyir ki, şahın sözündən çıxmaq olmaz. Şah deyib ki, sürüyə-sürüyə gətirin, vəssəlam. Deməli, onu sürüyə-sürüyə şahın hüzuruna aparmalıyıq. Kişini şahın hüzuruna gətirirlər. Özündən razı nadan və cahil oğul yerindən də tərpənmir . Və atasına yuxarıdan aşağı baxıb bildirir ki, mən uşaq olanda deyirdin məndən bir şey çıxmaz. İndi görürsən harda əyləşmişəm və kiməm? Aşağıdan yuxarı oğluna yazıq-yazıq baxan kişi deyir ki, mən deməmişdim ha səndən şah olmaz. Mən demişdim ki, səndən adam olmaz. Əgər sən adam olsaydın, ixtiyar yaşlı atanı döydürə-döydürə hüzuruna gətirməzdin. Bu sözdən sonra şah oğul utanır və taxt-tacdan düşüb atasının əllərindən öpüb deyir ki, bağışla məni. Ata da bildirir ki, mən səni bağışlayıram, amma Allah səni bağışlayacaq, bax, onu bilmirəm.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK