adalet.az header logo
  • Bakı -°C
17 Mart 2026 14:05
82
DÜNYA
A- A+

Trampın “Hörmüz koalisiyası” iflasa uğradı

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması üçün koalisiya yaratmaq planı faktiki olaraq iflasa uğrayıb.

Adalet.az xəbər verir ki, bu barədə “Axios” portalının məqaləsində qeyd edilib.

Bildirlib ki, Donald Tramp Hörmüz boğazının açılması üçün koalisiya yaratmaq məqsədilə Avropa İttifaqı və digər ölkələrə müraciət edib. Lakin müsbət cavab ala bilməyib. Trampın təklifinə şübhə ilə yanaşanlar və onu rədd edənlər var.

Ağ Ev Hörmüz boğazının açılması əməliyyatına Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Fars körfəzi dövlətləri və İordaniyanı cəlb etmək istəyib. ABŞ həmçinin Yaponiya və Cənubi Koreyaya müraciət edib.

Almaniya, İtaliya və Yaponiya hökumətləri artıq gəmilərini göndərmək ehtimalını rədd ediblər.

Fransa lideri Makron qəti şəkildə "yox" deməyib, amma razılıq da verməyib.

Britaniya Baş naziri Keir Starmerin də Trampa birmənalı cavabı yoxdur. “The Telegraph” qəzeti isə Starmerin Hörmüz boğazının açılmasına kömək üçün Britaniya gəmilərini göndərməmək qərarına gəldiyini bildirib.

“Politico” Avropa diplomatlarına istinadən xəbər verir ki, Hörmüz boğazındakı təhlükəsizliklə bağlı fikir ayrılıqları səbəbindən Avropa İttifaqı və ABŞ arasındakı münasibətlər yenidən dərin böhranın astanasındadır.

Avropalı diplomatlar deyiblər ki, İranda tammiqyaslı NATO missiyasının olması hələ mümkün deyil. Onlar belə bir qərarın bütün müttəfiqlərin yekdil dəstəyini tələb etdiyini və bunun əldə edilməsinin çətin olduğunu bildiriblər.

“Politico” aydınlaşdırıb ki, NATO hələlik Vaşinqtondan rəsmi sorğu almayıb.

ABŞ və İsrailin hərbi əməliyyatına cavab olaraq İran Hörmüz boğazında gəmiçiliyin blokadaya alındığını elan edib.  Bu strateji əhəmiyyətli boğazdan dünya neft tədarükünün 15-20%-i və mayeləşdirilmiş təbii qazın 30%-dən çoxu buraxılırdı. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bütün gəmilərin Tehranın keçid icazəsini almalı olduğu barədə xəbərdarlıq edib. Lakin İranın xarici işlər naziri Abbas Əraqçi daha sonra aydınlaşdırıb ki, boğaz ABŞ və müttəfiqləri istisna olmaqla, bütün ölkələr üçün açıq olaraq qalır./Modern.az