adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2021 16:26
1807
MƏMLƏKƏT
A- A+

Elmi əsər adı altına sığınan önəmsiz çalışmalar - Arif Səlimov yazır

Son zamanlar ölkəmizin elm və təhsil müəssisələrində çalışan bəzi “alimlərimiz” özlərinin “Elmi əsərlər” dosyalarını sürətli bir şəkildə “kirlətməyə” davam edirlər. Burada məqsəd elmi əsərlər siyahısını süni bir şəkildə önəmsiz çalışmalar ilə genişləndirərək onu müxtəlif hesabatlarda və müsabiqələrdə istifadə edib haqsız başarılar əldə etməkdir. Bu yazımızda bu cür önəmsiz çalışmalara iki aspektdən baxacağıq.

Birincisi, konfranslarda tezis deyilən bir-iki səhfəlik hər hansı bir yazını ictimai nəzərəti sıfırlanmış elmi ictimaiyyətimizin gözünə elmi esər olaraq soxurlar. Onu da qeyd edək ki, bu bir-iki səhfəlik yazılar da çox zaman ordan-burdan köçürmə olur. Elə üzdəniraq "alimlərimiz" var ki, son 10 ildə məqalə yox, yalnız regional konfranslara tezis yazmaqla milləti aldatmış, həm də hər ildə ən az 5-10 dənə və toplamda 50-100 cızma-qara tezis yazmaqla “pripiska” (artırma) üzrə mütəxəssis olmuşdur. Sonra da bu cür “alimlər” bütün illərə aid elmi əsərlərinin siyahisi yazılanda 300-400 elmi “əsərləri” ilə qarşımıza çıxırlar və düzgün elmi hesabatların və müsabiqələrin aparılmasına mane olurlar. Əslində konfrans fəaliyyəti iki şəkildə olmalıdır: a) konfrans iştirakçısı şəklində (tezisli ve ya tezissiz), bu bir elmi fəaliyyətdir, amma elmi əsər deyildir; b) konfransdakı seçilmiş və ciddi rəydən keçmiş məruzələrin məqalə səklində çap olunması, elmi əsərlər siyahısına bunlar daxil edilməlidir. Bu cür məqalələr ya hər hansı bir jurnalın xüsusi bir nömrəsində (bu jurnal indeksli olsa daha da yaxşı olar), ya da konfransın materialları kitabında (bu materiallar kitabı “Web of Science Conference Proceeding” indeksinde olsa daha diqqət çəkici olar).

İkinci aspekt pul ödəyərək məqalə çap elətdirməkdir. Qeyd edək ki, bu ödəmələr məqalə başına 500-2500 Dollar arasında dəyişir. Son zamanlar bu kütləvi xarakter alıb. Bəzi ölkələrdə artıq bu şəkildə çap olunan məqalələri akademik yüksəltmələrdə və elmi müsabiqələrdə səlahiyyətli komissiyalar diqqətə almırlar. Çox təəsüf ki, ölkəmizdə bu istiqamətdə pozitiv yaxınlaşma hələlik yoxdur və buna görə də bu işlə məşğul olan bəzi “üzdəniraq alimlərin” həm gənc tədqiqatçıların (elmi rəhbər ödəməni tələbəsinə ödətdirir), həm də dövlətimizin (dövlətin əsl elmə ayırdığı maliyyə resurslarını istifadə etməklə) büdcəsinə ziyan vurmaq fəaliyyəti vüsat alıb. Bunun səbəbi analiz edildikdə məlum olur ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də akademik yüksəltmələrdə və elmi müsabiqələrdə Web of Science (Clarivate Analytics) və digər elmi veri bazalarının nüfuzlu indekslərində olan jurnallarda məqalə çap elətdirmək zəruri şərt olaraq irəli sürülür, bu mütərəqqi və alqışlanacaq bir yaxınlaşmadır. Pulsuz indeksli nüfuzlu jurnallarda çap olunmaq əsl elmlə məşğul olmaq deməkdir. İndeksli nüfuzlu jurnallarda çap olunmaqda yaranan Open Access “boşluğundan” həm külli miqdarda pul qazanan nəşriyyatlar, həm də kirlənmiş elmi əsərlər dosyasını daha da genişlətmək istəyən “üzdəniraq alimlər” başarılı bir şəkildə istifadə edirlər. Belə nəşriyyatlara misal olaraq mərkəzi offisi İsveçrədə olan MDPI (Multidisciplinary Digital Publishing Institute) və mərkəzi offisi Ingiltərədə olan, 2021-ci ildə ABŞ-ın Wiley şirkəti tərfindən satın alınan, Misir mənşəyli Hindawi kommersiya

nəşriyyatlarını göstərə bilərik. Qeyd edək ki, MDPI nəşriyyatının 369 jurnalından təqribən 91-i, Hindawi nəşriyyatının isə 230 jurnalından 71-i Web of Science elmi verilər bazasının nüfuzlu SCIE (Science Citation Index Expanded) indeksinə daxildir və Open Access komersiya jurnallarının böyük əksəriyyəti MDPI və Hindawi nəşriyyatları tərəfindən çap olunmaqdadır. Yuxarıda söyləndiyi kimi bu iki nəşriyyatın Web of Science bazasındakı SCIE indeksindəki jurnal sayı 91+71=162-dir, bu isə bütün Web of Science bazasının SCIE jurnallarının ümumi 8500 sayısının təqribən 2 faizidir. Ümumiyyətlə SCIE indeksli Open Acess junallarının ümumi sayı təqribən bütün SCIE indeksli jurnallarının 5 faizini aşmır. Təbii olaraq sual olunur: Niyə bəzi alimlər SCIE jurnallarının 95 faiz təşkil edən jurnallar sinifinə deyil, 5 faizlik sinifə yönəliblər? Düşünürəm ki, yuxarıdakı izahlarımla verilən soruya əsasən cavab tapılmışdır.

 

Əməkdar elm xadimi,

Türkiyə Dövlət Mükafatı Laureatı,

BDU-nun “Cəbr və həndəsə” kafedrasının müdiri,

Fizika-riyaziyyat elmləri doktoru,

Professor Arif Səlimov