adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Noyabr 2021 17:47
1333
İQTİSADİYYAT
A- A+

Nazir Hesablama Palatasının uzlaşdırma ilə bağlı rəyinə münasibət bildirib

Hesablama Palatası tərəfindən dövlət maliyyə statistikası və vahid büdcə təsnifatının uzlaşdırılması ilə bağlı bir sıra məsələlər qaldırılmışdı. Həmin rəylə bağlı münasibətimizi müvafiq məktubla palataya bildirəcəyik.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, proses daim nəzarətdədir və daim təsnifatda dəyişikliklər edilir.

"Dövlət maliyyə statistikasında BVF-nin 2014-cü ildə təsdiq etdiyi topluya uyğun işlər görürük. Onu da qeyd etmək istəyirəm ki, oxşar vəziyyət beynəlxalq mühasibat uçotu standartlarında da var. Bu sahədə də Maliyyə Nazirliyi tərəfindən müəyyən işlər görülür ki, bizim standartlarımız beynəlxalq standartlarla eynilik təşkil etsin. Müəyyən fərqlər mövcuddur, amma o fərqlərin bir-biri ilə uzlaşdırılması üçün xüsusi cədvəllər tərtib olunur və bu istiqamətdə işlər nəzarətdə saxlanılır" - deyə, nazir əlavə edib.

Nazir Təminat Fondunun fəaliyyəti ilə bağlı da qaldırılmış məsələyə münasibət bildirib.

"Bu fondun əsas məqsəd və məramı ondan ibarətdir ki, dövlət borcunda və dövlət zəmanəti ilə olan borcda hər hansısa bir problem olduğu təqdirdə bizim ehtiyat vəsaitimiz olsun və dövlətin zəmanəti defolta uğramasın. Belə olan halda Təminat Fonduna müvafiq vəsaitlər ayrılır və öhdəliklər yerinə yetirilir. Bu gün Azərbaycanın dövlət borcu sahəsində vəziyyət kifayət qədər sabitdir, yaxşıdır. Bu yaxınlarda beynəlxalq kredit reytinqi agnetlikləri tərəfindən bir daha bizim reytinqimiz dəstəklənmişdi və sabit proqnoz verilmişdi. Bu sahədə də biz hesab edirik ki, Təminat Fondu ehtiyat fondu funksiyasını daşıyır. Büdcə sistemi haqqında qanunda və dövlət borcu haqqında qanunda bəzi dəqiqləşdirici düzəlişlərin edilməsi ilə bağlı qanun layihələrinin Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur" - deyə, nazir qeyd edib.

Xatırladaq ki, Hesablama Palatası 2022-ci il dövlət büdcəsi layihəsinə rəyində bildirib ki, ortamüddətli planlaşdırma dövrü üçün xüsusilə növbəti büdcə ilindən sonrakı illər üçün verilmiş büdcə proqnozları əksər hallar üzrə özünü doğrultmur.

Rəydə qeyd edilir ki, hər növbəti il üzrə müvafiq istiqamətlərdə proqnozlar kəskin dəyişdirilir və bu səbəbdən palata büdcəyə keçidin həyata keçirilməsi zamanı bu istiqamət üzrə fəaliyyətin gücləndirilməsinin zəruriliyi qənaətindədir.

Hesablama Palatasına görə, 2018-2020-ci illərdə dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilmiş məlumatlarda 2022-ci il üçün əks etdirilmiş gəlir və xərclər üzrə proqnoz göstəricilərin hazırkı "Büdcə zərfi"ndə müvafiq il üçün verilmiş göstəricilərlə müqayisəsi əhəmiyyətli fərqlərin olduğunu göstərir. Belə ki, 2019-2021-ci illərin "Büdcə zərf"ləri ilə müqayisədə hazırkı "Büdcə zərfində" 2022-ci il üçün gəlirlər üzrə proqnoz göstəricilər 1-3 mlrd. manat, xərclər üzrə isə 3-6 mlrd. manat məbləğində korrektə ilə proqnozlaşdırılıb.