adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Noyabr 2021 14:28
2268
ƏDƏBİYYAT
A- A+

Onun şeirləri kaledoskopdur - Elçin HÜSEYNBƏYLİ yazır

Nəzakət xanımla (O, həm də Nəzakət Məmmədli (Məmmədova) imzası ilə yazır(dı)) ilk görüşümüz yadıma gəlmir. Mənə elə gəlir ki, biz bu dünyaya gəlməzdən tanışıq və bu, bir ruh məsələsidir. Amma gerçək dünyadakı yaddaşımı qurdalayanda məni onunla rəhmətlik Nahid Hacızadənin tanış elədiyini sanıram. Bəlkə də gözəl şairəmiz və indi o dünyada bizi səbirsizliklə gözləyən Fərqanə xanım tanış eləmişdi, ya bəlkə... Ona görə deyirəm də: biz Nəzakət xanımla min illərin tanışıyıq.

Bu saf qəlbli, gülərüz, istedadlı xanım mənə "yaşıdım oğlan” deyir. Mən də cavabında "eşidirəm, yaşıdım xanım” deyirəm.

Onu xatırlayıram ki, Nəzakət xanım öz müdiri və sələfi Nahid müəllimi çox istəyənlərdən, ruhunu daim yüksək tutan insanlardan biridir. Hər adama bu qabliyyət verilimir. Nəvələrini özündən və sözündən (yazılarından) çox istəyir. Kim nəvəsini özündən artıq istəmir ki... Eqoistlərdən başqa.

Onun yaradıcılığı haqqında ünlü tənqidçilərimiz, qələm adamlarımız genişürəkli söz deyiblər, adına və yaradıcılığına kitab bağlayıblar. İlk baxışdan o oxunmuş kitab təsiri bağışlaya bilər. Amma insan elə bir varlıqdır ki, onu Tanrıdan başqa heç kim oxuya bilməz. Bir də ki, insan axıra kimi oxunarsa, maraqlı olmaz, illah da ki, qadın ola. Gözəl bir deyim yadınızdadır? Özünü bilməyəndən (tanımayanlardan) qorx! Nəzkət xanım, məncə, özünü tanyanlardandır, çünki nə istədiyini bilir.

 

Nəzakət xanımın şəxsiyyəti yaradıcılığından üstündür, insanlığı poeziyada parlayan işıqdır. Ağ eləmədim ki?! Qoy Barat Vüsalın əvəzindən deyim: O, "sözdən düşən işıqdır, ağrıyan ruhdur!”

Nəzakət Məmmədlinin adına araşdırmaçı Allahverdi Eminov ("Nəzakət Məmmədlinin yaradıcılıq yolu”), şair Hikmət Məlikzadə ("Nəzakət Məmmədovanın yaradıcılığında vətən kodları”) kitab bağlayıblar. Mən də kitab yazsaydım, "Yurd dediyin bu torpaq”dan başlayardım. Çünki bu kitab "Ruhun poetik yaddaşı”dır (Sona Vəliyeva). Çünki "yurd dediyi bu torpaq onun ünvanıdır, adıdır, babalarına, övladlarına hesabatıdır.”

 

 

 

Şairə Nəzakət haqında yazsaydım, gərək deyəydim ki, onun yaradıcılığında vətən də var, təbiət də, insan da, onlara sevgi də. Amma mən demirəm, özü deyir: "Yurd dediyim bu torpaq ağır-ağır elimdi. Qəlbləri ovsunlayan şirin ana dilimdi!”

Onun haqqında yazsaydım, belə deyərdim: Nəzakət xanımın yaddaşı vətən yaddaşıdır, ağrısı vətən ağrısıdır, sevinci vətən sevincidir. Qarabağ dərdi "Yurd dediyim bu torpaq” kitabının mayasıdır. Çünki "Şuşanın , Laçının acı nisgili millətin köksündə xəncərdi, xəncər, həsrət dağlarına dirsəklənərək qərib taleyinə baxır Kəlbəcər.” Bu ağrının sonunda başqa bir hayqırtı gəlir. Öncəgörüm, torpalqarın azad olunacağına ümid belə yozulur: "Vətən çırpınırdı ağrı içində, qıvrıla-qıvrıla qalmışdı yollar. Qeyrət qılıncını çəkib gedirdi vətəni anatək sevən oğullar”!

Nəzakət Məmmədli imzası poeziyamızın özünə məxsus çalarıdır. Onun şeirləri kaledoskopdur. Arxada qoyduğu yaradıcılığı və həyatı öz rənglərilə həmin koleydoskopa oxşayır. Və o rənglərdən biz oxuculara da pay düşür...