ÖTƏN GÜNLƏRİN ACISI - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
1872 | 2021-10-27 11:27

Esse

     Həyat haqqında çoxlu sayda dəyərli fikirlər deyilmiş, onun şirinliyi və gözəlliyi, mürəkkəbliyi və çətinliyi üstündə nə qədər baş sındıranlar olmuşdur. Həyatı tamaşaya da bənzədiblər, bayrama da, ona sınaq da deyiblər, imtahan da. Sanki hər kəs ona verilmiş bir gözlükdən baxaraq nəyi  görməlidirsə görə bilmiş və vaxtın tamamında yığışıb getmiş, yerində isə elə adamların sayı qədər yiyəsiz xatirələr tökülüb qalmışdır. Əslində nə gəldiyi, nə də getdiyi yerin sirrindən agah olmayan insan həyat dediyi bir vaxt biçiminə heç sahiblənməyə macal da tapa bilmir. Həyat həmişə öz sirli üzünü qoruyub saxlaya, son anda elə üzünə gülə-gülə tərk edib uzaqlaşa bilir... Təsəllin isə qismətinə düşən ömür payını şərəflə yaşamağın, xeyirli işlər görməyin olur. İ.V.Göte hesab edirdi ki, faydasız həyat elə vaxtsız ölümə bərabərdir...

  ... İmkan tapanda Azərbaycan Yazıçılar Birliyininə  baş çəkirəm. Pandemiya burda da öz izlərini qoya bilib, kollektivdə taclı virusa yoluxaraq sağalan insanlarla yanaşı, çox təəssüf ki, həyatı yarıda qırılan da oldu... Karantin rejiminin bütün şərtlərinə əməl olunsa da yenə bu bəd niyyət xəstəlik imkan tapıb hücuma keçə bilir...

    Hər kəs vur-tut bircə dəfə gəldiyi bu dünyada öz qısa (omür həmişə qısadır, fərqi yox neçə il yaşayırsan) ömrünə çox şey sığdırmağa çalışır. Cavan vaxtı "başından papağını salan” ömrün qürubu görünmür deyə ruhu aram, qəlbi rahat vurur. Elə ki, dağı o üzə adladı.., bax onda canını qorxu qarışıq həyəcan sarır, görə bilmədiyi, hələ yarım qalan işlər gecə də yuxusundan çəkilmir. Məncə Səməd Vurğun  "Tələsmirəm” şeirini yazanda elə tələsirmiş! Bir şair fəhmi ilə nə qədər arzularının sərgərdan qalacağını, hələ neçə əsərinin bələkdəcə boğulacağını duyub yazmışdı bu sətirləri:

...Uzadaq ömrünü hər bir anın da,

Yel kimi keçməsin vaxt üstümüzdən...

Bu aylı gecədə, bu dağ döşündə...

Bu saat, bu dəm

Heç yana, heç yerə mən tələsmirəm!

...Həyat, hər kəsin böyük bir yazı taxtasına çəkə bildiyi şəklə bənzəyir, amma axırda hamı rəssam ola bilmir... Oturduğum otaqdan dəhlizdə getdikcə yaxınlaşan ayaq səslərini duyuram, həm də hiss olunur ki, sanki ”üçüncü ayağı” da var, yəni gələn kimsə yaşlı adamdır, çünki döşəməyə tək-tək zərbələr dəyir və bu məncə əl ağacının səsidir... Gələn qapıda görünəndə hissimdə yanılmadığıma əmin oluram. Əynində qara plaş, qotuğunda qovluq olan, beli bir az donqar yaşlı kişi otağa daxil olub, hörmətlə salam verir. Özünü həm tanınmış mərhum bir yazıçımızın qohumu, həm də mötəbər bir universitetin professoru olaraq təqdim edib, Anar müəllimi xəbər alır. Ali məktəbin adı məni özünə elə çəkir ki, söhbətə qoşulmaya bilmirəm... Və indi əlləri titrəyən, zəif vücudlu, əl ağacına möhtac bu yaşlı kişinin "atan-vuran” vaxtlarını düşünürəm...

       Budur, tələbə ilə dolu auditoriyada vacib bir fəndən mühazirə oxuyur. Bütün gözlər ona dikilmiş, diqqət ona yönəlikdir. O da gənc, cavan alim hələ dağın bu tərəfində necə məsuddur, rahatlıqla dərsi izah edir, işindən razı, tələbələrin diqqətindən azca da olsa təkəbbürlü... Bir azdan iki qoşa saatlıq mühazirə sona yetir, müəllim də növbəti dərsə qədər sağollaşıb auditoriyanı tərk edib gedir. Beləcə, bax elə bu divarlar arasında keçib gedir zaman, illər dolanır, tələbələr dəyişir, simalar yenilənir, müəllim isə hər gün eyni şeyi yenidən təkrar edir... Düşünürəm, görəsən həmin vaxtlarda neçə tələbənin haqqına girib, qiymətini düzgün verməyib bu müəllim!?.. Əgər olubsa bundan peşimandırmı...

     Bir qeyri-ixtisas müəllimimiz vardı, varlı, imkanlı qadın idi, ikinci kursda göz görəti mənim halal qiymətimi yazmadı, çox pərişan oldum, bilirsiz, həm də ona görə üzülmüşdüm ki, bir semestr təqaüd ala bilməyəcəkdim! Mən, o müəllimi heç vaxt unutmadım, illər sonra o zaman deyə bilmədiklərimi sözə çevirib qismən rahatlandım...

      Həyat çox amansızdır, qeyri-adi rəqibdir, onunla cəngə girmək adama əvvəl asan gəlir, amma elə ilk həmlədəncə səhv etdiyini dərk edir. Meydanı məğlub olaraq tərk etməyi də şəninə kəsir sayır, sonra yenə.., yenə.., nəhayət anam demiş "yollaşıb yola getməkdən”, yəni dost olmaqdan  başqa əlacı qalmır.

   Bəli, həyat həm mübarizədir, həm də mübarizə meydanı. Bu meydanın sahibi onun özüdür, bu gedəcək, o biri gələcək, həyatın nə vecinə, o yenə hər kəsə fərqli bir oyun qurmaqla oyunu başdan başlayacaq. Əlbəttə, rəqibləri arasında sonadək döyüşənləri də olacaq və elə sonda qalib də onların arasından çıxacaq. Dünya şöhrətli Amerikalı yazıçı, ünsiyyət psixoloqu Deyl Kornegi isə həyatı bir şans hesab edərək məsləhət görürdü ki, tale sizə limon veribsə, siz ondan limonad hazırlayın...

    Uğuru ən çox uğursuzluğa uğrayan insanlar qazanır,  çünki məğlubiyyətdən yaranan məyusluq qədər insanı qələbəyə yaxınlaşdıran ikinci bir hiss yoxdur. Səhvlər doğru yolun bələdçisidir, uğura gedən yol nə rahatdır, nə də hamar, dağ yoludur, sıldırımdır, ora qalxmaq və istədiyini əldə etmək üçün bir özünə, bir də şansına güvənməlisən. Yıxılacaqsan, qalxacaqsan, dizin sıyrılacaq, dirsəyin qanayacaq, ağrıyacaqsan.., bezəcəksən də, amma məqsədin varsa, güclü iradəyə sahibsənsə o zirvəyə qalxacaqsan...

  Ps.:  Həyat böyük bir okeanda səyahətə çıxdığımız kiçik qayıqlar kimidir, batmaq və boğulmaq təhlükəsi səni qorxutmasın. Həyatdan istədiyini müəyyən etməzdən öncə  həyatın səndən nə istədiyini öyrənməyə çalış və unutma ki, həyat həm də ağılla edilən riski və cəsarətli insanları sevir... Elə yaşa ki, sonradan geridə qoyduğun günlərin acısı ürəyini qıfıllayıb, gözlərini yaşartmasın...

TƏQVİM / ARXİV