adalet.az header logo
  • Bakı -°C
16 Mart 2026 14:08
69
SAĞLAMLIQ
A- A+

Daha çox bu ölkələrdən dərman alırıq- SİYAHI

"Dərman vasitələrinin idxal olunduğu ölkələri sıralayan zaman ilk beşlikdə Türkiyə, Almaniya, Fransa, Rusiya və İtaliyanın yer aldığı müəyyən edilir".

Adalet.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov bildirib.

O deyib ki, dərman vasitələrinin idxalı ilə bağlı daxil olan müraciətlər əsasında ekspertizasının aparılması üçün hər partiya üzrə götürülmüş dərman vasitəsi nümunələri barədə farmasevtik, statistik, eləcə də laborator analiz üsulu və nəticələri barədə məlumatlar AEM-in rəqəmsal “Analiz bazası”na daxil edilir:

”Dərman vasitələrinin laborator analiz nəticələri barədə sertifikatı da yekun nəticəyə uyğun qaydada birbaşa bu sistem üzərindən çap olunur. Toplanmış məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır və mövcud məlumatların analizi aparılır. Aparılmış məlumat analizlərinə əsasən ötən il ərzində müxtəlif xarici ölkələrdən respublikamıza ümumi miqdarı təqribən 196 milyon qutu dərman vasitəsi idxal edilib”.

Murad Süleymanov vurğulayıb ki, hazırda ərizəçilər tərəfindən Vahid Elektron Səhiyyə platforması üzərindən qəbul edilə biləcək müraciət növlərindən biri də dərman vasitələrinin idxalı ilə bağlıdır.

“Dərman vasitələrinin təqib və izləmə sistemi” isə dərman vasitələrinin istehsaldan son istehlakçıyadək dövriyyəsinin rəqəmsal qeydiyyat və unikal identifikasiya mexanizmi vasitəsilə izlənilməsini təmin edən mühüm nəzarət alətidir. Bu sistem təchizat zəncirinin bütün mərhələlərində məlumatların real vaxt rejimində toplanmasına və mərkəzləşdirilmiş informasiya bazasında emal olunmasına imkan yaradır. Hər bir qablaşdırmaya tətbiq edilən unikal identifikasiya kodu məhsulun mənşəyini və hərəkət trayektoriyasını izləməyə şərait yaradır. Beləliklə, qeyri-qanuni idxal, saxta məhsullar və paralel satış kimi risklər minimuma endirilir. Apteklərdə hər satış əməliyyatının rəqəmsal qeydiyyatı təkrar satış və uçotdan kənar dövriyyə hallarını texniki olaraq məhdudlaşdırır. Sistem, eyni zamanda, risk əsaslı nəzarət modelinin formalaşmasına da imkan yaradır. Analitik alətlər vasitəsilə satış intensivliyi, partiya dövriyyələri və anbar məlumatları təhlil olunur və yüksək riskli subyektlər prioritet monitorinqə cəlb edilir”, - deyə AEM-in direktoru diqqətə çatdırıb.