adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2021 09:59
973
HADİSƏ
A- A+

Bu il yol qəzaları neçə can aldı: 9 ayın dəhşətli nəticəsi...

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) cari ilin 9 ayı ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikasını yayıb.

Adalet.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 504 nəfər həlak olmuş, 1043 nəfər yaralanıb.

Ötən il ölkədə pandemiya əleyhinə tətbiq olunan məhdudiyyət tədbirləri ilə əlaqədar hərəkət intensivliyinin və buna görə də qəza riskinin əhəmiyyətli dərəcədə azalması nəticəsində formalaşmış göstəricilərlə müqayisədə cari ilin 9 ayı ərzində hadisələrin sayı 26 (+2.3%) fakt, yaralananların sayı 20 (+2%) nəfər artmış, ölənlərin sayı isə (504) sabit qalıb.

Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş vermişdir. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.

Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir.

Bundan başqa, yol-nəqliyyat hadisələrin növləri içərisində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları da üstünlük təşkil edir.

Yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan: 16 yaşına qədər qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.