adalet.az header logo
  • Bakı -°C
25 Iyun 2026 10:14
82
MƏDƏNİYYƏT
A- A+

Uşaqların “Xoruz babası” - Əntiqə Kərimzadə yazır...

Tale bəzən elə kinoya çevrilir. İnsan bütün acıları teatr səhnəsində deyil, elə məhz həyat adlı səhnədə oynayır. Yaratdığı obrazlarla hamının sevimlisi olmuş, ömrünün sonuna kimi ailəsinin həsrəti ilə yaşayan Azərbaycan kinosunun ən yaddaqalan baba obrazını yaradan xalq artisti Hüseynağa Sadıqovun payına isə hər iki səhnə düşmüdü. Həm teatr səhnəsində rol alırdı, həm də acılar ilə həyat adlı səhnədə qovrulurdu...

O, 1914-cü ilin 21 Martında dünyaya göz açıb. Ailəsi əslən Cənubi Azərbaycandan idi. Aktyorun 6 yaşı olanda anası onu teatra aparanda Hüseynağa tamaşadan çox təsirlənir. Orta məktəbi bitirdikdən sonra teatr texnikumuna daxil olur. 1930-cu ildə Gənc Tamaşaçılar Teatrının aktyor truppasına daxil olur.

Elə həmin il ailəsi Cənubi Azərbaycana qayıtmalı olur. Hüseynağa Sadıqov isə işini sevdiyi üçün Bakıda qalır. Ailəsinin yenidən qayıdacağını düşünərək daima onların yolunu gözləyir.

Hüseynağa Sadıqov İkinci Dünya Müharibəsinin iştirakçısı olub. O, döyüşlərə könüllü gedir və Reyxstaqa kimi döyüşür. İki dəfə yaralansa da, sağalaraq döyüşlərə davam edib. 

Müharibə bitdikdən sonra Sovet Ordusu İran ərazisindən keçərək geri qayıdırmış. Təbrizdən keçəndə əsgərlərin sırasında addımlayan Hüseynağa kənardan atasının ona baxdığını görür, amma atası ilə gedib görüşə bilmir.. 

Qızı Tamilla Sadıqova müsahibələrinin birində deyirdi: “Atam bu epizodu heç vaxt unuda bilmədi..” 

Müharibədən sonra teatrdakı işinə qayıdır. 1962-ci ildə ilk dəfə kinoya dəvət alır. “Telefonçu qız” filmində təhlükəsizlik mühəndisi rolunu canlandırır. 

1964-cü ildə “Sehirli Xalat” filmində yaltaq vəzir roluna çəkilir. O, 1966-cı ildə “Mosfilm”in lentə aldığı “Ələddinin sehirli çırağı” filminə dəvət alır və baş vəzir obrazını canlandırır. Çəkilişlər zamanı rejissor Boris Rıtsarev və məşhur aktyor Georgi Millyar daima Hüseynağa Sadıqovla məsləhətləşir, onun fikirlərini alırdılar. Yuri Nikulin, Sergey Filippov kimi aktyorlarla dostluq edir, onlar aktyorun Bakıdakı evinə qonaq gəlirdilər. 

Hüseynağa Sadıqov “Yeddi oğul istərəm”, “Şərikli çörək”, “Ad günü”, “Alma almaya bənzər” və “Babamızın babasının babası” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. “Babamızın babasının babası” filmində yaşının çox olmasına baxmayaraq, at çapma səhnələrində dublyordan istifadə olunmur. 

Daima onu mülayim və müsbət obrazlarda görsək də, “Yenilməz batalyon” filmində əzazil və qəddar bir obraz canlandırır. 
Hüseynağa Sadıqov həm də televiziya tamaşalarında rol alırdı. “Piri Babanın Nağılları” verilişi ilə uşaqların sevimlisinə çevrilir. Böyükdən-kiçiyə hamı ona “Xoruz baba” deyə müraciət edirdi.

 Aktyor infarkt keçirib xəstə yatan zaman aktyora xəbər verirlər ki, uşaqlar gəlib. Onu görmək istəyirlər. Hüseynağa Sadıqov özünü yaxşı hiss etməsə də, uşaqlarla görüşür. 

 O, 1950-ci ildə Sürəyya adlı xanımla ailə qurub. Bu evlilikdən Tamilla adlı qızı dünyaya gəlir.

 Qızı deyirdi ki, atam təbiətcə çox sakit adam idi. Heç vaxt yüksək səslə danışmazdı. Amma çox sərt baxışları var idi. Mənə elə gəlirdi ki, o baxışları ilə hər şeyi oxuyur.. 

Taksi sürücüləri ondan pul almadığı üçün aktyor hər yerə piyada gedirmiş. Avtobus və trolleybusa isə insanların diqqətini çəkməmək üçün minmirdi. Bazara gedəndə ondan pul almaq istəmirdilər. Qızı bildirir ki, atam pulsuz bir çöp də götürməzdi..
Hüseynağa Sadıqov 1956-cı ildə Əməkdar Artist, 1979-cu ildə isə Xalq Artisti adına layiq görülür. Ömrünün son günlərində aktyor diqqətdən kənarda qalır. Bir zamanlar daima evinə gəlib-gedən şəxslər artıq zəng belə etmir. 

Hüseynağa Sadıqov 23 Fevral 1983-cü ildə 69 yaşında Bakıda vəfat edir.