adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 10:48
75
İQTİSADİYYAT
A- A+

“Ona görə də insan qazandığını artırmağa deyil, göstərməyə həvəsləndirilir...”

“Modernizm insana kənddə qoyun saxlamağı gerilik kimi göstərir, amma şəhərdə it saxlamağı prestij hesab etdirir. Halbuki qoyun iqtisadi dəyər yaradır. Ət verir, süd verir, yun verir, gəlir gətirir. O, istehsalın və əməyin bir hissəsidir. İt isə əksər hallarda sahibinin qazandığı resurs hesabına yaşayır. Məsələ qoyunla itin müqayisəsi deyil. Əsl məsələ dəyərlərin necə dəyişdirilməsidir”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, kapitalistlər dünyada elə bir düşüncə formalaşdırır ki, istehsal etmək yox, istehlak etmək daha cəlbedici görünür:

“"Əmək" gerilik, "mənasız nümayiş" isə müasirlik kimi təqdim edilir. Ona görə də insan qazandığını artırmağa deyil, qazandığını göstərməyə həvəsləndirilir. Bu dəyişiklik bir gündə və ya bir il, iki il ərzində də baş vermir. Onilliklər ərzində insanların düşüncə tərzi addım-addım yenidən formalaşdırılır. Nəticədə insan öz seçimlərini sərbəst etdiyini zənn edir. Amma həmin seçimlər ona əvvəlcədən şüuraltı təlqin edilmiş olur. Modern köləlik də məhz budur. İnsanın əl-qolu deyil, düşüncəsi idarə olunur. O, özünü azad hesab edir, amma istehlakın, görüntünün və süni ehtiyacların arxasınca ömrünü sərf edir. Əlqərəz, kapitalistlərin bu gün ən böyük kapitalı insanın şüuruna nəzarətdir. Şüurunu başqasına idarə etdirən insan isə fərqinə varmadan onun üçün yazılmış ssenarini yaşayır. O, seçimlərini özünün etdiyini düşünür, halbuki onun nəyi istəməli olduğunu artıq başqaları müəyyənləşdirir”.

Vasif ƏLİHÜSEYN