SON DƏQİQƏ:

Məmləkət xatirələri - Vüqar Abbasov yazır

  856   |  
Şriftin ölçüsü  

Ücüncü yazı.

 

“Keçmiş  xatirələrdə, gələcək isə xəyallarda yaşayır”

 Əbu Turxan

 

“...Bütün bunlara hamımızın göz yummasına görə nə vaxtsa özümüzə haqq qazandırmağa çalışacağıq? Çalışsaq da, bunu bacaracağıq?” - ikinci yazıdan. Yazının linki: https://adalet.az/w225557 .

 

Yollar

 

Mənə elə gəlir ki, gələcəkdə özümüzü bağışlaya bilməyəcəyimiz məqamlardan biri də məmləkət yollarındakı qayda-qanundur. Daha doğrusu, qaydasızlıq, qanunsuzluq desək daha doğru olar, deyə düşünürəm.  Düzünü qeyd etmək lazımdır ki, yollarımız yaxşılığa doğru çox dəyişib. Baxırsan ki, az qala hər kəndə, qəsəbəyə yol çəkirlər. Ancaq yollarda qayda - qanuna əməl edən olduqca azdır  (bu barədə bir qədər sonra).

 

Müşahidələrim əsasında belə nəticəyə gəldim ki, yollarda yol hərəkət nişanları yetərincə deyil və mənə elə gəlir ki, nəzərdə tutulduğundan, yəni olmalı olduğundan çox azdır. Bir (neçə də ola bilər) jurnalist lazımdır ki, araşdırsın ki, məsələn, hər km yolda nə qədər yol nişanı olmalıdır və nə qədər mövcuddur. Deyək ki, qarşıda yolayrıcı var. Ondan neçə metr öndə və neçə yerdə  bunu bildirən işarə yerləşdirilməlidir və neçəsi yerləşdirilib. Bunu həmçinin yolüstü piyada keçidlərinə və.s. aid etmək olar. Sadə bir misal, təsəvvür edin ki, ötmə əməliyyatı edirsən və sürət həddinin dəyişdiyini bildirən işarə sənin sağında qalır və ötməkdə olduğun avtomobil bu işarənin qarşısını kəsdiyindən sən onu görmürsən. Qarşıda yol sürətini bildirən işarəyə rast gəlmək bir daha mümkün deyil, ya da çox gec rast gəlirsən. 

 

Sözsüz ki, yola çəkilmiş, çəkilməli olan xəttlər də ayrı bir araşdırma mövzusudur. Bu xəttləri çəkərkən nədən istifadə edirlər ki, qısa bir müddət sonra pozulur və demək olar ki, görünməz olur. Əksər yerlərdə yolüstü piyada keçidləri görünməz haldadır və bu da  həm sürücülərə, həm də piyadalara çətinlik yaradır.

 

Yol mədəniyyəti

 

... Şəhərə getməli idim, görüşüm vardı. Təxmin etdim ki, görüşəcəyim adam ləngiyə bilər. Məmləkət reallıqlarından xəbərim var, birisi beş dəqiqəyə çatacağını deyirsə, bunu çox vaxt yarım saat kimi də qəbul etmək olar. Odur ki, özümlə kitab götürməyə qərar verdim ki, tanışım ləngiyərsə vaxtım boşa keçməsin. Atamın kitabxanasına göz gəzdirirəm və əlimə keçən ilk kitabı götürürəm. Yolda telefonuma zəng gəlir. Sükan arxasında danışmayım deyə maşını kənarda saxlayıb telefona cavab verirəm.  Bu yerdə qeyd etməyi borc bilirəm ki, əsas yolda, yaxud da sürət yolunda deyildim (hara olduğunu indi də xatırlamıram).  Elə yenicə danışığımı bitirib, yoluma davam etmək istəyirdim ki, bir polis yaxınlaşdı. İnsafnan desək, özünü mədəni surətdə təqdim etdi və  sənədləri istədi. Səbəbini soruşunca “Burda maşın saxlamaq olmaz” – dedi. Niyəsini soruşdum, mənə yol kənarında, uzaqda olan bir işarəni işarə etdi. Mən də “Mən yola siz göstərən istiqamətdən deyil, bax buradan daxil olmuşam. Odur ki, o işarəni görməmişəm. Sizcə, burada eyni işarəni təkrar qoymaq lazım deyildi?” deyincə polis bir mənə baxdı, bir də mən deyən yerə deyəsən haqlı olduğumla razılaşdı, görünür abrlı adam imiş, “Müəllim, sürün gedin, maşını burada saxlamaq olmaz” – deyib məndən uzaqlaşdı.

 

... Məmləkətdə sürücülük mədəniyyəti də olduqca aşağı səviyyədədir. Sürücülərin çoxusu hərəkət etməli olduğu xəttin içərisi ilə hərəkət etmir, edənlərin sayı çox azdır. İstədiyi vaxt sağdan sola və əksinə keçənlər də öz yerində. Mən hələ əksər sürücülərin işarə bildirən işıqları yandırmadığını demirəm. Bir sözlə, yollardakı qayda pozanlardan yazmaqla, danışmaqla bitməz. Burada sözsüz ki, sürücülük vəsiqələrinin verilməsi zamanı tələblərə lazım olduğu kimi əməl edilməməsi də rol oynaya bilər. Maraqlıdır, bizdə sürücülük məktəbləri varmı? Varsa, orada normal dərs verirlər?  

 

 

Bu yerdə qeyd etməyi vacib bilirəm ki, mən Niderlandda da sürcülük vəsiqəsi almışam və təbii ki, imtahan verərək. Neçə illik sürücülük təcrübəmə baxmayaraq buradakı imtahanı bir neçə cəhddən sonra verə bildim. Niderlandda sürücülük vəsiqəsinin verilməsi də ayrıca və geniş yazının mövzusudur.

 

Başlıqsız

 

Bura başlıq tapa bilmədim. Bəzi məqamlar olur ki, ora başlıq da, ad da tapmaqda çətinlik çəkirsən.

 

... Gəlib çatıram görüş yerinə. Maşını dayanacaqda saxlayıb  zəng edirəm görüşəcəyim adama. “Beş dəqiqəyə çatıram” – deyir. Məsələ aydındır.  Maşındakı kitabı götürüb keçirəm bulvardakı çayxanaya. Yer tapıb əyləşirəm və əyləşən kimi də çay paylayan (çayçı demək yerinə düşərmi?) mənə yaxınlaışr: “Məllim (onun danışdığı kimi yazıram), neçə nəfər olacaqsız?”  - soruşur.

  • Bir çaynik çay ver, iki dənə də stəkan.
  • Nə mürəbbəsi istəyirsiz?
  • Mürəbbəsiz olmaz?
  • Yox, mütləq iki (?!) mürəbbə götürməlisiniz?
  • İki niyə bəs?
  • Bilmirəm, belədir də...

 

Az qalır üstümə kükrəsin, yəqin yumşaq danışığımdan  ürəklənib deyə. Gülümsəyərək “Gətir” – deyirəm. Kitabı vərəqləməyə macal tapmamış tanışım gəlir. Onsuz da bazburdlu idi, indi bir az daha da artıq bazburdlu olub.  Salamlaşıb otururuq və elə söhbətə başlayan kimi çay paylayan ilə dialoqumu danışıram. Tanışım çay paylayanı çağırıb uca səslə “Bu nə qaydadır belə? Təzə çıxıb ki, mütləq iki mürəbbə almaq lazımdır?” Mənim üstümə kükrəmək istəyər cavan oğlan büzüşür və yenə də “Bilmirəm, mən təzə işləyirəm burda. Belədir də” deyir. Gözüm masanın üstündəki kitaba, Dosteyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar”ına sataşır, gülümsəyirəm, ancaq içimdə bir sızıltı ilə. Sonrakı günlərdə də çox buna bənzər hadisələrin şahidi oldum; qarşındakını güclü, imkanlı hesab edəndə bir cür, özündən zəif hesab edəndə isə başqa münasibət sərgiləyənlər çoxluq təşkil edir məmləkətdə.  Ümumiyyətlə,  sirr deyil ki, məmləkətdə nə qədər desən çervyakovlar (Çexov “Məmurun ölümü”), maslobeyevlər (“Alçaldılmış və təhqir edilmiş insanlar”) görmək mümkündür. Sonuncunun  “Mən aslan yanında tülkü, tülkü yanında aslanam” fikrini isə  (yadımda belə qalıb, kitabı təkrar oxumağa vaxtım olmadı) xatırlamalı oluram, rastlaşdığım bir çox hadisələr xatırladır.

 

  • ... Sən niyə Şuşaya getmədin? Komitə (Diasporla İş Üzrə Dövlət Komitəsini nəzərdə tutur) Azərbaycanda olan  diaspor nümayəndələrini Şuşaya aparırdı – deyən tanışmın səsi məni xəyaldan ayırdı...

 

Maraqlı sual idi. Davamı növbəti yazımda.

 

 

Ardı var.

 

Vüqar Abbasov.

Niderland-Azərbaycan-Niderland.

[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK