SON DƏQİQƏ:

"Gender əsaslı zorakılıq hallarının artması bizim qarşımızda bir çox vəzifələr qoyur"- MÜSAHİBƏ

  1630   |  
Şriftin ölçüsü  

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Professor Hicran Hüseynova SABAHİNFO,AZ saytına ümsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

 

-Hörmətli Hicran xanım, Milli Məclisin Payız sessiyası öz işinə başladı. Sessiya müddətində rəhbərlik etdiyiniz komitə tərəfindən qanunverici bazanın möhkəmləndirilməsi istiqamətində nə kimi işlər görüləcək?
-Ailə, qadın və uşaq məsələləri elə bir sahədir ki, burada nə qədər iş görülsə də yenə də həllini gözləyən məsələlər qalır. Yaranmış hər yeni vəziyyət, hər yeni çağırış bu istiqamətdə çeviklik və operativlik tələb edir. Milli Məclisdə qəbul olunan hər bir qanun ilk növbədə insan azadlıqları və vətəndaşların konstitusion hüquqları tələblərinə cavab verir. Ölkədə ailə, qadın və uşaq dövlət siyasəti sahəsində güclü qanunvericilik bazası yaradılmışdır. Ancaq eyni zamanda, əvvəldə də qeyd etdiyim kimi, zamanın tələbinə uyğun olaraq qanunvericiliyə əlavə və dəyişikliklərin olması vacibdir. Həmçinin, qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda bu siyasətin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasının və hüquqi normativ aktların yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu baxımdan, daim təhlillər aparılır, beynəlxalq təcrübə öyrənilir, statistik göstəricilərin dinamikası araşdırılır. Bu gün ailədaxili münasibətlərdə yaranmış çətinliklər, boşanmaların sayının artması, ailə-məişət zəminində zorakılıq, eləcə də gender əsaslı zorakılıq hallarının artması bizim qarşımızda bir çox vəzifələr qoyur.
Komitə ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir. Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində ailə, qadın və uşaq məsələlərinə dair rəy verir. davamlı olaraq hər üç istiqamətdə aktual mövzularla bağlı dinləmələr və konfranslar keçirir, mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində təhlillər aparır, təkliflər hazırlayır. Qəbul olunmuş qanunların tətbiqindəki boşluqları müəyyən edir və müvafiq olaraq əlavə və dəyişikliklər paketi hazırlayır. Qısa müddət ərzində biz “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər”(Pandemiya və post-müharibə dövrü), “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” “Gender (kişi və qadınların) bərabərliyinin təminatları” haqqında Qanunun icra vəziyyəti: imkan və çətinliklər, “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzularında dinləmələr keçirmişik. Xüsusilə pandemiya dövründə ailə məsələləri, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı bir çox tədbirlər keçirmişik, təkliflər hazırlamışıq. 44 günlük Vətən müharibəsi və 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən ərazilərimizin işğalı, yerüstü və yeraltı sərvətlərimizin qanunsuz istismarı, şəhər və kəndlərimizin dağıdılması, milli, mədəni tarixi irsimizin məhv edilməsi və bilərəkdən erməniləşdirilməsi, o cümlədən, dinc əhalinin qətlə yetirilməsi, yaşayış və mülki binaların qadağan olunmuş raketlərlə bombalanması nəticəsində həlak olan və yaralanan qadın və uşaqlar, qocalarla bağlı müvafiq beynəlxalq təşkilatlara müraciətlər göndərmişik. Beynəlxalq konfranslarda bu məsələ ilə bağlı məruzələr etmişik. Biz Milli Məclis olaraq ailə, qadın və uşaq məsələləri ilə bağlı mövcud qanunvericiliyin tətbiqi, implementasiyası və qanunların icra mexanizmi ilə bağlı həm müvafiq icra orqanları, Ombudsman Aparatı, QHT-lər və media ilə əməkdaşlıq çərçivəsində fəaliyyətimizi daha da ardıcıl və sistematik həyat keçiririk. Bu sessiyada da fəaliyyətimizi sadaladım istiqamətlər üzrə davam etdirəcəyik.
 

-Qadın zorakılığı ilə bağlı statistika ilə bağlı nə deyə bilərsiniz? Bu yöndə həyata keçirilən işlər öz müsbət təsirini veribmi?

-Burada statistik rəqəmlərin dinamikasından daha çox, zorakılıq hadisəsinə münasibət, bu halların qarşısının alınması əsas məsələdir. İstər bir fakt, istərsə də 10 və ya daha çox fakt olsun. Əgər etibarlı müdafiə müdafiə mexanizmi yoxdursa, əgər belə hallar aşkarlanmırsa bu daha təhlükəli hallara gətirib çıxaracaq. Necə ki biz bunu müşahidə edirik. Adətən məişət zorakılıqlarının böyük hissəsi milli-mənəvi dəyərlər fonunda latent qalır və dövlət orqanlarının böyük əksəriyyətindən məlumatı olmur. Bu xüsusi vacib məqamdır. Həmçinin təcrübə göstərir ki, maarifləndirmə səviyyəsi yüksək tələblərə cavab vermir. Bu da özünü iki halda göstərir: birincisi, bu sahədə fəaliyyət göstərən yerli qurumların əməkdaşları məişət zorakılığı sahəsində qəbul olunmuş aktları yüksək səviyyədə mənimsəməmişlər və normaların tətbiqi zamanı çoxsaylı problemlər yaşanır. Digər tərəfdən bu sahədə əhalinin məlumatlılıq səviyyəsi hələ də istədiyimiz səviyyədə deyil (hər bir hadisəyə məişət zorakılığı prizmasından yanaşılma və ya məişət zorakılığı olduğu halda zorakılığın bu növünə aid edilməməsi) . Eyni zamanda, mövcud yanlış stereotiplər də maariflənmə və məlumatlanma prosesinə maneə törədir. Unutmaq olmaz ki, insan psixologiyası və təfəkkürünü dəyişmək, onu yanlış təsəvvürlərdən uzaqlaqdırmaq vaxt tələb edir.

2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edildi. Bu Qanununun qəbul edilməsindən 10 ildən çox müddət keçir. Hazırda bu Qanunun tətbiqi zamanı yaranan bəzi çətinlikləri müşahidə edirik. Təcrübə göstərir ki, bu Qanunun təkmilləşdirilməsinə ehtiyac vardır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Qadınlara qarşı zorakılığın mühüm nəsillərarası fəsadları da var. Bunların sırasında körpə ölümü səviyyəsinin yüksək olması, uşaqların təhsil göstəricilərinin aşağı düşməsi, onların psixi, psixoloji və fiziki sağlamlıqlarında problemlərin yaranması, uşaqların zorakılığa məruz qalma və ya yetkinlik dövründə zorakılıq törətməsı, boşanma səviyyəsinin artması və ailələrin dağılması, qohumlararası münasibətlərin korlanması və s. təsirləri göstərmək olar. Bu tendensiyanın davam etməsi gələcəkdə bir sıra demoqrafik problemlərinin, eyni zamanda, genefonda mənfi təsirlərin və daha ağır fəsadların yaranmasına səbəb ola bilər. 2020-ci ilin noyabr ayında cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiqlənmişdir. Bu Planın icrasının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin Sərəncamı da mövcuddur. Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bizim bu istiqamətdə bir sıra nəticələr əldə etməyimizə müsbət təsir göstərəcəkdir. Xüsusilə də, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, xidmətlərə çıxışın əlçatan olması sahəsində mühüm işlər görülməlidir. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və səmərəliliyinin artırılması da qarşıda dayanan məsələlərdəndir. Bunun üçün həm yerli qanunvericiliyin təhlili aparılmalı, müsbət beynəlxalq təcrübə öyrənilməlidir. Qeyd etdiyim kimi, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı”nındın irəli gələrək Milli Məclisin müvafiq Komitəsi olaraq biz də bu sahədə öz töhfəmizi verməyə çalışırıq. Bu məsələ kompleks yanaşma tələb edir, belə ki, təkcə bu Qanun deyil, eləcə də digər qanunvericilik aktlarında əlavə və dəyişiklikləri edilməsi zərurəti yaranmışdır. Artıq təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

-Statistikaya görə, 2021-ci ilin müvafiq dövründə boşanma hallarında artım var. Bu statistikanın artmasına səbəb nədir?

-İnsan hüquqları bəyannaməsində göstərilir ki, “ Ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biridir”. Bu institutunun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Bəzi inkişaf etmiş ölkələrin çoxunda sosial institut kimi ailə anlayışı öz əhəmiyyətini itirmək üzrədir. Son zamanlar ailədaxili münasibətlər öz böhran dövrünü keçirir. Belə bir vəziyyətin yaranmasına bir sıra amillər səbəb olur: sosial və psixoloji uyğunsuzluğu, reproduktiv sağlamlıq, zərərli vərdişlərə aludəçilik, mədəni, dini, əxlaqi dəyərlərin çökməsi və s. Əgər statistikaya nəzər yetirsək görərik ki, Macarıstanda bağlanan nikahların 67%-i ,İsveçdə bağlanan nikashların 47%-i, Çexiyada bağlanan nikahların 66%-i, Portuqaliyada bağlanan nikahların 68%-i, Ukraynada bağlanan nikahların 42%-i,ABŞ-da bağlanan nikahların 53%-i, Rusiyada bağlanan nikahların 51%-i,Belçikada baglanan nikahların 71%-i, Slavyan ölkələrində bağlanan nikahların 68 %-i boşanma ilə bitir. Əfsuslar olsun ki, Azərbaycanda da boşanma halları artmaqdadır. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi yeniliklər və təhlükələrlə üz-üzədir. Milli və mənəvi dəyərlərimizi qurban verməməliyik. Yad təsirlər sevgini, hörməti, etibarı, ümumi mənafeni qısqanclığa, ikiüzlülüyə, xəyanətə, eqoizmə çevirir. Sədaqət, ədalət, məhəbbət və mərhəmət hisləri azaldıqca, insanların bir yerdə sakit, sülh, əmin-amanlıq və hörmət içində yaşamaları da problemə çevrilir. Bu isə boşanmaların sayının artmasına, ailədaxilində məişət və gender əsaslı zorakılığın artmasına, təkvalideynli ailələrin artmasına və digər ağır fəsadlara gətirib çıxarır. Bütün bunların fonunda Azərbaycanda da ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin tənzimlənməsi, daha da inkişaf etdirilməsi, qorunub saxlanılması gündəmdə dayanan əsas məsələlərdəndir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır. Ona görə də ailə qanunvericiliyində yeni təklifləri hazırlanmasına ehtiyac vardır. Ailə qurmaq tərəflərin(kişi və qadının) hüquq qabiliyyətini heç bir halda məhdudlaşdırmır. İnsan nikahdan sonra öz fəaliyyətini davam etdirməlidir. Təcrübə göstərir ki, bir çox kişilər evləndikləri qadının peşə, fəaliyyət seçmə hüququnu pozur, onu cəmiyyətdən təcrid edir. Və bu da bir çox hallarda ailədaxili münasibətlərdə münaqişələrə, bəzən isə intihara cəhd etmə kimi hallara gətirib çıxarır. Bunu nəzərə alaraq ailənin rifahı üçün ər və arvadın fiziki və mənəvi inkişaf etmə hüququ məsələsinin Ailə Məcəlləsinə daxil edilməsini təklif edirik. Nikah müqaviləsindən əvvəl tələb olunan sağlamlıq haqqında arayışda psixoloji müayinə ilə yanaşı psixoloji məsləhətin alınması da tələb olunmalıdır. Son statistik hadisələrə fikir versək görərik ki, heç bir ciddi səbəb olmadan ailələrdə, xüsusilə gənc ailələrdə dözümsüzlük yaxud gərgin psixoloji vəziyyətdən ağır cinayət hadisələri baş verir. Cütlüklər nikahdan əvvəl ailə psixologiyası üzrə məsləhətlər alsalar daha yaxşı olar. Bunun isə könüllü olması inandırıcı nəticələr verməyəcək. Ona görə də bu halların məcburiliyi normativ hüquqi aktlarda öz əksini tapması yaxşı olardı. Eyni zamanda, ailə münasibətlərinin düzgün qurulması üçün “yeni evlilər üçün yaddaş kitabçası” və ya “ailə əlifbası” borusunun hazırlanması və qeydiyyat şöbələri və ASAN Xidmət tərəfindən payalanılması bu sahədə maarifləndirmə işlərinə böyük dəstək olar bilər. Boşandıqdan sonra qadın və uşağın bir çox sosial-iqtisadi problemləri üzə çıxır. Övladını təkbaşına böyüdən, bir çox hallada işləməyən və ümidini həmin alimentə bağlayan anaların və himayədə olan uşaqların hüquqlarının müdafiəsi cəmiyyətdə ciddi problemə çevrilməkdədir. Boşanmaq heç bir halda nə qadını, nə də kişini valideynlik vəzifəsindən və məsuliyyətindən azad etmir. Əkinsə, onlar elə etməlidirlər ki, bu hadisə uşaqların həyatına, təhsilinə, sağlamlığına zərər vurmasın, ancaq biz bunun əksini müşahidə edirik. Əfsuslar olsun ki, bir çox hallarda valideynlər təyin edilmiş alimenti ödəmirlər. Bu məsələnin özü də bir ayrıca müzakirə mövzusudur. Alimentin alınması işləri ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar son 18 ildə qırx bir tam onda beş dəfə artım olmuşdur. Əlbəttə ki, bu sahədə qanunvericilikdə də bəzi əlavələrin edilməsinə ehtiyac yaranır. Əgər 2001-ci ildə alimentin alınması ilə bağlı məhkəmə qərarlarının icrasının sayı 2260 idisə, 2019-cu ildə bu rəqəm 93 939 olmuşdur. Bu statistik göstəricilər və eləcə də edilən müraciətlər bir daha Aliment Fondunun yaradılması məsələsini aktuallaşdırır. Qeyd edim ki, bununla bağlı, beynəlxalq təcrübə var və bu təsisat işlək mexanizmdir.

-Hicran xanım 44 Günlük Şanlı Zəfər Tarixinin 1 ili tamam olmaq üzərədir. Möhtəşəm Zəfər Tarixi barəsində sizin fikirləriniz oxucularımız üçün maraqlıdır...
 

-Rəşadətli ordumuzun qəhrəmanlığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi ilə Azərbaycan tarixi Qələbə çalaraq, ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımız erməni işğalından azad olundu. Bu müharibənin ən vacib nəticələrindən biri məhz xalqımızın özünə inamının, öz gücünə inamının artması oldu. Məhz əsgər və zabitlərimizin igidliyi, Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. Dinindən, dilindən, milli və siyasi kimliyindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün az saylı xalqlar çiyinə-çiyinə mübarizə aparır, Qələbəyə öz töhfəsini verirdi. Bu, bizim birliyimizin ən bariz nümunəsi idi. Artıq biz şəhər və kəndlərimizin işğal tarixini deyil, azad edildiyi tarixləri qeyd edirik. Ancaq hələ görülməli işlər çoxdur. Bu gün bütün dünya erməni vəhşiliyini, vandalizmini görməlidir. Bununla bağlı hər birimiz öz sahəmizdə maksimum fəaliyyət göstərməliyik. 44 günlük Vətən müharibəsi həm ölkədə, həm də bölgədə yeni reallıqlar yaratdı. Bu gün Azərbaycan bölgənin güclü dövlətidir. Keçən ilin sentyabr ayına qədər heç kimin ağlından belə keçmirdi ki, tezliklə, Vətən Müharibəsi başlayacaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gündə möhtəşəm Qələbə qazanacaq, torpaqlarımız erməni işğalından azad olunacaq. Bu gün isə 30 ilə yaxın dağıdılan, talan edilən Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən dirçəlir, məcburi köçkünlərimizin həsrəti bitmək üzrədir. Çox tezliklə vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq, hər birimiz Qarabağa gedəcəyik!
Qısa müddətdə yol, işıq, su və digər infrastrukturun qurulması, “Xarıbülbül” festivalından sonra “Vaqif” poeziya günlərinin keçirilməsi, Füzuli Beynəlxalq Hava Limanının ilk sınaq uçuşu etməsi ölkəmizin gücünün, siyasi iradəsinin, iqtisadi imkanlarının göstəricisidir. Cənab Prezidentin işğal olunmuş ərazilərə etdiyi səfərlər, təməl qoyma mərasimləri, işğaldan azad olunmuş şəhərlərin baş planın hazırlanması, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni-dini irsimizi yenidən bərpa edilməsi- bütün bunlar hamımızı sevindirir, yüksək əhval-ruhiyyə yaradır. Dünya da görür ki, hansı ölkə dağıdıcıdır, hansı ölkə qurucu, bu torpaqların əsl sahibi kimdir Mən inanıram ki, xalqımız hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək, ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK