SON DƏQİQƏ:

Məmləkət xatirələri - Vüqar Abbasov yazır

  1410   |  
Şriftin ölçüsü  

“Keçmiş – xatirələrdə, gələcək isə xəyallarda yaşayır”

Əbu Turxan

 

Hər dəfə məmləkətdən Niderlanda dönəndə xatirələrimi yazıram, həm Niderand, həm də Azərbaycan mətbuatına. Bu dəfə isə ancaq Azərbaycan mətubatına yazacam. Niderland mətbuatına yazmamağımın səbəbini xatirələrimdə oxuya biləcəksiniz.

Məmləkətə budəfəki səfərim bir qədər fərqli oldu, sözün bir çox mənalarında. Elə bu yazımı da “Ədalət”ə artıq bu qəzetin rəsmi əməkdaşı kimi yazıram, sənədli-sübutlu əməkdaşı kimi.

Son iki ildə məmləkətə gedə bilməmişdim, öncəki il şəxsi səbəblərdən, sonrakı ildə isə məlum virus imkan verməmişdi. Nəhayət gedə biləcəkdik. Ancaq şərtlər tam fərqli idi. Biletləri hələ yanvar ayından almış olsaq da viza məsələsində problem yaranmışdı, elektron vizaların verilməsi müvəqqəti dayandırılmışdı. Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxladım. Sağ olsunlar, elektron poçtla onlara ünvanladığım məktuba vaxtında cavab verdilər və elə sonra da sənədlərin qəbul edilməsində, vizanın verilməsində də yüksək peşəkarlıq, mədəniyyət və ən əasası insanlıq nümayiş etdirdilər. Adətimdir, düzə düz, əyriyə əyri deməyə çalışaram. Daha doğrusu, hər vaxt düz bildiyimi deyər, ancaq mənim düz bildiyimin başqasıının gözündə əyri görünə biləcəyini də unutmaram. Qısası, düz bildiyimi deyər, ancaq bildiyimin düz olduğunu iddia etmərəm.

Dünyanın başlanğıcı

Evdə hamımızın saya-saya gözlədiyimiz gün gəlib çatdı. Sənədlər də qaydasındadır, həmçinin vaksin vurulması ilə bağlı sənədlər, testin nəticələri və.s. Dünyanın başlanğıcına gedirik.

Haşiyə: Bir dəfə niderlandlı tanış jurnalistlərdən biri mənə “Özünü dünya adamı hiss edirsən?” – deyə sual etmişdi. Mən də “Bəli” deyincə, “Bəs niyə yerli (Niderland) mətbuatda, fb-da yazdıqlarının çoxunda Azərbaycandan bəhs edirsən?” soruşmuşdu. Mən də cavabında “Bəli, özümü dünya adamı hiss edirəm, ancaq dünya mənim üçün Azərbaycandan başlayıb” demişdim və bu cavab niderlandlı tanışımın da xoşuna gəlmişdi.

Beləliklə, mənim üçün dünyanın başlandığı yerə yola düşürük.

12 saat maska ilə

Schipholdan, Amsterdam hava limanından, məlum virusla bağlı maska taxmaq məcburiyyətində olduq və bu, Bakı hava limanından çıxana kimi belə də davam etdi, təxminən 12 saat çəkdi. Hələ evimizdən hava limanına qədər taksi ilə gələndə maska taxmaq məcburiyyətini saymıram. Bir neçə saat maska taxmaqdan əziyyət çəkdim. Görəsən ömür boyu maska ilə gəzənlər bir gün maskasız dolaşmağın nə qədər gözəl olduğunu bilirlər? Ancaq təbii ki, o maska başqa maskadır...

Bu da Bakı

Xırda macəranı, daha doğrusu, mən və uşaqlar üçün gülməli olan bir hadisəni nəzərə almasaq, Bakıya macərasız çatdıq. Nə idi bizi güldürən? İstanbul Hava limanında Bakıya uçacaq təyyarənin dayandığı qapıya çatmağa az qalmış cavan bir oğlan mənə müraciətlə “Dayı, bir dəqiqə sizi olar?” dedi. “Buyur” deyincə “Bir telefonum var, onu versəm Bakıya apararsınız? Qardaşım çıxıb qarşılayacaq” dedi. Belə şeyləri sevmədiyimdən telefonu aparmaqdan imtina etdim və “bacıoğlumla” (mənə “dayı” demişdi axı) söhbətimin davamını yazmıram. Elə biraz da irəliləmişdik ki, başqa “bacıoğlum” mənə “Dayı, sizi bir dəqiqə olar?” deyə səsləndi və mən də həmin dəqiqə qısa və aydın “Aparmıram” dedim. “Bacıoğlum” gülərək “Nəyi?” soruşunca, mən də “Telefonu” dedim. Mən də, mənim yol yoldaşlarım da və “bacıoğlum” da güldük və biz yolumuza davam etdik.. Müşahidə etdim ki, orada dolaşan “bacıoğlanları”nın sayı çoxdur.

Təyyarə Bakıya, Heydər Əliyev adına hava limanına enməkdədir. Təyyarənin günlüyündən şəhərə baxıram, bombozdur, yaşıllıqdan əsər də yoxdur. Ümumiyyətlə, təyyarə ilə Bakıya gəlib-gedənlər təsdiq edərlər ki, təyyarə Bakıya gecə vaxtı enirsə, şəhər havadan çox işıqlı, gündüz enirsə, çox boz görsənir.

Doğmalarla görüş

Hava limanında rastlaşdığım hər kəsi “Sabahınız xeyir” deyə salamlayaraq keçirdim. Bəziləri sanki bunu gözləmirmişlər kimi təəccüblə baxsalar da hamısı “Sabahınız xeyir” - deyə cavab verirdilər. Hava limanında heç bir problemlə üzləşmədən binanı tərk etdik. Bayırda (qarşılayıb yola salanları içəri buraxmırlar) dayanmış doğmalar ilə görüşüb Kürdəxanıdakı evimizə doğru yola çıxdıq. Hə, öncədən icarəyə götürdüyüm maşını da şirkət işçisi vaxtında hava limanına çatdırmışdı.

Yolboyu, sürət yolu olmasına baxmayaraq, yolun bir tərəfindən digər tərəfinə keçənlər artıq məni təəccübləndirmir. Hətta yavaş yeriməkləri də məndə təəccüb yaratmır. Bircə dəfə deyindim, onda da uşaqlar məni elə susdurdular ki, söz tapmadım deməyə. Hava limanından dairəvi yol ilə üzü Pirşağıya gedən yola bələd olanlar bilirlər ki, yol yaşayış yerinin kənarından keçir, daha doğrusu, içərisindən desək daha düzgün olar. Çünki hər iki tərəfdə yaşayış evləri var. Camaat da sakitcə, yolun qırağı ilə olsa da, asfaltın üstü ilə gedirdilər. Mən də öz-özümə deyinirmiş kimi “Yolun ortası ilə niyə gedirsiniz?” deyincə, uşaqlar “Ata, hara ilə getsinlər, səki yoxdur axı” dedilər. Baxdım ki, doğurdan da səki yox imiş. Sonrakı günlərdə isə əvvəlki müşahidələrim bir daha təsdiqini tapdı ki, məmləkətimizdə piyadalar üçün heç də hər yer(d)ə yol yoxdur. Odur ki, insanlar nəyin hesabına olur-olsun, oğurluq-doğurluq “piyadalıq”dan qurtulmaq istəyirlər.

Gəlib çatırıq Kürdəxanıdakı ata ocağımıza. Qapımıza baxıram və özümdən aslı olmadan R. Rövşənin bu bəndini xatırlayıram:

Üzün gülsün axşam-axşam,

Dərdin olsun yalan, qapım!

Uzaq eldən qayıtmışam,

Salam, qapım!... Salam, qapım!..

 

Özünə qayıdır hər şey, özünə

 

Anam kövrəldiyimi hiss edir, hiss etdirməməyə çalışsam da. Səhər tezdən olsa da həyətdə süfrə açılıb. Yuyunandan dərhal sonra süfrənin arxasına keçirəm. Bilirlər ki, mən nə qədər tox olsam da məmləkətin dadlı yeməklərinə yox deyə bilmirəm. Torpağımız həqiqətən də bərəkətlidir, nə bitirirsə dadlı bitirir. Otundan bəslənən heyvanların da ətinin ləzzəti bir başqa olur. Bircə biz bu ölkənin qiymətini tam bilə bilsəydik...

Yeməkdən sonra anam arxadan sakitcə mənə yaxınlaşır və kürəyimi ovxalamağa başlayır. Bilir ki, onun kürəyimi ovxalaması xoşuma gəlir. Əllərindən tutub qarşı tərəfə çəkir və qarşıma qoyduğum oturacaqda oturduram. Gözlərinin içinə baxıram və yenə də R. Rövşənin misralarını xatırlayır, içimdə anamla söhbət edirəm, şairin misraları ilə:

... Özünə qayıdır hər şey, özünə,

Qoy, ana, başımı qoyum dizinə,

mən də qayıtmışam…

Hardan qayıtmışam,

hardaydım, ana?

Mən niyə getmişdim, niyə qayıtdım?

Bəlkə də yatmışdın, səni oyatdım,

Bəlkə oyatmağa dəyməzdi, ana?!

– Yatmağa dəyməzdi bəlkə, ay oğul…

– Bəlkə qayıtmağa dəyməzdi, ana?!

– Getməyə dəyməzdi bəlkə, ay oğul…

 

…Bütün bu yolların sonunda nə var, -

bilirdinsə, ana,

Bütün bu yollar

dolanıb-dolanıb axırda yenə

Sənin yanına

gəlirdisə, ana,

Sən məni yanından niyə buraxdın?!.

 

Anam yenə də kövrəldiyimi hiss edir, özü də kövrəlib. Durub həyətin arxasına tərəf yönəlir və mənə “Dur gəl həyətə bax” deyir. Bərabər həyətə baxmağa gedirik, anam qabaqda, mən arxada. Həyata baxmağı da belə öyrənmişdim, valideynlər qabaqda mən arxada.

 

Ardı olacaq.

 

Vüqar Abbasov.

Niderland-Azərbaycan-Niderland.

[email protected]

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK