SON DƏQİQƏ:

Fərarilərin üzrü qəbul olunmur

  627   |  
Şriftin ölçüsü  

“Qozbeli qəbir düzəldər”. Əfqanıstanda elan olunan müvəqqəti hökumətin tərkibinə nəzər salanda ağlımıza gələn ilk fikir bu oldu. Neçə vaxtdı Talibanın artıq xeyli dəyişdiyi, başları daşdan-daşa dəyəndən sonra 90-cı illərin aqressiv ritorikasından əl çəkdiyi barədə beynəlxalq ictimai rəydə xeyli ziddiyyətli informasiyalar dolaşsa da, nəticə çox acınacaqlı oldu. Xatırladaq ki, bu cür rəyin yaranmasında danışıqlar prosesinin içində olan bəzi siyasətçi və diplomatların nikbin proqnozlarıyla yanaşı təşkilat rəsmilərinin öz davranış və açıqlamaları da mühüm rol oynamışdı. 

Ancaq nəticə gözlənildiyindən də acınacaqlı oldu. Vaxtilə, Talibanın yaradıcısı molla Ömərin yaxın silahdaşı olmuş molla Həsən Axund baş nazir, təşkilatın siyasi qanadının rəhbəri, Dohada keçirilən və aylarla davam eləyən danışıqlarda talibləri təmsil eləmiş molla Əbdül Qəni Bəradər onun müavini, molla Ömərin oğlu molla Məhəmməd Yaqub müdafiə naziri, Əmir xan Müttəki xarici işlər naziri təyin olunub. Daxili işlər naziri postunusa “Haqqani şəbəkəsi” terror təşkilatının başçısı Siracəddin Haqqani tutacaq. S. Haqqaninin adıyla adlandırılan bu terror təşkilatı özünü müstəqil saysa da, əslində “Talibanın nəzdində” fəaliyyət göstərən bir qurum idi, necə deyərlər, “ana terror təşkilatının törəmə müəssisəsi”ydi. Beləliklə, bundan sonra ölkədə terroru polisin özü törədəcək. 

Siyahını xeyli uzatmaq və hökumətin bütün üzvlərininin adlarını bir-bir sadalamaq olardı. Amma bununla mənzərə dəyişməyəcək. Görünən bu oldu ki, aylardı inklüziv hökumət haqqında deyilən sözlər, verilən dürlü-dürlü açıqlamalar yağlı vəd olaraq qaldı, irili-xırdalı bütün postları istisnasız olaraq köhnə taliblər və ya onların yeni sosial-siyasi-genetik varisləri tutdular.

Əfqanıstan reallığında inklüziv hökumət heç də nazir portfellərinin siyasi alternativlər arasında bölünməsi anlamına gəlmir. Bir vaxtlar Britaniya Hindistanı ilə Rusiya imperiyası arasında bufer zonası olaraq Hindiquş dağlarının şimal və cənubunda süni şəkildə yaradılmış bu ölkənin çox sərt çoğrafi ərazisini bir-birinə bağlayan nə sosial-iqtisadi, nə də etnik tellər var. Bu cür əraziləri yalnız güclü imperiyaların qılıncıyla bir çətirin altına yığmaq mümkündü. Makedoniyalı İskəndərin, Böyük Moğolların və bir çox başqalarının dönəmində olduğu kimi.

Burda inklüziv hökumət qurmaq ideyası da elə məhz bu çətin əfqan paradoksunu həll eləmək zərurətindən doğurdu. Milli mənsubiyyətindən asılı olmayaraq hamısı mühafizəkar islam mentalitetinin daşıyıcısı olan, qatı dini baxışlarına görə onlardan heç də geri qalmayan hezarilər (onları “xəzərilər” adlandırmaq yanlışdı, çünki farscadan say mənasında “min” anlayışı verən “hezar” sözündəndi, ruscada “h” səsi olmadığına görə ruslar onu “x” kimi tələffüz edir, biz də onlardan götürərək özümüzə məhrəm olan bir adla adlandırırıq) istisna olmaqla süni məzhəbinə mənsub bu xalqların bir-biriylə barışmaz düşmənçiliyi məhz etnik amillə bağlıdı. Maraqlı təfərrüatdı, bir çoxlarının din təəsübkeşliyinin milli ideyadan daha güclü olması barədə israrla müdafiə və təbliğ elədikləri çox yayğın bir tezisin hətta qatı müsəlman şüurunun hökm sürdüyü Əfqanıstan gerçəkliyində də işləmədiyinin bariz nümunəsidi. 

Taliblərlə güc müstəvisində bacarmayan “böyük güclər”in ümidi təkcə onların inklüziv hökumət qurmaq vədlərinə sadəlövh inamla bağlı deyildi. Talibanın artıq 90-cı illərdən fərqli olaraq yekcins bir qurum olmaması, təşkilatın rəhbərliyində ölkənin gələcəyi və idarəçiliyilə bağlı nisbətən fərqli və sağlam düşüncəyə malik adamların da yer alması barədə onlarda hipotetik bir rəy də formalaşmışdı. Həmin rəyin necə yarandığı, hardan qaynaqlandığı hələlik müəmma olaraq qalır. Ancaq prosesin gedişindən çıxan nəticə göstərir ki, bu heç də dərin siyasi təhlillərdən sonra formalaşmış bir qənaət və ya hansısa kəşfiyyat məlumatı-zad deyilmiş, sadəcə, artıq müvəqqəti hökumətdə baş nazirin müavini (hərçənd, çoxları onun baş nazir olacağını güman edirdi) postunu tutmuş Ə.Q.Bəradərin danışıqlar prosesindəki aldadıcı manevrlərindən doğan yanlış təəssürat imiş…

Bu gün Bəradər qarışıq taliblərin hökumətində təmsil olunanların az qala yarısı BMT-nin sanksiyaları altındadı. Dünya onları terrorçu kimi tanıyır. Amma bu reallıq ABŞ-a Bəradərlə bir masa arxasında uzunmüddətli danışıqlar aparmağa mane olmadı. Xatırladaq ki, terrorçu kimi mühakimə olunaraq Pakistanda cəza çəkən həmin zatı rəsmi İslamabad məhz ABŞ-ın israrlı təkidlərindən sonra azad eləmişdi. Molla Bəradər ola bilsin ki, danışıqlar zamanı ABŞ diplomatlarına Talibanın xeyli dəyişdiyini söyləmiş, 90-cı illərdəkindən fərqli olaraq daha mötədil bir hökumət quracaqlarıyla bağlı xeyli vədlər vermişdi. Amma  radikal islam təfəkkürü “kafirlərə” yalan vəd verməyi nəinki ayıb saymır, hətta bunu fərz hesab eləyir.

Taibanın Əfqanıstanın bugünkü siyasi səhnəsində ən güclü hərbi-siyasi, hətta İSİD-in özündən də beş çömçə artıq terrorçu təşkilat olması mübahisəsiz faktdı. Odur ki, hökumətin yalnız taliblərdən təşkil olunması gerçəklikdən uzaq atılan bir addım sayılmasa da, sadəcə, olduqca həssas bir dönəmdə milli konsensus yaratmaq fürsətinin qaçırılması baxımından qınaq və ittihamlara tuş gələ bilər. Amma bütün hökumət üzvlərinin istisnasız olaraq puştulardan, bir az da konkret desək, onun iki əsas qolu sayılan durrani və gilzai tayfalarının təmsilçilərindən ibarət olması artıq fərqli situasiya yaradır. 

Bir neçə simvolik portfelə yiyə durmaq üçün ölkədə şiə hezarilərinin içindən bir-iki talibançının tapılmamasına inanmaq mümkündü. Bəs, tacik, özbək, türkmənlərə nə gəlib? Axı, onların arasında Taliban üzvləri çox deyilsə, yox da deyil. Bu cür kocmetik gəlişmələr düşmənçilik toxumunun xeyli dərin qatlara işlədiyi bir cəmiyyətdə barışıq yaratmaq üçün həlledici əhəmiyyət daşımasa da, hər halda izsiz də ötüşməz və ilk növbədə “qüdrət sahibləri”nin öz xeyrinə olardı.  Etnik cəhətdən rəngarəng ölkələrdə milli barışığa doğru atılan ən kiçicik addımın belə daha çox iqtidarın maraqlarına uyğun olması politologiyanın üstünü toz basmış köhnə tezislərindəndi. Ona görə də bir daha əvvəlki yazılarımızda söylədiyimiz fikrin üstünə qayıtmağa məcburuq: dava din davasından daha çox millətçilik davasıdı.  
Günümüzün ən böyük Əfqanıstan paradoksundan biri də dünya birliyinin taliblərlə gizlənpaç oyunudu. Hələlik, Taliban hökumətini heç kim tanımayıb (yəqin, ilk olaraq Pakistan tanıyacaq və onun bu addımı atması, günlərin, bəlkə də saatların işidi). Düzdü, bir neçə gün qabaq elan olunmuş bir hökumətin tez-tələsik  tanınmaması qeyri-adi hadisə deyil. Məsələ ondadı ki, artıq 30 ildi kal armud olub dünyanın boğazına keçmiş bu qurumu təşkilat kimi də tanıyan yoxdu. Niyə? Çünki üstünə  terrorçu yarlığı yapışdırılıb. Ancaq, bu yarlıq onunla gizli-açıq danışıqlar aparılmasına mane olmayıb. Özü də söhbət təkcə ABŞ-dan və Pakistandan getmir, bu illər ərzində az qala ayağı yer tutan hər ölkə taliblərlə isti münasibətlər qurmaqdan ötrü əsl səlib yürüşünə çıxıb. 

Düzdü, tanınmayan ölkələrlə gizli təmaslar diplomatiyanın yazılmamış qədim qaydalarından biridi. Bunu bəzən üçüncü ölkənin vasitəsçiliyi, bəzən kəşfiyyat orqanlarının əliylə gizli şəkildə edirlər. Ya da vurnuxmalara abırlı don biçmək üçün “de fakto tanımaq” kimi hüquqi cəhədən yayğın bir terminin altında gizlənərək edirlər. 

Rusiyanın bu ölkədəki diplomatik nümayəndəliyinin fəaliyyəti taliblər iş başına keçəndən sonra da davam eləyir. Hətta Federasiya şurasının sədri xanım Matvienko həmin nümayəndəlikdə çalışan diplomatların taliblərin bu günlərdə keçirəcəyi inaqurasiya mərasimində iştirak edəcəyini də anons edib. Di gəl, bu ölkənin istənilən mətbu orqanı gündə on dəfə Talibanın adını çəksə, mütləq ardınca mötərizə açıb onun RF-da tanınmadığını mütləq qeyd eləməlidi. Əks təqdirdə böyük cərimələrlə üzləşə bilər. Yəni, hökumət “tanıya” bilər, mətbuat yox.

Və yaxud 20 illik müharibədə taliblərə biabırcasına məğlub olmuş ABŞ-ın hazrkı Dövlət Katibi Entoni Blinkenin əfqan telejurnalistlərinə verdiyi müsahibəsində fərari prezident Əşrəf Qənidən danışarkən dediyi aşağıdakı sözlərə fikir verin: “O getməmişdən (ABŞ-dan – red.) bir gün əvvəl mənə dedi ki, ölənə kimi taliblərlə vuruşacaq”. Qəninin ölkədən qaçmasına ABŞ-ın kömək edib-etmədiyi ilə bağlı suala mənfi cavab verən dövlət katibi dalıyca lap “gül vurub”, Əfqanıstan prezidentiylə hakimiyyətin talibana ötürülməsi məsələsini müzakirə elədiyini bildirib. Hakimiyyətinə qarant almaq üçün son pənah yeri kimi ən yaxın müttəfiqinə (oxu: süzereninə) üz tutmuş bir ölkənin prezidentinin  bu cür açıq mesajdan sonra nə edəcəyini təxmin eləmək o qədər də çətin deyildi.

Dünən Taliban xüsusi bəyanat yayaraq ABŞ-ın Doha danışıqlarını pozduğunu, orda əldə olunan razılığa rəğmən yuxarıda haqqında danışdığımız “terrorçu-nazirlər”ə qoyulan sanksiyaları ləğv eləmədiyini bildirib. Ümumiyyətlə, Doha danışıqlarının gedişi ictimaiyyətdən gizli saxlandığı üçün ordakı razılaşmaların detalları tədricən açılacaq və əfqan xalqının növbəti tarixi faciəsinin əsl səbəblərini təhlil eləmək xeyli asanlaşacaq.

Bu günlərdə ölkənin fərari prezidenti Əşrəf Qəni də üzə çıxıb. O öz Tvitter hesabında xalqdan üzr istəyib, qaçışının səbəbini qan tökülməsinin qarşısını almaq niyyətiylə izah eləyib. Köhnə bayatıdı, bütün fərari dövlət başçıları və siyasətçilərin hər fürsətdə çeynədiyi sürtük arqumentdi. Əfqanıstanda qan tökülmək erası indi-indi başlayır və bu fəlakətin nə vaxt sona çatacağı, bu insanaqənim rejimin nə vaxt siyasi səhnəni tərk edəcəyi heç kimə bəlli deyil. Əsas müttəfiqinin dönük çıxmasına baxmayaraq, o öz xalqından üz döndərməməliydi fərarilik etməməliydi. Bilməliydi ki, fərarilərin üzrxahlığı qəbul olunmur.

M. Cavadoğlu
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK