adalet.az header logo
  • Bakı 20°C

Faiq QİSMƏTOĞLU: Samovar çayı

FAİQ QİSMƏTOĞLU
38424 | 2021-08-09 11:20

...Yəqin hamınız samovar çayını içmisiniz. Yəni, odunla qaynadılan samovar çayından dəmlənən çayın dadı özgə cür olur. Daha doğrusu, belə çaydan adam nə qədər içsə, yenə doymur. Bilirsiz nəyə görə? Çünki dədə-babadan hər şey təbii yolla hazırlananda daha ləzzətli və daha dadlı olur. Əlbəttə, istənilən yerdə 5-10 manatından keçib, samovar çayı içə bilərsən. Və xüsusən də bütün istirahət məkanlarında baha da olsa, samovar çayı olur. Bu başqa bir söhbətin mövzusudur.

Samovardan söhbət salmağım təsadüfi deyil. Çünki bizim yaşadığımız Yeni Günəşli yaşayış sahəsinin «D» massivində 35 il bundan əvvəl qonşuların alın təri ilə və böyük zəhməti hesabına düzəltdikləri yerdə indi park salınır. O qonşular ki, həmin yerdə qayaları, daşları çıxararaq yük maşınında daşıtdırıblar və onun yerinə Qubadan Şabrandan 100 maşından çox torpaq gətirib tökdürüblər və həmin torpağın üstündə düz 35 il bundan qabaq müxtəlif ağaclar, güllər, çiçəklər əkiblər. Yayın istisində, qışın soyuğunda bu ağacların üstündə övladları kimi əsiblər. Yəni bir gün də olsun qoymayıblar ki, o ağaclar isti yay günlərində susuz qalsın. Əksinə, isti havalarda gün ərzində səhər və axşam  saatlarında orda bitən 100-lə ağacları sulayıblar. Yaxınlıqdakı ağaclar sahibsizlikdən qurusalar da, amma bu ağaclar becərildiyinə və su verildiyinə görə, aybaay, ilbəil böyüyüb və qol-budaq atıb.

İndi İcra hakimiyyətinin və bina sakinlərinin təşəbbüsü ilə bu məkanda müasir layihəyə uyğun park salınır. Artıq həmin parkda daş plitələr yerə düzülüb, bir səliqə-səhman yaradılıb. Eyni zamanda bələdiyyənin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları hər gün orda abadlıq işi görürlər. Amma ən böyük savab işi binanın öz sakinləri yerinə yetirir.

Heç kimə sirr deyil ki, son günlər respublikamızda və Bakı şəhərində havalar həddindən artıq isti keçir və bu isti günlərdə hər bir ağaca su verilməsə, o ağacların əksəriyyəti quruya bilər. Bu bağda ömrünü-gününü xərcləmiş, hər bir ağaca öz balası kimi yanaşan Usta Tahir, Zaur, yeni qonşulardan olan Ceyhun, Rövşən, Usta Tahirin qohumu Zair bu ağacları heç vaxt tək buraxmırlar. Səhər və axşam saatlarında qonşuların gücü ilə bu ağaclar suvarılır. Ağaclara su veriləndən sonra solan yarpaqlar yenidən yaşıllaşır. Boynubükük qızılgül kolları yenidən bardaqlanır. Sanki onlara yeni nəfəs, yeni bir güc gəlir. Axı ağaclar da canlıdır. Ağacların arasında su axtaran bir pişik Usta Tahirin diqqətini cəlb edir:

- Ay Rövşən, bir qab tap, içinə su tök, qoy pişiyin qabağına. Yazıqdı, ciyəri susundan yanır...

Rövşən iki daşın arasında bir qab tapır və o qabı su ilə doldurur.  Gətirib pişiyin qabağına qoyur. Pişik də o ki var su içir, rahatlanır və uzanıb kölgəlikdə yatır...

Qonşumuz Zaur dillənir:

- Heç insafdan deyil. Hamımız lap əldən düşmüşük. Bir tərəfdən isti bizi karıxdırır, bir tərəfdən də ağacların hamısı çətinlik də olsa sulamışıq. İstəyirəm sizə bir samovar çayı verəm!

Zaurun bu sözləri Usta Tahirin ürəyinə yağ kimi yayılır:

- Ay Zaur, samovar çayı qaynatsan, lap əla olar! Rövşən də gedib evlərindən bir-iki stəkan gətirər.

Bu sözləri deyən kimi Zaur samovara od salır, Rövşən isə yaşadıqları birinci mərtəbədən dörd-beş stəkan gətirir. Artıq samovardakı çay yavaş-yavaş qaynayır. Zaur yenidən səslənir:

- Ay Tahir, konfet də gətirmişəm, üstəlik yaxşı da kəklikotumuz var. Bunu da atacam dəm çaynikin içərisinə, lap ləzzətli olacaq.

...Qaynanmış samovardan çaynikdəki rəngin və kəklikotunun üstünə Zaur isti su tökür. Və həmin çayniki qoyur samovarın üstünə. Çox keçmir ki, çay dəm alır. Zaur hərəmizə bir stəkan çay süzür. Usta Tahir çaydan bir qurtum içir və deyir:

- Allah ölənlərinə rəhmət eləsin! Bax, çay belə olar ey! Dadından və ətrindən doymaq olmur. Yoxsa, bizim içdiyimiz çay. O çay deyil ki. Elə hamımız qaçırıq mağazaya və ordan da bir çay alıb dəmləyirik. Nə dadı olur, nə də tamı. Bilirsən, bu çaya dad verən nədi? Onun samovarda qaynaması və çaynikin içində olan kəklikotudur.

...Birinci çayniki çox ləzzətlə içirik. Zaur görür ki, hər şey əla gedir. Deyir, ikinci dəfə çay dəmləyəcəm, bu atacağım ot tam başqa bir ləzzət verəcək. Usta Tahir ətrafına baxır, görür ki, konfet qurtarıb. O dəqiqə qaynı Zairi  konfet dalınca göndərir. 2-3 dəqiqə keçmir ki, Zair əlində bir salafan konfet geri dönür. Yenidən Zaur stəkanlarımıza çay süzür. Doğrudan da, axırıncı dəmlədiyi çay daha ləzzətli olur. Nə az, nə çox, hərəmiz bu çaydan 3-4 stəkan içirik. Həm susuzluğumuz yatır, həm də ağacların kölgəsi altda bizə bu çay ləzzət edir...

...Söhbət heç də samovar çayından getmir ha! Söhbət bir iş görüb tər tökəndən sonra içilən çayın, yeyilən çörəyin adamın canına necə yatmağından  gedir. Biz də o ağacları isti yay günlərində suvarandan sonra tərləsək də, əziyyət çəksək də çiynimizdən sanki ağır bir yük götürülür. Çünki o ağaclar verdiyimiz suyu içəndən sonra yenidən cana gəlir və yenidən rəngi-rufu özünə qayıdır...

...Və biz də bir qonşu olaraq bu anları yaşadığımıza görə onun kölgəsində əyləşib bir stəkan samovar çayı içdiyimiz üçün özümüzü çox rahat və xoşbəxt hiss edirik. Çünki halallıqla yeyilən çörək, içilən çay adama ləzzət eləyir...

TƏQVİM / ARXİV