SON DƏQİQƏ:

Prezidentlə jurnalistlərin arasını vurmaq istəyirlər

  18981   |  
Şriftin ölçüsü  

Bir neçə gün əvvəl aralarında Cahangir Məmmədli, Qulu Məhərrəmli, Mirşahin Ağayev, Arif Əliyev, Vüsalə Mahirqızı  kimi məhşur simaların olduğu   jurnalistlərdən və QHT rəhbərlərindən ibarət 38 imza sahibi Prezident İlham Əliyevə məktubla müraciət edərək onun sərəncamı ilə jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin şəhid və qazi ailələrinə verilməsini xahiş ediblər.

“Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun.”,- deyə məktubda qeyd olunur.

Bu müraciət istər mediya cameəsində, istərsə də cəmiyyətdə birmənalı qarşılanmadı və böyük polemikaya səbəb oldu.

Müsavat qəzetinin redaktoru Xalid Kazımlı sözü gedən məsələ barədə fikirlərini bildirərkən qeyd etdi ki,  bu mövzuda soyuqqanlı, təmkinli, emosional ovqata qapılmadan yazmaq, fikir bildirmək daha yaxşı olar:
“Birincisi, hələ qurd keçini yeməyib, rus demişkən, axşam düşməyib, ona görə də “hər şey bitdi, 4 il gözləyən jurnalistlər evsiz qalacaqlar” ovqatına qapılmağın yeri yoxdur. Son qərarı verən şəxs başqadır və onun hərtərəfli informasiyası, güclü iradəsi var.  4 il əvvəl 3-cü binanın təməli atılarkən “bu bina da jurnalistlərə veriləcək” deyə bina tikiləcək əraziyə barmaq tuşlanıbsa, demək, çoxsaylı insanlara ümid verilib. İndi umsuq duruma düşənlərin ovqatını da nəzərə almaq lazımdır”.
Redaktor şəhid ailələri və qazilərlə media əhlini üz-üz qoymas;ndan narazıdır. “Son 30 ildə şəhid ailələrini və qaziləri ardıcıl və prinsipial olaraq müdafiə edən bircə təbəqə olub – jurnalistlər. Qəzetlərin arxivini qaldırıb baxmaq kifayətdir.
Ölkənin rayonlarında və paytaxtda kifayət qədər boş mənzil var, bir ucdan da tikilir, dövlət lazım bildiyi adamları, insanlar qrupunu həmin rezervdən mənzillə təmin edə bilər, vaxtaşırı edir və bundan sonra da edəcək”,- deyə X.Kazımlı bildirdi

Müstəqil jurnalist Aida Eyvazlı da jurnalistlərlə şəhid və qazi ailələrinin qarşı-qarşıya qoyulmasından narazıdır. Bu barədə o “Facebook” səhifəsində paylaşdığı statusda qeyd edib:

“Jurnalist binalarındakı təzə üç binanın puluna 3 tank, 5 BTR almaq olarsa, o zaman dövlətimizi bu gülünc mübahisə ilə gözdən salmayın. Qoy bu binalar daha layiqli və ehtiyacı olan jurnalistlərə verilsin. Onu bilirəm ki, bu bölgüdə bina alver predmetinə çevrilməyəcək. Unutmayın ki, jurnalistlər arasında da şəhid və qazi ailəsi, övladı olanlar var. 2016-cı ildən bəri şəhid və qazi ailələrini ziyarət edən, onların problemlərini işıqlandlran birincilərdən olmuşam. Hər şəhidi öz köynəyimdən keçirib, balam, qardaşım saymışam. Onların haqqlarından çıxa bilmərik. Amma bir iş də var ki, oşəhid və qazi ailələrinin problemlərini işıqlandıran, şəhidi sözlə yaşadan da jurnalistlərdir. Aranı qarışdırmayın. Bizim düşmənlə müharibəmiz hələ bitməyib axı. Mən inanıram ki, bu dəfə əvvəlki bölgüdəki təsadüfi adamlar siyahıya düşməyəcək. Buna tam əminik. Ancaq əlahəzrət sözə sidqi-ürəkdən qulluq edən hər jurnalist də özünü doğru söz yolunda şəhid edir. Məgər belə ürəkləri şəhid ailələri üçün narahatdırsa, o zaman özlərinin jurnalist binalarında sahib olduqları mənzilləri versinlər ehtiyacı olanlara. Əlisəmid Kür kimi. Və yaxud da ki, bizim 5 binada evi olan, bir dəfə qapısını açmayanlardan, evlər alınıb, ehtiyacı olan jurnalistlərə verilsin. Bizim dövlət o qədər kasıb deyil ki, sözün keşiyində duranların haqqını verməsin. Bizim cənab Ali Baş Komandanın sözü imzası qədər keçərlidir. O, 2017-ci ildə verdiyi sözü, atdığı imzanı dəyişməyəcək. O alicənab bir zatdır. Neft ölkəsinin dövlətinə 250 mənzil jurnalistə verilməklə, kasıblıq yaratmaz. Şəhid ailələri üçün xüsusi proqram qəbul edilib. Malı mala qatmayın. Bu arzuda bulunub, müraciət edənlər, yanlış bir işə imza atıblar. Bizim cəmiyyətin güzgü kimi saf jurnalistləri, söz adamları var, və cəmiyyətin ölçü meyarının jurnalistika və jurnalist olduğunu unutmayın. Bir sənədə imza atanda, məşədi ibad demişkən, bir baxın görün ki, bu arvaddır, ya kişi?

Laftv.az internet kanalının həmtəsisçisi Ləman Ələşrəfqızı mövzu barədə qısa və konkret danışdı:

"Qoy mən tox olum, özgələr ilə nədi karim?-deyən media oliqarxlarının -gerçək şoumenlərin rüsvayçı müraciətini. Mətbuatı siz belə rəzil duruma saldınız Cahangir müəllim. Əli Həsənovun vaxtında iki bina katibəyə-məşuqəyə, sürücüyə veriləndə siz onda da çəpik çalırdız. Elə siz də Ümid Mirzəyev, Vusale Mahirqızı . İndi sıralarınıza Qulu Məhrrəmli də qoşulub. Deməyə sözüm yoxdur... Heç yoxdur.”

Uzun illər müxtəlif qəzetlərdə redaktor, baş reaktor kimi çalışmış Famil Cəfərli də həmkarlarının Prezidentə jurnalistlər üçün nəzəzrdə tutulan evlər şəhid və qazi ailələrinin verilməsi barədə müraciət göndərməsini dəstəklədiyini bildirsə də, bu addımın ölkə başçısı ilə jurnalsitlərin arasınıl vurmağa xidmət etdiyini qeyd etdi:

“Jurnalistlərin birinci və ikinci binalarından mənzil alıb üçüncü binanı şəhid ailələrinə verməyi təklif edən geniş düşüncəli, böyük ürəkli jurnalist dostlar! Bu nəcib təşəbbüsünüz təqdirəlayiqdir, möhtəşəmdir, mənəvi aləminizin zənginliyini göstərən bir zaddır. Var olun! Amma yaxşı olardı ki, yığışıb prezidentə yox, iş adamlarına müraciət edəydiniz. Xahiş edəydiniz ki, hərəsi (ya da şərikləşib ikisinə-üçünə biri) bir bina tikib şəhid ailələrinə və qazilərə bağışlasın. Ölkəmiz varlıdır, həm maddi, həm də mənəvi cəhətdən zəngin iş adamlarımız da var. Onlar bu xahişinizi eşidərdi. Nəticədə siz də rəğbət qazanardınız, onlar da. Daha prezidenti jurnalistlərlə üz-üzə qoymağa, onu dilemma qarşısında qoymağa çalışmağa nə hacət vardı?!”

“Unikal.org” xəbər portalının baş redaktoru Zaur Əhməd şəhid övladı oldğu üçün, şəhid ailələrinə mənzil verilməsinə, onların daim diqqətdə saxlanılmasının tərəfdarıyam və buna qarşı çıxmadığını söylədi. Jurnalist kimi də 21 illik fəaliyyətimdə hər zaman şəhid, qazi, müharibə iştirakçıları ilə bağlı yüzlərlə yazılar yazmışam, onların hüquqlarının qorunması üçün çalışdığını və bunu mənəvi, peşə borcu kimi həyata keçirdini deyən Z.Əhməd qeyd etdi ki, Prezidentə olunan məlum müraciət onun humanist addımına kölgə salmaq məqsədi daşıyır: “Məsələni qarışdırmaq lazım deyil. Dünən Prezidentə ünvanlanan məlum müraciət bu dövlətin, Prezidentin yürütdüyü siyasətin tam əksinədir. Belə çıxır ki, dövlət yanlış iş görüb iki bina tikib jutrnalitlərə paylayıb. Belə çıxır ki, şəhid ailələri üçün verməyə dövlətin evi yoxdur, pulu çatmır ki, yeni bina tikib versin. Özü də elə adamlar mürzciətə imza atıb ki, onlar utanmadam birinci və ikinci binadan ev alıblar və növbəti binanın şəhid ailələrinə verilməsini təklif edirlər. Mən o siyahıda adı olanların böyük əksəriyyətinin səmimi olmadığını düşünürəm. Kimsə belə tapşırıq verib, ya da kiməsə xoş gəlmək üçün belə bir addım atıblar. Elə baş redaktor var ki, bir neçə evi var, amma evsiz əməkdaşının 5 ildir gözlədiyi mənzildən imtina etməyini istəyir. Adamda vicdan, insaf olar. Son olaraq. bir məsələni də qeyd edim ki, şəhid ailələri çöldə qalan adamlar deyillər ki, onlara kiminsə adına tikilən mənzili verirsiniz. Əgər belə canınız yanırsa, öz evinizi ehtiyacı olan şəhid ailəsinə verin. Şəxsən tanıdığım neçə şəhid ailəsi var, istəsəniz, mən vasitəçi ola bilərm. Həyatda evdən, var-dövlətdən vacib şey var, şərəf, təəssüf ki, bəziləri artıqonu çoxdan itirib”.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Orucova sözü gedən məsələyə belə münasibət bildirdi:

“Şəhid adına təklif edəndə, şəhid ailəsi üçün nə isə etmək istəyəndə dərin düşünməlidirlər ki, kimdən nəyi alıb, kimə bəxş edirik. Müzakirə başlayan ilk gündən bildirdim ki, şəhid ailələrinə, qazilərə belə yanaşmayın. Bu nə bizim, nə də sizin haqqınızdır. Həssas təbəqəyə aid olan ailələrə xüsusi diqqət olmalıdır, sözsüz. Amma kiminsə payından kəsərək, şəhid ailəsinə vermək, məncə, düzgün deyil. Hələ dekabr ayının əvvəlində Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillər şəhid ailələrinə ayrıldı. Bakıda belə evlər kifayət qədərdir. Bakıda ayrılan evlər yalnız paytaxt qeydiyyatında yaşayan şəxslər üçün nəzərdə tutula bilər”.

Əməkdar jurnalist Azər Həsrət də həmkarlarının ölkə başçısına müraciətini təxribat adlandırdı:
“Dünən bir qrup şəxsin bir müraciəti yayıldı. Prezidentə çağırış edirlər ki, jurnalistlər üçün tikilmiş 3-cü binanı şəhid ailələrinə versin. Açığı, mənzil filan bir yana, ordakı adlara baxanda gözüm kəlləmə çıxdı. Onların bir qismi əvvəlki binalardan mənzil alıb rahat-rahat yaşayır. Yəni ağızları isti yerdədir. Digər qismi isə xalq arasında oliqarx kimi qəbul edilir. Donuzları əskikdir deyə bilərik. Və bu adamlar yığışıb Prezidentdən xahiş edir ki, 3-cü binanı jurnalistlərə deyil, şəhid ailələrinə ver…”
A.Həsrət bəzi həmkarlarının həmin müraciəti imzalamasına təəccübləndiyini gizlətmədi:
“İndi mən necə deməyim ki, ay təklif verənlər, hələ bir öncə özünüz sahibi olduğunuz əmlakdan şəhid ailələrinə pay verin, sonra başqalarının möhtac olduğu əmlakla bağlı təklif verərsiniz? Lap elə ilk binalardan mənzil almış şəxslərin bəzilərinin o mənzillərə heç ehtiyacı da yoxdur. Versinlər şəhid ailələrinə. Örnək üçün, həm deputat kürsüsü, həm də hər cür imtiyazlarla ödülləndirilmiş Bəxtiyar Sadıqov, Hikmət Babaoğlu o müraciətə imza atanda niyə düşünmədilər ki, ehtiyacları olmadan Prezidentin onlara hədiyyə etdiyi mənzilləri şəhid ailələrinə bağışlayıb xalqın təqdirini qazana bilərlər?..Adamlar müraciəti gözüyumulu və həvəslə imzalayıblar. Qulu Məhərrəmli, Arif Əliyev, hətta Əflatun Amaşov da var aralarında. Niyə də, niyə? Bu adamların hamısına sual etmək istəyirəm: niyə sizin olmayan bir şeyin kiməsə hədiyyə edilməsi üçün çağırış edirsiniz? Əgər o binadan mənzil gözləntiniz vardısa və sizə çatacaq mənzillərlə bağlı çağırış etmiş olacaqdınızsa, əhsən! Amma elə deyil axı…
Siz həqiqətən də çətin durumda olan, ömrünün yarısını geridə qoysa da başını soxmağa evi olmayan jurnalistlərə Prezidentin-dövlətin lütfü sayəsində veriləcək mənzillərlə bağlı çağırış edirsiniz! Səmimisinizmi? Əsla! Necə ki, illərdir səmimi olmamısınız, indi də eləsiniz! Mahiyyətiniz heç dəyişməyib, heç!..”
Əməkdar jurnalist bu müraciətin arxasında kimlərin durması barədə şaiyələrə də münasibətini bildirdi.
“Hə, bir də obrazlı desək, qulağımıza bəzi məlumatları pıçıldayanlar var. Ki, bəs bu binanın jurnalistlərə verilməməsinin təşəbbüskarı Prezidentin köməkçisi Hikmət Hacıyevdir. İnanmıram buna! Heç inanmaram da!.. Səbəbi də çox sadədir… H.Hacıyev peşəkar diplomatdır. Uzun illər dövlət qulluğunda işləyib. Təcrübəlidir. O, belə bir təşəbbüs ortaya çıxacağı təqdirdə özü bir yana, Prezidentin nüfuzuna necə zərbə olacağını çox yaxşı hesablaya bilir. O baxımdan bu işin arxasında onun olması uydurmadan başqa bir şey deyil…”
 

İLTİFAT

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK