Bayraqsız Dövlət Bayrağı Meydanı - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
157079 | 2021-07-21 10:28

O gündən yazacaqdım, fikirlərimi cəmləyə bilmədim. İstidir, yuxum qaçıb, gecənin bir aləminə dəng gəldi...

Ömrü cəmi 7 il olan "Dövlət Bayrağı Meydanı"mıza getmişdim o gün. Bayraqsız Dövlət Bayrağı Meydanına.

Başlayım ondan ki, bir vaxtlar, məhz o Bayrağa baxmaq üçün həftədə ən azı 2 dəfə Bayılı dövrə vurub şəhərə qayıdardım. Tanıyanlar bilir, biraz "Bayraq xəstəsi"yəm axı. Elə xoşuma gələrdi ki, axşamüstü, günəşin batan çağı, o Bayrağa sarı gəlmək və onun küləklə bərabər yaratdığı harmonik səsi dinləmək... "Şşşap, şşşapp, şşşappp..." Hələ onun yanından keçib getmək və maşının güzgüsündən o gözəlliyi seyr etmək...

Meydanın açılışı 2010-cu il sentyabrın 1-də olmuşdu. Necə gözəl açılış, necə gözəl gün idi. O Bayrağın çiyinlərdə gəlməsi, qaldırılması...

Elə arzu edirdik ki, kaş bir gün eyni hündürlükdə Bayrağımız Qarabağda dalğalansın. Düzdür, o illərdə bu arzu o qədər inanılmaz görünürdü ki, dilə gətirə bilmədiyimiz halda, çox vaxt, bu arzuya ürəyimizdə "pafos" desək də, yenə də arzulayırdıq. Çox keçmədi ki, Qarabağ arzumuz çin oldu, dünyanın ən böyük Bayraq dirəyi isə o günü görmədi...

Elə-belə iş deyildi. Ginnes'in kitabına da düşmüşdük. Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdi Ginnes, 2010-cu il mayın 29-da.

Amma bütün bu kəhkəşanın ömrü cəmi 7 il çəkdi...Yəqin gözə gəldik...Nəzər apardı... Yoxsa niyə belə olsun ki?

2017-ci ildə meydandakı Bayrağı çıxartdılar. Sonra mətbuatda "Bayraq dirəyinin konstruksiyasında filan filan şeylər olduğu üçün meydanı sökülür" deyə cürbəcür xəbərlər tirajlandı.

Adəti üzrə, aidiyyatı qurumlarımızın əvəz edilməz təkzibləri başladı: "Yayılan məlumatların heç bir əsası yoxdur, texniki səbəbdən endirilib, bu gün asacağıq", "Yox, hava küləklidir, sabah asacağıq", "Bayraq dirəyinin konstruksiyasında heç bir problem ola bilməz. Bu iddialar görülən işə kölgə salmaqdan başqa bir şey deyil" və s və ilaxır... Beləcə, məsələ o qədər uzandı ki, əslində nəyin nə olduğunu heç də hamı anlaya bilmədi...

Təxminən 1 il sonra, 2018-ci ilin iyun ayında, sanki elə belə də olmalıymış kimi, meydanın ümumən sökülməsi prosesi başlandı. Beləcə, Dövlət Bayrağı Meydanının dünyaya səs salan dirəyi də, Bayrağı da, ona xərclənən milyonların haqq-hesabı da yoxa çıxdı, yerində qupquru adı qaldı -Dövlət Bayrağı Meydanı...

Bir neçə gün əvvəl ərinmədim, bulvarda gəzərkən üz tutdum o Meydana. Bu, Bayraq götürüləndən sonra o əraziyə ilk gedişim idi.. Qalxdım pillələrlə ta üst yola kimi. Əvvəllər o pillələri qalxmağa icazə verməzdilər. İndi sakitçilik idi.

Ətrafda işçilər gözə dəyməsə də, ərazidə nəsə lağım atmışdılar, qazıntı filan vardı - nə isə iş gedirdi...

Bir vaxt dirəyin olduğu yerdən ovuc içi kimi görünən şəhərə baxıb "Görəsən burda indi nə tikirlər?- deyə düşünürdüm ki, hardansa bir mühafizəçi peyda olub:

- "Xanım, burdan şəhərə baxmaq olmaz!"- dedi.

- Bıy. Xeyirdimi? Niyə olmaz?

- Nə bilim xanım, deyiblər burdan olmaz. Keçin ordan baxın - deyib 2-3 addım irəlidəki zəncirin o üzünü göstərdi...

Durduğum yerlə göstərilən yer arasında heç bir fərq olmadığı üçün gülümsəyib "tamam" dedim və iki addım irəli, mühafizəçinin icazə verdiyi yerə keçdim...

Xeyli düşündüm. Görən o Bayrağı nə vaxtsa yerinə bərpa edəcəlkər, yoxsa ən hündür Bayraq sevdamız həmişəlik keçmişdə qaldı? Əgər bərpa etməyəcəklərsə, o zaman, görən, o yazıları niyə sökmürlər? Bayraqsız Dövlət Bayrağı Meydanı ola bilməz axı...

Zarafat məsələ deyil əslində. Necə qürrələnə-qürrələnə manşetlərdən oxuyardıq, bütün televiziya və radio kanallarından görüb-eşidərdik:

"20 000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir.

Qurğunun ümumi kütləsi 220 tondur.

Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2 450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır."

Cəmi 7-cə il sonra bütün bu kəhkəşanlı "dır, dir, dur, dür"lər yerini olub bitmiş "idi"yə verdi və geri dönüşü olmayan keçmiş zaman oldular bir anda...

Eynən nağıllardakı kimi: Biri var idi, biri yox idi...Hər şeyin olduğu yerdə heç nə yox idi...

P.S. Bunu niyə yazdığımı heç özüm də bilmirəm. Eləcə yazdım ki, nə vaxtsa Mark bunu mənə xatırlatsın.

Səbəbsiz, filansız demesem olmazdı

TƏQVİM / ARXİV