Bayram məllim (müəllim)İradə TUNCAY yazır

İRADƏ TUNCAY
203035 | 2021-07-17 18:25

Bu bayram ki  var  ha, adına mətbuat  bayramı  deyirsiniz - o,  hamı üçündü, ya  başı  sığallıların?

Hər  il belə  olurdu,  deməli  - bir  ortaq mal  atılırdı meydana və  orfoqrafik  qaydaları  bilən-bilməyən  kütləvi yazı  ordusu  folklorun ən  dərin  qatlarından  gələn  söyüşləri düzürdü sıraya. Yəni  son  illər  belə  tərbiyə  olundu ordu ...ya da tərbiyə  deməyək.  ...Həmin  sözə  dəxli  yoxdu olanların - əksinə   tam  əksi  nə  varsa  odur.  Kiməsə  orden, kiməsə  fəxri ad, lap  bəxti  gətirənlərə ev... Əsas imtiyaz isə  kapital...

Hər  beşillik planın  öz  davaları  və  vədləri... Kimin  abrı-həyası yerindədirsə (azdı belə  adamlar) ona da  üç  barmaq işarəsi  kombinasiyası!!! Bir-iki adamı da araya  qatırlar ki, ortaya çıxarılmalı  kimsə  olsun da.  Qəribə sistem qurulub  və hər  gələn öz dəstəsi ilə hücuma keçir. Bir  dəstə  qocaları ilə, o biri dəstə cavanları ilə. Bir  dəstənin fiziki gücü  çoxdu, o  biri  dəstənin təcrübəsi. İkisi də toplu  halda qüdrət yarada bilir. Amma  ziyanlı qüdrət.  İslahat  sözünə  yaxın  gedə  bilməyən qüdrət. Halbuki bütün narazılıqların kökündə  dayanan  elə  bu  amillərdir. Ortaq mövqedə dayanan adamlar yoxmu??? Var əlbəttə!!! Onlara isə bütün zərbələri yönləndirirlər. Mərkəzdə durmaq və hər tərəfi, hər  boşluğu  görmək  bacarığı  isə  iki  cinahda da xüsusi nifrət yaradır.   Cəmiyyət və ictimai mühit varsa  - bunların problemləri, aktual məsələləri, müxtəlif yönləri də var. Mətbuat ictimai fikri, baxışları, maraq və məqsədləri formalaşdıran, sosial institutların fəaliyyətinə təsir edə biləcək vasitədir, əsas məqsədi yatanları oyatmaq, oyaqları isə səfərbər etməkdir. Həyatın müxtəlif sahələrinə dair problemlər qaldırmaq, cəmiyyətə, xalqa xeyirli işləri təbliğ, zərərli, nöqsan cəhətləri tənqid etməkdir. Mahiyyətini bilmədən ən adi hadisəni nə tərifləmək, nə də pisləmək olar. Belə olan halda jurnalistin  ən ümdə vəzifəsi toxunduğu məsələlərin ətraflı öyrənilməsi və bunu şirin, yığcam dildə kütləyə çatdırmaqdır.

Müşahidələr  isə deyir ki, mətbuat  cəmiyyət  üçün yox,  qruplaşmalar üçün  çalışır.   Amma paradoksal cəhət budur ki, insanlar bütün instansiyalara şikayət edib usanandan sonra üz tuturlar mətbuata. Sonuncu ümid yerləri yenə söz olur. Biz də yazırıq. Nəticənin necə olacağından asılı olmayaraq yazırıq. Olur ki, kiməsə xeyiri də dəyir. Əksər hallarda isə özbaşına məmurların hiddətiylə sonuclanır. Hələ üstəlik bu məmurlar əyalətdədirlərsə, demək, içlərində padşahlıq iddiası gəzdirirlər. Hələ bunlardan bu qədər yazırlar belə havalıdırlar, gör deyib-danışan olmasa neyləyərlər. Və ümumiyyətlə, çox qəribə tendensiya yaranıb - fikir verirsinizmi nə qədər balaca padşahlar cücərməkdədir? Hər hansı balaca bir şirkətin sədr kreslosunu qamarlayan kimi şəxsi tərifçilər başlayırlar həmin balaca padşahın apardığı uğurlu islahatları mədh eləməyə. Dövlət və dövlətçilik varkən, dövlətin apardığı siyasət varkən ayrı-ayrı adamlara tərif vurmaq nə anlama gəlir? Belə çıxır ki, hər kəs hakimiyyət iddiasındadır. Bütün bunlar niyə diqqətdən kənarda qalır?

Sovet dönəmində, müəyyən bir vaxtda "konfliktsizlik" konsepsiyasını ortaya atmışdılar. Sovet cəmiyyətində sosial konfliktin mövcud olmadığı iddia olunurdu. Təbii ki, ideologiyaya xidmət edən bütün vasitələrdən də bu şüara xidmət tələb olunurdu. Yaxşı ki, ruslar bu absurd fikrə qarşı döyüşə bildilər, yoxsa kiçik millətlərin ümidinə qalsaydı "ləbbeyk" deyib ötüb keçəcəkdilər. Və biz də gül-çiçəkli, cənnət sovetlər ölkəsinin vətəndaşları ətrafımızda baş verənlərin fərqinə varmadan, ağ kağız üzərində yazılmış ağ yalanlarla bəxtəvər saymalıydıq özümüzü. Həmin dövrün publisistikası öz bədii keyfiyyətləri ilə də seçilir - güclü senzor baxışlarından sətirlər arasında fikir gizlətmək və nəsə deyə bilmək bacarığıyla. Həyatın gerçək görüntüsünü təsvir etmək, hadisələrə real qiymət vermək, ədalətli hökm çıxarıb perspektivləri göstərə bilmək bacarığıyla. İndi  sovet   tarix  olsa da ," ləbbeyk" tarix  olmayıb. Daha qorxulu şəkil alıb. Qamarlamaq, ağ  yalanlar şəkil dəyişib. Sovet yoxdu, okeanın o  tayından gələn ideologiya var. Bir  qərar  versinlər bəlkə  - o  sistemə keçmişiksə bütünlüklə  olmalı deyilmi?  Bütünlüklə - yəni məhkəməsiylə, ədliyyəsiylə, təhsiliylə, səhiyyəsiylə və sairə? Və ən vacibi  mətbu sözüylə? Tezislə  olmaz bu  iş. Əgər mətbu söz dəstə ilə  idarə olunacaqsa (necə ki olunur), "konflikt"  sözünə  münasibət də  sosial şəbəkələrdə söyüşlə idarə olunacaq!!! Əgər bunu  ağılla yaza biləcək söz  adamları yenə dışlanırsa - nəyin bayramıdı?  Zatən heç bir maraq qalmayıb. Yəni qoymayıblar qalsın. Biz yenə də partiyalı mətbuat prinsipindən çox da uzağa gedə bilmirik. Partiyalı  mətbuat "oliqarx xozeyin" mətbuatı vəziyyətinə gəlib. Daha  pis... Və bu savaşın içində nələri itirdiyimizin fərqində də deyilik. Əsas savaş isə içimizlə olası savaşdı. Sadəcə, sabit "hava şəraiti" lazımdır...

Müstəqilliyə yeni  qədəm qoymuş bu gənc ölkədə, ancaq mətbuat tarixi 146 ili ötmüş bu ölkədə ixtisaslaşmış jurnalistləriylə, xarici ölkələrdəki müxbirləriylə qəzet niyə olmasın? Ona görə ki, "ləbbeyk" deyənlər azalacaq?    Prinsip etibarilə mümkünsüz deyil. Həm iqtidar, həm müxalifət, həm də mərkəzçi mətbuatda nə qədər gözəl jurnalistlər çalışır. Bəlkə eksperiment kimi belə bir qəzet buraxmaq olar?! İqtisadiyyatdan yazan öz yazısını yazsın, siyasətdən yazan özününkünü, mədəniyyətdən yazan özününkünü, ədəbiyyatdan, idmandan, təsərrüfatdan yazan da özününkünü yazsın. Bu gün bizim düşmənçilik cərəyanına yox, maarifçilik cərəyanına böyük ehtiyacımız var. Və belə bir qəzetin oxucusu olmazdımı?! Lap məcburi şəkildə abunə tətbiq olunsa belə. Kontr baxışlı müəlliflərin debatıyla, təhlillərlə, ağıllı, savadlı şərhlərlə. Bəlkə onda yeni dövlətin yeni vətəndaşı tamam başqa cür formalaşardı. Qəribə oxucu yetişdirmişik, söyüş, böhtan yoxdursa - yazılana baxan da yoxdur. Və bu oxucu müxtəlif yönümlü sarı mətbuatın çiçəklənməsinə rəvac verir. Alternativ  fikir (söyüş yox) yeddi köydən qovulur.

Mirzə Fətəli Axundov "Kamalüddövlə məktubları"nda Nadir şahdan yazan tarixçi Mirzə Mehdi Əstərəbadidən misal gətirir: "Elə bir padşah ki, əgər döyüş meydanında onun iradə sərkərdəsi dənizin sükutuna işarə edərsə, dalğa tufanın ləngərçisi olar və ağır dağın hərəkətinə fərman verərsə, sıldırım qayalar narın qum kimi axışıb gedər. Əgər qaranlıq gecədə od yandırmağı qadağan edərsə, ildırım şimşək çaxmağını vurmağa cəsarət etməz və əgər səhər-səhər susmaq əmrini verərsə, sübh nəfəs çəkməyə cəsarət edə bilməz". Bunun dalınca Axundov öz şərhini yazır: "Yalançının evi yıxılsın! Deyən ola ki, ay axmaq tarixçi, sən ki zəhmət çəkib bu qədər sözü yazırsan, barı bu zəhməti elə bir mətləb üçün sərf et ki, içindən bir xeyir çıxsın. Nə üçün ancaq cəfəngiyyat yazırsan?". Bunu Axundov XIX əsrdə yazıb, ancaq bu gün də nə qədər belə cəfəngiyyatlar yazılır. Faktlar qalır qıraqda, boş-boş söz yığını, boş-boş təriflər... Ağıllı təhlil yoxdursa nə inanan olacaq, nə də ürəyindən keçirən. Bunlar da məlumatsızlıqdan, savadsızlıqdan doğan nəticələrdi. Günümüzün mətbuatında bu da var. Dövrün təzadları, ağrıları ona görə narahatlıqla yazılır ki, vaxtında həll olunsun, gələcək nəsillərin işi yüngülləşsin. Deyək ki, bu gün biz kəndi, orada yaşayan insanları əməlli-başlı unutmuşuq. Siyasi davalardan, oliqarx savaşlarından gözümüz açılmır. O insanların qayğıları nədi, nəylə nəfəs alırlar? İrəliləyiş, tərəqqi hardadı, nə çöküb? Vallah, mən şəhərdə doğulub böyümüşəm, kəndi bilmirəm, amma bilənlər var axı, yazmaq olar. Milçəyi fil eləmədən, qaraya ağ demədən.

Publisistika sosial həyatın ən müxtəlif olaylarını özündə əks etdirir. Buna görə həm də tarixi mənbə ictimai-siyasi mühitin salnaməsi sayılır. Bizdən əvvəlki nəsillər bugünkü mətbuatı yaratdı. Biz kimləri yetirəcəyik? Oliqarx sözçülərini?

Dünən  oxudum ki, yeni binaya köçüb yeni agentliyimiz. Yeni bina yeni düşüncə sayılacaq?  Köhnə hara gedib ki? Təsirindən çıxmısınız köhnə sahiblərin? Köhnə sahib mətbuatı gözəl bilirdi və tanıyırdı. Sadəcə sevmirdi müstəqil adamları.  Siz  guya sevirsiniz?  Yox təbii... Üstəlik də...  Nə isə, özünüz bildiniz nə  deyirəm. Evi  mübarək bayram məllimin (müəllimin)!!!

TƏQVİM / ARXİV