adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Iyul 2021 14:38
73936
ƏDƏBİYYAT
A- A+

Taleyin töhfəsi - Həzi HƏSƏNLİ yazır 

Yazı masamın üstündə bir kitab var. Bu, Əli Eynullayevin "Zülmətdən gələn səslər” adlı şeirlər kitabıdır. Öncə kitabın müəllifini oxuculara tanıtmaq daha vacibdir. Əli Eynullayevin kədərli taleyi məni bu yazını yazmağa vadar etdi. Hər bir insan ömrünün sevinci də, ağrı – acısı da bir töhfədir, taleyin töhfəsi. O da taleyin töhfəsini ürəyinin odunda isindirib sətir – sətir, misra – misra oxucularına ərmağan edib.

   Əli Eynullayev 1925 – ci ildə indiki Saatlı rayonunun Xanlarkənd kəndində  anadan olmuşdur. Orta təhsilini həmin kənddə almışdır. Atası vəfat etdikdən sonra ailənin məşəqqətli günləri başlayır. Ailənin ağır yükünü daşımaq  yeniyetmə Əlinin çiyinləri üzərinə düşür.  Özündən yaşca kiçik bir bacısı və iki qardaşı onun himayəsinə sığınır. O zaman Böyük Vətən müharibəsinin ( 1941 – 1945) qanlı – qadalı illəri idi. Gənc Əli orta məktəbi müvəffəqiyyətlə bitirsə də, ailə vəziyyətinə görə ali təhsilini davam etdirə bilmir. Ağır müharibə şəraitində, aclığın tüğyan etdiyi bir zamanda azyaşlı bacı və qardaşlarını kənddə başsız qoyub, şəhərə ali təhsil dalınca getməsi mümkünsüz idi. Ali təhsili olmasa da,  savadını, biliyini, erudisiyasını nəzərə alıb, ovaxtkı Rayon Xalq Maarif Şöbəsinin tövsiyyəsi  ilə onu 1943 – cü ildə ibtidai məktəbə müdir təyin edirlər. Həmin məktəbdə bir neçə il çalışdıqdan sonra taleyin daha bir acısını dadır. Müharibə bitdikdən sonra Əli Eynullayevin işlədiyi kənddə epidemiya yayılır. O da "tif” xəstəliyinə yoluxur, gözləri həyat işığından məhrum olur. Uzun müddət davam edən müalicədən sonra görmə qabiliyyəti nisbətən bərpa olunur. Bundan ruhlanaraq, sənədlərini pedaqoji instituta verib, Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olur. Lakin orada da oxumaq ona müyəssər olmur. Yenidən gözləri tutulur. Bu haqda özü yazıb:

" Həddən artıq mütaliə edir və yazı işi ilə məşğul olurdum. Eyni zamanda həm rəsm çəkir, həm də heykəl düzəldirdim. Bütün bunlar yenidən görmə qabiliyyətimin zəifləməsinə səbəb oldu. Bu müddət ərzində Bakının böyük müalicə ocaqlarına müraciət etsəm də, heç bir müsbət nəticəsi olmadı. " Beləcə gözdən əlil olur və sevdiyi müəllimlik fəaliyyətinə də son qoyur. Meylini sözə - sənətə verib, şeirlərini yazır. Yəni o, şeirlərini sinədən deyir və yaxınları, doğmaları onun şeirlərini ağ vərəq üzərinə köçürürlər.

   Şeir yazmağa həvəs onda hələ kiçik yaşlarından başlamışdı. Onun şeirləri rayon qəzetində müntəzəm dərc olunur və qəzetin nəzdindəki "Bahar” ədəbi birliyində müzakirə olunurdu. Sonradan Saatlı rayonunda çıxan "Dönüş” qəzetinin nəzdində "Muğan yarpaqları” ədəbi birliyini yaradırlar və şeirləri orada müzakirə olunduqdan sonra qəzetdə çap olunurdu. Əli Süleymanov sağlığında şeir kitabının çıxmasını çox arzulasa da, bu, ona qismət olmayıb. Ömrünün son illərində şeirlər kitabının çapı ilə bağlı öz doğmalarına vəsiyyət edib. Əlbəttə, hər ömrün bir sonbaharı vardır. Nəhayət, uzun illərdən sonra arzuladığı kitab işıq üzünə çıxıb. Doğrudan da Allah nəsib etdirməyəcəyi bir şeyi xəyal etdirməz.

 ...Mən Sarıcalar kəndində dostum Vəfadar müəllimin qonağı olarkən özümün "İşıq əlifbası” adlı kitabımı onun ailəsinə hədiyyə etmişdim. Vəfadar müəllimin anası Bahar bacı kitabı oxuduqdan sonra dedi:

-      Ay qardaş, siz bu kitabda sanki mənim dünya işığından məhrum olan Əli əmimin taleyini yazmısınız. Mən sizin kitabınızı oxuyandan sonra çox kövrəldim.

Onun sözlərində həqiqət var. Tələbəlik illərinin dostu, şair qardaşımız Fikrət Mursaqulovun nakam taleyindən bəhs etdiyim "İşıq əlifbası” kitabımı oxuyanların çoxusu mənə bu sözləri deyib və qeyd ediblər ki, kitabı həyacansız oxumaq mümkün deyil. Mən də Fikrət Mursaqulovla Əli Eynullayevin taleyi, yaşantıları arasında bir oxşarlıq gördüm. Hər ikisi gözdən əlil, hər ikisi şair, hər ikisinin kövrək duyğuları bizi öz ağuşuna alır. Hər ikisi haqqın dərgahındadır. Ruhları şad olsun!..

    ...Bahar bacı Əli əmisinin haqqında kövrək xatirələr danışırdı. Bu kövrək xatirələr sırasında ən çox diqqəti çəkən özündən sonra şeirlər kitabının işıq üzünə çıxarılması ilə bağlı vəsiyyəti idi.  Onun haqqında xatirələri dinlədikcə inadkar tale yaşantılarını duymamaq mümkün deyildi. Bu şeirlər kitabı Əli Eynullayevin ömrünün əzablı anlarını və bu əzablı anlardan doğan bəxtiyarlığı özündə əks etdirir. Həm də bu kitab şairin özündən sonra doğmaları, əzizləri və onu tanıyanlar üçün təmənnasız könül nəğmələridir. Şeirləri oxuduqca hiss edirsən ki, çox duyğusal zəkası varmış Əli müəllimin. Onun taleyi ilə tanış olduqdan sonra şeirləri qəlbimdə qəribə ovqat yaratdı. Özü dünya işığından məhrum olsa da, daxilən nurlu, işıqlı bir insan, parlaq bir şəxsiyyət olub.

  Qohumları  sağlığında da ona qarşı hörmətlə və diqqətlə davranıblar. Onu heç zaman yanılış anlamayıblar. Hər qaranlığın çarəsi təkcə Günəş deyil ki, həm də ümid işığıdır. O da qohumların  ümidinə sarılıb, ömrünün sonuna kimi düşünüb yazıb. Yazmaq onun ömrünün hər gününə yazılıb.

   Kitabda  müəllifin ömrünün narahat anlarından doğulan şeirləri daha çox yer almışdır. Əli Eynullayev şeir – sənət yolunda çox əzablara qatlaşmış və ürəkləri isindirən şeirlər yazmışdır. Onun şeirlərində xoşa gələn cəhət təbii və yaddaqalan olmasıdır. Bu şeirlərdə insana, insanın əməyinə məhəbbət hissləri tərənnüm edilmiş, gənclərin tərbiyəsi önə çəkilmiş, bununla yanaşı, cəmiyyətə yabançı olan hallar da tənqid edilmişdir. O, eyni zamanda el – obasına, öz doğma yurduna, Vətəninə olan sevgisini, məhəbbətini şeirlərində poetik ruhda tərənnüm etmişdir:

Üzümü, ənciri şirin – şirəli,

Yemişi, qarpızı baldan irəli.

Sən də nə durmusan, ay şair Əli,

Şəninə bir dastan yaz, Saatlının.

***

Bu xalqın bir olur  sözü, əməli,

Uzadır dostlara ehtiram əli,

Odur ki, çoxdandır Dağıstan eli

Tutur ünvanına üz Saatlının.

Və yaxud:

Hikmət ocağıdır odlar diyarı,

Xəstələr bu yerə dərmana gəlsin.

Sərin yaylaqları, loğman suları

Səs yayıb dünyada hər yana gəlsin.

 

Cənnətə bənzəyir Şuşa yaylağı,

Turşsu, Sərinbulaq, İsa bulağı.

Bu gözəl məkanın hər bahar çağı

Qapısı açıqdır mehmana, gəlsin.

 

Kəlbəcər yaylağı dağlar başıdır,

Göygöl firuzədən üzük qaşıdır.

Sular var insanı uzun yaşadır,

İçən Badamlıya, Narzana gəlsin.

***

Eləcə də:

Verir şirin su dağları,

Axır sərin bulaqları.

Agah edin qonaqları,

Şərbət Azərbaycandadır.

 

Qarabağın ab – havası,

Olub min dərdin davası.

Müxtəsər, sözün qısası,

Cənnət Azərbaycandadır.

 

İndi daha tənha deyil,

Mökəmlənir o, ilbəil.

Yeni, azad və müstəqil

Dövlət Azərbaycandadır.

    Bu kitab yaşanmış bir ömrün əks – sədasıdır. Əli Eynullayevin özü torpağa gömüldükdən sonra işıq üzünə çıxan  ilk və sonuncu kitabıdır "Zülmətdən gələn səslər.” Kitabda ən uca məqamlar, milli – mənəvi dəyərlər bir ana xətt kimi keçir.

   Əli Eynullayev yaşadığı zəmanədə günün nəbzini tutan mövzularda şeirlər yazıb. Kiminsə, nəyinsə xatirinə, eləcə də ictimai – siyasi hadisələrin təsirilə şeir yazmayıb. Şeirlərinin bir neçəsi satirik  ruhdadır. Bu da ondan irəli gəlir ki, Mirzə Ələkbər Sabirin kitablarını həmişə sevə - sevə oxuyub və satiramızın banisi dahi Sabiri özünə ustad hesab edib:

Sabir müəllimim, Sabir ustadım,

Onun sayəsində tanındı adım.

Dedilər sərraf ol, sərraf olmadım,

Şairəm, dillərin əzbəriyəm mən.

    Bu kitabda Əli Eynullayevin müxtəlif mövzularda şeirləri və xatirələri toplanmışdır. Hamısı da maraqla oxunur, oxucunu yormur. Qarabağın düşmən tapdağından azad edilməsi onun ən böyük arzusu olsa da, o, gözəl Qarabağımızın, cənnətməkan Şuşamızın bugünkü növrağını görməsə də, bu əzəli - əbədi torpaqlarımızla bağlı çox şeirlər yazıb.

    Birinci və ikinci Qarabağ müharibəsində, yurdumuzun bütövlüyü uğrunda bir çox Azərbaycan oğulları kimi, Saatlı rayonunun neçə - neçə igid oğulları da  torpaqlarımızın bütövlüyü uğrunda şəhid olublar. Əli Eynullayev Saatlı rayonunun Qara Nuru və Sarıcalar kəndlərindən olan  şəhidlərimiz haqqında da silsilə şeirlər yazmışdır. Bu şeirləri içində Sarıcalar kəndindən Şəhid Məleykə bacımıza ithaf etdiyi şeir diqqətimi daha çox çəkdi:

Baxmadı qız olduğuna,

Çatmaq üçün arzusuna,

Yazıldı xalq ordusuna,

Kəndimizin igid qızı.

 

 Rabitəçi işləyirdi,

Qalib olmaq istəyirdi,

Qorxu nədir, bilməyirdi,

Kəndimizin igid qızı.

 

İlin doxsan üçündə o,

Otuz yaşın içində o,

Qurban getdi Laçında o,

Kəndimizin igid qızı.

 

Döz, ay ana, döz bu dərdə,

Hər qız olmaz bu hünərdə.

Yaşayacaq ürəklərdə

Kəndimizin igid qızı.

   Birinci Qarabağ savaşında, ötən hərbdə qəhrəmancasına şəhid olmuş Saatlının şəhid oğlanlarına həsr olunmuş şeirlərin hamısı təqdirəlayiqdir. Lakin igid qardaşların tək igid bacısı kimi onun haqqında yazılmış şeiri oxucuların da diqqətinə çatdırmağı və ümumiyyətlə, Əli Eynullayevin yenicə işıq üzünə çıxmış  "Zülmətdən gələn səslər” kitabı haqqında yazmağ özümə  bir vəfa borcu bildim. Dəyərli oxucular, bu kitabı siz də oxuyun. Oxuyun ki, indi haqq dünyasında olan nakam taleli Əli Eynullayevin də ruhu şad olsun. Çünki zülmətdə işıq axtarmaq rəhmətlik Əli Eynullayevin ən böyük arzusu olub həmişə...