adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Iyun 2021 12:48
74811
MÜSAHİBƏ
A- A+

Murad Rzayev: “Nə dəyişib ki? Həmin adamam da..." - MÜSAHİBƏ

“Qarabağ bülbülləri” dedikdə adamın ağlına Murad Rzayev gəlir. Onun körpə fidanlardan yaratdığı “Qarabağ bülbülləri” vaxtilə böyük-böyük səhnılərin bəzəyi olub. Onun yetişdirdiyi sənətkarla çoxdan xalq artisti ya da əməkdar artisti kimi yüksək fəxri adlara layiq görülüb. Yaşının bu çağında səhhəti imkan verməsə də daha bir istedadı tapıb ortaya çıxarmaq üçün min bir əziyyətə qatlaşır. Baxmayaraq ki, əziyyətinə layiq olduğu qiyməti onan əsirgəyiblər…

 

Dosye: Murad Rzayev 1947-ci ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. Hələ balaca vaxtlarından da Ağdam rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynayıb, Respublika"Teatr Cəmiyyəti"nin fəxri fərmanına və diplomlarına layiq görülüb. 1970-ci ildən, 1971-ci ilin may ayına kimi Ağdam Rayon Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb. Rayonda ilk dəfə olaraq müəllim və şagirdlərdən ibarət xor-qrupu və estrada orkestiri yaradıb. 1971-ci ilin may ayında Ağdam Rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) müdiri vəzifəsinə təyin olunub. Məktəbin direktoru olmaqla yanaşı burada "Qarabağ bülbülləri" ansamblını yaradıb. Bədii rəhbəri olduğu "Qarabağ bülbülləri" ansamblı dünyanın əksər ölkələrində, Azərbaycanı Moskvada Kremlinin Qurultaylar sarayında, SSRİ-nin Böyük Teatrında, Xalq Təssərüfatı Naliyyətlər sərgisində, mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb. Həmin illərdə onun qabaqcıl iş təcrübəsi respublika miqyasında yayıldığına, mədəniyyət və incəsənət sahəsində istedadlı şagirdlər yetişdirdiyinə görə 1976-cı ildə Respublikanın ”Qabaqcıl Maarif Xadimi”, 1989-ci ildə isə ”SSRİ-nin Maarif Əlaçısı” fəxri adına layiq görülüb. Rəhbərlik etdiyi “Qarabağ bülbülləri” ansamblı respublikanın mədəni kütləvi tədbirlərində, o cümlədən bir çox xarici ölkələrdə çıxış etmiş və qazandığı nəaliyyətlərinə görə keçmiş “Sovet İttifaqı Mərkəzi Komitəsinin”, ”SSRİ Xalq Təsərrüfatı Nəaliyyətlər Sərgisinin”, Ağdam Rayon Partiya Komitəsinin”, Ümumittifaq Komsomolun Mərkəzi Komitəsinin”, ”Pioner Təşkilatının Mərkəzi Komitəsinin”, ”Ümumittifaq Pioner Təşkilatının döş nişanını, ”Təhsil Nazirliyinin” fəxri diplomunu, ”Ümumittifaq Baxış müsabiqələrinin” diplomlarına, “Ümumittifaq Xor-Cəmiyyətinin “döş nişanına, ”II-ci Beynəlxalq Musiqi Festivalının” diplomuna, ”Mədəniyyət və Təhsil Nazirliyinin”, ”Azərbaycan Qaçqın və Məcburi köçkün Gənclər Təşkilatının”fəxri diplomuna, ”Qafqaz-Media İctimai Birliuyinin”diplomuna, ”Yeni Azərbaycan Partiyası Ağdam Rayon Komitəsinin” diplomuna, “Respublika Xalq Yaradıcılığı Festivallarının“diplomuna, “Azərbaycan Dövlət Televiziyasının” fəxri diplomuna, milli muğam sənətinin təbliği və inkişafındakı xidmətlərinə görə”Milli Muğam Musiqi Oskar” mükafatına, ”Əsrin Ziyalısı” fəxri diplomuna, o cümlədən “İcra Hakimiyyətinin” fəxri fərmanına və hədiyyələrinə, ”Daxili və Sərhəd Qoşunlarının”, ”Cəbhə bölgələrində, N-hərbi hissələrin” fəxri fərmanlarına, Oskar Mədəniyyət Qəzeti” İlin Müəllimi” adına, müxtəlif dövlət təşkilatlarının musiqi festivallarının 5-ədəd laureat medalına layiq görülüb.

Onun tələbələrindən bir çoxu Azərbaycanın Xalq və Əməkdar artistləri, Əməkdar  Mədəniyyət işçisi,tanınmış müğənni və xanəndələrdir. Xalq artistləri: Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlərdən:Cabir Abdullayev, Feyruz Səxavət, Teymur Əmrah, Sevinc Sarıyeva,Əməkdar Mədəniyyət işçisi:İlhamiz Paşayev, tanınmış müğənni və xanəndələr: Tacir Şahmalıoğlu (Tacir Allahverdiyev), Araz Hüseynov, Yaqut Qarabağlı,Vüsalə Musayeva,Arzu Fərhadov və başqalarını misal göstərmək olar. Murad müəllimin müəllifi olduğu onlarla mahnılar, rənglər respublikamızın görkəmli xanəndələrinin, eyni zamanda Respublikanin Xalq artisləri Mirzə Babayevin, Flora Kərimovanin, Oqtay Ağayevin, Qədir Rüstəmovun, Əməkdar artisti Zöhrə Abdullayevanın, müğənlilər Lalə Dadaşovanin, Əməkdar artist Teymur Əmrahın, Elnur Zeynalovun və başqalarının ifasında səslənib. Azərbaycanın musiqi tarixində ilk dəfə "Bayatı Şiraz" muğamını improvizə edərək (Tacir Şahmalıoğlunun ifasında) tarixə düşüb. Bu improvizə Qarabağa həsr olunan bütün film və verlişlərdədə istifadə olunur. Bunlardan əlavə respublikamizin bütün dövlət televiziya kanallarında çıxış edib. Murad müəllimin və ansamblın haqqında 10-yaxın kitablar nəşr edilib.

Valdeynlər mənə böyük məbləğdə pul təklif ediblər ki, uşağımızı ansambla götür…

 

-Murad müəllim, biliyim qədəri ilə, bu il  həm “Qarabağ bülbülləri”nin yaradılmasının 50, həm də sizin anadan olmağınızı 75 illiyi tamam olur...

 

- Həmdə incəsənətə gəlməyimin 60 illiyidir..

 

- ...Yəni yubiley yubileyə qarışıb. Təbrik edirəm! 50 il yarım əsrdir. Bəlkə o illərə bir səyahət edək. “Qarabağ bülbülləri” ansamblını yaratmaq ideyası necə yaranıb? Bildiyimə görə, görə siz əvvəlcə ondan da əvvəl “Qarabağ” ansamblı yaratmısınız.

 

- Qarabağda uşaqlar muğamat üstə ağlayıb gülürdülər. Ansambl yaratmaq arzusu məndə lap uşaqlıqdan olub. Atam Ağdam Mədəniyyət Evinin müdiri olanda, orda hazırlanan tamaşalarda uşaq rollarında oynayırdım. Bundan başqa tar sinfinə də gedirdim. Musiqini çox sevmişəm. İstər xarici olsun, istər bizim musiqilər böyük həvəslə dinləyirdim. Muğamat da təbii ki, öz yerində. Qismət elə gətirdi ki, əsgərliyimi də Ağdam da etmişəm. Hərbi hissə düz evimizin yanında idi. Ağdamda xidmət etməyim də təsadüfi deyildi. Hələ yeniyetməlik illərindən rayonun ictimai həyatında fəal iştirak etdiyim üçün rayonun 1-ci katibi zəng vurub Zaqafqaziya hərbi dairəsindən mənim hərbi xidmətimi elə Ağdamda qulluq etməyim üşün xahiş etdi. Mən hərbi hissənin poçtalyonu kimi həm də tam sərbəst idim. Poçtdan məktubları götürüb aparıb hərbi şəhərçikdə paylayıb sonra Mədəniyyət evinə gedirdim. Hələ əsgər ola-ola rayonun istedadlı uşaqlarını respiblika uşaq musiqi festivallarına gətirirdim. Onda hələ öz ansamblım yox idi. Amma o uşaqlarla da dəfələrlə respublika səviyyəli festivallarda iştirak edib çoxlu mükafatlar qazanmışıq. Həri hissənin radio qovşağında da işləyirdim. Əsgərlikdən sonra tale elə gətirdi ki, 1971-ci ildə Ağdam  "Pioner evi"nə müdir  təyin edildim. Bu vəzifəyə namizədlər çox idi. Həmin gündən imkanlarım da artdı. Məktəblərlə sıx əlaqələr qurdum, orada 

və ucqar kəndlərdə yaşayan istedadlı uşaqları seçərək "Qarabağ bülbülləri" ansamblını yaratdım. Az müddətdə ansamblım çox məşhurlaşdı, hörmət qazandı 

- Murad müəllim, uşaqlarla işləmək üçün gərək adamd böyük səbr lazımdır. Xüsusən əyalətlərdə o dövrdə valideynlər uşaqlarının musiqiyə getməsinə elə də maraq göstərmirdilər. Yəqin ki, çətinlikləriniz çox olub bu işdə…

 

- İnanın, bütün Qarabağı qarış-qarış, ev-ev gəzmişəm. Bir dəfə Gəncədə olanda dedilər ki, uşaq evində Teymur adında biri var qəşəng səsi var. Onu özümlə Ağdama apardım. Adı Musiqili Təmayüllü İnternat Məktəbində gedirdi, amma bizim evdə qalırdı. Teymur Əmrahla indi də bir ailə kimiyik. “Qarabağ bülülləri” 70-80-ci illərdə çox məşhur idi. Çox ölkədə qastrolda olmuşuq. Mən sizə bir söz deyim, doğrudur, istedadlı uşaqları axtarıb tapanda çox əziyyət çəkmişəm. Hətta çaya da yıxılmışam... Neçə dəfə kəndlərə gedəndə itlər mənə hücum edib… Amma o vaxt öz uşaqlarını bu ansamlda görmək istəyənlər də çox idi. Hətta Bakıda dəfələrlə valdeynlər mənə böyük məbləğdə pul təklif ediblər ki, uşağımızı ansambla götür… Görmüşəm ki, istedadı yoxdur, yaxud burda valideynin başqa marağı var. Çünki “Qarabağ bülbülləri” Moskvada Kremlin Qurultaylar Sarayında konsertdə şıxış edirdi. Bizim anamblın uşaqları böyük-böyük konsertlərdə Rəşid Behbudovu, Zeynəb Xanlarovanı və daha neçə-neçə məşhur müğənniləri müşayət ediblər. Ümummili lider, rəhmətlik Heydər Əliyev bizim ansamlı çox istəyirdi. O dövrdə dövlət konsertlərində ən çox bizim ansambl iştirak edirdi.

 

Tacir elə bildi ki, mən öləcəm...

 

- İlk çıxışınız harada olub?

 

- 1971-ci ildə ilk dəfə indiki Heydər Əliyev Sarayının açılışında çıxışımız olub. O vaxtlar böyük sənətkarlarla, o cümlədən  türk müğənnisi Emil Sayin,  Müslüm Maqomayev,  Rəşid Behbudov, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, "Qaya" vokal ansamblı, Vaqif Mustafazadə və əksər sənət adamı ilə konsertlər vermişik.

- Bəs ilk çıxışınızda iştirak edən "bülbüllər" kimlər olub, adlarını xatırlayırsınızmı?

 

- Əlbəttə, xatırlayıram. Ədalət Feyziyev, Məhərrəm Qasımov, Gülçöhrə Quliyeva, Xanım Abdullayeva vardı. Onlardan sonra gələnlər Tacir Şahmalıoğlu, Nazim Zeynalov, Hacı Fərhadov, Bəhram Məmmədov, Araz Hüseynov, Nəzakət Teymurova, Aygün Bayramova, Cabir Abdullayev, Fehruz Səxavət, İlhamiz Paşayev və başqa bülbüllərdir.

 

- Gələk “Bayatı Şiraz”a kompozisiyasına... Bu yaxınıarda “Xarı bülbül” festivalının açılışı bu musiqi ilə oldu.  “Xarıbülbül” festivalının məhz sizin əsərinizlə açılışını izləyəndə hansı hissləri keçirdiniz?

 

-  Sizə deyim ki, duyğularım qarma-qarışıq oldu. Çox şükür ki, torpaqlarımız azadlığına qovuşdu və Allah bizə möhlət verdi ki, ölmədən Qarabağın azadlığını görək. Allah bu yolda canından keçən oğullarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin, Prezidentimizin canını sağ eləsin. Şükür bu günümüzə. Çox istəyərdim ki, mən də həmin festivalda iştirak edim. Mahnım ilə açılış olur, amma məni yada salmırlar. Həmişə dövlət tədbirlərində iştirak edirdik. Son illər bizi yada salmırlar. Nə dəyişib ki? Həmin adamam da. Buna görə çox incimişəm. Düzdür, biz az səhhətimdə problemlər var. Dəvət etsəydilər, yenə də gedərdim. Gedib canlı izləyərdim. Bəlkə o zaman bütün ağrılarımı da unudardım.

 

Aqil Abbasın deyir ki, “Bayatı-Şiraz” Azərbaycan musiqisinin, incəsənətinin himnidir…

 

- Bu “vəzndə yüngül, qiymətdə ağır olan” “Bayatı-Şiraz" muğamının tarixi əvvəllər də müsahibələrinizdə danışmısız. İstərdim “Ədalət” qəzetinin oxucuları üçün də o illəri xatırlayaq...

 

- Bu əsər, təxminən, 1976-1977-ci illərdə yaranıb. O vaxt Bakıya Respublika Sarayına tədbirə gəlirdik, orada “Bayatı-Şiraz” oxumalı idik. Mən yolboyu düşünürdüm, neyləyim ki, tamaşaçıları öz ifamızla daha da təəccübləndirək? Hind musiqisini də mən çox sevirəm. O, “Bayatı-Şiraz”la bir az uyğun gəlir. İmprovizəmə həmin hind musiqisinin elemetlərini də qatdım. Avtobusda dodağımın altında bu bəstəni zümzümə etdim. Tacir eşidib dedi ki, olar mən oxuyum? Heç ona vermək fikrim yox idi. Onu başqa adama vermişdim, amma bacarmadı. Tacirə öyrətdim, oxudu, gördüm onda yaxşı alınır. Bir neçə il bundan əvvəl möhkəm xəstələnmişdim, Tacir elə bildi ki, mən öləcəyəm. Çıxıb hər yerdə danışırdı ki, mahnı ona məxsusdur. Jurnalistlər sual verəndə dedim ki, heç o yaşda uşaq dədəsini-nənəsini tanımır. Axı, 7 yaşında uşaq "Bayatı-Şiraz”ı haradan bilirdi ki, ona da aid olsun? Ondan soruşmaq lazımdır ki, 10 yaşında Bethoveni tanıyırdın?. Ona heç bir zəhmətimi halal etmirəm. İndi də danışdırmıram, zəhmətimi itirən adamla mənim işim olmaz.

 

Mədəniyyət Nazirliyi məni yada salmır…

 

- “Bayatı-Şiraz” illərlə Qarabağ nisgilinin acı zümzüməsinə döndü. Qarabağa həsr olunan istər bir televiziya verilişi, istər bir tədbir olsun, həmişə bu musiqi səslənib. 30 ilə yaxın müddətdə bizi Qarabağdan, Qarabağı da bizdən ayırmayan, ayrılmağa qoymayan məhz həmin “Bayatı-Şiraz” oldu...

 

 - Aqil Abbasın deyir ki, “Bayatı-Şiraz” Azərbaycan musiqisinin, incəsənətinin himnidir. Öz əsərim barədə danışsam, bir az pis çıxar. Danmaq olmaz ki, doğrudan da bu əsər bizə Qarabağı unutmağa qoymadı. Rəhmətlik Musa Yaqub deyərdi ki, mən Murad Rzayevin “Bayatı-Şiraz”ını dinlədikdən sonra hər yerdə xarıbülbül görürdüm. Sanki xarıbülbül onun ayağı ilə İsmayıllıya gəlmişdi. Bu sözdə çox dərin məna var. Bu improvizə həqiqətən də Qarabağ nisgilini unutmağa imkan vermədi. Qarabağa həsr olunan bütün film və verilişlərdə də istifadə olundu.  Mədəniyyət Nazirliyi məni yada salmır. Maraqlanmır ki, bu əsəri yaradan adam haradadır. Vaxtilə mərhum Heydər Əliyev bizə çox böyük qiymət verirdi, diqqət göstərirdi. Hər konsertdən sonra səhnə arxasına keçərək əlini çiynimə qoyurdu. “Qarabağlı, hər şey yaxşıdırmı?”- deyə soruşurdu. Azərbaycanın xalq artisti olmasam da, SSRİ-nin maarif əlaçısıyam, əməkdar maarif xadimiyəm. Az adamın bu titulu var. Müəllimlik hara, artistlik hara? Mənim "Bayatı-Şiraz” muğamı üzərində etdiyim improvizə ilə beynəlxalq muğam müsabiqəsi açılır. Muğam tarixində ikinci improvizə yoxdur. Bir dənədir, onu da mən eləmişəm. Vaxtilə başqa ölkələrdə milli musiqimizi təbliğ edəndə indiki məşhur sənətkarlar heç yox idi. Moskvanın Böyük Teatrında, Kremldəki Qurultaylar Sarayında konsertlərimizə bütün ölkə baxırdı. Mən qalmışam arxada, başqaları keçib önə. Eləcə də tələbələrim, hətta tələbələrimin tələbələri də öndədir.

 

- Hazırda nə işlə məşğulsunuz? İşləriniz necə gedir?

 

- Bu koronavirusla bağlı bir az fəaliyyətimizdə fasilələr oldu, amma yenə də yazıb-yaradırıq. Hazırda “Qarabağ bülbülləri”nin 50 illik yubileyinə hazırlaşırıq. Bütün proqram hazırlanıb. Biz mayın axırında yubiley tədbiri keçirmək istəyirdik, amma xəstəliklə bağlı qaldı. Əgər iyunda konsert zalları açılarsa, Heydər Əliyev sarayında yubiley konserti keçirməyi planlaşdırırıq.

 

- Kimlər bu tədbirdə iştirak etməyəcək?..

 

- Tacirdən başqa hamı iştirak edəcək. Mən nankor adamı bağışlamıram.

 

- Bəlkə elə yubiley ərəfəsində dövlət tərəfindən mükafatlandırıldınız...

 

Addan vacib mənə ev şəraiti yaratsınlar, Prezident təqaüdü versinlər ki…

 

- Daldan atılan daş topuğa dəyər. Addan vacib mənə ev şəraiti yaratsınlar, Prezident təqaüdü versinlər ki,

 Azərbaycan musiqisini dünya səviyyəsində təbliğ etmişəm. Həm də elə adamlara xalq artisti adı veriblər ki, onların cərgəsinə qoşulmaq istəmərəm. Lazım deyil. Hərənin öz adı özünə bəsdi. Öz adım və xalqın hörməti mənim fəxri adımdır. Ən böyük adı mənə Xəlil Rza Ulutürk verib - “Murad Rzayevin yaratdığı “Qarabağ bülbülləri” ansamblı Azərbaycan xalqının mənəvi sərvətidir”. Bundan böyük qiymət?! Mən Ağdam işğal olunandan sonar İsmayıllıda qohumum vardı deyə ora yerləşdim. Amma ansamblın üzlərinin əksəriyyəti Bakıda məşkunlaşmışdı. Mən həftədə iki dəfə İsmayıllıdan Bakıya məşqə gəlirdim. Hazırda Bakıda kirayədə yaşayıram. Özüm də ağır insult keçirdim. Sanki mocüzə oldu o cür ağır xəstəlikdən sonra sağala bildim. Bu yaşımda səhhətim imkan verməsə də mən yenə də istedadlı uşaqların yetişməsində əlimdən gələni əsirgəmirəm. Buna qiymət verilsin! Evdə Mədəniyyət Nazirliyindən aldığım yüzlərlə məktub var ki. Yazılıb ki, bu dəfə yaddan çıxdığınız üçün üzr istəyirik, gələn dəfə mütləq sizə fəxri ad veriləcək. Mənim tələbələrimin içində neçə-neçə xalq artisti, əməkdar artist var…

 

- Murad müəllim, gözünüz aydın, Ağdam işğaldan azad olunub. İşgaldan azad olunandan sonra Ağdama getmisinizmi?

 

- Hələ ki, getməmişəm, amma ən böyük arzumdur ki, gedib baş çəkəm. Arif Babayev gedəndə mən də gedəcəkdim, lakin xəstələndim, gedə bilmədim. İndi iki konsert proqramı hazırlayırıq. Qismət olsa bir proqram Ağdamda xidmət edən əsgərlərimiz, digər proqram isə Şuşada xidmətdə olan əsgərlərimizin üçün nəzərdə tutulub. İnsAllah, belə bir səfər proqramı planlaşdırmışıq. Çox istəyirik ki, Vətənə xidmət edən balalarımıza bizim də musiqi payımız olsun.

 

 

Söhbtləşdi: İltifat HACIXANOĞLU