SON DƏQİQƏ:

Xalq artisti Rafiq Əzimov: «Teatrda  həmişə gənclərə övladım kimi yanaşmışam»

  75456   |  
Şriftin ölçüsü  

Başqa cür gənclərdə inam yarada bilməzsən...

 

Danılmaz bir faktdır ki, hər bir bədii əsərin səhnə həlli ciddi bir rejissor quruluşu tələb etdiyi kimi, tamaşadakı obrazların bölgüsü də rejissordan diqqət, böyük təcrübə tələb edir. Çünki burada işin əsas ağırlığı tamaşaçı ilə təmasda olan aktyorun üzərinə düşür. Onun istedadı, zahiri görkəmi, rolu nə dərəcədə ustalıqla təqdim etməsi, səhnədə danışığı əsas amillərdəndir. Çünki tamaşaçı çox vaxt tamaşanı ilk öncə aktyorların oyunu ilə həzm edir və ilk qiyməti də məhz bu yöndən verir.

Azərbaycan teatr peşəkar mənada təşəkkül tapandan  üzü bəri keçən müddət ərzində dünya səviyyəli aktyor nəsli yetişdi. Amma nədənsə teatr biliciləri həmişə ötən əsrin 60-cı illərini Azərbaycan teatrının qızıl dövrünün başlanğıcı kimi qeyd edirlər. Bu bir tərəfdən böyük rejissor Tofiq Kazımovun yaratdığı yeni teatr məktəbinin, yəni realist aktyor oyununun təşəkkül tapması ilə əlapqəlidirsə, digər tərəfdən çox istedadlı gənclərin səhnəyə ayaq açması ilə bağlıdır.

“Ədalət” qəzetinin bu günkü qonağı məhz həmin illərdə  öz istedadı, bacarığı ilə Akademik Milli  Dram Teatrının səhnəsinə ayaq açmış nadir «60-cılardan» hesab edilən xalq artisti Rafiq Əzimovdur.

 

Dosye: Rafiq Əşrəf oğlu Əzimov 1938-ci ildə fevralın 6-da Bakıda anadan olub. İbtidai təhsilini Bakıdakı 44 saylı orta məktəbdə alan Rafiq Əzimov, 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indii Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram teatrı və kino aktyorluğu fakültəsinə daxil olub. İxtisas təhsilini görkəmli rejissor, xalq artisti Məhərrəm Haşımovdan alan gənc aktyor, 1962-ci ildə sentyabr ayının 10-da Akademik Milli Dram Teatrının truppasına qəbul edilib.

Rafıq Əzimov əsasən epizod rollar ifa etsə də, hər təzə teatr mövsümündə repertuarda daha çox məşğul olan aktyorlardan sayılır. Tələbə vaxtı Akademik teatrın tamaşalarının kütləvi səhnələrində oynayan aktyor, kollektivə üzv olanda əvvəlcə repertuardakı hazır tamaşalara əlavə ifaçı kimi daxil edılib. İlk müstəqil rolu Lope de Veqanın «Valensiya Dəliləri» əsərində hazırlanan «Dəlilər tamaşasında» Kalandarionu 1963-cü ildə iyunun 14-də oynayıb.

Teatrda çalışan aktyor uzun illər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mədəniyyət Evinin nəzdindəki “Damğa” teatrının rəhbəri olub. Burada məsxərə, məzhəkə, səhnə felyetonu, qəzet-publisistika janrında kiçikhəcmli, satirik tamaşalar hazırlayıb. Eyni zamanda Şıxəli Qurbanovun “Sənsiz”, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Nahid Hacızadənin “Məhəbbət yaşadır” dramlarına səhnə quruluşu verib.

 Teatr aktyoru olan Rafiq Əzimov eyni zamanda “Azərbaycanfılm” kinostudiyasında “Yeddi oğul istərəm”, “Xatirələr sahili”, “Qızıl qaz”, “Ömrün ilk günü” , “1001 -ci qastrol”, Arxadan vurulan zərbə”  “Bu gözəl... gözəl... gözəl... dünya” , “Şəhərlı biçinçilər”, “Vulkana doğru gedirəm”, “Ad günü”  və “Lenfılm”də “Mənim əziz atam”  kimi 50-dən çox filmə çəkilib.

Aktyorluq sənətində qazandığı nailiyyətlərə görə Rafiq Əşrəf oğlu Kazımov 1 dekabr 1982-ci il tarixində  «Azərbaycan Respublıkasının əməkdar artisti» və 2000-ci il oktyabrın 28-də «xalq artisti» fəxrı adına layiq görülüb. Qocaman aktorumuz həm də Prezident təqaüdçüsüdür.

 

-  Rafiq müəllim, 1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunmusunuz. Aşağı-yuxarı artıq 60 ildir ki, fasiləsiz olaraq bu teatrın səhnəsindəsiniz. 60 illik fərdi teatr və  sənət ömrü. Az ömür deyil. Bu illəri üzdə olmaq, səhnə həyatı yaşamaq. Bu illəri geriyə boylananda necə xatırlayırsınız? Bu sənətə hardan maraq yarandı, bu illər səhnədə necə keçdi?

 

- Mənim aktyorluğa marağım lap uşaq yaşlarımdan olub. Sonralar teatr dərnəyinə getmişəm. Atam mənim aktyor olmağımı istəmirdi. Əslində onu qohumarımız arasında bir-iki nəfər vardı, onlar qızışdırırdılar ki, nəslimizdə aktyorun olmasını özlərinə eyib bilirldər. Ona görə də atam məni aktyor olmaq fikrimdən çəkindirməyə çox çalışdı. Amma mən həqiqətən səhnəni, teatrı sevirdim.  Ona görə də inadımdan dönmədim və arzuma çatdım. Uşaq yaşlarımda pionerər evində məktəbdəki tar və dram dərnəyinə gedirdim. Sonra bir il 26 Bakı komissarı adına mədəniyyət sarayında böyük aktyor, rəhmətlik Əli Qurbanovun təşkil etdiyi uşaq dram dərnəyinə, daha sonra bir neçə isə il Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi Xalq Teatrına gedib-gəldim. Burda müxtəlif xarakterli çoxlu rollar oynamışam. İnstitutu qurtarandan sonra məni, eləcə də tələbə yoldaşlarım rəhmətlik Həsən Məmmədovla və Eldəniz Zeynalovu Mədəniyyət Nazirliyinin təyinatı ilə Akademik Dram Teatrına göndərirlər. Mən 1962-ci ildə sentyabr ayının 10-da Akademik Milli Dram Teatrının truppasına qəbul edilmişəm və mənim əmək kitabçamda indiyədək iş yerim kimi mərz bu teatr göstərilib və bununla fəxr edirəm.  Bu teatrın hər daşı, divarı mənə doğmadır. Burda Həsənağa Turabovun, Səməndər Rzayevin, İsmayıl Osmanlının xatirələri var. Onların yaratdığı obrazların ruhu var.

- Son 20 ildə oynadığınız tamaşaların böyük əksəriyyətinə demək olar ki, baxmışam. Oynadığınız rollarla bağlı məlumatlarla tanış olarkən, rollarınızın sayını itirdim. Bu rolların arasında çox maraqlı obrazlar var,  S. Rəhmanın “Toy” komediyasında Mirzə Hüseyn, “Yalan”da Zəki, “Nişanlı qız”da Qasım, H.Cavidin “Şeyx Sənan”ında Anton, “İblis”də Kiçik zabit, C.Cabbarlının “Oqtay Eloğlu”sunda Oqtay, “Aydın”ında Mirzə Cavad, “Ulduz, yaxud Ədirnə fəthi”ndə Şeyx, M.F.Axundovun “Xırs quldurbasan”ında Frans Fok, “Müsyo jordan və Dərviş Məstəli şah”ında Müsyo Jordan və sairə. Bir-birindən maraqlı, yadda qalan obrazlar yaratmısınız. Bunların arasında ən çox hansılarını xatırlayırsınız? Təbii ki, aktyor üçün oynadığı bütün rollar övladı qədər əzizdir.. Amma hər halda aralarında elə obrazlar olur ki, aktyor özü öz oyunundan həzz alır…

- Elə rollar olur ki, həmin obraz dərin olur. Deməli, aktyorlar müasirliklə üzləşməli, tamaşaçının zövqünü oxşamalıdı. Hər dəfə səhnəyə çıxanda, oynadığım rolun təbiəti başqa rolların təbiəti kimi olmur. İnsanın beş duyğusu var. Bu beş duyğunu aktyorda elə oyatmaq lazımdır, rolu canlı şəkildə elə təqdim etsin, çatdırsın ki, tamaşaçının duyğularına təsir etsin. Tamaşaçı obrazın yaratdığı abu-havanı duya bilsin. Yəqin ki, mənim də adlarını xatırlamadığım zəif rollarım olub.  Mənim rollarımın bayaq dediyiniz kimi sayı-rseabı yoxdur. Amma uşaq yaşlarımdan «Vaqif» tamaşasında «Vidadi» rolunu oynamaq ən böyük istəyim olub... Sonralar mən bu rolu çox “Vaqiflə” oynamışam. İsmayıl Dağıstanlı, Həsənağa Salayev, Həsənağa Turabov, Səməndər Rzayev, Əlabbas Qədirov və Nurəddin Mehdixanlı kimi sənətkarlarla oynamışam. Mən həmişə «Vidadi» rolunu oynayırdım, təəssüf ki, indi belə tamaşalarımız repertuarda yoxdu.

 

- Uzun illər «Damğa» teatrına rəhbərlik etmisiniz. O teatrın aqibəti necə oldu?

 

- «Damğa» teatrını əslində rəhmətlik Ağadadaş Qurbanov yaratmışdı. Nəşriyyatın nəzdində fəaliyyət göstərirdi. Məni də dərnəyə Ağadadaş müəllim dəvət etmişdi və biz onunla bu dərnəkdə bir neçə tamaşa hazırlayıb qastrollara gedirdik. Qastrolların birində səhv etmirəmsə Səlyan şəhərində,  bilirsiniz ki, Ağadadaş müəllim faciəli şəkildə dünyasını dəyişdi. Ondan sonra bu dərnəyə rəhbərlik etməyi mənə həvalə etdilər. Mən dərnəyin köhnəlmiş repertuarını dəyişmək qərarına gəldim və bu addımım dərnək üzvlərinin bəzilərin xoşuna gəlmədi. Onlar həvəskar olsalar da uzun müddət Ağadadaş Qurbanov eyni səhnədə çıxış etdikləri üçün özlərini böyük aktyor hesab edirdilər. Lakin sonradan gedənlərin əksəriyyəti yenidən qayıtdı və biz bir neçə samballı tamaşalar hazırladıq. Tamaşalarımız böyük rezonans yaradırdı. O dövrün mətbuatı bu barədə çox yazıb.

- Mən istərdim, gənc rejissorlarla əməkdaşlığınızdan da danışaq. Bəzən yaşlı sənətkarlarla gənc rejissorla işləməyə həvəs göstərmirlər. Bu da təbiidir. Siz Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov kimi qüdrətli rejissorların tamaşasında oynamış bir aktyorsunuz,  gənc rejissorlar sizinlə iş görəndə çətinlik çəkmirlər ki?

- Əvvəla mən sizə təşəkkür edirəm ki, siz adlarını sadaladığınız böyük sənətkarları yad edirsiniz. Onlar Azərbaycanda teatr məktəbi yaradan qüdrətli sənətkarlardır. Mən 1959-cu ildə Ədil müəllimlə Moskvada keçirilən dekada da iştirak etmişəm. Bizi ora sənət müəllimimiz Məhərrəm Haşımov aparmışdı. Məhərrəm müəllim Rus Dram Teatrının bədii rəhbəri kimi kütləvi səhnələrdə iştirak etmək üçün biz tələbələrini də Moskvaya apardı. Və mən Ədil İsgəndərova, Mehdi Məmmədova Moskvada necə hörmət edilməsinin şahidi olmuşam. O vaxtlar bütün SSRİ-də «Azdrama»-ya «Adilovski teatr» deyirdilər. Amma onlar da gənc olublar və vaxtilə böyük, yaşlı aktyorların şıltaqlığı ilə rastlaşdıqları vaxtlar olub. Bəlkə, təvazökarlıqdan kənara çıxıram, amma həqiqəti deyirəm. Cavanlar -xətrimi çox istəyirlər. On ilə yaxın İncəsənət İnstitutunda aktyor sənətindən dərs demişəm. Orada da, teatrda da həmişə gənclərə övladım kimi yanaşmışam. Onlara qarşı həmişə səmimi olmuşam, yeri gələndə dostluq, yoldaşlıq etmişəm. Başqa cür gənclərdə inam yarada bilməzsən. Onlara demək olmaz: bizim dövrümüz beləydi, siz fərqlisiz. İstedadlılar azdır, amma var. Bizim dövrümüzdə də az idi. Qrupumuzda iyirmi iki nəfər tələbə var idi. Onların arasından Murad Yegizarov, Həsən Məmmədov, Elmira Şabanova, Əliağa Ağayev, Eldəniz Zeynalov öz istedadlarını sübut edə bildi. Gənclik bizim gələcəyimizdi. İndi o gənclik bizdə çalışır. Bizim heç vaxt gəncliyə maneçilik törətmək ağlımıza gəlməz, əksinə əlimizdən gələn qədər çalışırıq ki, onları öyrədək, tövsiyə verək. Sənət aləmində cavan, orta, qoca nəsillər söhbəti yoxdur: istedadlı var, istedadsız var. Ola bilər gənc istedadsız olsun, yaxud əksinə, qoca da istedadsız ola bilər. Səhnədə tamaşaçı birinci növbədə qarşısına çıxan aktyoru, qarşısına çıxan obrazı təbii sürətdə qəbul edə bilirsə, ona inanırsa o, sənətkardı. Artıq orada nə qocalıq, nə cavanlıq, nə orta yaşlılıq hiss olunur. Bu gün on gənc aktyor varsa, onların içindən heç olmasa ikisi istedadlıdır.

 

- Rafiq müəllim, 50-dən çox filmə çəkilmisiniz. O da məlumdur ki, hər bir filmin kadrarxasıü məqamları özü də çox maraqlı bir filmdir, maraqlı tarixçədir… O -maraqlı məqamları bəlkə oxucularımızla bölüşəsiniz…

 

- Aktyorluq elə bir sənətdir, həyatımız başdan-başa maraqlı, yaddaqalan məqamara doludur. «Yeddi oğul istərəm» filmində çəkilişlər Qobustanda aparılırdı. Yayın itisi, qalın geyimlər, qısası isti bizi haldan salmışdı. Bütün bu çətinliklərə baxmayaraq, qayalara dırmaşıb orda uzanıb dincəlməyə başladıq. Bu zaman filmin direktoru Davud Zöhrabovun uca səslə bizə eşitdirdi ki,  “Atlar günün altında qalıb, onlara tövlə düzəltmək lazımdır”. Mən də cavab verdim ki, “biz burda istidən ölürük, heç bizimlə maraqlanmırsan, ancaq atların hayındasan. Məgər biz at qədər də yoxuq?”. Direktor inə desə yaxşıdır: “Siz heç, əsas atlardı. Heç bilirsən onların qiyməti nə qədərdi?”. Sən demə, aktyorlara gündəlik çəkilişlər üçün 25, atlar üçün 50 manat ödənirmiş…

«Arxadan vurulan zərbə» filmində də bıçaq az qala boynumun arxasına sancılacaqdı. Bıcağı sirk artisti atırdı. O atan kimi rejissor mənə deyirdi ki, əyil. Təbii alınsın deyə, rejissor «əyil» sözünü bir az gec dedi. Onda gördüm ki, bıçaq gözümün yanından keçdi.

 

İltifat HACIXANOĞLU

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK