adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 May 2021 15:32
26894
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: KATALİZATOR

Sürücülər  bu məsələlərlə bağlı çox giley-güzar edirlər

 

Təbii ki, hər bir avtomobilin hər hansı hissəsi çıxarılanda həmin nəqliyyat  vasitəsi istismara bir o qədər də yararlı olmur. Başqa sözlə demiş olsaq, avtomobilin bir hissəsinin  olmaması istər-istəməz texniki  nasazlığa  və müəyyən qüsurlara  gətirib çıxarır. Bunlar hamısı aydındır. Amma aydın olmayan odur ki, bu gün respublikamızda  çoxlu  sayda  katalizatoru  olmayan avtomobillər  var.

Və bu avtomobillər də bu və ya digər  dərəcədə  müəyyən  problemlər yaradır. Ən azından katalizatoru olmayan nəqliyyat  vasitəsindən  atmosferə normadan  artıq  zərərli  qazlar  atılır. Bu zərərli qazların  atılması isə hər birimizin  hə        yatı  üçün  çox böyük  təhlükə törədir.

İndi qayıdaq  əsas  məsələnin  üzərinə. O məsələnin ki, bu, Bakı şəhərində yüzlərlə  sürücünü  narahat edir və bir çox halda  avtomobildə  katalizator  olmadığına görə onlar  yol polisi  tərəfindən saxlanılır, cərimə  meydançasına aparılır və inzibati  məsuliyyətə cəlb olunurlar. Ən çox da katalizatorların olmadığı  avtomobillər  hibrid  nəqliyyat  vasitələridir. Yəni  onlar  həm  elektriklə işləyir, həm də  yanacaqla. Və qəribədir ki, uzun illərdir  həmin  avtomobillər  istismar  olunur, onları  bu katalizator cihazı olmadığına görə saxlamayıblar, amma fakt  faktlığında qalır ki, elə bunun özü də qanun  pozuntusudur. Birincisi, avtomobildə bütün  avadanlıqlar və cihazlar yerində  olmalıdır. İkincisi də, katalizatorun  olmaması  bayaq dediyimiz kimi, atmosferə normadan  artıq  zərərli qazların  atılmasına səbəb olur.

Bu prosesdə bir çoxları yol  polisini  qınayır ki, onları  saxlayıb cərimə  meydançasına  aparır və cərimə  edirlər. Hansı ki, bu mərhələdə yol polisinin  heç bir  günahı və məsuliyyəti yoxdur. Günah və məsuliyyət  həmin  avtomobilləri  vaxtında  gömrük  nəzarətindən  keçirib Azərbaycana  daxil  olmasına   icazə verən  qurumdadır. Təbii ki, hər bir nəqliyyat vasitəsi gömrük  nəzarətindən keçirilir və onların  möhürü  olandan  sonra  ölkə  ərazisinə  buraxılır.

Deyilənlərə görə, Gürcüstandan  gətirilən  həmin  avtomobillərin  katalizatorları  elə orda  çıxarılıb. Bəzən də belə bir fikir  səslənir ki, həmin maşının  sahibləri   ölkə ərazisinə  daxil olandan  sonra  katalizatorlara  ehtiyac  olmadığı üçün  onu  çıxarıb  100 manat məbləğində satıblar. Bu nə dərəcədə  həqiqətə  uyğundur, deyə bilmərik. Amma bir  onu deyə bilərik ki, hər hansı avtomobilin  sahibi  ona  pul  verib alarkən  texniki  göstəricilərinə diqqət yetirməli və bundan  sonra  avtomobili  ölkə  ərazisinə  gətirməlidir.

Sürücülərin narazılığı  davam edir, katalizator  məsələsi isə acı bağırsaq kimi  uzanır. Bakı şəhərində hər gün  onlarla katalizatoru olmayan  avtomobillər  saxlanılaraq  cərimə meydançasına  aparılır və sürücülər  150 manat  məbləğində cərimə olunurlar. Görünən odur ki, bu texniki  qüsuru  aradan yol polisi  yox, həmin avtomobillərin  sahibləri  qaldırmalıdırlar. Çünki  nəqliyyat  vasitəsinin  texniki  cəhətdən sazlığına  görə  məsuliyyəti  sürücülər daşıyırlar.

 Deməli, belə bir  durumda kimlərinsə  yol polisinin  ünvanına  həddindən  artıq mənfi  fikirlər  səsləndirməsi  heç də həqiqətə  uyğun deyildir. Amma buna  baxmayaraq, bəzi  sürücülər  yol polisinin  haqsızlığından gileylənirlər. Təbii ki, bu  məsələyə də birmənalı yanaşmaq olmaz.

Əvvəllər katalizatorların qiyməti 60-70 manat  məbləğində idi. İndi işbazlar onun qiymətini  450-500 manata  çatdırıblar. Kimsə maşındakı texniki nasazlığı  aradan qaldırmaq istəyirsə 500 manatından keçib bazardan  katalizator  almalıdır. Heç kimə sirr deyil ki, hibrid  avtomobillərini  idarə  edənlərin  çoxu da yanacağa  qənaət etdiyi  üçün bu  avtomobillərə   önəm verirlər.  Xüsusən də  taksi fəaliyyəti ilə məşğul olanlar  hibrid avtomobillərinin sükanı arxasında əyləşirlər.

Bəzi  sürücülər də deyir ki, hansısa  oliqarx bazara  katalizator gətirib onu  satmaq üçün bizi  çək-çevirə salırlar. Aydındır ki, bu  məsələlər də bir  o qədər  həqiqətə  uyğun deyildir. Ən azından ona görə ki, biz bəzən bir işi icra etmək üçün yüz  bəhanə gətirib ondan boyun  qaçırmaq istəyirik. Əgər hər hansı sürücü  yol polisi  tərəfindən  saxlanılmağını istəmirsə, zəhmət çəkib  hər hansı maşının  markasından  asılı olmayaraq  texniki  qüsurları   aradan  qaldırmalı və  avtomobillərini yararlı  vəziyyətə  salmalıdır.

Əks təqdirdə nəqliyyat  vasitələrində katalizatorlar  olmadığına görə  sükan  arxasında əyləşən  sürücülər  saxlanılacaq. Ona görə də bu  sürücülər yol polisini yox, özlərini  qınamalıdırlar.