
İki professor tənqid və ədəbiyyatşünaslıq aləmində iki tanınmış elm adamı. Xalid Əlimirzəyev və Nizaməddin Şəmsizadə. Onlar bir-birlərini yaxşı tanıyırdılar, aralarında yaş fərqi olmasına baxmayaraq (Xalid müəllim Nizaməddindən 22 yaş böyük idi) dost idilər. Yazdıqlara əsərlərə hər biri öz münasibətini bildirirdi. Amma çox təəssüf ki, indi onların heç biri həyatda yoxdur. Amma Xalid müəllimin vəfatından sonra Nizaməddin ömrünün son illərində X.Əlimirzəyevin həyat və yaradıcılığı haqqında bir monoqrafiyanı yazıb tamamladı. «İdeal və həqiqət» adlı bu monoqrafiya «Çapar» nəşriyyatı tərəfindən lap bu yaxınlarda oxuculara çatdırılıb. Kitabın redaktoru Xalid müəllimin qızı – filologiya üzrə fəlsəfə doktoru Rəvayət Əlimirzəyevadır. Görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, prfessor Xalid Əlimirzəyevin keçdiyi ömür yolunu, bir SÖZ ADAMI kimi yaşadığı ayları, illəri gözdən keçirərkən onun öz əsərlərində tez-tez müraciət etdiyi, hətta bir neçə kitabının sərlövhəsnə çıxardığı İDEAL sözünü xatırlayırsan. İdeal, yəni estetik ideal bütün əsrlər boyu sənətkarların kamil həyat və kamil insan haqqında təsəvvürlərini özündə əks etdirir.
İdeal həyat və ideal insan… İnsanlar bütün ömürləri boyu ideal həyat arzusunda olmuşlar, əslində, ədəbiyyatın da başlıca missiyalarından biri bu olmuşdur. Lakin real həyatda bu, heç vaxt mümkün olmamışdır, yalnız sənət əsərlərində, utopiyalarda ideal cəmiyyətlə, ideal dövlətlə və ideal şahla qarşılaşmışıq. Dünya və Azərbaycan ədəbiyyatında buna aid onlarla misallar gətirə bilərik. İdeal insan obrazlarına isə həm həyatda, həm də bədii ədəbiyyatda tez-tez təsadüf olunub. Qədim Yunanıstanda mütəfəkkir-filosof ideal insan hesab edilirdi. Amma insanların dünyagörüşünə, həyat və ideal insan haqqında təsəvvürlərinə uyğun olaraq bu məsələdə müxtəlif fikirlər yaranmışdır. Deyək ki, feodal Avropasının zadəganları cəsur cəngavəri və müti monaxı, xalq kütlələri isə sənətkarları özləri üçün ideal hesab edirdilər. İntibah dövrünün humanistləri alim müdrikliyini, rəssam istedadını, döyüşçü şücaətini özündə cəmləşdirən, ahəngdar inkişaf etmiş şəxsiyyət idealını irəli sürürdülər. Sonrakı əsrlərin ədəbiyyatında da ideal insan obrazları məhz bu aspektdə diqqəti jəlb etmişdir.
Professor Xalid Əlimirzəyevin bir tənqidçi-ədəbiyyatşünas kimi başlca tədqiq obyekti məhz Azərbaycan ədəbiyyatında ideal həqiqətlərdir, bu həqiqətlərin bədii təcəssümüdür. Nizaməddin Şəmsizadənin «İdeal və həqiqət mücahidi» monoqrafiyasında da biz Xalid Əlimirzəyevin ideal insan və ideal sənətkar axtarışlarının şahidi olduq.Onun bütün yaradıcılığı elə bu problem üzərində köklənib. X.Əlimirzəyev Nizaminin, Xaqaninin əsərlərindən, Vaqif poeziyasının lirik qəhrəmanından, Axundovun ideal və sənət dünyasından, Cəlil Məmmədquluzadə yaradıcılığından söz açır və bu yazıların hamısında belə bir fikir öz əksini tapır ki: «Əsl şeirin, sənətin məqamı-mənəvi-əxlaqi gücü, təsiri böyük, şərəfli olduğu kimi onu yaradan şairin, sənətkarın da şəxsiyyəti ülvidir, hər cür şan-şöhrətdən, imtiyazdan yüksəkdir, ucadır».
N.Şəmsizadə monoqrafinın ilk fəslində X.Əlmsmpzəyevin tənqidçi şəxsiyyətindən söz açır. Yazır ki: «X.Əlimirzəyev filologiyada ən çətin sahəni-tənqidi seçdi. Tənqidçi bədii ədəbiyyatın yiyəsidir. Oxucu bədiilik aləminə tənqid körpüsündən keçib gəlir. Tənqidçi üçün əsas şərt estetik meyarın bədii mahiyyətə uyğun gəlmıəsidir Məhz bu fyaktor obyektiv tənqidin əsasıdır». O, X.Əlimirzəyevin hər şeydən əvvəl professional tənqidçi olduğunu qeyd edir. Professional tənqidçi isə ilk növbədə, obyektiv olmalı, haqqında söz açdığı sənətkarın əsərlərini sənət meyarları işığında təhlil etməlidir. X.Əlimirzəyevin ilk tənqidi kitabı «Ədəbi qeydlər»dir ki, burada Rəsul Rza, Əhməd Cəmil, Nəbi Xəzri, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, İsa Hüseynov, Yusif Əzimzadə, İlyas Əfəndiyev yaradıcılığından söz açır. N.Şəmsizadə X.Əlimirzəyevin bu sənətkarlar haqqında söylədiyi bəzi fikirləri misal gətirir: Məsələn: «Rəsul Rzanın sənətkarlıq cəhətdən kamil saydığımız şeirlərinin əqli, mənəvi gücü, çəkisi, hər şeydən əvvəl müasir gerçəklikdir, idrak prosesi ilə bağlılığıdır. «Rənglər» həyat, insan, təbiət haqqında oxucunu düşündürən, mühakimələrə çağıran fəlsəfi şeirlərdir».
Hər bir görkəmli söz adamının həyatında Xilaskar rolunu oynayan, Simurq quşu kimi vaxtında köməyə yetişən Ustadlar olur. Xalid Əlimirzəyevin həyatında da belə bir rolu ədəbiyyatımızın inkişafında böyük xidmətləri olan, həm bir nasir kimi, həm də ədəbiyyatşünas kimi çoxlarının xatirəsində əbədi iz buraxan Mir Cəlal Paşayev oynamışdır. O Mir Cəlal ki, uzun illər Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olmuş, ömrünün sonunacan həmin kafedrada təkcə dərsliklər, dərs vəsaitləri hazırlamaqla kifayətlənməmiş, həm də sonralar Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrinə çevrilmiş professorlar yetişdirmişdir. Budur onlar: Bəxtiyar Vahabzadə, Firidun Hüseynov, Cəlal Abdullayev, İnayət Bəktaşi, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev, Abdulla Abbasov, Kamil Mirbağırov, İfrat Əliyeva, Qara Namazov və daha kimlər…
Xalid müəllim Mir Cəlal haqqında «Böyük yazıçı, alim, görkəmli maarif xadimi» adlı geniş bir məqalə yazmış və bu yazıda Mir Cəlalın həm bədii yaradıcılığını, həm də elmi fəaliyyətini əks etdirmişdir. Lakin onun geniş ürəkli bir insan və kafedra müdiri, əslində böyük Azərbaycan ziyalısı kimi portretini «Mənəvi borc» («Mir Cəlal haqqında xatirələr») kitabında daha dolğun və müfəssəl canlandırmışdır. Bu gün Mir Cəlal haqqında yazılan məqalələrin, monoqrafiyaların əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artdığı göz qabağındadır. Bu yazıların heç birinin dəyərini aşağı salmadan deyə bilərəm ki, Xalid müəllimin yazdığı kitabda mən əsl Mir Cəlalı gördüm. O, bir çoxları kimi mənim də müəllimim olmuşdur.
Xalid müəllim Mir Cəlalı həm də qürurlu, heç kimdən xahiş-minnət götürməyən, yalnız istedadının gücü ilə qapılar açan bir ziyalı kimi təqdim edir. O, 1969-cu ildə Universiteti partiya təşkilatının geniş tərkibdə plenumunu xatırladır və bu plenumda Mir Jəlalın ünvanına yağdırılan böhtanlar haqqında söz açır. Xalid Əlimirzəyevin həmin plenumda çox çətinliklə söz alıb Mir Cəlalı və həmçinin bir sıra Azərbaycan ədiblərini (Rəsul Rzanı, Cəfər Cəfərovu) müdafiə etməsi həmin dövr üçün doğrudan bir qəhrəmanlıq idi. İttihamlardan biri də bu idi ki, guya Mir Cəlal müəllimin rəhbərlik etdiyi kafedra ədəbiyyatımızın, klassik irsimizin bütün dövrlərini əhatə etdiyi halda Mir Cəlal elə bil Cəlil Məmmədquluzadədən başqa yazıçı, ədib tanımır. Aspirantlara verdiyi namizədlik və doktorluq dissertasiyaları mövzularına görə, doxsan faizi ancaq Cəlil Məmmədquluzadə yaradıcılığına aiddir.
Təbii ki, Xalid Əlimirzəyev ulu öndərin-Heydər Əliyevin iştirak etdiyi o plenumda böhtançı çıxışçılara tutarlı cavablar verir. «Mənəvi borc» kitabında bu haqda geniş söhbət gedir və mən də təfərrüata varmıram.
Ancaq burada mənim nəzərimi cəlb edən bir məqama diqqət yetirmək istəyirəm: o da Mir Cəlalın Mirzə Cəlilə olan böyük sevgisidir.
Son altmış ilin Mirzəcəlilşünaslığını nəzərdən keçirsək, burada dörd şəxsiyyətin adı ilə bağlı olan inkişaf mərhələləri ilə üz-üzə gələrik. Birinci mərhələ Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Onun böyük ədibin yaradıcılığına həsr etdiyi məqalələri öz elmi səviyyəsi ilə digər müəlliflərin yazılarından əhəmiyyətli dərəcədə seçilirdi. O, əllinci, altmışıncı illərdə yazdığı bir sıra məqalələrində Mirzəcəlilşünaslığın yeni düşüncə tərzini ortaya qoymuşdur. Çox sadə şəkildə izah edirdi ki, Mirzə Cəlilin yaradıcılığında həyat həqiqəti hər şeydən üstündür. Həm də bu əsərlərdə böyük bir qəlb çırpınır.
Məzlumların halına yanan, qurtuluş yoluna axtaran, bütün mədəniyyət aləmini köməyə çağıran qüdrətli bir səs eşidilir.
Bu səsin daha gur və aydın eşidilməsi, Mirzə Cəlil yaradıcılığını bütün aspektləri ilə ədəbiyyatşünaslığın başlıca mövzularından birinə çevirmək Mir Cəlalın tələbəsi Xalid Əlimirzəyevin öhdəsinə düşdü. O, 1964-cü ildə «Cəlil Məmmədquluzadənin ədəbi-ictimai görüşləri» mövzusunda namizədlik, 1972-ci ildə «Cəlil Məmmədquluzadənin dramaturgiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə edir.Sizə xatırladım ki, 60-cı illərin sonlarında və yetmişincə yeganə televiziya kanalımız olan AZ TV-də Xalid müəllim dəfələrlə Cəlil Məmmədquluzadənin yaradıcılığı barədə çıxışları tamaşaçıların böyük marağına səbəb olmuşdu. Xalid Əlimirzəyevtn Mirzə Cəlil haqqında tədqiqatları 2010-cu ildə «Elm və təhsil» nəşriyyatı tərfəindən işıq üzü görmüş «Dahi sənətkar, böyük vətəndaş» monoqrafiyasında cəm olub. Beş fəsil ənənəvi xarakter daşıyır: burada Mirzə Cəlilin həyatı, dövrü, ədəbi-mədəni mühiti, onun dramaturgiyası, bədii nəsri, «Molla Nəsrəddin» curnalındakı fəaliyyəti və ədəbi-tənqidi görüşləri tədqiq hədəfinə çevrilir. Yetmişinci illərdə yazılan bu əsərlər həmin illərdə böyük ədibimiz haqqında ilk böyük monoqrafiq tədqiqatlar idi. Burada qeyd etməyi vacib hesab edirəm ki, Xalid Əlimirzəyevin Cəlil Məmmədquluzadə haqqında tədqiqatları həm də ədəbiyyat tarixinin böyük bir səhifəsini təşkil edir. Mirzə İbrahimovun «Böyük demokrat» monoqrafiyası, Mir Cəlalın məqalələrindən sonra müəyyən boşluqları doldurdu. Mirzə Cəlil ilk dəfə olaraq milli və bəşəri aspektlərdən təhlil olunur. Bu əsərlə tanış olan hər bir oxucu Cəlil Məmmədquluzadə kimdir sualına ətraflı və dolğun cavablar tapacaqdır. Ona görə də Xalid Əlimirzəyevin Mirzə Cəlillə bağlı tədqiqatları böyük ədəbin yaradıcılığını öyrənmək baxımından ikinci mərhələ kimi yadda qalır. Nigarançılıq olmasın deyə, Mirzəcəlilşünaslıqda üçüncü mərhələ mərhum Yaşar Qarayevin (əsasən səksən-doxsanıncı illərdə) tədqiqatları, xüsusilə, Azərbaycan realizmi ilə bağlı əsərlərində Yaşar Qarayev elmi-nəzəri səviyyəsinin sanballı olması ilə diqqəti cəlb edir. Mirzəcəlilşünaslıqda dördüncü mərhələ akademik İsa Həbibbəylinin apardığı araşdırmalarla, xüsusən, dahi ədibin həyatının, tərcümeyi-halının indiyə qədər açılmayan cəhətləri ilə bağlıdır.
Xalid Əlimirzəyevin mövzular aləmi öncə qeyd etdiyim kimi zəngin və çoxcəhətlidir. Əvvəla, biz onu bir ədəbiyyat tarixçisi kimi yüksək qiymətləndirməliyik - Xaqani, Nizami, Füzuli, Vaqif, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov, Aşıq Ələsgər, H.B.Vəzirov, Ə.Haqverdiyev, Süleyman Sani Axundov, F.Köçərli, Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, Əliqulu Qəmküsar, Nəriman Nərimanov, Seyid Hüseyn, Abbas Səhhət , H.Cavid, Cəfər Cabbarlı, M.Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli, Mehdi Hüseyn, Mir Cəlal yaradıcılığı ilə bağlı elmi oçerkləri yan-yana düzsək, doğrudan da bir ədəbiyyat tarixinin ərsəyə gəldiyi ilə tanış olarıq. Ümumiyyətlə, Xalid Əlimirzəyevin müraciət etdiyi tənqid janrları içərisində elmi oçerklər öz səviyyəsi ilə seçilir.
N.Şəmsizadənin monoqrafiyasında XəIlimirzəyevin «Kitabi Dədə Qorqud» dastanından «şəxsiyyət və cəmiyyət», «Nizami Gəncəvinin insan konsepsiyası», «M.F.Axundovun ideal və sənət dünyası»
Monoqrafiyalarından da geniş və əhatəli təhlillərlə rastlaşırıq. Xüsusilə, Nizami və Axundov iris X.Əlimirzəyevin təhlillərində bu böyük sənətkarlara yeni elmi baxışın şahidi oluruq. N.Şəmsizadə X.Əlimirzəyevin nizamişünaslığa və axundovşünaslığa gətirdiyi yenilikləri nəzərə çarpdırır.
Xalid Əlimirzəyev həm də nəzəriyyəçi alimdir. Onun monoqrafiyalarında və məqalələrində irəli sürülən elmi fikir və mülahizələr müəllifin nəzəri səviyyəsinin yüksək olduğuna dəlalət edir. 2011-ci ildə nəşr etdirdiyi «Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları» tədris vəsaiti haqqında ayrıca söz açmaq olar. Ancaq bu qiymətli kitab haqqında onu deyə bilərəm ki, Mikayıl Rəfilinin, Cəfər Xəndanın və Mir Cəlalın «Ədəbiyyat nəzəriyyəsi» kitablarından sonra nəşr edilən tədris vəsaitləri içərisində ən sanballısıdır.
Xalid Əlimirzəyev teatr və dramaturgiya haqqında da samballı yazıları ilə diqqəti cəlb edib. 1960-1980-ci illəri əhatə edən «Ədəbi-tənqidi məqalələr» toplusunda, həmçinin, «Dramaturgiya, teatr və səhnə sənəti» kitabında Xalid Əlimrzəyevin son əlli ilin dramaturgiyası, həmçinin teatr tamaşaları haqqında qələmə aldığı resenziyalar, məqalələr də bunu sübut edir. X.Əlimirzəyev bəzi həmkarlarından fərqli olaraq ədəbiyyata vahid platformadan yanaşır, bizim ədəbi ənələrimizin bu gün uğurla davam etdirilməsini qələmə alır. «Sən həmişə mənimləsən», «Ölülər», «Közərən ocaqlar , «Bağ qoşuları», «Nazirin xanımı», «Yol ayrıcında», «Yağışdan sonra», «Qarabağ əfsanəsi», «Atabəylər», «Oqtay Eloğlu»… bu tamaşalar haqqında isti-isti söz deyən tənqidçilərdən biri də Xalid Əlimirzəyev olmuşdur. O, sırf ədəbi tənqidlə bağlı bir məqaləsində yazır ki, ədəbi tənqid dərin ictimai, bəşəri məzmun daşıyan, yüksək sənətkarlıq nümunəsi olan bədii əsərlərə arxalanmasa heç vaxt ümumi mühakimədən, adi nəzəriyyəbazlıqdan uzağa gedə bilməz. Bu baxımdan yanaşdıqda Xalid Əlimirzəyevin yazılarında Azərbaycan dilinin gözəllikləri, sadəliyi və dərinliyi, incəliyi və zərifliyi öz əksini tapmışdır.
Nizaməddin Şəmsizadənin Xalid Əlimirzəyevin həyat və yaradıcılığına həsr etdiyi «İdeal və həqiqət mecahidi» monoqrafiyasını oxuyub başa çatdırdım. Hət iki professora «Allah rəhmət eləsin», «Siz heç vaxt unudulmayacaqsınız» deyirəm.