adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əsgərindən generalına kimi - Müharibə gündəliyi - Emin PİRİ

Emin Piri
92909 | 2021-05-07 13:40

Hər müharibənin istəyərək və ya istəməyərəkdən doğru olmayan yönləri də ola bilər. Lap eyni zamanda gözəl və şərəfli anlar kimi xatırladığımız zamanlar, insanlar, qərarlar kimi. Amma zəfərə aparan müharibədə bütün yanlışları kənara qoymaq olar. Çünki zəfər keçmişin səhvlərindən nəticə çıxarmaqdan, illərin əziyyətindən, alın tərindən sonra sənin olur. Həm də zəfər qazanmadınsa, ictimai formada onun haqqında ancaq gözəl şeylər danışmaq daha uyğundur. Gözəlliyi daha da gözəlləşdirmək...

Əsgərimizdən generalımıza kimi... Fövqəladə vəziyyətlər fövqəladə qərarlar tələb edir. Elə götürək bəzi generallarımızı. Xalqa, orduya öz hərəkətilə ruh yüksəkliyi verən, onu özündən olduğuna hiss etdirən, mərdliyi ilə qarşısındakını utandıran...

Polad Həşimovun şəhadətilə xalqı öz ruhuna qaytarması kimi...

Sözümün canı, şahidi olduğum, daha doğrusu, təəccübləndirən olay. Təəccüb dediksə, mənim inamsızlığımı... Daha doğrusu, bu qədərini gözləmirdim.

Batalyondan müəyyən texniki və bizdən asılı olmayan səbəblərdən ayrı düşmüşdük. Heyəti Şuşa ətrafı yüksəkliklərə aparıb yerləşdirməliyəm. Batalyonumuzun bölmələrinin olduğu yerə. Ora necə getməyimiz haqqında növbəti gündəlik yazılarımda geniş bəhs edəcəm. Amma indi haqqında yazacağım məsələdə məqsədim başqadır. Hə, məni təəccübləndirən olay, şahidlik.

Xocalının cəmi bir neçə kəndi bizdədir. Elə Şuşanın azad olunması da cəmi bu bir neçə kəndin azadlığından və onun qorunmasından keçir. Ordu ermənilərin içinə iynə kimi daxil olub. Kiçik məsafədən şimal istiqamətdə(Xankəndi və ətrafı) ermənilər, şərqdə ermənilər, qərbdə(Şuşanın kəndləri və Şuşa) də ermənilər. Düşmən içində yarımadadasan. Yalnız çətin və təhlükəli vəziyyətdə cənubdan (Hadrut tərəfdən) ordu dəstək ala bilər ki, o da palçıqlı, yüksək cığır yollar. Həmçinin o yollar da düşmən artilleriyası ilə müntəzəm vurulur. Bir növ xəritə ilə baxsaq, sanki mühasirədəyik. Üç tərəfin düşməndirsə, arxa hissə vurulursa, zatən başqa ad demək də mümkün deyil. Amma ordunun mühasirə içində mühasirə yaradacağı taktikasını sezməmək də mümkün deyil. Yəni Şuşanın mühasirəsi. Mühasirə içində düşməni mühasirəyə almaq. Prezidentin səfərləri zamanı Xocalının cəmi bir neçə kəndinin üzərində dayanması, Şuşanın azad edilməsi, müharibənin qələbə ilə bitməsində bu kəndlərin rolunu xüsusi vurğulması heç də təsadüfi deyil.

Nə isə, birtəhər heyəti Xocalı kəndlərinə doğru apara bildik. Minamyot, top mərmilərinin atışından sonra yaranan hərəkətsizliyimizdən istifadə edərək ara-sıra döş cibimdən bloknotu çıxarıb kiçik qeydlər yazıram.

Mədətkənd tərəfdə meşə ərazisində artilleriyamızın mövqeləri yerləşir. Eyni zamanda bir qismi Çanaqçı kəndində. İşlərini görürlər, yəni döşüyürlər düşmən mövqelərinə. Bəzi yerləri, yolları keçərkən düşmən qarşısında açıqlığa çıxırsan ki, bir başa hədəfsən. Düşmən də ardıcıl minamyot, toplarla, raketlərlə həmin əraziləri vurur. Bəzən partlamamış elə mərmilər görürük ki, özümüzdən böyük. Vallah, heç başım çıxmır nə mərmisidi. Məgər o boyda mərmi görmüşəm indiyə kimi?!

Bu qədər ordunu daha doğrusu, könüllü, səfərbərliyi, eyni zamanda daimi heyəti Xocalı, Şuşa ətrafına yığmaqlarından öz düşüncəmlə analizim bu oldu ki, azad olunmuş kəndlərin yenidən əl dəyişməməsi, canlı qüvvə çoxluğuyla düşməndə vahimə yaratmaq və bu hərbi hissələrlə düşməni oyalamaq, həm də əsas hücumun hardan olacağından yayındırmaqdır.

Çanaqçını da keçdik. Xeyli yoldan sonra tapşırılan yerə getməkçün artıq istiqaməti bilmirəm. Elə bir duman var ki, az qala bir metr önünü görə bilmirsən. Belə bir vəziyyətdə yuxarı komandanlıqdan kimdənsə dəqiq istiqaməti öyrənmək istəyirəm. Heyəti daha təhlükəsiz və sağ-salamat apara bilmək üçün.

Başqa hərbi hissənin zabitilə belə durumda rastlaşırıq.  Deyir, general Kazımov Vasif  burdadır. Yaxınlaş, sənə istiqamət versin, tapşırıq versin.

Baxdım, ətrafa mərmilər düşür (top, minamyot, bəzənsə raket mərmiləri), ardıcıl partlayışlar. Dedim, ağlına gələni danışma, Xocalı kəndində, yarımada vəziyyətində, mərmilər altında general burda nə gəzər? Yalan nə deyim, görməsəm inanmazdım.

Yaxınlaşdım, doğrudan general-mayor Kazımov. Hərbi zirehli maşın "səhra pişiyi"nin yanında öz tapşırıqlarını verir.

Düzünü desəm, sevindim... Adama elə qürur hissi gəlir ki, sənin generalın ön xətdə, döyüş bölgəsindədir. Bəzən bir jest belə orduda xalqda elə ruh yüksəkliyi yaradar ki, onu heç nə əvəz etməz. İstiqaməti və s. başa saldı, tapşırdı.

General jestləri, qərarları önəmlidir. Bəzən zamanında lazım olan məkanda olmaq hansısa qələbənin kilid açarıdır. Onun elə orda olması ən gözəl jest idi. Ən azından, bizim üçün. Elə müharibə üçün də...

TƏQVİM / ARXİV