İSİ MƏLİKZADƏNİN DOĞUM GÜNÜDÜR

İsi Məlikzadə 1934-cü il may ayinin 1-də Quzey Azərbaycanın Ağcəbədi rayonununda anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adina Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) neft-mədən fakültəsinə daxil olmuş (1952) və həmin institutu bitirmişdir (1957).Tələbəlikdən qələmini bədii yaradıcılıqla sınamış və uğur qazanmışdı.İsi Məlikzadə Həmin illəri belə xatırlayır: “Cavan vaxtlarımda gündüzlər istehsalatda çalışırdım,gecələr isə yuxuma haram qatıb, gözümün toyşu gedənəcən hekayə yazırdım.Yazdıqlarımın keyfiyyətindən razı idim.Say artdıqca özümə inamım da artırdı”.
Sonralar bədii yardıcılığa olan həvəsi onu ixtisasından uzaqlaşdırıb ədəbiyyatın geniş üfüqlü qoynuna atdı.Ədibin bir sıra kiçik həcimli hekayələri dərhal oxucu rəğbəti qazandı.Bu hekayələrin əsas məğzi real həyatda gəlirdi.Lakoniklik, az sözlə böyük məna ifadə etmək ədibin yazı manerasına xas olan başlıca cəhət idi.
İsi Məlikzadə əsərlərinin mayası həyatdan,torpaqdan, xalqdan, milli kökə,ənənəyə bağlılıqdan irəli gəlir.XX əsrin 70-90-cı illəri İsi Məlikzadə yaradıcılığının ən məhsuldar dövrünü təşkil edir.Bu illərdə yazdığı coxsayli hekayə,povest və romanları geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdı.
İsi Məlikzadə “Ulduz”, “Azərbaycan” ədəbi-bədii jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında,”Azərbaycanfilm” kinostudiyasında və s. işləmişdir. İlk hekayəsi 1960-cı ildə,ilk kitabı – “Həsratin sonu” 1964-cü ildə çap olunub.Uzun illər ərzində “Gümüş göl əfsanəsi”,”Yaşıl gecə”, “Küçələrə su səpmişəm”, “Dədə palıd”, “Günəşli payız”, “Qırmızı yağış”, “Kövrək qanadlar”, “Alovlu qış”, “Özgə anası”,”İki günün qonağı”,”Günəş harada gecələyir” və b. kitabları nəşr olunmuşdur.
Ədibin “Molodaya Qvardiya”, “Sovetskiy pisatel” kimi nüfuzlu nəşriyyatlarda rus dilində ondan artıq kitabı nəşr olunmuşdur. Moskvada fransız dilində çıxan “Azərbaycan nəsri antologiyası”nda İsi Məlikzadənin bədii yaradıcılığına yüksək qiymət verlimiş, ədibin “Oğul” hekayəsi çap olunmuşdur.
İsi Məlikzadənin Respublika teatrlarının səhnəsində “Gəl qohum olaq”, “Sağlıq olsun”, “Hərənin öz ulduzu”,” Məndən nigaran qalmayın” pyesləri tamaşaya qoyulmuşdur.
Uzun illər “Azərbaycanfilm” kinostudiyasinda baş redaktor işləyən ədibin ssenariləri əsasında “Qatarda”,”Gümüş göl əfsanəsi”,”Pəncərə”,”Ağ atlı oglan”,”Kişi sözü”,”Cehiz güzgüsü”,”Güllələnmə təxirə salınır”,”Hacı qara”, “Papaq”, “Evin kişisi”, “Evlənmək istəyirəm”,”Qoca palıdın nağılı” kimi qısa metrajlı bədii və sənədli filmləri böyük ekrana öz geniş təcəssümünü tapmış və tamaşaçı rəğbətini qazanmışdır.
Xüsusən də, yazıçının “Qatarda” əsəri cəmiyyətdə baş verən haqsızlıqlara qarşı güclü etiraz, üsyan, haray olmaq baxımından ferqlənir.Sovet sisteminin qılıncının dali da, qabağı da kəsdiyi bir dövürdə onun eybəcərliklərini tam çılpaqlığı ilə açıb göstərən, keskin tənqid atəşinə tutan “Qatarda” əsəri ədəbiyyatımızda hadisədir.Xalq arasında çox sevilən bu əsərin şöhrətini Yaşar Nuri, Həsən Əbluc kimi görkəmli səhnə ustalarının bənzərsiz oyunu daha da artırmışdır.
Bir qələm əhli olaraq İsi Məlikzadə özünü bədii yaradıcılıqda təsdiq etmiş,oxucu və tamaşaçı kütləsinin sonsuz məhəbbətini qazanmişdır.Təəssüf ki,o yaradıcılığının çiçəkləndiyi bir dövrdə, Azərbaycan xalqının tale yüklü Qarabağ məsələsində Xudu Məmmədov (Qarabağa dair iclasda),Hafiz Baxış (Qarabağa dair iclasda),Fərman Kərimzadə, Mikayıl Azafli, Hamlet Xanızadə,Eldar Baxış, Famil Mehdi, Şahmar Əkbərzadə və başqaarı kimi İsi Məlikzadə də sarsintı keçirdi və 1995-ci ildə dünyasını deyişdi. Təsəllini onda tapırıq ki, İsi Məlikzadənin əsərləri bu gun də səhnədən duşmür, həmişəki məhəbbətlə oxunur,xatirəsi layiqincə yad edilir.
Təkcə onu demək kifayyətdir ki,Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə latın qrafikası ilə capı nəzərdə tutulan yazıçıların siyahısında İsi Məlikzadənin də adı vardır.
Qəzənfər Paşayev