Verilməyən “kupça”, tapılmayan adam... - Pərvanə BAYRAMQIZI yazır

Bəzən aldadıldığını bilsən də aldadılmağa davam edirsən. Bilə-bilə, könüllü özünü hansısa hiyləgərə inanmış kimi göstərirsən. Bunu xeyirxahlıq məqsədilə edəndə özünə haqq qazandırırsan. Məsələn, görürsən qarğıdalı satan oğlan səni hər dəfə bir şeylə aldadır, göz yumur: “eybi yox, qoy qazansın” deyirsən. (Bədəncə çox zəif idi, laqeyd qalmaq olmur...)
Növbəti dəfə yenə qarğıdalını ondan alırsan. Alırsan ki, axşam evə qazancla getsin. Kaş buna adət etməsin, kaş adamları aldatmağın asan olduğunu düşünməsin, kaş pis fəsad verməsin, amma mərhəmətindən xəbərsiz olub sevinsin. Nəyisə bacardığından məmnun olsun.
Hələ yekə-yekə adamlar... özü də iş adamları... əksəriyyəti hiyləgərlikdə birinciliyə layiqdir.
Aldanmaq eyib deyil, aldadan utansın. Aldanmaq saflıqdır, aldatmaqsa itin-qurdun dilini bilməkdir. Aldadan hiyləgər əməlindən utanmaz, aldanılansa dünyada pis adamların olduğundan kədərlənər.
Lazım olan məqamda kömək istəyirsən, baxırsan, ağıl başında deyil. Səhvə yol verirsən, hərlənib-fırlanıb hadisələrdən təzədən ağıllanıb özünə gələndə bir də görürsən itirdiyin ağıl veyillənə-veyillənə o yandan bəri gəlir.
Ağıl beyinə başqasının sözündən qopub girmir, hadisələrin nəticəsində vəziyyətə uyğun başa yeni fikir gəlir. Fərqli çıxış yolunun tapılması ağıllanmaqdır. Saf adamları bəzən mühit “ağıllandırır”. Ağıl təmiz insanların nadürüstlərin pisliyindən topladıqları təcrübədir.
Bir də... qarşındakı adamın heç bir səbəb olmadan səni sevməməsinin, həmişə pislik etməsinin səbəbi sənin təmiz mənəviyyatının fonunda özünün çirkab dünyasını aydın görməsidir. İşığın gözünü qamaşdırdığından mərdimazarlığı eynək edir.
İşi düşəndə, səndən istifadə etmək məqsədi olanda yalvarıb, yaltaqlanıb, diz çöküb hər vasitə ilə istəyinə nail olmağa çalışanlar, istədiyini əldə edəndən sonra "ağlın varıydı, eləməzdin" deyərlər. Sən də özündən soruşursan: – Görəsən, filankəsə filan edəndə ağlım harada idi?
Məkrli adamlar adamı təvazökar olduğuna peşman edirlər. İşlədiyini gözə soxmamaqla adam özü xainlərə şərait yaradırmış. Adının çəkilə biləcəyi işlərdən illərlə geri tutulmağının “siyasi” tərəfinin olduğunu hiyləgər şəxs öz məqsədinə çatanda anlayırsan.
Xain adam iç üzü açıldıqca çirkab mənəviyyatından utanmaqdansa daha da təhlükəli olur. Belələrini mehribanlıq da "zərərsizləşdirmir".
Adam hərdən elan vermək istəyir: Ali keyfiyyətlərə malik insan axtarılır.
Yaltaqlıq etməyən, xəbərçilik bacarmayan, paxıllıq hissindən məhrum, xeyirxah, mehriban adam tanıyırsınızsa, göstərin gözümüzün üstündə saxlayaq.
Ürəyimizin "kupçası" belələrinin adınadır.
Adam var “kupça” tapmır, kupça var, verməyə adam tapılmır.