adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
16 Aprel 2021 13:16
35280
ƏDƏBİYYAT
A- A+

Məmməd Araz - Kəşf olunmamış poeziya planetinin Peyğəmbəri

I hissə

GİRİŞ

 

Bağda Məmməd Araz talvarı altında oturub keçmişləri xəlbirləyirəm. Pərvanə olub əlçatmaz, ünyetməz şairimiz Məmməd Arazın səcdəsinə getdiyim günlər, bu balaca talvar altında oturub çay içdiyimiz çağlar, onun əlini alnına söykəyib mənalı baxışlara qərq olduğu anlar yada düşür.

Məmməd Arazın «fırtına dənizi» içimdə baş qaldırdı, qəlbimi sökdü. Bir anlığa uşağa döndüm, gözlərimdən axan hicran yaşı ürəyimi cilovlaya bildi… Buna da şükür.

İçimdə baş qaldıran Məmməd Araz təlatümünün cüzi bir hissəsini yaddaşlara köçürmək arzusu ilə qələmə könül verirəm…

 

***

 

Məmməd Araz 14 oktyabr 1933-cü ildə Azərbaycanın cənnət guşələrindən birində - Şahbuz rayonunun Nurs (Nursu) kəndində İnfil kişinin ocağında dünyaya göz açıb. Körpənin adını Məmməd qoyurlar. «Qoy o böyük Allah bu məsum körpəni bu ada bağışlasın» - deyirlər.

İllər ötdü, Məmməd böyüdü. 1940-cı ildə Nursu kənd məktəbinin birinci sinfinə qədəm qoyan Məmməd 8-ci sinfi bitirdikdən sonra kəndlərində orta məktəb olmadığından 10-cu sinfi Kəndşahbuzda bitirir.

Məmmədin dediyinə görə, 9-10-cu sinifdə oxuduğu illərdə Nursdan Kəndşahbuza gedəndə və bu yolla piyada kəndə qayıdanda qəlbinin dərinliklərində qeyri-adi bir hissin qaynadığını duyur. Onu heç vaxt rahat buraxmayan bu «sirli hiss»in kökü Allahın vəhylərinin Məmmədin qəlbinə yeritdiyi şeir mayası imiş.

Məmməd bu sirli aləmdən ayrıla bilmədi. Hələ orta məktəbdə oxuduğu illərdə məktəbin divar qəzetində ilk dəfə bahara həsr olunmuş şeri dərc olundu.

 

«O gün gecəsi olmayan və heç vaxt olmayacaq bir gün idi. O gün bütün sevinc və həyəcanımı büküb əbədi ünvana – Günəşə göndərmişəm. Hər səhər tezdən Günəş üfüqündən boylananda o günü görürəm. Mənim əvvəli sevinc, sonrası təəssüf olan günüm deyirəm, - bu qədər qatı açılmamış qayğını mənə tapşırıb, özün bir yolluq getdin, niyə?»

«Fəqət o ilk şeir ortada yoxdu. O əks-səda ilə getdi, qarşıda İlahi səsin səpdiyi qayalıqlar qaldı» («Dünya» jurnalı. №-5, 1993-cü il).

 

1945-ci ildə Məmməd hələ orta məktəbdə oxuyarkən atası İnfil kişini tutub Sibirə, oradan da Qazaxıstana sürgün edirlər. Əsas da bu olur ki, guya onun bir sıra dini təşkilatlarla əlaqəsi var. Və hətta bəzilərinə rəhbərlik edir. Əslində bu ağ yalan idi. O vaxtlar onu bir nəfərin üzünə durmağa məcbur edirlər. Ancaq İnfil kişinin təmiz vicdanı buna yol vermir…

O, 10 ildən sonra doğma kəndinə qayıdır. Və bağbanlıqla məşğul olur. Kəndin qənşərində 10 hektarlıq bir meyvə bağı salır. Hər cürə meyvələr yetişdirir. İndi də bu bağa İnfil kişinin bağı deyirlər.

Anası Cahan xala xanım-xatun bir qadın olub. Sinəsi xalq dastanları, laylalar və nağıllarla dolu idi.

Balaca Məmmədə nağıllardan, dastanlardan danışar, gəraylılardan, qoşmalardan əzbərlədərdi. Məmməd həmişə böyük iftixar hissi ilə deyərdi: “Mənim şeirlərimin mayası anamdan başlayıb”. Məmməd o anları belə xatırlayırdı: «Rəhmətlik şeiri oxudardı, xoşuna gəlməyəndə deyərdi: - Bunda mənim südüm yoxdu». Allah sizlərə rəhmət eləsin.

Məmməd Araz 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olur. 1951-ci ildə yazıçı İsmayıl Şıxlının institutda təşkil etdiyi ədəbi dərnəyin məşğələlərində iştirak etməyə başlayır. 1952-ci ildə institutda xalq şairi Səməd Vurğun və xalq yazıçısı Əli Vəliyevlə keçirilən görüşdə çıxış etmiş, dahi şairimiz Səməd Vurğunun xoşuna gəlmişdi. «İnqilab və mədəniyyət» jurnalında «Yanın, işıqlarım» adlı şeri çap olunmuş və bundan sonra ədəbiyyat aləminə qədəm qoymuşdur.

1955-56-cı illərdə Şahbuz rayonunda müəllimlik etmişdir. Bu illər «Bulaq başında», «O baxışlar», «Kəklik», «Qonşu gəlin» və s. şeirlərini yazmışdır.

 

AÇILMAYAN SİRLƏRDƏN

 

Bir dəfə Məmməd Araz, həyat yoldaşı Gülxanım bacı, mən və qardaşı oğlu Qorxmaz Nursa getmişdik. Bir gün sonra Məmmədin xahişi ilə «QAZ-69» maşını ilə şair, Qorxmaz və mən dağlara qalxdıq. Novlu bulağın başında oturub yolumuza qoyulmuş süfrəni açdıq. Şirin söhbətləri ilə Məmməd məni tam ovsunlamışdı. Əlləri süfrədə olsa da, gözlərini ətrafda olan təpələrdən çəkmirdi şair.

Burda, ay qardaş, bilirsən nə qədər quzu otarmışam, deyib köksünü ötürdü. Sonra bizi çətinliklə də olsa (sürücünün adı yadımdan çıxıb) yurd yerinə apardı.

Məmməd maşından düşdü. Yavaşca qulağıma: sözüm var sənə - dedi. Mənə köhnə ocaq yerini, «quzu kümbəzini» göstərdi. Dağ armudu ağacının altında dayandı, əli ilə mənə qabaqdakı təpəni göstərdi. Bax, Cəfər, o məsum qızcığazın mən yazığa o təpənin dalından baxıb gözdən itdiyi günləri unuda bilmirəm. Qoy bacın bilməsin. O vaxt evdən razı olmadılar. Mən də baş götürüb Bakıya getdim. «Salamat qal» şeri bu yurd yerində yaranıb.

 

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?

Leysan, salamat qal, yağ, salamat qal.

 

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə.

Ey qaragöz pəri, dalımca sən də,

Boylan, salamat qal, bax, salamat qal.

HƏYATIN DAŞLI-KƏSƏKLİ, AĞRILI-ACILI YOLLARINDA

 

Məmməd 1957-ci ildə Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə girir. Bu illərdə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunur.

1958-ci ildə ixtisasca ədəbiyyat müəllimi olan Gülxanım Fətəli qızı Məlikməmmədova ilə ailə həyatı qurur. Bundan sonra şair elə bil qanadlanır – «Üç oğul anası», «Sevgi nəğməsi» kitabları «Azərnəşr» tərəfindən çap edilir.

1959-cu ildə ilk övladı İradə xanım dünyaya gəlir. Ailəyə səadət gətirən İradə xanım indi tanınmış publisist-jurnalistdir, Toğrul və Tuncay adında iki oğlu, bir qız nəvəsi var.

Məmməd Araz 1959-cu ildə şair dostları Söhrab Tahir, Fikrət Qoca ilə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ədəbiyyat kursuna daxil olur və oranı 1961-ci ildə başa vurur. Bakıya qayıtdıqdan sonra «Maarif» nəşriyyatında redaktor vəzifəsinə təyin olunur.

1963-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə irəli çəkilir.

Bu illərdə «Mən səni taparam» adlı kitabı nəşr edilir.

1965-ci ildə şairə ağır itki üz verir. Dünyalar qədər istədiyi anası Cahan xanım dünyasını dəyişir. Bu ağır zərbədən sarsılan şair yazırdı:

 

Daha gəlməyəcək anamın səsi,

Mənə də taleyin yumruğu dəydi.

Düzü, acığıma gəlir, bəzisi

Soruşur, mərhumun yaşı neçəydi?

 

- Bilmirəm… düşmüşdü saçlarına dən,

Dolaşır sualla, cavab başımda.

Ana kədərini yaşmıdır ölçən?

Ana itirmişəm ana yaşında…

 

Anasının vəfatından sonra «Aldım məktubunu», «Anamdan yadigar nəğmələr», «Poy Araks» (Moskva) kitabı nəşr olunur.

1966-cı ildə ikinci qızı Şəlalə dünyaya gəlir. Yılmaz adlı bir oğlu var.

 

Öz ömrümü şum elədi öz əlim,

Yazında gül, payızında xəzəlim,

Gündoğandan günbatana mənzilim,

Bu da belə bir ömürdü yaşadım.

 

Oğlun yoxdu – sonun yoxdu dedilər,

Sağın yoxdu, solun yoxdu dedilər,

Odun boyda suyun yoxdu dedilər,

Bu da belə bir ömürdü yaşadım.

 

Şükürlər olsun Tanrının böyüklüyünə ki, hələ sağlığında 3 oğul nəvən dünyaya gəldi. Onlar Vətənə layiqli övladlar kimi xalqımıza xidmət edirlər. Allah amanında saxlasın.

1968-ci ildə Yaltada sanatoriyada qələmə aldığı «Vardı günlərim», «Sən ötür məni», «Azəri qızı», «Oxu, tatar qızı». Sonra Kəlbəcərin İstisuyunda yazdığı «Dağ çiçəyi», «İstisu lövhələri», 1969-cu ildə dahi dramaturq C.Cabbarlının 70 illiyinə həsr olunmuş, «Cəfər yolu» dünyəvi şeirlərini çap etdirmişdir.

1971-ci ildə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmişdir. «Yer üzünün Qarabağ düzü», «Qarabağ simfoniyası» məqalələrini dərc etdirmişdir.

1972-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində N.Nərimanovun anadan olmasının 100 illiyi münasibətilə xüsusi buraxılışda verilmiş materiallara görə (şair Nəriman Həsənzadənin «Nəriman» poeması da olmaq şərtilə) millətçi kimi baş redaktorun müavini vəzifəsindən azad edilmiş, uzun sarsıntılar keçirmiş, lənətə gəlmiş xəstəliyə düçar olmuşdur.

1974-cü ildə akademik Həsən Əliyevin təşəbbüsü ilə yaranmış «Azərbaycan təbiəti» jurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir.

1975-ci ildə «Həyatın və sözün rəngləri» adlı ilk publisistik kitabı nəşr olunmuş, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.

1978-ci ildə «Oxucuya məktub» kitabı nəşr olunur və “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür.

1979-cu ildə «Aylarım, illərim» kitabı nəşr olunur.

1981-ci ildə «Krılatıe skalı» şeirlər kitabı (rus dilində) çap olunur. Həmin il atası İnfil kişi Nursu kəndində vəfat edir. Şair xəstə olduğu üçün bu ağır xəbər ona deyilmir.

1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatı almaq üçün «Dünya sənin, dünya mənim» adlı şeirlər kitabı təqdim olunur. Lakin mükafat verilən zaman məlum olur ki, şairin adını o siyahıdan çıxarıb başqasını salıblar.

Sevimli şairimiz Məmməd Aslan bu haqsızlığı beləcə qələmə almışdı:

 

Qəm eləmə, Məmməd Araz,

Dünya belə qurulubdu,

Əyriləri kimsə qırmaz,

Düz ağaclar qırılıbdı.

 

Baxma ağlın sığmaz ərzə,

Çəm tapmadın yola-irzə,

Asta tərpən, neçə gürzə,

Sağ-solunda qıvrılıbdı.

 

(Şeir 7 bənddən ibarətdir).

 

1988-ci ildə «Azərbaycan» və «Ulduz» jurnalında çap olunmuş şeirlər silsiləsinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını almışdır.

1991-ci ildə Azərbaycan Respublikası Xalq şairi Fəxri adına layiq görülmüşdür.

1993-cü ilin 28 sentyabrında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Məmməd Arazın 60 illik yubileyini şairin iştirakı ilə təntənəli şəkildə keçirdi və şair Naxçıvan MR Ali Məclisinin Fəxri fərmanı ilə təltif olundu. Yubiley iştirakçılarının bir qrupu Məmməd Arazla birgə 3 günlüyə Təbrizə yola salındı.

Böyük şairmiz İranda dahi şairimiz - Şəhriyarın qəbrini ziarət etmiş və böyük təəssüratla Bakıya qayıtmışdı. İllər bir-birini arxada qoyduqca ustad şairin xəstəliyi artırdı. Bu xəstəlikdən bütün Azərbaycan – Türk dünyası narahat idi.

Azərbaycan hökuməti Məmməd Arazı 1995-ci ilin may ayında müalicə üçün Almaniyaya yola saldı. Almaniyada olarkən 2 dəfə telefon əlaqəsi saxlaya bildim. Gülxanım bacıdan dönə-dönə xahiş etdim ki, cərrahi müdaxiləyə razılıq verməsinlər. Şairin özünə də fikrimi çatdırdım. 1995-ci ilin iyun ayının 12-də səhər saat 04:15 dəqiqədə qohum-əqraba və dostlarla birgə Məmməd Arazı aeroportda qarşıladıq. Baxdım ki, bu müalicənin heç bir xeyri olmayıb. Ancaq təsəlli verməkdən başqa çarəmiz yox idi.. Şükür edirdik ki, vətənə salamat qayıtdı. Məmməd Araz müalicədən qayıdandan sonar ruhdan düşmədi. Yenə öz titrək qələmini inadla, inamla ağ vərəqlərə çalmağa başladı, yorulmaq bilmədən neçə-neçə tarixi əsərlər yaratdı öz müdrik ürək tablosunda.

 

Nəyi düz deməsəm düzünü de ki,

Bu torpaq ağartsın üzünü, de ki…

Dünyaya sonunu sözünü de ki,

Ey qardaş qələmim, desəm-deməsəm,

Mən səni özümlə aparasıyam…

 

Ancaq şairə son sözünü demək qismət olmadı. Bu da Tanrının ona verdiyi «Tanrı qisməti oldu». Mən niyə şair oldum? Cavabında şair yazırdı: «9-cu sinifdə sanki qəfil bir təkan məni ayrı bir aləmə atdı. Sinif dostlarımdan kiminsə qoltuğunda iri bir kitab gördüm. Maraqlandım, S.Vurğunun «İstiqbal təranəsi» idi. Alıb baxdım. Ortadan açdım, gözümə ilk dəyən «Dilcan dərəsi» şeri oldu. Bu misra məni elə tutdu, elə tutdu ki: «Yenə səni gördüm, Dilcan dərəsi…» Elə bil bundan sonra milyon illərlə beləcə duran lal-dinməz dağları, dərələri gözüm gördü. «Yenə səni gördüm, Toğlu qalası», «Yenə səni gördüm, Səngər təpəsi» kimi misralar təsirlə doğuldu. Ardı gəlmədi, ancaq təsir məni ayrı mövzulara yönəltdi».

 

SÖZÜN QÜDRƏTİ

 

Və beləliklə, aydan-aya, ildən-ilə püxtələşən Məmməd İbrahim, sonradan Məmməd Araz imzası ilə tanınmağa başladı. Bütün şeirlərini alova döndərib xalqın qəlbinə hopdurmağı bacardı. Uzun illərdən bəri namərd xəstəliyin ucbatından içində səssiz fəryadlar qopardı. Şair ömrü narahat çağlarında içindən gələn təlatümü cilovlaya bilmir. Bir tərəfdən Allah-Təalanın ona «hədiyyə» etdiyi ömürlük zalım xəstəlik, digər tərəfdən Vətən torpağının düşmən tapdağında inildəməsi şairi narahat buraxmırdı:

 

Nə yatmısan, Qoca vulkan, səninləyəm,

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!

Varım, yoxum, səninləyəm,

Azım, çoxum, səninləyəm,

Şirin yuxum, səninləyəm…

Yıxın məni söz atından,

Atın məni tank altına,

Əzin məni xıncım-xıncım,

Kəsmir əgər söz qılıncım…

 

O, xalqının haqq şairi idi. Sözü müdrik, özü müdrik, şeirlərində üsyankarlıq, çoxşaxəlilik, çoxçalarlılıq, zənginlik, müdriklik və müqəddəslik. O el vurğunu, təbiət vurğunu, poeziya vurğunu, öz içində isə namərd xəstəliyin yorğunu idi.

Sən ulu Tanrının verdiyi əzablı dərdə dözdün, məğrurluğu, mərdliyi, dönməzliyi, cəsarəti öz içində göyərtdin, baş əymədin namərd xəstəliyə, bəzi məmurlara. Yeganə şair idin ki, sənin ilham bulağını heç bir qüvvə bulandıra bilmədi.

 

Dünənimi döşdən asan deyiləm,

Dünənimə qəbir qazan deyiləm,

Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədər ki, öz əlimdi yazanım.

 

Kimliyindən asılı olmayaraq vüqarlı vicdanın sükanını dəyişmədin.

 

Buyruqlara sığışmayan inaddım,

Çox qanadlar yorub salan qanaddım,

Ulduzlara barmaq silkib, daş atdım,

Nizamına baş əymədi nizamım.

 

Evində bir zərif qadın nəfəsini və bir də cansız masanı özünə həmdəm saydın. Heç yerdə heç kimə əyilməyən vüqarını «Vətən nəfəsli» saydığın masana əydin. Zərif, titrək əllərinlə qəlbindən sökdüyün mələk duyğularını qələmdən vərəqə yönəltdin. Cansız masanı canlı saydın, USTAD və ona:

 

Biz iki ocaq kimi,

Sinə-sinəyə yandıq.

Odumuz öpüşəndə,

Közümüzə inandıq.

 

Dərd eləmə desəm ki,

Yazı masam, ölürəm!

Ölə-ölə yazmıram,

Yaza-yaza ölürəm.

 

Hər misranda bir keşməkeşli dünya yaradan sirlərlə dolmuş söz planetinin Daş kitabını hələlik aça bilməmişik. Bu dünya şöhrətli, böyük şairin möhtəşəm xəzinəsinin açarını kim tapacaq, məlum deyil.

 

Dönən döndü, yenən yendi dönməzliyə,

Doğru sözün nərdivanı qalır hələ,

Bəy deyiləm, söz hökmündə Atabəyəm,

Ər olmağa ər divanın qalır hələ.

 

Mən bir elin, bir vicdanın kölgəsiyəm,

Göy uçulsa, torpaq ölsə öləsiyəm,

Nə zamansa Nəsimini görəsiyəm,

Bu inamım, bu gümanım qalır hələ.

 

Məmməd Araz, əzilsən də əzim-əzim,

Araz boyu meh olmazsan bircə əsim,

Ürəyindən ürəklərə köçüləsi,

Nur daşqını, Nuh tufanı qalır hələ.

 

Məmməd Araz Azərbaycanın bütövlüyü uğrunda mübarizənin carçısı kimi meydana atılanlardan biri oldu və:

 

Ya Rəbbim, bu dünya sən görən deyil!

Bu sədlər, sərhədlər sən hörən deyil.

Adını, soyunu dəyiş dünyanın,

Odunu, suyunu dəyiş dünyanın,

Yolunu, yönünü dəyiş dünyanın,

Ya Rəbbim, bu dünya sən quran deyil,

Fəzada yerini dəyiş dünyanın! –

 

deyə hayqırdı.

M.Araz deyəndə istər-istəməz bütün türk dünyası, vətənpərvərlik, vətənə məhəbbət yada düşür. M.Arazı Vətənsiz, Vətəni isə Məmməd Arazsız düşünmək qeyri-mümkündür və hətta günahdır.

Məmməd Araz deyəndə - Araz axımlı, Araz baxımlı, Araz mətanətli, Araz cəsarətli, Araz şücaətli, Araz dəyanətli, Araz qıfılbəndli, sinəsi mindərdli, Araz özümlü, Araz dözümlü, Araz düzümlü, qaya əzəmətli, dağ vüqarlı bir şair vətəndaşın tunc heykəli qarşımızda canlanır.

M.Araz ona görə çox sevilir ki, onun düz yolu, düz iddiası, düz əqidəsi, pak qələmi olub. Onun nəhəng poeziya aləmi, heç kimi təqlid etməyən gözəl əsərləri, dərin fəlsəfi fikirləri həmişə oxucunu düşündürməyə məcbur edib.

 

Həqiqət sözüdür, sözün Allahı,

O, qala uçurdu, o, qala qurdu.

Gətir xəyalına xətai Şahı:

Qılınca hökmran, qələmə quldu.

 

Hündürlər çox idi Vaqif dağından,

Sənət ucalığı uca dağ oldu.

Sözü ayaqlara atmadığından,

Özü vəzir oldu, sözü şah oldu…

 

Həmişə dərin, bəşəri düşüncələrə dalan, dünyanın taleyi üçün, onun varlığı üçün narahat olan, xalqının keçmişini və gələcəyini düşünən şair bütün dünyada Azərbaycanı qayalar başında bitən solmaz bir çiçəyə bənzədir.

 

Azərbaycan - qayalarda bitən bir çiçək,

Azərbaycan - çiçəklərin içində qaya,

Mənim könlüm bu torpağı vəsf eyləyəcək,

Azərbaycan dünyasından baxır dünyaya.

 

Azərbaycan – mayası nur, qayəsi nur ki,

Hər daşından Alov dilli ox ola bilər.

«Azərbaycan» deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

 

Məmməd Arazın çox böyük ürək tablosu olub. O bu tabloya Azərbaycan təbiətinin nəyi varsa, hamısını köçürməyi bacarıb. Məmməd Araz yazırdı:

 

Ürəkdə ay doğur, Günəş də batır,

Göy qopur, ildırım çaxır ürəkdə,

Tufan da hayqırır, sükut da yatır,

Alov da, gürşad da yağır ürəkdə.

 

Şair həmişə həqiqi dostluğu müasir dünyamızda bir tapıntı kimi düşünərdi. Çünki bu vəfasız dünyada xəstələndikdən sonra «dönük» dostların çoxu sınaqdan keçmədi. Şairin yaxın dostu, böyük alim Xudu Məmmədova yazdığı şeirin 3 bəndini xatırlamaq arzusundayam:

 

Yenə dağ döşündə dənələndi qar,

Yenə zirvələrin həsrətində qal.

Sel qopdu, dərəyə düşdü qalmaqal…

Bir ocaq başında bir isinməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

 

Şimşək yelkəninə qoşulu anlar,

Göy bizi yamanlar, yer bizi danlar.

Görüm ayılmaya gec ayılanlar…

Dolular qırımlı, daşlar döyənək…

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

 

Keçək dərələrin boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından

Nur alıb, bu yurda səpələməsək

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Haşiyə: 50 illik yubileyində, oktyabr ayının ortalarında Məmməd Arazla Sumqayıtda görüş keçirirdik. Görüşdən öncə bağda çay dəstgahına dəvət etmişdim. Çay süfrəsi arxasında şair ailəsi ilə, Aqil Abbas həyat yoldaşı İradə xanımla, Məmməd İsmayıl, Əjdər Xanbabayev, Flora xanım Kərimova, Sabir Rüstəmxanlı, Məmməd Aslan, Söhrab Tahir, Əşrəf Veysəlli, tanınmış sənətkarlarımız Rafiq Babayev, Mikayıl Mirzə, həkimlərdən Hümbət Nağıyev, Zahid Quliyev və başqa qonaqlar əyləşmişdilər. Qoşa söyüdün altında qoşa süfrə açılmışdı. Ləyaqət xanım iki böyük tort və qonaqlara layiq Ordubad qayğanağı və Arzuman küftəsi bişirmişdi. Məclis qızışmışdı. M.Aslan dedi:

- Əmi, gəl nərd oynayaq, Cəfər həkimin cibindən.

Mən tez ciblərimi çevirdim:

- Baxın, boşdur, - dedim.

Nərd oyunu başlandı. Araqatan peyda oldu. Sonra mənə söz verdilər. Məmməd Araza hücuma keçdim:

- Birincisi, sənə 100 il ömür arzulayıram, - dedim, bilirsən, sən bağa gələndə əməlli-başlı yeriyirsən. Təbiətin içində olanda xəstəliyini unudursan. Ya köç gəl bizim bağda qal, ya da götür nişanlını get Şahbuza, cənnət-məkan Nurs kəndinə. İkincisi, Sən xəstə deyilsən, bu titrəyişin də səbəbi bir başqadır. .Fikirləşirəm ki, heç kim bu dünyada əbədi deyil, ölüm də haqdır. Sonunda hər kəs bu dünyadan köç etməlidir. Bilirsən ki, o dünyada «inkir-minkir» səni sorğu-suala tutmağa utanacaq, bununla belə, səni axirətdə imtahan gözləyir. Bax, başda oturacaq Nizami, Füzuli. Onların ətrafında Xətai, Seyid Əzim, H.Cavid, M.Hadi, C.Cabbarlı, M.Ə.Sabir, C.Məmmədquluzadə, M.H.Şəhriyar və digərləri əyləşəcəklər. Səndən imtahan götürəcəklər. Sənin indiki titrəyişin həmin o imtahanın qorxusunun titrəyişidir. Hərdən o imtahan yadına düşəndə əsməyə başlayırsan ki, bəlkə sənə güzəşt edib bir çəlimsiz «üç» yazalar. Hə, necədir, ustad, düz tapmışam?! Bütün məclisə gülüş ələndi…

 

***

 

Bir vaxtlar «Vaxt» qəzetində mənim qısa bir yazım getmişdi Məmməd Araz haqqında. Yazmışdım ki, şairlər bəşəriyyətin ildırım ötürənləridir. Təbiətən, qəlbən azad olmağa məhkum edilmiş dəyərli şairlər özləri istəsələr də, istəməsələr də bəşəriyyətin bütün ağrılarını ürəklərində daşımağa məcburdurlar. Mən özümə qibləgah saydığım, hüzurunda səcdə etdiyim Məmməd Arazın ürək döyüntülərində insan oğlunun əbədi ideallarının əks-sədasını çox eşitmişəm… Çox!

M.Araz insanpərvərliyi, səmimiyyəti, təvazökarlığı, zəngin yaradıcılığı ilə hamıdan seçilir. Onun sadəliyinə həmişə həsəd aparmışam. Yadımdadı, Bakıda Karl Marksın heykəlinin yanında böyük qızı İradə xanım və kürəkəni Aqil Abbasla bir yerdə yaşayırdılar. Aqil Abbas evə girən kimi haray salardı: - Əmi, hardasan. Aqil müəllim birinci Məmməd əmi ilə görüşər, onun könlünü alar, sonra ailə üzvləri ilə salamlaşardı. Məmməd Aqili öz doğması kimi sevirdi və onun zarafatlarına ehtiyacı var idi. Məmməd Aqillə Məmməd Araz kimi yox, oğlu və dostu kimi davranardı.

Oğul nəvələri dünyaya gələndə Məmməd qanad axtarırdı uçmağa. «Mənim validolum» adlı şeir yazmışdı nəvəsinə. Tale oğul sarıdan onun üzünə gülmədi. İki qızın arasında əkiz oğlanları dünyaya göz açsa da, zalım fələk ikisini də birdən apardı. Məmmədin misralarını yada salmaq istərdim.

 

Uçurub yolumdan əkizlərimi,

Ömrümün yoluna tənha çıxmışam.

 

Mənim üçün dünya sandığım M.Araz zirvəsi var. Bu zirvəni fəth etmək kimə qismət olsa, o, dünyanın ən xoşbəxt insanı olacaq. Əgər dünya varsa, M.Arazın zirvə əbədiliyini danmaq olmaz. Ömür-gün yoldaşına söykənən şair yazırdı:

 

Çox tozanaq atlını təmkin atınla keçdin,

Sel boğan dərələri bir mərd qadınla keçdin,

Bütün keçilməzliyi, Vətən, adınla keçdim,

Haqqın var Məmməd Araz,

Haqqın var yaşamağa!

 

Haşiyə: Bir gün bağda söhbət əsnasında Məmməddən xahiş etdim ki, qardaş, nə olar mümkünsə bir dram əsəri yaz. Bir anlığa dərin sükuta daldı və köks ötürdü:

- İncə yerimə toxundun, qardaş. Pyes başımda hazırdı. Ancaq hələ 9-cu sinifdə oxuyarkən dağlarda quzuya getdiyim illər daş üstünə bir söz yazdım ki, yaddan çıxmasın. İndi neçə illərdi o sözü axtarıram, tapa bilmirəm. Təkcə bir kəlmə söz.

- Qardaş, - dedim, - məgər o sözü başqa bir sözlə əvəz etmək olmaz?

- Yox, - dedi.

Hər sözün öz çəkisi, hər sözün öz yeri, hər sözün öz məqamı, hər sözün öz hökmü var. Tək o bir kəlmə söz yadıma düşsə bir gecədə əsəri yazıb tamamlaya bilərəm. Sonralar yazılarının birində mənə rast gəldi.

 

Sözümün çəkisi çəkimdən ağır,

Atmaq da çətindir, dartmaq da çətin!

 

Allahıma şükürlər olsun ki, sözünün qüdrətini az da olsa duya bilmişəm, USTAD.

Yazımın bu hissəsini Məmməd Araza hələ sağlığında həsr etdiyim bir şeirlə bitirmək istəyirəm:

 

 

ƏGƏR BİLSƏM

 

Ana torpaq, hər daşına üz qoyum,

Hər dərəndə çaldığım saz yaşayır.

 

M. Araz

 

Məmməd Araz, ayağına baş qoyum,

Hal əhliyəm, mənə kölgən bəs eylər.

Kipriyimlə qum ələyim, daş oyum,

Bunu səni sevən hər bir kəs eylər.

 

Məmməd Araz, söz dağında zirvəsən,

O zirvənin ətəyində qalanım.

Misra-misra ürəklərə tələsən,

Sözlərinin tilsimində talanım.

 

Məmməd Araz, kimlər durdu qəsdinə,

Nələr çəkdin cahillərin əlindən.

Qara yellər əsmədi nə, əsdi nə,

Yaxan qaldı sahillərin əlində.

 

Məmməd Araz, havalansa söz pərin,

Heyrətindən daş üstə gül bitəndi.

Səhər-axşam dərdin, qəmin, kədərin

Hər daşına üz qoyduğun Vətəndi.

 

Məmməd Araz, dünya pərdə-pərdədi,

Pərdə-pərdə sirr-sehrinə bələnnəm.

Əgər bilsəm dərd məlhəmin yerdədi,

Əl açaram qapı-qapı dilənnəm.

 

(Ardı var)

 

Hacı Cəfər həkim Quliyev,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,

“Şöhrət” ordenli, Ali dərəcəli həkim-cərrah