adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ONUN DİQQƏT VƏ SƏMİMİYYƏTİ TUTİYƏDİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
69190 | 2021-04-10 09:42

Fəxrəddin Teyyubun şeirlərindən şairin doğum gününə baxış

 

Hər dəfə “Ədalət” qəzetinin səhifələrində ədəbiyyat nümunələri  çap olunur. Və hər dəfə də mən təqdim olunan bu yazılara oxuculardan münasibət gözləyirəm. Söhbət imza sahibindən getmir. Yəni kimin şeiri, hekayəsi olmasından asılı olmayaraq, oxucunun ruhunu oxşayan, diqqətini çəkən, hətta ən gənc və yaxud da tanınmış bir müəllifin imzasının diqqəti çəkməsi zənnimcə həm müəllifin, həm də mətbu orqanın uğurudu. Bax, bu mənada artıq mənim özüm üçün dəqiqləşdirdiyim və səbirsizliklə gözlədiyim önəmli  ziyalılarımız var. Onlardan ən çox dəyərli ziyalımız, şairimiz Ramiz Məmmədzadə və şair Fəxrəddin Teyyubdur. Bu hər iki şəxs “Ədalət”in səhifəsində işıq üzü görən və ədəbiyyatla, incəsənətlə bağlı olan, tariximizi təqdim edən istənilən yazıya mütləq mənada münasibət ifadə edirlər. Və mən də hər zaman oturub onların zəngini gözləyirəm. Bu zənglər təşəkkür də olur, irad da , hətta tövsiyə də...

Mən bu qısa girişi elə-belə xətir-xoş etmək üçün  yazmıram, nə də kiməsə hesabat vermirəm. Sadəcə olaraq, bir söz adamının, bir dəyərli şair qardaşımın doğum güü ərəfəsində  onun məndə, yəni oxucusunda oyatdığı duyğuları bir gül dəstəsi kimi, çiçək topası kimi qələmin gücü ilə dəstələmək və oxucu önünə çıxarmaq istəyirəm.

Xatirimdədir, bir dəfə yazılarımın birində onun barəsində vurğulamışdım ki, qiyabi tanıdığım  şairi mənə gözəl şairəmiz, mərhum Fərqanə Mehdiyeva təqdim etmişdi. Və həmin təqdimatda onun işlətdiyi “qardaş” sözü məndə öncədən bir maraq yaratmışdı. Çünki Fərqanə xanım insanlara münasibətdə səmimi olduğu qədər də dəqiq   idi. Ona görə də Fəxrəddin Teyyubla bağlı onun işlətdiyi “qardaş” sözü artıq mənim qəlbimdə, yaddaşımda qığılcıma çevrilmişdi. Məhz həmin qığılcım da sonradan  işığa çevrildi. Həqiqətən gördüm ki, ona qardaş demək olar, hətta lazımdı. Və...

Bəli, çox tez-tez telefon əlaqələrimiz olur, çox seyrək görüşürük. Səbəb də məlumdu – həm pandemiya, həm də həyat problemləri. Amma telefon bağlantılarımızda onun nəfəsini də, ürək çırpıntısını da açıq-aşkar hiss edirəm. Aydınca görürəm ki, o, mənimlə üzbəüz oturub, mənimlə sözün bütün mənalarında ürək söhbəti edir. Oxuduğu şeirində də, söylədiyi fikirlərində o qədər rahat, o qədər səmimi və həssas olur ki, öz-özümə fikirləşirəm ki, görəsən bütün bunların toplumu bir ürəkdə, bir varlıqda necə cəm olubdu. Axı, Allah çox az-az adamlara özü olmağı  və  olduğu kimi görünməyi nəsib edir. Bax, bu mənada Fəxrəddin Teyyub şeirlərində də səmimiyyətini şeirə çevirib  özü-özünü oxucu qarşısına çıxarır. Məsələn, o yazır:

 

Arzum quş kimidi, qonub dil üstə,

Gümanım mürgülü, ümid yol üstə.

Ürəyim köklənib “Sarıtel” üstə,

Sinəmdə nəğməli saz gətirmişəm.

 

Həyat zülüm imiş, başdan, ay qağa,

Çıxır çörəyimiz daşdan, ay qağa.

Mənim xoşum gəlmir qışdan, ay qağa,

Sənə gül-çiçəkli yaz gətirmişəm.

 

Həya gözləmişəm öz arım olub,

Yaxşı dost ətirli baharım olub.

Etibar, sədaqət şüarım olub,

Açıq alın, təmiz üz gətirmişəm.

 

Sözün hənirini duyduğum andan,

Sözə vurulmuşam ürəkdən, candan.

Ikinci Şıxlıdan, şair Qurbandan,

Cığır gətirmişəm, iz gətirmişəm.

 

Ruhunu oxşasın çöl də,  çəmən də,

Qayğılar salmasın səni kəmnədə.

Hədiyyə gətirən sağ olsun, mən də,

Ilahi möcüzə, söz gətirmişəm.

 

Bu şeir Fəxrəddin Teyyubun bir dostunun ad gününə hədiyyəsidir. Amma müəllif olaraq şair oxucunu ad günü olan dostuyla eyni mərtəbədə görür, eyni məqamda dəyərləndirir. Onun möcüzə hesab etdiyi sözün aurasında könül  dostunun sırasında oxucuları da dayanır. Və deməli, bu  da şairin səmimiyyətinin, halallığının ifadəsidir. Bir az da bu şeirin alt qatına ensəm, görərəm ki, Fəxrəddin Teyyub özü də oxucuları ilə birlikdə sözlə canlandırdığı, şəklini çəkdiyi ad günü məclisindədi. Bütün bunlar isə həm sözün qüdrəti, həm ondan yararlanmaq, onun çalarlarını tapıb yerində işlətmək bacarığıdı.

Fəxrəddin Teyyub təkcə hisslərini, duyğularını şeirə çevirmir. O, həm də ölkəmizdə, dünyamızda baş verən hadisələrə özünün şair sözünün, şair duyğularının içərisindən baxır. Və bu baxış bucağı ona imkan verir ki, o, könlünə, yaddaşına, eləcə də həyatının bir parçasına çevirdiyi hadisələrə, proseslərə, lap elə günümüzün yaşantılarına öz münasibətini bildirsin. Bax, bu mənada bütün söz adamlarının qınaq  yeri olan dünya mövzusu onun üçün də var və bu var olan da onun öz bucağı altında elə təqim etdiyi kimi də görünür.

 Fəxrəddin Teyyub yazır ki:

 

Yıxmaq dəbə mindi, yarışdı hamı,

Bəxti, taleyiylə barışdı hamı.

Tanrının işinə qarışdı hamı -

Xəbislər dünyanın evini yıxdı.

 

Alışdıq dəhşətinin neçə növünə,

Bir iş gördülər ki, adam sevinə?

Donuzu saldılar Allah evinə -

Xəbislər dünyanın evini yıxdı.

 

... Səxavət yolunu tamah bağladı,

Kasıbı ac qoydu, sinə dağladı.

Ay şüvən qopardı, Günəş ağladı –

Xəbislər dünyanın evini yıxdı.

 

Bir parçasını təqdim etdiyim bu şeir dünyamızda baş verənlərə həm təəssüf, həm təəccüb, həm də etirazla köklənmiş hisslərin təqdimatıdır. Həmin təqdimatda oxucu şairin təkcə sözünü yox, həm də özünün az qala bütün varlığını görür, cizgilərini müşahidə edir. Ona görə ki, şair Fəxrəddin Teyyub yazdığı  mövzuya   həm sadə vətəndaş, həm proseslərə öz baxışı olan ziyalı, həm də narahat bir insan kimi yanaşır. Və bu da ona imkan verir ki, öz kompleksini şeirilə oxucuya çatdırsın. Təbii ki, bu mənim Fəxrəddin Teyyub yaradıcılığına özəl münasibətimdi və bu münasibətin mayasında az-çox sözü bilən, sözü anlayan bir oxucunun baxışı dayanır. Yəni mən böyük ədəbiyyatşünasların, tənqidçilərin işinə müdaxilə etmədən, kölgə salmadan oxucu kimi duyduqlarımı, hiss etdiklərimi yazıram və burada da özümü haqlı sayıram. Çünki mənim nəzərimdə bu bənd haqlı olduğumu göstərən bir faktdı. Fəxrəddin Teyyub yazır ki:

 

Eh, hardan biləsən kim nə haydadı,

Biri qarlı qışda, biri yaydadı.

Nə dağdı, nə təpə, yumruq boydadı –

Bilməyir neyləsin zavallı könlüm.

 

Zənnimcə, kimin nə hayda olduğunu bir Allah bilir, bir də az-çox həmin məqamı yaşayan bəndə! Bunu ona görə zənnimcə deyirəm ki, kimsə məni Tanrı işinə qarışmaqda suçlamasın. Və yaxud elə Fəxrəddin Teyyubun dediyi kimi, hər kəs bir adam, bir bəndə olaraq yaşadıqlarının bütün mənalarda daşıyıcısıdır. Əgər biz çiynimizdəki, qədərimizdəki yükü daşıyırıqsa, özü də bunu heç kimin haqqına girmədən, heç kimi özümüzə şərik etmədən ediriksə, deməli, bu yaşanan hardasa bizə Allahın mükafatıdır. Elə şəhidlərimizlə, qələbəmizlə, Ali Baş Komandanımızla bağlı Fəxrəddin Teyyubun yazdığı şeirlərində də həmin dediyim çalarlar öz əksini tapır. Çünki:

 

Hər kəsdən xatirə, cığır var, iz var,

Bir ömür danışsam söhbət var, söz var.

Hamının qəlbində heykəliniz var –

Iki min yeddi yüz səksən üç şəhid.

 

Və yaxud:

 

Alışır yenə də sönən sobamız,

Açılıb zamanın həqiqət gözü.

Sevincə bələnib bu el, obamız,

Arxivə atılıb ta köçkün sözü.

 

Və yenə:

 

Sönən gözümüzün işığı oldu,

Doğulan həsrətin uşağı oldu.

Otuz il başımız aşağı oldu –

Həyadı Qələbə, ardı Qələbə.

 

Bu qısa, yığcam parçalardan da göründüyü kimi, Fəxrəddin Teyyub özünün Vətən duyğularını, yurd nisgilini, ən vacibi isə yurda sipər oğulların ərənliyini, şəhidlik zirvəsinə yüksəlməyini sözün bütün gücündən istifadə etməklə qələmə alır. Həmin şeirlərdə şair özü də əsgərə çevrilir, yaşının bu vaxtında  özü də səngərdə olur. Və həmin səngərdən Şuşanı görür. O qədər duyğulanır ki, bir zamanlar içindən keçən həsrətini misralayır.

 

Bir gün asacağam həsrət dağını,

Kəmfürsət yağıyla hələ varam mən.

Eşitsəm Şuşanın qurtulmağını,

Yolun ortasında oynayaram mən.

 

Içində yaşatdığı bu istək böyük qələbəmizin sərkərdəsinə ünvanlanan şeirdə həm gerçəkliyin təsdiqinə, həm arzunun çin olmasına, həm də Ali Baş Komandana vətəndaş sevgisinin ifadəsi kimi ortaya çıxır.  Şair yazır ki:

 

Xalqımla bölüşdüm dərdi sərimi,

Sözün itirməsin öz kəsərini.

Yazdın Qarabağda şah əsərini –

Ali Baş Komandan var ol, min yaşa!

 

Bəli, mən dəyərli şairimiz, qardaşım Fəxrəddin Teyyubun doğum günündə onun əlimin altında olan şeirlərinə söykənib bu yazını yazdım. Istədim ki, həm doğum günü təbriki olsun, həm də “Ədalət”in oxucusu ara-sıra səhifələrimzdə qarşılaşdığı bu şairin həm sözündən, həm də iç dünyasından xəbərdar olsun. Təbii ki, bu məqamda mən Fəxrəddin Teyyubun kitablarına da üz tuta bilərdim. Amma...

Amma düşündüm ki, istəyir kitabdan, istəyir dəftərdən, istəyir sinədən oxuyub eşitdiyin bir misra, bir şeir söz sahibini də tanıdır, onu yaddaşına köçürüb yaşadanın da haqqını unutmur. Bax, bu mənada özü və sözü mənə əziz olan Fəxrəddin Teyyuba elə həmişə özü və sözü olmağı, yazıb-yaratmağı diləməklə “Doğum günün mübarək olsun!” – deyirəm.

TƏQVİM / ARXİV