adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Aprel 2021 16:04
37337
İDMAN
A- A+

UCA BİR ZİRVƏ

Azərbaycan bayrağını ucaltmaq və himnini səsləndirmək heç də hər idmançıya nəsib olmur. Bu o idmançıya nəsib olur ki, dünyamiqyaslı yarışlarda qalib olur, uğur qazanır, qızıl medal alır və beləcə də günlərin birində bayrağımızı ucaldır. Azərbaycanın idman tarixində Sali Süleyman və Rəşid Yusifov kimi dünyaşöhrətli pəhləvanlar olub. O pəhləvanlar ki, heç bir ölkənin idmançısının qaldıra bilmədiyi ağır çəkini onlar qaldırıb. Yəni Sali Süleyman, Rəşid Yusifov o rekordu əldə edə bilib. Bizim haqqında danışdığımız Asif Məmməd oğlu Məlikov da məhz elə ustad, dünyaşöhrətli pəhləvanların yolunu davam elətdirib.

Asif Məlikov ağırlıq qaldırma sahəsində çox böyük uğurlara imza atmış idmançılarımızdandı. O, İsmayıllı rayonunda 1971-ci ildə anadan olub. Müxtəlif vaxtlarda güləşlə və digər idman növləri ilə məşğul olub. Amma sonrada ağır atletikaya meyl edib. Azərbaycan SSRİ-nin əməkdar məşqçisi Nüsrət Abdullayevin rəhbərliyi altında məşqlərini davam etdirib, 1984-1985-ci illərdə yeniyetmələr arasında Azərbaycan çempionu olub. Təbii ki, onun ağır atletika sahəsində uğurları günbəgün daha da artır. Və bir vaxtlar onun yeniyetmələr arasında SSRİ çempionui olduğu üçün SSRİ yığma komandası tərkibinə daxil ediblər. O, yığma komandanın tərkibində Bolqarıstan, Polşa, Yuqoslaviya, Almaniyada və Kubada keçirilmiş beynəlxalq turnurdə qalib olub. Bununla yanaşı, o, eyni zamanda, sosialist ölkələrinin kubokunu da qazanıb. Müxtəlif illərdə Donetsk, Riqa, Kişinyov, Alma-Ata, Kiyev, Voroşilovqrad və bir çox şəhərlərdə keçirilən yarışlarda uğur əldə edərək yüksək zirvələr fəth edib. Və həmin dövrdə Azərbaycan Dövlət BədənTərbiyəsi və İdman İnstitutuna daxil olub. Çünki onun idmana gedən böyük yolu ali təhsil almağa istiqamətləndirirdi.

Asifin digər idmançılardan fərqli cəhəti o idi ki, o heç vaxt qazandığı uğurla, mükafatla, medalla kifayətlənməz, əksinə, məşqləri çox məhsuldar keçirər, yorulmadan çalışar və tər tökməkdən çəkinməzdi. Onun bu cür çalışması, gərgin işləməsi hər bir yarışda öz nəticəsini göstərib. Asif Məlikov 1992-ci ildə İranda keçirilən Avroasiya çempionatında beşqat dünya çempionu Oksen Mirzoyana qalib gəlib. Əlbəttə, yarışlardakı uğurları, bir-birinin ardınca qazandığı müvəffəqiyyətlər onda heç vaxt arxayınlıq yaratmayıb. O, 1995-ci ildə Çin Xalq Respublikasında keçirilən Dünya çempionatında dünya çempionu olub. 1997-ci ildə Milli Olimpia Komitəsinin prezidenti seçilən cənab İlham Əliyev Asif Məlikovun Ukraynadakı uğurlarını eşidib onu Azərbaycana dəvət edib. O, Azərbaycanda da Tallində keçirilən dünya çempionatında iştirak edib və dünya çempionu olub. Bütün bunlar onu göstərirdi ki, Asif Məlikov ağır atletika sahəsində təsadüfən böyük uğurlar qazanmayıb. Onun Afina Olimpiadasına vəsiqə qazanması və bu mötəbər idman tədbirində iştirak etməsi çox böyük fərəh idi. Bununla yanaşı, ağır atlet çempionumuz Səudiyyə Ərəbistanın 2005-ci ildə Mədinə şəhərində keçirilən İslam olimpiadasının qalibi olub.

Bəlkə də başqaları üçün bu uğurları əldə etmək asan gəlir. Amma hər bir yarışa, hər bir çempionata və hər bir olimpiadaya hazırlaşmaq ağır atletdən yüksək fiziki hazırlıq, gərgin məşqlər və bir də səbr tələb edir. Əgər Asifin gərgin məşqləri, yüksək fiziki hazırlığı və səbri olmasaydı, bu cür böyük uğurlara heç vaxt imza ata bilməzdi. O, 2010-cu ildə Polşada, 2011-ci ildə Almaniyada, 2012-ci ildə Ukraynada keçirilən ağırlıq qaldırma üzrə yarışlarda dünya çempionu olub. Bir fikri də xüsusilə vurğulamaq istəyirik ki, onun yüksək idmançı hazırlığı axırda polis orqanlarında çalışmaqla tamamlanıb. Belə ki, Asif Məlikov 2000-ci ildən daxili işlər orqanlarında çalışır.

Bir çox halda bəzi idmançılar öz karyeralarındakı uğurlara arxayınlaşaraq sonradan keçirilən yarışlarda zəif nəticə qazanır və yaxud idmanla daha tez vidalaşır. Daha doğrusu, həmin idmançılar böyük titullara, maddi imkanlara malik olandan sonra həyatları tam dəyişir, eyş-işrət keçirir, məşqlərə getmir və bununla da idmançı formasını itirərək növbəti yarışlarda uğursuzluqlara düçar olur. Amma bizim qəhrəmanımız Asif Məlikov son dərəcə istedadlı idmançı olmaqla yanaşı, həm də böyük ziyalı, savadlı və dünyagörüşlü bir insandı. Bəlkə də onun idman aləmində böyük uğurlara imza atmasının əsas səbəbi savadlı, dünyagörüşlü və eyni zamanda, öz məşqçilərinə böyük sevgiylə yanaşmasıdı.

Heç kimə sirr deyil ki, bəzi idmançılar bayaq dediyimiz kimi, dünya çempionu, Olimpia çempioni və ölkə çempionu olanda onun üzərində əziyyəti olanları, tər tökənləri, yəni məşqçiləri unudurlar. Amma Asif Məlikovun böyüklüyü ondadır ki, böyük idmanda qazandığı uğurlarda zərrə qədər də əməyi və əziyyəti olan insanları heç vaxt yaddan çıxarmır.

Dahilərdən biri deyib: “İnsan o vaxt istəyinə və məqsədinə qovuşur ki, əziyyət çəkir, ona düz yol göstərən müəllimini heç vaxt unutmur”. Bəli, heç vaxt unudulmayan müəllim təbii ki, həmişə öz şagirdinə həyatın enişli-yoxuşlu yollarını, boranını, çovğununu göstərir. Bax, idman aləmində də məşqçilər öz yetirmələrinə belə bir mübariz yol göstərir. O mübariz yolu Asif Məlikov çox qürurla, çox mərdliklə davam etdirib və axırda da gəlib idman aləmində çox böyük uğurlara imza atıb. Onun barəsində maraqlı bir kitab da qələmə alınıb. Bu kitabın adı “Uğurlu yol”du. Həmin kitabda onun İranda Oksen Mirzoyana qalib gəlməsi belə təsvir olunub: “... Yarışdığım 56 kiloqram çəki dərəcəsində Mirzoyan başda olmaqla bir neçə adlı-sanlı ştanqçı çıxış edirdi. Onlarla müqayisədə nailiyyətim çox az idi. Lakin mən ilk növbədə Ermənistan idmançısına sübut etmək istəyirdim ki, azərbaycanlılar da ştanq qaldırmağı bacarır və biz ermənilərdən üstünük. Mirzoyanla qarşıdurma mənim üçün prinsipial əhəmiyyət kəsb edirdi. Torpaqlarımızın bir hissəsini xəyanət nəticəsində zəbt etmiş ölkənin nümayəndəsinə hər bir azərbaycanlıya doğma və əziz olan Təbrizdə uduzmaq mənim üçün ağır zərbə olardı. Mən bu məğlubiyyəti özümə heç vaxt bağışlamazdım. Yarış meydanına çıxmazdan əvvəl gözümün qabağına bir anlığa Azərbaycanın mirvarisi Şuşanı, turnir ərəfəsində baş vermiş Xocalı faciəsini, erməni əsirliyində min bir təhqirə, işgəncələrə məruz qalan qız-gəlinlərimizi, Vətən uğrunda şəhid olmuş minlərlə oğullarımızı, anaların, bacıların göz yaşlarını, ata həsrəti çəkən uşaqları gətirdim. Bunların müqabilində mən Mirzoyana mütləq qalib gəlib xalqımı sevindirməliydim. Allahın köməkliyilə məqsədimə nail oldum!”.

Asif Məlikov həm də Həcc ziyarətində olub. Yəni Allahı, Peyğəmbərimizi və dinimizi uca tutub, sevib. Harda olmasından asılı olmayaraq, onun qəlbində, ürəyində bir Vətən sevgisi, Vətən məhəbbəti, Vətən eşqi alovlanır. 30 illik həsrətdən sonra işğal altında olan bütün rayonlarımız və o cümlədən Şuşamız Ali Baş Komandan, Prezident İlham Əliyev və Azərbaycan Ordusu tərəfindən azad edilib. O vaxt Şuşanın qisasını alan Asif dostumuz indi Şuşanın sevincini yaşayır.

...Və bu günlərdə konkret olaraq aprelin 13-də Asif Məlikovun 50 yaşı tamam olur. 50 yaş həm də müdriklik və yüksək bir zirvəni fəth etmək deməkdi. Və bu 50 yaşa qədər o, ağırlıq qaldırma üzrə bütün zirvələri fəth edib. Asif müəllim həm də nəinki bizim, həm də çoxlarının dostu və qardaşıdı. Biz də belə bir dost və qardaşla həmişə fəxr etmişik və fəxr edirik. Ona sağlam ömür, ailə xoşbəxtliyi və bir də ürəyində nə arzular varsa, hamısının həyata keçməyini arzulayırıq. Yazımızı dost haqqında yazılmış bir bənd şeirlə tamamlamaq istəyirik:

 

Yaradan heç kimi dostsuz etməsin,

Dağlar tək görünən vüqarındı dost.

Həmişə dayağın, arxandı sənin,

Keçilməz yerlərdə yollarındı dost!

 

Səməndər MƏMMƏDOV

Faiq QİSMƏTOĞLU