SON DƏQİQƏ:

Müəlliməlikdən səngərədək: Tibb xidməti rəisi Elmira Hüseynovanın döyüş yolu- MÜSAHİBƏ

  93067   |  
Şriftin ölçüsü  

Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əmin-amanlığı, namusu və qeyrəti, dinimizin, adət-ənənələrimizin, mədəniyyətimizin, bir sözlə, dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində hünər, cəsarət, qorxmazlıq, vətənpərvərlik, müdriklik nümunələri göstərmişlər.Tarixi qaynaqlarda Azərbaycan qadınının dövlətçiliyimizin qorunması işində iştirakına aid ilk məlumatlar hələ eramızdan əvvəlki dövrlərə aiddir. Söhbətimə yunan tarixçisi Herodotun bir məlumatıyla əlavə etmək istəyirəm. Mütəfəkkir yazir ki, qüdrətli Əhəməni imperiyasının hökmdarı Kir Massaget dövlətinin başında duran mərhum hökmdarın qadını Tomiris İranlılarla massagetlər arasında e.ə. 530-cu ildə baş vermiş döyüş nəticəsində Kirin qoşunları tamamilə darmadağın edilmiş, Tomiris öz dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamışdı. Bəli, Azərbaycanda igid və cəsur qadın ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur hökmdarı Tomrisdən başqa, tarixin konkret dönəmlərində qəhrəman qadın hökmdar Nüşabə, Şirvana hücum edən Krım xanının qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, qoca Şərqin ilk diplomat qadını, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin xanımı Taclı bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, cəsarət rəmzləri olublar.

Belə qadınlardan biri də Qarabağ müharibəsi veteranı Elmira Əşrəf qızı Hüseynovadır. Mən onu çoxdan tanıyıram və əziz oxucularım onu sizin də tanımağınız üçün ilk sualımı verirəm.


Müsahibə

-Elmira xanım , özünüz haqqında ətraflı bir məlumat verin..

- Kökümüz Şuşadan gəlmədi. Ağdam çörəkli yerdi deyə babamgil bura köçüb. Ağdamda ilk şəxsi mağazanı da babam açıb.

Atam avtobus sürücüsüydü, Ağdam-Şuşa marşrutda işləyən Əşrəfi Ağdamda tanımayan yoxuydu. Anam isə ədəbiyyatçıydı. Qiyaslı kəndinin məktəb direktoru Aysaba müəllimə.

-Ona görə siz də müəllimə oldunuz...

-Uşaq vaxtı polis olmaq istəyirdim. Uniformaya görə! Böyüdükcə ədəbiyyata marağım artdı, şeirlər yazırdım. Anamın yolunu davam etdirmək istədim. “Lenin yolu” (indiki“Ağdam”) qəzetində çap olunurdum. İnstitutu bitirəndən sonra 1 nömrəli məktəbdə Azərbaycan dili, ədəbiyyat müəllimi və direktor müavini işləyirdim. Rayonda 4 min müəllim vardı və ən aktiv müəllimlərindən biri idim. Məktəbimizə bir yoxlama gələndə mənim sinfimə gətirirdilər. O vaxt təhsil naziri Kamran Rəhimov Ağdama gələndə də mənim sinfimi seçdilər. Bütün tədbirlərdə çıxış edirdim. Yenilikçiliyim vardı. Fənnimi necə sevirdim, uşaqlara da elə sevdirirdim. Bir sözlə, şagirdlərimin savadlı olması üçün əlimdən gələni edirdim. Şagirdlərimdə xətrimi çox istəyirdilər. Müharibənin başlaması hər şeyi darmadağın elədi.

- Hər şey ürəyinizcə olduğu halda niyə müharibəyə getməyi qarşınıza məqsəd qoydunuz?

-Müharibəyə getmək qərarım qəfil olmadı ki... Ağdamda 3 yerdə evimiz vardı. Biri mərkəzdə, “raykom”un yanında idi. Bütün nümayişlər orda keçirilirdi. Mən də nümayişlərdə iştirak edirdim, hadisələri yaxından izləyirdim. Münaqişə yenicə başlayanda atamın maşınını götürüb, sürüb gedirdim postlara. Maraqlıydı ki, görüm əsgərlərimiz necə keşik çəkir, necə vuruşur. Getdikcə rayonda vəziyyət dəyişməyə başlayırdı, gərginlik artırdı. 1991-ci ildə məktəblərə qrad atırdılar, sinif otaqları partlayırdı. Yaxud evə bomba düşürdü, bütün ailə məhv olurdu. Artıq 10-cu sinif şagirdlərini məktəbdə saxlaya bilmirdik. Kütləvi şəkildə dərsə gəlmirdilər, döyüşlərə atılırdılar. Cəbhədən də onları geri qaytarırdılar ki, yaşınız çatmır. Mən də dözmədim. Vətən sevgisindən şagirdlərinə danışan müəllim döyüşə getməyə bilərdimi? Deyəcəkdilər müəllim millət, vətən sevgisindən danışır, amma qaçıb getdi Bakıya. Onda qərara gəldim ki, məktəbi hərbi hissəyə, qələmi silaha dəyişməyin vaxtıdır. Atam da döyüş bölgəsində olurdu. Hər gün Ağdamdan tələbə qızları avtobusla Şuşaya dərsə aparıb-gətirirdi. Atama daha yaxın olum deyə mən də döyüş bölgəsinə getmək qərarına gəldim. Düzdü, əvvəl atam qərarıma qarşı çıxdı. Dedi, ora qadın-qız yeri deyil, ermənilər tutub apara bilər. Amma atamdan gizli getdim. Atam 10 gün sonra bildi... day nə deyə bilərdi ki....

Elmira xanım, sovet dönəmində erməniləri bizə “qardaş” deyib sırımışdılar, necə oldu ki, ermənilərə bu qədər nifrət bəsləyib, hələ bir döyüşə də atıldınız?

- Yadımdadı, mən hələ uşaq olanda babamla Şuşaya - baba evlərinə gedəndə o, yol boyu 1918-20-ci illərdə Əsgəran, Şuşa ərazisində döyüşdüyü yerləri göstərirdi. Ermənilərin vəhşiliklərindən, gördüyü hadisələrdən danışırdı. Deyirdi, ermənilər qaynar samovarı qadınların, kişilərin belinə bağlayırdılar. Hamilə qadınların qarnını yarıb uşağı çıxarırdılar ki, türk doğulmasın. Mən də qulaq asırdım, deyirdim, baba, yenə müharibə olsa, mən də gedib ermənilərlə döyüşəcəm. Nə biləydim ki, uşaq ağlıyla, qavramadan dediyim bu sözlər illər sonra gerçəyə çevriləcək. Və döyüş bölgəsində olduğum illər ərzində babam gözümün qabağından getmədi...

- Hə, beləcə döyüş yolunuz başladı...

-` Cəbhəyə yollananda 27 yaşım və azyaşlı bir qızım vardı. Qızımı anamın öhdəliyinə verib, döyüşə yollandım. Hərbi formanı 1991-ci ildə geyindim və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qərargahında xidmətə başladım. Qərargah Ağdam Pionerlər Evində yerləşirdi. “Dom pioner” deyirdilər, bax orda. Burda qəhrəmanımızın oğlu Elşən mənə silahdan istifadə etməyi, söküb-yığmağı, atəş açmağı öyrətdi. O zaman dövlət tərəfindən mənə də “Kalaşnikov” markalı avtomat verilmişdi. Mən atıcı oldum. Sonradan Şahbulaq kəndində yerləşən batalyona tibb xidməti rəisi təyin olundum. Bu vəzifəyə təyin olunanda həmin batalyon Ağdamın Novruzlu kəndində yerləşdirilmişdi. Ağdamın 6 kəndinin alınması zamanı, Aranzəmin, Dəhraz, Naxçıvanik, Canyataq, Gülyataq, Novruzlu, Mehmanə, Yusifcanlı istiqamətində ağır döyüşlər oldu. Müharibəninağırlığını onda anladım, həmin döyüşlərdə.

- Qadın və müharibə... yəqin ki, çox dəhşətlərə şahid olmusunuz..

- Dəhşət yaşadığım günlərdən danışım : 1992-ci il fevral ayı mənim üçün həyatımda görüb-görəcəyim ən böyük faciələr oldu . Allahım!! Ayın 25-ində Xocalıdan ratsiyayla xəbər verdilər ki, “kəndin ətrafına ermənilər yığılır, tank, BMP texnika toplayırlar, bizi mühasirəyə alırlar, vəziyyətimiz yaxşı olmayacaq. Bakıya xəbər vermişik, deyiblər, vertolyot, texnika göndərəcəyik, amma heç nə göndərməyiblər”. Həmin gecə Allahverdi Bağırov xəbər verdi ki, ermənilər Xocalıya hücum edib. Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə üz tutdu. Qara Qaya tərəfdən keçərək xilas olmağa çalışdılar. Ermənilərin qurduğu pusqulara düşüb güllələnənlər, əsir götürülənlər çoxalırdı. İtkinin miqyasının böyüyəcəyi fakt idi. Odur ki, onlara kömək üçün Ağdamdan dəstələr göndərildi. Əhali Ağdama yaxınlaşmağa az qalmış onları qarşılayıb, gətirdilər. Yazıq camaat gecə elə yataqdan çıxıb qaçmışdı, ayaqyalın, başıaçıq... Gəlib çıxa bilənlərin əksəriyyətinin ayaqlarının altının dərisi soyulmuşdu, don vurmuşdu. Çoxu arxadan güllələnmişdi, yaralı idi. Yaralıların bəziləri Ağdam xəstəxanasında, bəziləri isə vaqonlarda yaradılmış hospitallara yerləşdirildi. Xəstəxanalarda yer qalmamışdı. Allahverdi Bağırovun erməni polkovnik Vitali ilə tanışlığı sayəsində əsirlərin dəyişdirilməsi baş tuturdu. Onlar danışığa girdikdən sonra , Allahverdi bəy 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etdi. Meyitlər də Ağdam məscidinə yığıldı. Elə erməni əsiri vardı ki, ermənilər onu israrla tələb edirdilər, deyirdilər ki, onu versəniz, 20-25 əsirinizi qaytaracağıq. Şəhidlərimizin nəşini, əsirlərimizi almaq üçün döyüşçülərimiz ən çox erməni zabit və əsgərini diri ələ keçirməyə çalışırdılar.Qeyd edim ki, əsir dəyişdiliməsində mən də iştirak edirdim. Nələr görmədim orda: Keyidici iynə vurmadan insanın dişin çıxardılması, dərisinin soyulması, bədənlərinə benzinin yeridilməsi, orqanların bədəndən çıxardılması... Onların arasında uşaqlar, qadınlar, qocalar da var idi. Bir dəfə Allahverdi Bağırovla Əsgərana getdik. 13 əsir gətirdik. Onları o qədər döymüşdülər ki, dərilərinin rəngi bilinmirdi – tuluğa dönmüşdülər, qapqara olmuşdular. 90 yaşında Umudvar kişi vardı. Qocanı da elə döyərlər, ilahi?! Hələ əsirlikdən qurtardığımız 35 qızı heç unuda bilmirəm. Onların başına elə dəhşətli oyunlar açmışdılar ki, ayaq üstə zorla dayana bilirdilər. Bizə yalvarırdılar ki, bizi burda güllələyin. Çünki, atamızın, qardaşımızın üzünə baxacaq vəziyyətdə deyilik...

Elmira xanım, həmin vaxtlat jurnalistika fəaliyyəti ilə də məşğul ola bilirdinizmi?

- Jurnalistika mənim hobbimdi. Heç vaxt hobbimdən əl çəkmədim.1992-ci ilin iyul ayında yaşanan bir hadisəni xatırlayıram... Müdafiə naziri Valeh Bərşadlı ilə görüşdüm. İşlə bağlı olaraq Bakıya gəlmişdim. Bu zaman ona Ağdamda gördüklərimi, döyüş və hazırkı durum barəsində məlumat verdim. O, məni hərbçi hesab etmişdi. Nazir məni xidməti maşını ilə dövlət televiziyasına göndərdi. Mənim mediada ilk çıxışım o zaman oldu. Müsahibəni Sevinc Osmanqızı aldı. Sonralar “Qarabağın səsi” qəzetini nəşr etdim, baş redaktor olaraq fəaliyyətə başladım. Qəzetimiz maraqlı müsahibələri, reportajları , xatiratları, felyetonları ilə diqqət çəkirdi. Lakin maddi problemlər üzündən qəzetin ömrü uzun olmadı.

- İndi nə işlə məşğulsunuz?

-Hazırda heç yerdə işləmirəm. Bir qızım, bir oğlum, 2 nəvəm var. Amma məni daha çox Vətən müharibəsində qazandığımız uğurlar sevindirib. Allah ordumuzu qorusun ki, yurdumuzu mənfur düşməndən azad edib özümüzə qaytardı! Ağdam alınanda hansı hisslər keçirdiyimi ifadə edə bilmirəm. Prezidentimizə, ordumuza o qədər minnətdaram ki... Mən fəxr edirəm ki, güclü ölkənin, qalib ölkənin vətəndaşıyam. İnşallah yurduma dönəcəyim günü həyəcanla gözləyirəm. Ata yurduma dönəcəyəm, həm də tezliklə...

Söhbətləşdi Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK