adalet.az header logo
  • Bakı 7°C
15 Fevral 2021 16:13
144632
MÜSAHİBƏ
A- A+

Aqiyə Naxçıvanlı: “Abidələrin bərpası üçün illərlə edilən müraciətlər indiyədək heç bir nəticə verməyib” – MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıdır.

- Aqiyə xanım, dövlətimiz tərəfindən regionların sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir. Seçildiyiniz regionda bu proqramlardan irəli gələn vəzifələr necə həyata keçirilir? Təmsil etdiyiniz rayonların iqtisadi inkişafı Sizi qane edirmi?

- “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı” ölkənin digər rayonları kimi Oğuz və Qəbələ rayonlarını da geniş əhatə etmişdir. Deputat seçildiyim 2009-cu ildən bu yana regionda müsbət yönə çox dəyişikliklər baş vermişdir. Bildiyiniz kimi, Oğuz mənim dünyaya göz açdığım, böyüyüb boya-başa çatdığım doğma yurdumdur. Yadımdadır, mən parlamentə ilk dəfə namizədliyimi verəndə 2009-cu ilin axırları idi. O zaman Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Oğuzda su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması həyata keçirilirdi. Evimizə getməyə yol tapmaqda çətinlik çəkirdik. Çox keçmədən Oğuz şəhərində keyfiyyətli içməli su şəbəkəsi çəkildi və kanalizasiya sistemi quruldu. Ardı ilə regionda işıq xətlərinin yenilənməsi, kəndlərə yeni qaz xətlərinin çəkilişi, su təchizatının yaxşılaşdırılması, yeni məktəb binalarının, bağçaların tikintisi vüsət almağa başladı. Hər şey qısa zamanda təsəvvür edə bilməyəcəyimiz şəkildə dəyişdi. Yollar asfaltlandı, saatlarla gedib cata bilmədiyimiz məsafələr qısalaraq dəqiqələrlə ölçülməyə başladı. Gözümüzün öyrəşdiyi yolkənarı köhnə tikililər yeni layihələrlə restavrasiya olundu, kəndlərarası marşrutlar işə düşdü, müasir tələblərə cavab verən poçt məntəqələri, Məhkəmə, Statistika, DSMF, Maliyyə binası, Polis şöbəsi tikildi, İdman Olimpiya kompleksi tam gücü ilə xidmət göstərməyə başladı. Oğuz və Qəbələ rayonları turizm istiqamətli regionlara çevrildilər. Kənd təsərrüfatına göstərilən qayğı nəticəsində baramaçılıq, fındıqçılıq, tütünçülük yenidən dirçəldi. Canlı şahidi olduğum qısa zaman fasiləsində görülmüş işlərin hamısını bir-bir sadalamaq mümkün deyil. Sualınıza konkret olaraq cavab verməli olsam, bəli, həqiqətən təmsil etdiyim rayonların iqtisadi inkişafı məni qane edir.

Lakin Dövlət Proqramına daxil edilməsinə baxmayaraq hələ də həllini tapmamış bir sıra məsələlər də vardır. Bunlardan birincisi rabitə sahəsində olan problemlərdir. İllərdir əhalinin kommunal təminatının yaxşılaşdırılması məqsədi ilə su, qaz, enerji, yol təsərrüfatında çox işlər görülmüşdür. Lakin rabitə sahəsində bu irəliləyişlər nədənsə müşahidə olunmur. Ərazimizin elə kəndləri vardır ki, həmin kəndlərdə nəinki internet, heç telefon xətti belə yoxdur. Hətta Oğuz şəhərinin son 10 ildə yeni salınmış Gənclik massivində belə bu xidmət mövcud deyildir. Bununla bağlı şəxsən tərəfimdən əlaqədar qurumlara bir neçə dəfə müraciət ünvanlanmışdır. Axı biz elə bir zamanda, elə bir əsrdə yaşayırıq ki, internet, rabitə olmadan müasir inkişafla ayaqlaşmaq mümkün deyildir. Hələ bunun üzərinə pandemiya dövründə tədrisin, alış-veriş əməliyyatlarının onlayn qaydada aparılmasını əlavə etsək rabitəmizin bizi necə çətin durumda qoyduğunu daha aydın görərik.

Oğuzda ikinci əsas problem tarix və mədəniyyət abidələrinin restavrasiyasıdır. Rayonumuzda 32 yerli və respublika əhəmiyyətli abidə vardır. Ancaq onların vəziyyəti və qorunması heç də qənaətbəxş səviyyədə deyildir. Abidələrin əksəriyyəti dağılmış, bəziləri itmək üzrə, bəziləri isə qəzalı vəziyyətdə bərpasını gözləyir. Düzdür qeydə alınmış abidələrin mühafizəsi dövlət tərəfindən həyata keçirilir, lakin bu onları məhv olmaqdan qorumur. Restavrasiya işlərinə ciddi ehtiyac vardır. Bərpa üçün illərlə edilən müraciətlər indiyədək heç bir nəticə verməmişdir. Oğuz rayonu həm təbiətinə, həm tarixinə, həm də relyefinə görə turizm potensialı olan bir rayondur. Bu potensialı inkişaf etdirmək üçün elə birinci abidələrin bərpasına, ətraflarının abadlaşdırılmasına və onlara gedən yolların salınmasına ehtiyac vardır. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Abidələr və tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib. Torpaqlarımızı 27 il işğal altında saxlamış Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Biz yerdə qalan tarixi abidələrimizə diqqəti artırmalı, onları nəsillərdən-nəsillərə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Bu həm də bizim gələcək qarşısında vəzifə borcumuzdur. Çünki gənc nəsil mənsub olduğu xalqın tarixini dərindən öyrənib, öz doğma vətəni ilə fəxr etməlidir.

Üçüncü məsələ isə əraziyə investisiya qoyuluşudur. Bu sahədə də işlər çox zəif gedir. Rayonumuz əsasən kənd təsərrüfatı istiqamətlidir. Təbiətimiz zəngindir. Meşələrimiz giləmeyvələrlə, dərman bitkiləri ilə doludur. Heyvandarlığın inişaf etdirlməsi sayəsində ət, süd, yun istehsalı dəfələrlə artmışdır. Burada kiçik emal sexlərinin açılmasına ehtiyac vardır. Rayonumuz həm də turizm rayonudur. Gəlin baxaq görək bu sahədə də investisiya qoyuluşu ürəkaçandırmı? Sahibkarlarımız turizm sahəsində icazə almaq üçün müəyyən problemlər yaşayırlar. Sizə təcrübəmdən bir misal çəkim: IV cağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçildiyim dövrdən bu günədək seçicim olan bir nəfər Oğuz şəhər sakini hər il mənə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentindən icazə (müqavilə) alınması üçün köməklik göstərilməsini xahiş edir. Mən isə öz növbəmdə onun müraciətini aidiyyatı üzrə həmin nazirliyə ünvanlayıram. Lakin bugünədək məsələ müxtəlif bəhanələrlə uzadılır, vətəndaşa fəliyyətini davam etdirməsi üçün rəsmi icazə verilmir.

Artıq 3-cü çağırışdır ki, Milli Məclisə deputat seçilirsiniz. Necə deyərlər bu sahədə kifayət qədər təcrübəniz var. Hər zaman da parlamentin tribunasından müxtəlif problemləri səsləndirirsiniz. Qaldırdığınız məslələrin öz həllini tapması ilə bağlı müraciət etdiyiniz dövlət qurumlarının fəaliyyəti Sizi qane edirmi?

- Bildiyiniz kimi hər bir deputat öz fəaliyyətini Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq həyata keçirir. Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında iştirak edir, qanunvericilik təşəbbüsü ilə çıxış edir, sörğu göndərir, seçicilərlə iş aparır və sairə. Mən də həm deputatı olduğum ərazidə ortaya çıxan və seçicilərimi narahat edən məsələlərin həllinə, həm də ümümrespublika əhəmiyyətli qanun və qərarların qəbul olunmasına töhfəmi verməyə özümü borclu sayıram. Bu zaman biz dövlət qurumları ilə əlaqəli iş aparmağa, onlara müxtəlif məzmunlu müraciətlər ünvanlamağa məcburuq. Qeyd etdiyim hal qanunyaratma prossesi ilə bərabər seçici müraciətləri ilə də bağlı olur. Düzdür, əvvəllər bəzi dövlət qurumlarının tərəfimizdən göndərilən məktublara o qədər də ciddi yanaşmamaları müşahidə olunurdu. Ancaq son illər Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan kadr islahatları bu halın tamamilə aradan qaldırılmasına səbəb olmuşdur. Göndərilən məktublara dərhal reaksiya verilir, icrası həm karğüzarlıq, həm də qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilir.

Aqiyə xanım, mətbuatdan da izləyirik ki, mütəmadi olaraq seçicilərinizlə görüşürsünüz, onların problemləri ilə maraqlanırsınız. Seçiciləriniz əsasən hansı problemlərlə bağlı Sizə müraciət edirlər?

- Müraciətlər əsasən şəxsi problemlərlə bağlı, vətəndaşların sosial müdafiə məslələri barədə olur. Məsələn: sağlamlığında yaranmış problemlərin müalicəsi, maddi yardım, işlə təmin olunma, torpaq məsələləri kimi müraciətlər əsas yer tutur. Ancaq ümid edirəm ki, artıq bəzi qurumlarda aparılan islahatlar, vətəndaş müraciətlərinə təmas olmadan elektron şəkildə baxılması tədricən bu şikayətlərin də azalmasına gətirib çıxaracaqdır.

Aqiyə xanım, məlum olduğu kimi bir neçə gün bundan öncə Prezident İlham Əliyevin imzaladığı sərəncamla növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər müəyyən edildi. Sizcə bu prioritetlər ölkə iqtisadiyyatının inkişafına hansı töhfələri verəcək?

- Mətbuata verdiyim açıqlamalarda mən dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişaf sürəti, dinamikası çox yüksəkdir. Hətta mən deyərdim ki, bu dinamika indiyədək dünyanın heç bir başqa ölkəsində müşahidə olunmamışdır. Bununla belə dövlətimizin başçısı tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet: Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi – ölkə iqtisadiyyatının inkişafını artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək və daha dinamik bir mərhələyə çıxaracaq. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm layihə və proqramlar kimi, bu Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır. İlk növbədə 2030-cu ilədək olan dövr ərzində də ölkəmizin daha sürətli və davamlı inkişafı üçün cəmiyyət, biznes strukturları və dövlət orqanları arasında əlaqələrin möhkəmləndirilməsi çox vacibdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər də ilk növbədə məhz bu məqamların ön plana çəkilməsini və bu əsasla Azərbaycanın iqtisadi suverenliyinin daha da möhkəmləndirilməsini, müasir, yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsini nəzərdə tutur.

Ötən il Azərbaycanın tarixinə Vətən Müharibəsində qazandığımız Zəfər ili kimi yazıldı. Təmsil etdiyiniz bölgənin də bu Zəfərdə öz payı vardır...

- 44 günlük Vətən Müharibəsi tariximizin şanlı səhifəsidir. Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu zəfər çalaraq bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni qətiyyətlə yerinə yetirə bilər. 27 ildir işğal altında olan torpaqların düşməndən geri alınmasında deputatı olduğum ərazinin mərd oğullarının da məxsusi əməyi olmuşdur. Elə müharibənin ilk günlərindən yüzlərlə oğuzlu və qəbələli igidlər könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yerli bölmələrinə müraciət edərək müharibəyə getmək istədiklərni bildirmiş, cəbhəyə yollanaraq vətənin müdafiəsində şücaət göstərmiş, mərdliklə iştirak etmişlər. Təəssüf ki, bütün müharibələr kimi bizim haqq yolunda apardığımız savaş da itkisiz olmamışdır. Bu müharibədə Oğuz rayonu 24, seçki dairəmizə daxil olan Qəbələ rayonunun 18 kəndi isə 11 şəhid vermişdir. Allahdan bütün şəhidlərimizin ailələrinə səbr diləyirəm...

Nicat NOVRUZOĞLU