adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Yanvar 2021 12:45
197243
MƏDƏNİYYƏT
A- A+

“Azərbaycanın klassik 12 instrumental muğamı”

Kitabın prezentasiyasına həsr olunmuş elmi konfrans keçirildi

 

Üzeyir Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyası tərəfindən onlayn qaydada Azərbaycanın Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin “Azərbaycanın klassik 12 instrumental muğamı” adlı kitabının prezentasiyasına həsr olunmuş elmi konfransı keçirildi.  Konfransı giriş sözü ilə Ü. Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə açdı. O, Arif müəllimin nota aldığı bu muğamların müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin arxalana biləcəyi cox lazımlı tədris vəsaiti olduğunu bildirdi.

20 ildən artıqdır ki, çox önəmli bir işlə -  Azərbaycan instrumental muğamlarını nota salmaqla məşğul olan Arif Əsədullayevin bu aspektdə 5 məcmuəsi işıq üzü görüb. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitələrdir. Arif Əsədullayev görkəmli muğam bilicisi kimi Azərbaycanın klassik 7 instrumental muğamını - “Çahargah”, “Humayun”, “Rast”, “Bayatı-Şiraz”, “Zabul segah”, “Şur” və “Şüştər” muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota yazmış, daha sonra isə qalan muğamları – “Mahur hindi”, “Orta Mahur”, “Bayatı Qacar”, “Bayatı-Kürd”, “Vilayəti-Dilkəş”, “Şahnaz”, “Qatar”, “Rahab”, “Dügah”, “Dəşti”, “Şüştər”, “Xaric segah”- instrumental muğamlarını “ Azərbaycanın klassik 12 instrumental muğamı” məcmuəsi şəklində geniş musiqi ictimaiyyətinə təqdim edərək, muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi, dəyişikliklərə məruz qalmadan catdırılmasında əvəzsiz elmi mənbədir.

“Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Arif Əsədullayevin elmi fəaliyyətinə bir nəzər” adlı məruzə ilə çıxış etdi. O, Əsədullayevlər familyasının Azərbaycan musiqi mədəniyyətində önəmli yer tutmasından, Arif müəllimin elmi və pedaqoji fəaliyyətindən danışdı. Nuridə xanım bildirdi ki, nota salınmış bu muğamlar muğamatın, onun elminin tədqiqi və təbliği ilə məşğul olan tədqiqatçı və ifaçılar üçün əsl istinad mənbəyidir. Daha sonra elmi tədqiqat laboratoriyasının əməkdaşları proqram üzrə elmi məruzələri ilə çıxış etdilər: elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abdullayev “Muğam tədrisinin bəzi elmi-metodik məsələləri”, Azərbaycan Respublikasının Bİ idarə heyətinin üzvü, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanov “Ustad, müəllim, şəxsiyyət”, emi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayev “İlkə imza atan - Arif Əsədullayev”, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli “Muğamların nota alınmasının mühüm xüsusiyyətləri”, Ü. Hacıbəyli adına BMA-nın doktorantı, elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramova “Peşəkarlığın zirvəsində”. 

Konfransın onlayn keçməsinə baxmayaraq, 50-yə yaxın insan və xüsusi qonaqlar iştirak edirdi. Qonaqların arasında Ü. Hacıbəyli adina BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq namizədi Dilbər Məmmədova iştirak edirdi. Dilbər xanım dahi Üzeyir Hacıbəylinin “Xalq musiqisinin əsasları” kitabından, muğamların səs düzümündən və Arif müəllimin nota aldığı instrumental muğamların temperasiyalarından söhbət açdı. Daha sonra Dilbər xanımın tələbəsi İran Respublikasının vətəndaşı vokalist Zəhra Baghalzadeh özünün fortepianoda müşayəti ilə Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i canlı ifa etdi. Akademiyamızın magistri II Qarabağ müharibəsinin iştirakçısı Emil Əmirli müəllimi görkəmli pedaqoq Arif Əsədullayev haqqında öz ürək sözlərini bildirdi. Xalq artisti, professor Eldar İsgəndərov Arif Əsədullayevlə birlikdə yazdıqları “7 klassik Azərbaycan muğamı” solo violonçel üçün işlənmiş dərs vəsaitinin Avropa və dünya musiqiçiləri üçün pəncərə açdığını iştirakçıların nəzərinə çatdırdı. Qonaqlar arasında Azərbaycan Energetika İnstitunun “Layihə smeta” şöbəsinin rəisi Səxavət Mirzəyev də istirak edirdi. O, Arif müəllimə olan böyük hörmətindən və musiqiyə olan sevgisindən danışdı. Konfransda Arif Əsədullayevin həyat və yaradıcılığını əks etdirən videoçarxlar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənın səs yazısı nümayiş etdirildi.

        Arif Əsədullayevin həyat yoldaşı Azərbaycanın xalq artisti, professor Şəfiqə Eyvazova Arif Əsədullayev haqqında öz ürək sözlərini və konfrans iştirakçılarına minnətdarlığını bildirdi. Sonda Arif Əsədullayev konfransda iştirak edən Ü. Hacıbəyli adına BMA-nın elmi və innovasiyalar üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə, elmi-tədqiqat laboratoriyasınıın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadəyə, məruzəçilərə, qonaqlara, elmi-tədqiqat laboratoriyasının əməkdaşlarına xüsusi minnətdarlığını bildirərək, kamançada gözəl ifası ilə konfransı yekunlaşdırdı.

 

Nigar Bayramova

Ü. Hacıbəyli adına BMA-nın  elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant