KÖNLÜMDƏN QARABAĞLI OLMAQ KEÇDİ... - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
112588 | 2021-01-08 17:29

Bu müharibə və qələbənin qarışıq hisslərini yaşadığımız, sevinc və kədərin bir-birinə qarışdığı günlərdə hər kəs daha diqqətli, daha həssas görünür. Sözün meydanı geniş, hörməti bir az da çoxalıb. İndi kimin “boxşa”sında nəyi var çıxarıb töküb ortaya. Sevinc hissi nə qəribə, çox çalarlı hiss imiş indi daha aydın görünür.Adamlar göz yaşı içərisində gülməyi, oxuyub oynamağı nə gözəl sığdırır içinə, İlahi...

Mən də imkan daxilində yaxşı yazılanlara laqeyd qalmamağa çalışıram. Bəzi yazılar baxıb keçməyə, bəziləri oxumağa, bəziləri də beyinə hopdurmağa, nəfəsinə çəkməyə layiq olsa da, hər biri ürəklə, qələbə sevinci ilə yazımışdır ki, buna görə də müəlliflərə təşəkkür etməyə dəyər. İşğaldan azad edilmiş doğma torpaqlarımızdan yazılan yazılar, çəkilən görüntülər insan qəlbini riqqətə gətirməyə bilməz. Neçə il uzaqdan belə baxa bilmədiyimiz yurd yerlərinin çöpür daşını da öpüb əzizləmək keçir adamın içindən. İllah da iyindən, ocağının məxsusi özəl qoxusundan gedib o dağıntılar, viranələr arasında öz evini, həyət-bacasını tapa bilmək, xatirələrini bölüşmək, yad eləmək həm ağrılıdır, həm də qürurlu.

Daş üstə yatdım bu gecə,

Daş da yuxular gördüm.

Viranələr arasında

Pərişan ruhlar gördüm...

 

Düşünəndə ki, neçə ildir iki eloğlumuz-Şahbazla Dilqəm elə həmin pərişan ruhları şad etmək üçün dost-doğmaca dədə-baba torpaqlarına hər şeyi göz önünə alaraq keçmiş və əsir götürülmüşdülər, o zaman vətən ətri, yurd sevgisinin miqyası, ölçüsü bəlli olur.

Ürəyi Vətənə məhəbbətlə dolu, gözündə bir misqal qorxu olmayan, içi-çölü düşmənə nifrətdən alışıb yanan cəngavər oğullarımızın göstərdiyi mislsiz şücaətləri nə qədər canlı təsvir edilsə də o tarixi qəhrəmanlıq səhnələrini olduğu kimi göstərmək mümkün deyildir. Elə qəhrəmanlar özü də etdiklərini sanki adi hekayə imiş kimi danışırlar, amma hər addımı heyrət doğuran, hər həmləsi düşməni pərən-pərən salan, hər şeyini atıb canını qurtarmaq üçün düşməni qaçmağa məcbur edən əsgərlərimizin qəhrəmanlığı qalın-qalın kitabların mövzusudur. Şuşaya sıldırım qayalıqlarla şir kimi, pələng kimi dırmaşan, dişi-dırnağı ilə, bıçaqla sayca özündən üç dəfə artıq düşmənin içərisinə daxil olaraq onu tamamilə məhv edən Ordumuzun say seçmə əsgər və zabitlərinin şan-şöhrəti dastanlara sığan deyil.

Nə zamansa Murovun o üzünə adlamaq hansımızın ürəyindən keçməyib ki... Bu arzunu gerçəkləşdirən onlar oldu-bizim qəhrəman əsgərlərimiz!

Bu dağı o üzü gözə görünməz,

Bu dağı o üzü pirdi mənimçün.

Payızdı, yazdımı, yaydı.., bilinməz,

Bu dağın o üzü sirdi mənimçün...

 

Illərlə Məhəbət Kazımovun dodaqlarında köz tutan Laçın həsrətinə kim su səpdi-igid əsgərlərimiz! Hərəsi bir bayraq olan, qaya kimi bir-birinə söykək duran dağ cüssəli, dağ qürurlu oğullarımız qaytardı Şuşanı, Kəlbəcəri, Füzulini, Cəbrayılı... Haqq yolunda döyüşən və qalib gələn oğulların sayəsində Qarabağın həqiqi sakinlərinə həsrət qalan yollarına gül-çiçək səpilir bu gün. Yatağı soyuq səngər olan ərənlərin nəfəsi də od püskürdü düşmən üstünə. Təkcə silahı ilə deyil, qeyrətilə, düşmənə nifrətilə, Vətənə məhəbbətilə qələbə çaldı yenilməz Azərbaycan Əsgəri. Ayaq basdığı torpaqlar qədəmlərindən güc aldı, şəhid qanı ilə yoğrulub Vətən oldu.

Aqil Abbas- həmişə həm sözün düzünü, həm də sözünü düz deyən bu millət vəkili, dəyərli yazıçı qol qaldırıb oynadı Ağdamda! Hansı sözə sığdıraq Aqil “məllimin” bu həsrətini!? Hansı fırça ilə çəkək şəhid yurdun dirilişini!? Hansı sözlə yonaq bu möhtəşəm mənzərənin heykəlini”?.. Sonra istəsə də o cür rəqs edə bilməyəcək Aqil məllim, bu bir an idi və o an “bir igid ömrü” qədər yol gəlmişdi bizə tərəf... O yolu da Azərbaycan Əsgəri açmışdı!

Doğma yurduna getməyə hər bir qarabğlının ürəyi nanə yarpağı kimi əsir bu günlərdə. Bəzən bu arzu o qədər güclü olur ki, ölüm qorxusunu da aşıb keçir. Qadağan olunmuş əraziyə keçərək minaya düşüb şəhid olan ailə kimi...

Ilk dəfə anamdan eşitdiyim, Aşıq Abbas Tufarqanlının hələ 17-ci əsrin əvvəllərində işlətdiyi bu ifadələr sonralar atalar misalına çevrilərək bu günümüzədək gəlib çatmış və öz tutumunu yenə də saxlamaqdadır:.

...El bir olsa, dağ oynadar yerindən,

Söz bir olsa, zərbi kərən sındırar.

Ekrandan, efirdən Qarabağdan olan, 30 ilə qədər vaxtı qaçqın, köçkün ağrısı ilə yşayan insanların ürək sözlərini dinlədikcə, sevincdən yaşaran gözlərinə baxdıqca içimdən nagahani qarşısı alınmaz bir duyğu keçir-Qarabağlı olmaq... Amma mən Aranda doğulmuşam, yurddaşlarımız Qarabağdan ayaqyalın, başaçıq qovulanda onlara qucaq açan torpağdanam. Bu ötən illəri biz də onlarla birgə qüssə yemişik, acılarına mənəvi dəstək olmuşuq, bərabər dözmüşük, bir gözləmişik bu günləri. Və həmin gün gəlib çıxıb, dövlətimizin, onun Prezidentinin, Ordumuzun ağlı, uzaqgörən siyasəti, gücü-qüdrəti sayəsində qələbə bizim olub. Bu yol heç də asan olmayıb, döyüş meydanlarında hərəsi bir elin dayağı igid oğlanlarımız şəhid olub, torpağı qanı ilə yoğuraraq Vətən ediblər! Yaşadığımız dünyada ortaya çıxan bütün hadisə və proseslər yerində və vaxtında verilmiş bircə qərardan yaranır. “ Cəsarət-, ağıl, güc və ovsunu da öz içində saxlayır.”-deyirdi J.V.Goethe... Xalqımızın yumruq kimi birliyi, həmrəyliyi,dövlətinə inam və etibarı qələbənin təminatına çevrildi. Azərbaycan on milyonluq bir ordu ilə çıxdı düşmən önünə, qadın da, kişi də, gənc də, qoca da bir istəklə, bir amalla birləşdi, Qarabağımızın işğaldan

azad olunması naminə hər kəs çəkici bir nöqtəyə vurdu və qələbə çaldı! Eşq olsun belə bir xalqa! Mənə elə gəlir ki, bu gün tək mən deyil, elə hər bir Azərbaycanlı özünü Qarabağlı hesab edə bilər...

...Eşitməmisənmi, belə məsəl var,

Elin nə o başı, bu başı olar.

Vətənsiz adama dünya dar olar..

Təbrizdən, Göyçədən, Qarabağdanam-

Böyük Azərbaycan torpağındanam!...

TƏQVİM / ARXİV