SON DƏQİQƏ:

Qarabağlıların sevinci: "Torpaqlarımız işğaldan azad olunduqca şəhidlərimizin ruhu da sevinir”

  39896   |  
Şriftin ölçüsü  

Tarixi anlar yaşayırıq! Həm də möcüzələrə inanmaya-inanmaya möcüzələr içərisindəyik! Düz 30 il əvvəl yağıların- arxalı köpəklərin namərdcəsinə basqınları, vəhşicəsinə hücumları nəticəsinə Qarabağ eli böyük itkilərlə üzləşdi, qəhrəman oğul-qızını itirdi, körpə balalarını torpağa gömmək məcburiyyətində qaldı, yurdundan, isti yuvasından perik düşdü, uzun illər boyu qurub-yaratdığı evi-eşiyi darmadağın oldu. Ən dəhşətlisi isə odur ki, düz 30 ildir ki, yurduna- yuvasına əli uzalı qalmışdı, həsrət qalmışdı. Minlərlə köçkün tanımadıqları qəbiristanlıqlarda basdırıldı, ruhları ərşə qalxdı. Bütün qarabağlılar pərişan oldu...Bu gün isə artıq çətin, ağrılı günlər tarixə qovuşur. İndi yeni bir era başlayır.

 

Marş irəli, Azərbaycan Əsgəri...

 

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi qələbəsini təmin etdi. Ağdam, Kəlbəcər rayonlarında bizə qarşı döyüşən Ermənistan ordusu döyüşsüz təslim olaraq, həmin rayonları Azərbaycan Ordusuna təhvil verdi.

 

Füzuli rayonu Zobucuq köçkün qəsəbəsi

 

Belə bir gündə ermənilərin işğalı altında olan torpaqlarımızın azadlıq sevincini uşaqdan böyüyə qədər hamı yaşayır. Yolumuz düşən, qarşımıza çıxan o insanların sevincini qələmə almaq isə biz yazarların borcudur. Qonaq olduğumuz belə məkanlardan biri də

Füzuli rayonu Zobucuq -4 köçkün qəsəbəsidir. Yəqin ki, unutmamısınız Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər dövlətimizin başçısının 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş əlavələrin müvafiq bəndlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirildi. Qeyd edək ki, bu baxımdan həyata keçirilən tədbirlər Füzuli rayonundan olan məcburi köçkünlərin də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Belə ki, Zobucuq qəsəbəsi Zobucuq-

1, Zobucuq-2, Zobucuq-3, Zobucuq-4 qəsəbədən ibarətdi. 2008-ci ildə yurd-yuvasından perik düşmüş füzulilər və digər köçkün bölgələrdən olan soydaşlarımız məskunlaşıb. Hər bir infrastruktur və məişət obyektləri ilə təmin edilmişdir. Zobucuq-4-də məskunlaşmış Cavanşir Paşayevlə söhbətləşirik:

O bildirir ki, köçkünlüyün ilk illərində Saatlı rayonuna pənah aparmışdım. Düzdü, ora da vətəndi, amma heç bir yer doğma torpağın yerini verməz:” Hələ elə bir kəndə-kəsəyə rast gəlməmişəm ki, ora mənə doğulub böyüdüyüm Aybasanlı kəndi qədər doğma-əziz olsun. 2008-ci ildə Zobucuq qəsəbəsinə gələndə , burda evlə təmin olunanda sevincimin həddi-hüdudu yox idi. Az qala uşaq kimi qol götürüb oynayırdım... Çünki Aybasanlıya yaxın yerə gəlmişdim, Füzuli torpağındaydım, Kəndimizin havası burdan məni vururdu. Dərindən nəfəs alırdım.(kövrəlir) İnanırsınız, elə gün olmayıb ki, kəndimizi xatırlamadan gözümə yuxu getsin. İndi ürəyim partlayır sanki... Sevincimi kiminləsə bölüşmək istəyirdim, nə yaxşı ki siz gəldiniz...

Yadımdan çıxdı söyləmədim, Cavanşir müəllim uzun ilərdi gənc nəslin təlim tərbiyəsi ilə məşğul olan ziyalı pedaqoqlarımızdandır. Onun həyat yoldaşı Urba xanım da Azərbaycan dili- ədəbiyyatı fənnindən dərs deyib. Söyləyir ki, savaş başlayanda Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunda yerləşən Zobucuğaci qəsəbəsindəki Rayon Mərkəzi Xəstəxanasını atəşə tutdu. Xəstəxanaya xeyli ziyan dəydi:” Qəsəbə ərazisinə o müddət ərzində xeyli sayda mərmi düşdü. Atılan mərmilər bir neçə evi yararsız vəziyyətə saldı, daha bir-neçə evin yaxınlığına düşən mərmi isə ətrafa zərər yetirdi. Yaralanlarda oldu, amma heç kəs yaşadığı yeri tərk edib getmədi, sakinlərin əhvali-ruhiyyəsi çox yüksək idi. Ürəklərində böyük inam vardı. Mən fəaliyyət göstərdiyim vaxtlarda şagirdlərimi hər zaman bu günkü günə olan ümidlərini gerçək olacağına inandırmışam. Bilirdim ki, ordumuz bir gün belə bir möhtəşəm qələbəyə imza atacaqlar. Özüm inanmışam deyə şagirdlərimi də inandırmışam. Baxın, bu gün bu sevincimizin səbəbkarı olan Ordumuz və Ali Baş Komandamız həmin ümidlərimizi doğrultdu, bizə heç vaxt duymadığımız sevinci yaşatdılar. Allah Azərbaycan Ordusunu da Azərbaycan Ordusunun sərkərdəsi İlham Əliyevi də qorusun! Neçə gündü sevincimdən nə göz yaşım quruyur, nə təbəssümüm üzümdən-gözümdən çəkilir”.

 

Ağdam rayonu Sarıcalı kəndi

 

 

Əvvəlcə qeyd edim ki, Azərbaycanda Sarıcalı adlı 6 kənd yerləşir, Kəndin adı Cavanşirlərdən Sarı Alının adından götürülüb, Deyilənə görə, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranıb. Bu əhalinin də həmin tayfadan olduğu deyilir.Bu haqda isə Mirzə Yusif Qarabaginin adı “Qarabağnamələr” olan 2-ci kitabında məlumat verilib. Siz də bilirsiniz ki, bu Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adıdır. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu. 1823-cü ilə aid mənbəyə aid Sarcalı eli 5 kiçik maldar elatdan ibarət idi. XIX əsrin ortalarında oturaq həyata

keçdikdən sonra Sarcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısi, Yetim Sarcalısı, Dərgahlı Sarcalısı, Çəmənli Sarcalisi ( yaxud Əmiraslanbəyli Sarcalısı) və Sarcalı-Yedditəpə adlanmışdır.

Ağdam rayonu təmas xəttinə yaxın Çəmənli Sarıcalısının sakinlərinin sevincinə isə sevinc çatırmaz desəm, fikrimi daha düzgün ifadə etmiş olaram.

“Bu kəndin əhalisi Ağdam rayonu işğal olunduğu 27 il ərzində elə bir gün olmayıb ki, ermənilər atdığı güllə, mərmi səsini eşitməmiş olsunlar”.

Bu sözləri bizə kəndin ağsaqqalı, 85 yaşlı Şahin Həşimov deyir. Şahin babanın fikrincə, hətta burda bir çox evlərə hələ müharibə başlamamamışdan əvvəl ciddi ziyan dəymişdi:” Aprel döyüşləri zamanı da bir çox evlər tam yararsız hala düşdü. Var olsun, dövlətimizi, bütün evləri yenidən təmir elətdirdi. İndi də təmir etdirəcək. Əsas odur ki, biz qalib gəldik! Onsuzda ordumuzda, iqtisadiyyatımızda qüdrətlidi, güclüdü. Allah xalqımızı, dövlətimizi qorusun!”

İbrahimov Mübariz I Qarabağ müharibəsinin iştirakçısı olub. Ağdam Polis İdarəsinin əməkdaşı olaraq hələ 1989-cu illərdə azgınlaşmış “erməni saqqallıları”ndan tutmuş Ermənistan Silahlı Qüvvələrinin savaşına qədər böyük bir döyüş yolu keçib. Silahdaşlarını xatırlayaraq kövrəlir, ordumuzun o şəhidlərin qisasını aldığını deyəndə isə qürur hissi keçirdiyini deyir:” O vaxt elə igidlərimiz vardı ki, “irəli” əmrindən sonra erməninin üzərinə qartal kimi şığıyırdılar. Onlardan bir çoxu şəhid oldu. Hazırda əlil, qazi olanlarımız da var. Arifi, Şükürü, Hümbəti, Cahidi, Qənbəri, Məhəmmədi və adını çəkə bilmədiyim digər igidləri olan xalq uduza bilməzdi. Ordumuz o vaxt məhz siyasətçilərin naşılığı ucbatından məğlub duruma düşdü. Bu gün isə bizə qələbəni yaşadan o igidlərin övladlarıdı, o qazilərin, veteranların balalarıdı. Allah hamısını qorusun!Hazırda mənim oğlum Ülvi də Azərbaycan Ordusunda xidmət edir və mən onunla da fəxr edirəm!”

Mübariz müəllimin həyat yoldaşı Afət xanım ixtisasca tibb bacısıdır. O I Qarabağ müharibəsində Ağdam Hərbi Səhra Cərrahiyə Hospitalında çalışıb, əsgərlərin yaralarını sarıyıb, onlara ana-bacı qayğısı göstərib, dəfələrlə qan verib. Deyir ki, çox gözlədim ki, bu müharibədə də məni hospitala dəvət edələr, amma etmədilər:”Mən anayam, həm də əsgər anası. Elə bilirəm, yaralı əsgərlərimizə daha çox faydalı olardım. Amma bilirəm ki, hospitalın kifayət qədər tibb bacısı var və onlar da məndən az vətənpərvər deyillər. Amma ürəyim atlanırdı ki, çağırsınlar... çağırmadılar. Şükür olsun Allaha, müharibə qələbəylə bitdi, köçkünlər yurdlarına dönəcək deyə daha çox sevinclidirlər. Hətta hər kəs də belə bir inam var ki, torpaqlarımız işğaldan azad olunduqca şəhidlərimizin ruhu da rahatlıq tapır, sevinir. Sözün həqiqi mənasında çox əsrarəngiz günlərdə çox əsrarəngiz hisslər keçiriririk! Bu günləri bizə yaşadanlara minnətdaram. ”

 

Bəli, dinlədiyimiz, söhbətləşdiyimiz hər kəsin gözlərində sevinc, qəlblərində fəxarət duyğusu var. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadədtli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!.

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK