SON DƏQİQƏ:

 Rus qoşunlarını dərd etməyin

  84679   |  
Şriftin ölçüsü  

çünki Kreml də praqmatik olmağa başlayıb

Rusiya sülhməramlılarının münaqişə zonasına gəlməsiylə bağlanmış atəşkəs sazişi sentyabrın 27-dən bəri yumruq kimi birləşmiş cəmiyyətimizdə fəqli reaksiyalar doğurdu. Şuşanın işğaldan azad olunmasından dolayı xalqın hələ də səngiməyən eyforiyası fonunda siyasətçilərin, ekspertlərin, ziyalıların məsələyə fərqli baxışları yeni diskussiyalara yol açdı.

Təbii prosesdir, əndişələnməyə dəyməz.

Maraqlı burasıdır ki, mətbuat səhifələrini və sosial şəbəkələri bürümüş həmin diskussiyalarda bir-birinə əks tərəflər çox vaxt mübahisə doğurmayan arqumentlərlə çıxış edir və açığı, haqlıyla haqsızı müəyyənləşdirmək çətin olur. Əgər hər hansı bir mübahisəli məqamda bu cür vəziyyət yaranırsa, yəni, kimin düz, kimin səhv olduğunu aydınlaşdırmaq müşkülə çevrilirsə, onda ortaq məxrəcə gəlmək qaçılmaz zərurətə çevrilir.

Əndişə yaradan ən ciddi problem “rus ordusu” və “sülhməramlı missiya” tandemidir. Çünki eşidəndə  adamda ən azı, qıcıq doğurur. Ancaq son ay yarım ərzində qazandıqlarımızın soyuq başla təhlili  göstərir ki, hadisələrin bu cür sonluqla qurtarmasına məyus olmaq yersizdir.

Bir anlığa oktyabrın 10-da Moskvadakı məşhur 12 saatlıq görüşü və görüş iştirakçılarıyla birlikdə səhəri diri açdığımız gecəni xatırlayaq. Hərbi əməliyyatlar 13 gün idi ki, başlamışdı, ordumuz ilk möhtəşəm qələbəsini qazanmış, Cəbrayıl işğaldan azad olunmuşdu. Putin isə hələ də öz müdrik susqunluğunu davam etdirirdi. Bir qulağımız cəbhədən ard-arda gələn qələbə xəbərlərinə, digər qulağımızsa hər an təşviş içində Kremldən gözlədiyimiz hədə-qorxu zənginə köklənmişdi. Hər halda 2016-cı il aprel döyüşləri vaxtı Şoyqunun məşum zəngi barədə sonradan müdafiə naziri Zakir Həsənovun verdiyi açıqlama çox da uzaq tarixin hadisəsi deyildi.

Moskva görüşü bütün gərginliyinə baxmayaraq qadasız ötüşdü və ordumuzun zəfər yürüşləri daha böyük vüsət aldı.

Açıq etiraf edək ki, biz bir toplum olaraq itirdiyimiz torpaqlardan artıq əlimizi üzmüş, ən yaxşı halda Laçın və Kəlbəcər qarışıq Dağlıq Qarabağı birdəfəlik itirdiyimizlə psixoloji olaraq barışmışdıq. Minsk qrupu məsələni həll eləmək əvəzinə onu uzatmaq, Qərbin dəstəyiylə yaranmış çoxsaylı sülh platformalarısa Azərbaycan xalqını işğal faktıyla barışdırmaq, onu birdəfəlik unutdurmaq üçün əlindən gələni eləyirdi. Pasifizm insani bir ideologoyadır və mənim həmin ideologiyanın daşıyıcılarına, tərəfdarlarına elə də ciddi iradım yoxdur. Amma bu platforma o vaxt geniş ictimai rəğbət qazanardı ki, onun təşkilatçıları və iştirakçıları işğalı unutdurmaq yox, problemi tarixi ədalət və beynəlxalq hüquq normaları baxımından dinc yolla həll eləmək xətti yürüdəydilər.

Əslində, bu tarixi ədalət deyilən şey bizim tərəfimizdə olsa da, xeyli yayğın ifadədir. Təsəvvür edin ki, indi hansısa axmaq bir fövqəlgüc dünyanı həmin prinsiplə yenidən bölüşdürmək sevdasına düşüb. Yer kürəsi elə bir sıx, qatmaqarışıq hörümçək toruna bürünər ki, nəinki bu toru açmaq, heç tikə-tikə doğramaqla da onun içindən çıxmaq olmaz.

Nə isə...

Putinin Valday forumunda Dağlıq Qarabağ məsləsiylə bağlı heç vaxt görünməmiş və hamımızda şok effekti yaradan məlum açıqlamasından sonra anbaan gözlədiyimiz məşum zənglə bağlı əndişəmiz azaldı. Amma təzyiq tək Rusiyadan gözlənilmirdi, axı. Qərbin dünya siyasətində söz sahibi olan bütün dövlətləri diplomatik etika xətrinə həmişə bizim ərazi bütövlüyümüzü dəstəkləsələr də, ürəkləri ermənilərin yanındaydı, istədikləri və altdan-altdan çalışdıqları tək şey bizim ərazi bütövlüyümüzdən könüllü olaraq düşmənin xeyrinə imtina etməyimiz idi.

Üstəlik, Qərb mediası da hadisələri ermənilərin xeyrinə körükləyirdi. Düzdür, əvvəlki illərə baxanda Qərbdə və Rusiyada səsimiz daha tez-tez eşidilsə də, haqq davamızın tərəfdarları gün-gündən çoxalsa da, hələ də düşmənə böyük hesabla uduzmaqda davam edirik.

Qərbin ermənipərəst mövqeyi problem yaratsa da, hərbi əməliyyatları saxlamaq gücündə deyildi. Odur ki, atəşkəslə bağlı onların iştirakıyla əldə olunan sonrakı iki saziş cəmiyyətdə böyük narahatlıq doğurmadı və az qala, istehza hədəfinə çevrildi.

Bu davada bizim yanımızda tək Türkiyə durmuşdu. Onun mənəvi-siyasi dəstəyi ordumuz və xalqımız üçün böyük stimul, əlavə güc və enerji mənbəyi idi. Açığı, ilk Qarabağ savaşında biz qardaş ölkədən istədiyimiz heç bir dəstəyi ala bilmədik. Qınaq üçün demirəm, dövrün reallıqları buna imkan vermirdi. Məhz həmin reallıqlara görə Dəmirəl Elçibəyin bir vertolyot xahişini yerə salmış, Ozal 20 Yanvar hadisələrinə münasibət bildirərkən problemi məzhəb müstəvisinə gətirərək yaxasını kənara çəkmişdi.

Bəli, bu davada Türkiyə birmənalı şəkildə Azərbaycanın tərəfində oldu. Açığı, qərb ölkələrini qıcıqlandıran əsas amillərdən biri də məhz bu idi. Çünki son illər Türkiyənin gündən-günə güclənməsi, dünya siyasətinin əsas söz sahiblərindən birinə çevrilməsi yuxularına haram qatıb. Onun artıq əvvəlki kimi ələbaxım siyasət yeritməməsini, sərhədlərində baş verən hadisələrə seyrçi qalmamasını, öz dövlət maraqlarını heç kimə güzəştə getməməsini sinirə bilməyənlər yaxasına “yeni osmançılıq” damğası yapışdırmaqla acıqlarını soyudurlar. Əgər bu cür siyasətin adı yeni osmançılıqdırsa, bəs onda, Avropanın, məsələn, Fransanın öz sərhədlərindən min kilometrlərlə uzaqlarda yerləşən ölkələrin işlərinə burunlarını soxmağının adı nədir? “Yeni bonapartçılıq, yoxsa burbonçuluq?” 

Onlar Azərbaycana da bu cür ikili standartlarla yanaşır. Qarabağdan 1 milyon azərbaycanlının qovulmasına etnik təmizləmə demirlər, dillərini dinməz yerlərinə soxub susurlar, 50-60 min erməninin ordan çıxmaq ehtimalından danışandasa “genosid” deyib haray qopardırlar.

Yeri gəlmişkən, mən özüm bütün varlığımla Avropa dəyərlərinə tapınan adamam. Ancaq məşhur filmdəki ritorik sual olmasın, “ekologoya budur?” Hər addımbaşı fəxrlə öyündükləri dəyərlər sistemi doğrudan da budursa, onda onun  “güclüyəmsə haqlıyam” feodal təfəkküründən fərqi nədir?

Ordumuzun sentyabrın 27-də başlayan hərbi əməliyyatları hər gün hansısa təzyiqlər nəticəsində dayandırılmaq qorxusuyla 44 gün davam elədi. Bu günlər ərzində ölkə prezidentinin qətiyyətli davranışları, əsgər və zabitlərimizin şücaətiylə tariximizin ən parlaq səhifələrindən biri yazıldı. Xəyallarımız gerçəkləşdi, yuxularımız reallığa çevrildi. Hər rayon azad olunandan sonra deyirdim ki, bir rayonu da alsaq danışıqlara başlamaq olar, çünki hər zəfər bizi masa arxasında daha ötkəm söz sahibinə çevrirdi. Beləcə, Şuşaya çatdıq. Açığı, öz aləmimdə bu şəhərin azad olunmasını döyüşlərin axırına, danışıqlar masasında güclənəcək mövqeyimizə saxlamışdım. Amma belə olmadı. O topçu igidimizin atası necə demişdi? “Bu uşaq nə vaxt belə böyüdü?” İndi bu ordu nə vaxt belə böyüdü, gücləndi ki, dünya hərb tarixinin dərsliklərinə düşəsi bir zəfərə imza atdı? Çiyinlərindəki ağır əsgər yükləriylə, qucaqlarındakı şəhid və yaralı silahdaşlarıyla birgə o alınmaz qalaya necə dırmaşdı? Yorğun-ağrın halda küçə döyüşləriylə, əlbəyaxa davalarla 30 ilə yaxındır ki, orda kök salmış o qəddar ordunun axırına necə çıxdı?

Rus sülhməramlılarının bölgəyə gəlişi yaxşı sonluq olmadı. Amma qələbəmiz o qədər möhtəşəmdir ki, çox da pərişan olmağa dəyməz. Nəzərə alsaq ki, rus siyasəti də getdikcə dəyişir, peşəkarlaşır, ən başlıcasısa praqmatikləşir. Elə döyüş meydanında bizə ay yarımlıq dədə-boyu vermələri də bu praqmatizmin göstəricisidir. Siyasət dostluq və qardaşlıq üstündə yox, maraqlar üstündə qurulan kombinasiyaların toplusudur. Görünür, gec də olsa Kremldə də bunu anlamağa başlayıblar. Çünki Qərb onu dışladıqca Türkiyəyə və Azərbaycana yaxınlaşmağa, Ermənistan kimi ağır bir yükü çiynindən atmağa, sadəcə, məhkumdur.

Təbii ki, bu rus ordusudur və köhnə vərdişləri birdən-birə dəyişmək mümkün olmadığı üçün onun da ara-sıra öz sülhməramlı mandatının çərçivələrini aşacağı istina olunmur. Amma daha 90-cı illərdəki kimi birmənalı şəkildə Ermənistanın yanında olmayacaq və yaxud ola bilməyəcək.

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK